VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan İslam dini insan həyatının bütün sahələrində, o cümlədən dünyagörüşündə (dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti ərazisində formalaşmağa başlayan yeni mədəniyyət, o cümlədən fəlsəfə və bir sıra Şərq xalqlarının ərəb dilində yazılmış fəlsəfi əsərləri orta əsr fəlsəfi fikrinin mütərəqqi nümayəndələrini yetişdirmiş, həmçinin antik irsdən və qeyri-islam yönümlü mütəfəkkirlərin mütərəqqi zəngin ənənələrindən bəhrələnmişdir. İslam dini dünyagörüşünə söykənən ərəbdilli zəngin İslam fəlsəfəsi VII-XI əsrlərdə öz klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsəfənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri sistemi doğulmuşdur. Bütün müsəlman dünyasının masaüstü kitabı olan «Quran»ı bu baxımdan İslam etikasının əsası hesab etmək olar ki, bu da öz genezisi və mənbələrinə görə islam dini sistemi ilə bağlıdır. Konkret olaraq İslam etikası «Quran»ın ayrı-ayrı ayələrində öz əksini tapmışdır.
İslam yaranandan sonra formalaşan «müsəlman etikası» bir deyil, iki mənbəyə əsaslanır: Quran və Sünnə. «Sünnə» (ərəbcə «nümunə», «yol», yəni peyğəmbərin həyat yolu) hədislərin bütöv bir toplusudur. Peyğəmbərin dövründə yaşamış səlahiyyətli insanlar tərəfindən çatdırılan bu hədislərdə peyğəmbərin sözləri, hərəkətləri, davranışı, hər hansı işə bəraət qazandırması və ya icazə verməsi və s. barədə məlumat verilir. «Məhəmməd peyğəmbərin kəlamları humanizm, xeyirxahlıq, beynəlmiləlçilik, ümumbəşərilik ideyaları ilə yoğrulmuşdur. …Peyğəmbərin fikrincə, insan cəmiyyət qarşısında məsuliyyətli olmalıdır, insanın müqəddəs borcu ümumiyyətin haqqında düşünməkdir. Xəsislik, hiylə, kinlilik, həsəd, peyğəmbərin fikrincə, insanda olan ən pis keyfiyyətlərdir. Şəriətimizdə yalan danışmaq, qeybət etmək pislənmiş, Allah yolunda düzgün danışmaq, haqq, ədalət tərəfdarı olmaq tərifə layiq görülmüşdür. …Məhəmməd peyğəmbər hamını və hər kəsi düzgünlüyə, haqqı vəədaləti unutmamağa çağırırdı. …Peyğəmbərin müdrik kəlamları cilalanmış tərbiyə, əxlaq üsulları ilə zəngindir».
Hədislərin toplanması, məzmununun səhih olması iləəlaqədar tədqiqi və şərhi «hədisşünaslıq» kimi bir sahənin yaranmasına səbəb olub ki, bu da «ilm əl-hədis» – yəni «hədis haqqında elm» adlanır. Hədislər «səhih» və «qeyri-səhih» və ya zəif olur. Hədislərin «səhih» kimi təsdiq edilməsi uzun, ciddi və dəqiq tədqiqatdan sonra mümkün olurdu. «Səhih» hədis müəlliflərindən əl-Buxari və Muslimi göstərmək olar.
Müəyyən tərəfləri «fikx»lə (dini-hüquqi fikir) uzlaşan müsəlman etikasında qiymətləndirmə sistemi 5 əmələ əsaslanır: 1) vacib (fərz); 2) məsləhət görülən (müstəhəb); 3) fərq etməyən (mubah); 4) məsləhət görülməyən (məkruh); 5) qadağan edilən (haram). Bu əməllər Yaradanın əmri və ya qadağası ilə əlaqədar olub, axirətdə mükafat və ya cəza, savab və ya günah qazanmaqla nəticələnir. Vacib əməlləri yerinə yetirdikdə insan mükafatlanır, onlara əməl etmədikdə isə cəzalana bilər («cəzalanacaq» demək olmaz, çünki insan yalnız Allahın qərarı ilə cəzalanır, Allahın yerinə heç kim bu hökmü çıxara bilməz, əks halda Allahın mərhəmətini şübhə altına almış olar). Qadağan edilən əməlləri icra etməyəndə insan mükafatlanır, edəndə – onu cəza gözləyə bilər. Məsləhət görülən əməllərə görə insan mükafatlandırılır, onları etmədikdə isə cəzalanmır. Məsləhət görülməyən (məkruh) əməlləri icra etdikdə insan cəzalandırılmır, onlardan çəkinəndə isə mükafatlandırılır. Fərq etməyən əməllərə görə isə nə cəza, nə də mükafat nəzərdə tutulmayıb. İnsan fikxə görə də onları icra etməkdə və ya etməməkdə azaddır. İslam etikasında insanların hərəkətlərinin xeyir və ya şər kimi qiymətləndirilməsinin əsas göstəricisi niyyətdir. Çox vaxt hakim də hökmü əməlin motivini bilmədən çıxarmağa çətinlik çəkir.
Beləliklə, Quran Sünnəsiz, Sünnə isə Quransız mövcud ola bilmədiyindən və bunlar bir-birini tamamladığından müsəlman etikası bunlardan hansısa birinin olmadığı halda tam dərk edilə bilməz. Klassik ərəbmüsəlman mədəniyyətində «müsəlman etikası» xüsusi sahə kimi mövcud olmasa da, daha çox elmi xarakter daşıyan Quran və Sünnə, eləcə də fikx, ədəb və s. təlimlər bütövlükdə etik problemlərin daşıyıcısıdır. Özu də bunlar yalnız müsəlmanlar üçün deyil, bütün bəşər övladları üçün nəzərdə tutulub. Çünki sonuncu səmavi kitab olan «Quran» və ümumiyyətlə müsəlman dini ümumbəşəri xarakter daşıyır.
Sonda toxunacağımız vacib bir məsələ də var ki, o da ədiblərin dinə münasibətidir. Əfsus ki, sovet dövrü ədəbiyyatında bu münasibət, o cümlədən ədiblərin tənqid obyekti bizə birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilirdi. Bunun nəticəsindəədiblərin əslində «nəyi» tənqid etmələri kölgədə qalır və bu, «dinin tənqidi» kimi nəzərdən keçirilirdi. Bunun əsas səbəbi bizim özümüzün (yəni sovet dövrü adamlarının) İslam dinindən, müqəddəs «Quran»dan kifayət qədər xəbərdar olmamağımız idi. Digər tərəfdən, yazıçıların bir qisminin «göz açıb» islamı bəzi təriqətlərin timsalında görüb qavraması da əsərin idraki-tərbiyəvi funksiyasına müəyyən qədər təsir göstərmişdir. Lakin əksər ədiblərimizin əsərlərinə bir daha nəzər salsaq, orada tənqid hədəfinin İslam dini deyil, başqa təzahürlər oluğunu görərik: mövhumat, cəhalət, nadanlıq, avamlıq, savadsızlıq, fanatizm, pirlərə inam, bidət, yəni peyğəmbərdən sonra dinə yenilik gətirmək, peyğəmbərin etmədiklərini «şəriət» adı ilə təqdim etmək, islamı «matəm dininə» çevirmək, «siğə» adı iləəxlaqsızlıq yaymaq və s. Öz çirkin əməllərini «din» adı ilə həyata keçirən, savadsızlıqdan və ya bilərəkdən xalqı çaşdıran yalançı mollalar, heç bir dini təhsili və səlahiyyəti olmadan fəaliyyət göstərən ruhanilər və b. da ədiblərimiz tərəfindən tez-tez tənqid atəşinə tutulurdu.
İnsanların əxlaqı iləəlaqədar məsələlər – valideynlərə təmənnasız münasibət, öz ailəsinə sədaqət və qayğı, düzlük, doğruçuluq, imkansızlara yardım etmək və s. islamda mühüm yer tutur. Sələmçilik (faizlə pul vermək), adam öldürmək, zina, oğurluq, əyyaşlıq, dələduzluq, vəfasızlıq, xainlik, acgözlük, yalançılıq, kobudluq və s. isə dinimizdə pislənən əxlaqi keyfiyyətlərdəndir ki, bugünkü ədəbiyyatımız məhz belə ideyalarla silahlanmalıdır.
Beləliklə, fanatizm, mövhumat və bidətçilikdən uzaq olaraq müqəddəs «Quran»a və peyğəmbərin hədislərinə istinad edən İslam əhli bütün Dünyada nümunəvi əxlaq nümayiş etdirməyə qadirdir!
Tarix: 09.12.2014 / 14:13 Müəllif: Aziza Baxılıb: 268 Bölmə: Fəlsəfə