Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antik dövrdə etik fikir

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın şagirdi Aristipp), kiniklər (Qorgi və Sokratın şagirdi Antisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan Arkesilay) məktəbləri də yarandı. Bunlarla mübarizədə Epikur özünün materializmə yaxın optimist konsepsiyasını yaratdı. E.ə. II əsrdə Yunanıstan Romanın əyalətinə çevriləndən sonra Qədim Yunan fəlsəfəsi tənəzzülə uğradı. Onun son mərhələsi III-IV əsrlərdə neoplatonizmin (Plotin, Porfiri, Prokl) çiçəklənməsi dövrünə təsadüf edir. Qədim Yunan etikasının ən maraqlı dövrü e.ə. V-III əsrlər Demokrit və Sokratdan başlamış Epikura qədərdir. Məhz bu vaxt mənəviyyat barədə ellin təlimlərinin bütün xüsusiyyətləri daha parlaq və müəyyən edilmiş şəkildə təzahür edir.

Demokrit (e.ə. 460–370) yunanlar içərisində ilk ensiklopedik düha idi. O, öz təlimində etika, məntiq, siyasəti birləşdirmişdi. Demokritə görə 2 cür qanun var idi: təbiət qanunları və insanlar tərəfindən müəyyənləşdirilmiş qanunlar. Birincinin pozulması məhvə səbəb olur. İkinciyə riayət etmədikdə isə insan hətta cəzasız da qala bilər. Demokrit hesab edir ki, xeyri olmayan həzzdən imtina etmək lazımdır. Xeyir və şər nə təbiətdə olur, nə də irsən keçir. İnsanlar tərbiyə vasitəsilə düzgün davranış seçir və xeyirlə şəri dərk edə bilirlər. (62, səh.145). Xoşbəxtlik nə sürüyə malik olmaqda, nə qızılda, nə qüvvədə, nə də puldadır. İnsanı xoşbəxt edən düzlük və müdriklikdir (62, səh.146). Demokritin etikasında ailə münasibətləri, tərbiyə problemləri, vətəndaşlara, dostlara, qohumlara münasibət geniş yer tutur. O, bunu çox vaxt aforizmlər vasitəsilə şərh edir. Demokritin əxlaq prinsipləri evdemonizmlə (insanların tələbatlarının tədricən ödənilməsi) müəyyən olunur. Bu təlimə görə hər şey qədərincə olmalıdır: nə az, nə də çox (yenə orada). Demokritin əxlaqi mövqeyi həmçinin rasionalizm (ən ali fəzilətin müdriklik, əxlaqi davranışın meyarının isə ağıl olması) və utilitarizmdir (xeyir, gərəkli olandır, şər isə zərərli olandır).

Sokrat (e.ə.469-399) şüurlu surətdə «böyük diakosmosun tədqiqindən imtina edir və diqqətini «kiçik diakosmos», yəni insan üzərində cəmləyir. O hesab edir ki, insanlara praktik cəhətdən xeyri olmayan şeyləri öyrənmək əbəsdir. Əgər insanlar ulduzlarda heç bir dəyişiklik edə bilməyəcəksə, onu öyrənməyin nə mənası? Tədqiqat real dəyişikliklərlə nəticələnməlidir. İnsan öz hökmünə tabe olan, dəyişdirilməsi və mükəmməlləşdirilməsi mümkün olan obyektləri tədqiq etməlidir. Belə obyekt insanın özüdür: özünü dərk et ki, dəyişə biləsən (62, səh.154). İdrakın sonsuzluğunu söyləyən Sokrat tez-tez təkrar edirdi: «Bircə onu bilirəm ki, heç nə bilmirəm» (62, səh.155). Xeyirxah olmaq üçün bilikli olmaq lazımdır. Xeyirin əsil mahiyyətini anlayan insan heç vaxt pislik etməz (101, səh.33). Fəzilətlər elm və təhsilləəldə edildiyi üçün əxlaqın mahiyyəti intellektual inkişafdır (102, səh.17).

Platon (e.ə. 427-347) etikasının əsasını ideyalar və ruh haqqında təlim təşkil edir. Mənəvi keyfiyyətlərin, yəni fəzilətlərin fitri olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir. Əxlaqın təməli, mənəviyyat nümunəsi Allahdır. «Allah hər şeyin meyarıdır» (84, t.3, kn.2, s.190). Xeyir ideyası Platon etikasında mühüm yer tutur ki, bu da əbədi olan ideyalar aləmində Allahın müntəzəm nəzarəti altında mövcuddur. Yer üzündə olan xeyirin bütün növləri ali «xeyir ideyasının» yalnız surəti ola bilər ki, bu da 3 anlayışın vəhdətindən ibarətdir: ölçü, gözəllik, həqiqət. İnsanın buna can atması əxlaqi davranış nümunəsidir. Beləliklə, Platon hesab edirdi ki, insanın əxlaqı Allahın tabeliyindədir. Bu dünyada ali xeyir ideyası 4 fəzilətləəlaqədardır: 1) müdriklik; 2) mərdlik; 3) tədbirlilik; 4) ədalət. Sonuncu, yəni ədalət əvvəlkilərin harmonik uzlaşmasıdır ki, bu da insanın bədənində müvəqqəti sığınacaq tapmış «ideyalar aləminin» nümayəndəsi olan ruhun hissələrinə uyğun gəlir 1) ağıl; 2) iradə; 3) hissiyat. Müdriklik ağıla, mərdlik iradəyə, tədbirlilik hissiyata uyğun fəzilətdir. Platon «Dövlət» əsərində dövrünün ictimai təbəqələrinin mövqeyinə uyğun əxlaq qaydalarının təsnifatını verir: müdriklər – cəmiyyəti idarə edən filosoflar, qəhrəmanlar – vətənin keşiyində duranlardır. Ya gərək cəmiyyətin üzvləri filosoflar səviyyəsinə yüksəlsin, ya da gərək cəmiyyəti filosoflar idarə etsin. Platon bu fikirdə idi ki, ali əxlaqa, yəni müdriklik və mərdliyə yalnız əslən aristokrat olanlar malikdirlər. Demosun (xalqın) əxlaqı isə tabeçilik və ya özbaşınalıqla bağlıdır ki, bu da onu mövcud qanunqaydaya qarşı mübarizəyə ruhlandırır. Platon qulları ümumiyyətlə insan hesab etmir və güman edirdi ki, onlar mənəvi həyata qadir deyillər. Buna görə də diqqət mərkəzində ola bilməzlər. Platonun etik fikirlərinə «Fedon», «Sokratın tərifi», «Qanunlar», «Dövlət», «Ziyafət», «Teatet», «Protaqor» və s. əsərlərində rast gəlirik.

Platon fəlsəfəsinin və etikasının həm tərəfdarları, həm də rəqibləri var idi. Onu qəbul etməyənlər sırasında e.ə. IV əsrdə qədim yunan filosofu Antisfen tərəfindən əsası qoyulmuş kiniklər məktəbi də var idi. Onlar Platonun xoşbəxtlik haqqında təsəvvürlərini abstrakt və qeyri-mümkün hesab edir və hər bir insanın fərdi xoşbəxtliyini buna qarşı qoyurdular. Antisfen həzz almaq hissini rədd edirdi: «Həzz almaqdansa, dəli olmaq yaxşıdır». İnsan təbii halda olsa yaxşıdır. Nə varlılar olmalıdır, nə də kasıblar (101, səh.35). Bu məktəbin digər nümayəndəsi Sinoplu Diogendir. O harada gəldi, hətta çəlləkdə yaşayır, primitiv geyinir, yabanı qida yeyir və yalnız su içirdi. O, insanları mənəvi azadlığa və cəmiyyətdən asılı olmamağa çağırırdı. Makedoniyalı İskəndər bir dəfə görüş zamanı ondan nə istədiyini soruşduqda o belə cavab verib: «Burdan çəkil və işığın qabağını kəsmə». Maddi nemətlər və insanın həzz almağa olan təbii arzuları onu korlayır. Var-dövlətdən, həzz almaqdan, ictimai təltiflərdən imtina etmək və bunları qınamaq, öz mənəvi aləminin dərinliklərinə baş vurmaq qabiliyyəti insanın ən ali fəzilətidir. Beləliklə, kiniklərin təlimi – hedonizmin neqativ formasıdır.

Kirenaiklər hesab edirdilər ki, duyğular xoşagələn və xoşagəlməyən olur. Xoşagəlməyən duyğular əzab gətirdiyi üçün şər, xoşagələn duyğular isə həzz yaratdığı üçün xeyirdir. Aristipə görə xoşbəxtlik ləzzət və zövq hissidir. Kirenaiklərin etikası hedonizmlə bağlıdır (hedone – latınca həzz, zövq deməkdir). Aristip insanın həyatının məqsədini həzz almaqda görür. Onun fikrincə insan 3 növ psixi vəziyyətə düşə bilər: 1) həzz; 2) iztirab; 3) neytral.

Stoisizm (yunanca portik – «binaya yapışıq sütunlu eyvan» sözündən olub, stoiklərin yığıldığı yeri bildirir) e.ə. IV əsrdə Kitionlu Zenon (e.ə.336-264) tərəfindən yaradılıb. Stoiklərin fikrincə, insan müdrik vəəxlaqlı olmaq üçün daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzzlə deyil, kamilləşmə iləəlaqədardır. Yalnız insanın mənəvi kamilliyi ətrafdakı mənəviyyatsızlığa müqavimət göstərə bilər. Mənəviyyatın zirvəsi ehtiraslara etinasız olmaqdır, çünki hiss və ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik əlamətidir. Əsl xoşbəxtliyin həzzləəlaqəsi yoxdur, var-dövlət, şöhrət və digər nemətlərin səbəbi taledir. Mədəniyyətin zirvəsi insanın onsuz da dəyişə bilməyəcəyi hadisələrə mane olmamaqdır. Stoisizmin son, Roma dövrü – Seneka, Epiktet, Mark Avrelinin adları ilə bağlıdır. Onların fikrincə insan daim öz borcunu yerinə yetirməlidir. Əxlaqın əsas anlayışları borc, xeyir, şər və s. daimi tələblər olub, insanın taleyi iləəlaqədardır. Borcu yerinə yetirmək özü xoşbəxtlikdir.

Epikur (e.ə. 341-270) etikanı fəlsəfənin əsas sahəsi hesab edirdi. Onun fikrincə, etika Yer üzündə insan xoşbəxtliyinə nail olmaq haqqında təlimdir. Xoşbəxtlik əzab və həyəcandan uzaq olan daha möhkəm və uzunmüddətli hissdir. Həyatın məqsədi vəən ali neməti bədənin sağlamlığı, qəlbin rahatlığı, mənəviyyatın meyarı isə hisslərdir. Əxlaqın çıxış nöqtəsi xoşbəxtlikdir. Hedonizm kimi evdemonizm (latınca «xoşbəxtlik») də qədim yunan etikasında mühüm yer tutur ki, bu da daha çox Epikur yaradıcılığında inkişaf tapıb. Xoşbəxtliyə çatmaq təbii cəhddir. Xoşbəxt həyatın əvvəli və axırı həzzdir. Həzz insanın ilk fitri nemətidir. Bu müddəa Epikuru hedonistlərlə yaxınlaşdırır. Əsl xoşbəxt həyat – həyəcan və iztirabsız həyatdır. Ona biliklə vəəxlaq normalarına riayət etməklə çatmaq olar. Əlbəttə, heç də həmişə dərd və iztirabdan yaxa qurtarmaq mümkün deyil, hər bir həzzdə iztirab da olur. Həzz 2 növ olur: 1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki həzz; 2) bilik və dostluqdan alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik və iztirab gətirən fiziki həzzdən qaçmaq, sadə və xeyirli həzzə can atmaq lazımdır. Bəzi müəlliflər, məsələn, V.Q.İvanov antik etikanın zirvəsində Aristoteli deyil, məhz Epikuru görür (62, səh.189).

Aristotel (e.ə.384-322) nəzəri problemlərin həllində öz dövrünü qabaqlayaraq e.ə. IV əsrədək mövcud olan bir sıra elm sahələrini ümumiləşdirir. Qədim dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filosof etika elminin məsələlərini sistemləşdirir. İlk dəfə olaraq Aristotel etikanı elmi-fəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixologiya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel etikanı öz ictimai-siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və iqtisadiyyatla çox bağlıdır. «Nikomax etikası» Aristotelin əxlaq problemlərini daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi nəzərdən keçirir. Əsərdə Aristotel oğluna düzgün davranışla əlaqədar öyüd-nəsihət verir. Əgər Demokritin etik təlimi aforizmlərəəsaslanırdısa, Platon öz fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi. Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan «Nikomax etikası» əsəri əsl elmi əsər kimi qiymətləndirilir. Aristotelin fikrincə, əxlaqi sistem yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir, ikincisi, insan bu nemətləri qazana bilərmi (burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı problemləri qoyulur), üçüncüsü, nemətə çatmaq üçün hansı yolla getmək lazımdır (fəzilət, onun mahiyyəti və tərbiyə imkanları problemi) və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir. Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aristotel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir. Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını verir. Fəzilətlərin spesifikasını müəyyənləşdirən Aristotel psixologiyaya müraciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana təbiət tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır. Bütün əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dostluq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel onların tərbiyə olunmasına xüsusi fikir verirdi. Özü də yalnız uşaqlar deyil, bütün vətəndaşlar, hətta insanın emosional qavrama qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara münasibət zamanı fəzilətə çevrilir.

Roma fəlsəfəsi kimi etik fikri də yunan mədənyyətinin təsiri altında olduğunu büruzə verir. Əgər ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə. III-II əsrlərdə bilindisə, fəlsəfənin inkişafına e.ə. 155-ci ildə Romada açılmış Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiyanın başçısı skeptik Karnead və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filosofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq etikada stoisizmə meyl edir. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir orijinallığı ilə fərqlənmədiyi üçün Siseronun etik baxışları əks olunmuşəsərlərinin yalnız adlarını çəkməklə kifayətlənək: «Tuskulan söhbətləri», «Ali nemət vəşər haqqında», «Borc haqqında».
Epikurun davamçısı Lukretsi Kar (e.ə. 199-44) «Şeylərin təbiəti haqqında» poemasında Epikurun etika və naturfəlsəfəsinə yenidən qayıdır.
Ən varlı romalı olan Seneka (e.ə. 4/5-65) siyasi xadim, yazıçı, filosof-moralist (əxlaqa aid əsərlər yazan yazıçı) idi. İlk növbədəəxlaq müəllimi kimi tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində «Qəzəb haqqında», «Mərhəmət haqqında», «Xoşbəxt həyat haqqında» və s. traktatları, «Lusiliyə məktubları» vardır ki, bunlarda müəllifin etik təlimi daha çox özünü büruzə verir.
Antoninlər sülaləsinin imperatoru, roma stoisizminin son nümayəndəsi Mark Avreli əxlaq müəllimi olmağa çalışmasa da, filosofluq edərək qısa qeydlər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü gördü. «Özümə qarşı düşüncələr» adlı intim gündəliyində müəllif həyat, onun yaranması, insanın mövqeyi barədə fikirlər yürüdürdü.

Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki, insanın fəaliyyətinin məqsədi xeyir və mənfəət əldə etmək, həzz almaq və xoşbəxtliyə çatmaqdır, lakin bununla belə, insan öz kefinin əsiri olmamalıdır, hər şeydə ölçü gözləməlidir.


Tarix: 09.12.2014 / 14:14 Müəllif: Aziza Baxılıb: 408 Bölmə: Fəlsəfə
loading...