Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fransa Milli Assambleyası

İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə (1789)
Fransız xalqının nümayəndələri Milli Assambleya yaradaraq nadanlığın, insan hüquqlarının unudulması və ya onlara biganəliyin ictimai bəlaların və hökumətlərin korrupsiyaya uymasının yeganə səbəbi olduğuna əsaslanaraq bu təntənəli Bəyannamədə insanın təbii, ayrılmaz və müqəddəs hüquqlarını bu məqsədlə təsdiq edir ki, ictimai ittifaqın bütün üzvlərinə öz hüquq və vəzifələrini daim xatırlatsın;
qanunvericilik və icra hakimiyyətinin hərəkətləri hər an istənilən siyasi təsisatın məqsədilə müqayisə edilə və daha çox hörmətlə qarşılana bilsin və
vətəndaşların bu andan sadə və şəksiz prinsiplərə əsaslanan tələbləri Konstitusiyaya əməl edilməsinə və cəmiyyətin ümumi rifahına yönəlsin.

Buna uyğun olaraq, Milli Assambleya Ali varlığın qarşısında və onun himayəsi altında insan və vətəndaşın aşağıdakı hüquqlarını qəbul və bəyan edir.
1. İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar. İctimai fərqlər yalnız ümumi mənafe ilə bağlı fikirlərə əsaslana bilər.
2. Hər hansı siyasi ittifaqın məqsədi insanın təbii və ayrılmaz hüquqlarının təmin edilməsindən ibarətdir. Bunlara azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə müqavimət hüquqları daxildir.
3. Xalq mahiyyətcə suveren hakimiyyətin mənbəyini təşkil edir. Fərdlərin heç bir birliyi, heç bir fərd xalqdan gəlməyən hakimiyyətə malik ola bilməz.
4. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquq"larının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər.
5. Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
6. Qanun ümumi iradənin ifadəsidir. Bütün vətəndaşlar şəxsən, yaxud nümayəndələri vasitəsilə qanunun yaradılmasında iştirak etmək hüququna malikdir. Qanun hamı üçün olmalıdır, o qoruyur, yaxud cəzalandırır. Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər və ona görə də qabiliyyətlərinə uyğun olaraq, şəxsi keyfiyyətlərini və istedadlarını şərtləndirən fərqlərdən başqa hər hansı fərqdən asılı olmayaraq bütün ictimai mənsəbləri (1), yerləri və yaxud vəzifələri tutmaq hüququna malikdirlər.
7. Heç kəs qanunda nəzərdə tutulandan və onun nəzərdə tutduğu prosedurlardan irəli gələnlərdən başqa heç bir halda ittiham edilə, saxlanıla, yaxud həbs edilə bilməz. Özbaşınalıqla sorğu-suala tutan, əmr verən, onu icra və yaxud icraya məcbur edən hər kəs cəza almalıdır; qanunun hökmü ilə çağırılmış, yaxud saxlanılmış hər bir vətəndaş ona sözsüz tabe olmalıdır: o, müqavimət göstərdiyi halda məsuliyyət daşıyır.
8. Qanun yalnız ciddi və şəksiz zəruri cəzalar müəyyən etməlidir; heç kəs qanun pozuntusundan əvvəl qəbul olunmamış və xalqa elan edilməmiş, müvafiq qaydada tətbiq edilməmiş qanunla cəzalandırıla bilməz.
9. Hər bir kəs günahı elan edilənə qədər günahsız sayılır; şəxsin həbsinin zəruri olduğu hallarda hər hansı artıq lüzumsuz ciddi tədbirlərin qarşısı qanunla qəti şəkildə alınmalıdır.
10. Heç kəs öz baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalıdır, bir şərtlə ki, onların ifadə olunması qanunla müəyyənləşdirilmiş ictimai asayişi pozmasın.
11. Fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir; hər bir vətəndaş yalnız sui-istifadə hallarında qanun qarşısında cavab verməklə öz fikrini azad deyə, yaza, dərc etdirə bilər.
12. İnsan və vətəndaş hüquqlarının təminatı üçün dövlətin gücü vacibdir; bu güc ixtiyar sahiblərinin şəxsi maraqları üçün deyil, hamının mənafeyinə xidmət etmək üçün yaradılır.
13. Dövlət qüvvələrinin saxlanılması və idarə edilməsi xərcləri üçün ümumi rüsumların yığılması zəruridir; onlar bütün vətəndaşlar arasında imkanlarına uyğun olaraq bərabər bölüşdürülməlidir.
14. Bütün vətəndaşlar özləri, yaxud nümayəndələri vasitəsilə dövlət rüsumlarının zəruriliyini müəyyənləşdirmək, onun alınmasına könüllü razılaşmaq, onun xərclənməsinə nəzarət etmək, pay həcmini, əsasını, qaydasını və alınma müddətini təyin etmək hüququna malikdir.
15. Cəmiyyətin hər hansı vəzifəli şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair hesabat tələb etmək hüququ var.
16. Hüquqların təminatının mövcud olmadığı və hakimiyyətin bölüşdürülmədiyi cəmiyyətdə Konstitusiya yoxdur.
17. Mülkiyyət toxunulmaz və müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz. Bu, yalnız qanun vasitəsilə şəksiz ictimai zərurətin müəyyən olunduğu halda ədalətli və əvvəlcədən edilmiş ödənişdən sonra edilə bilər.


Tarix: 03.03.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Dunya ve tarixi
loading...