Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Olcaytu Xudabəndə türbəsi

Olcaytu Xudabəndə Türbəsi - Güney Azərbaycanın Sultaniyyə şəhərində yerləşən, planda səkkiztərəfli həcmi, əzəmətli plastik quruluşu, daxili bəzəkləri və cəsarətli mühəndis quruluşuna görə Azərbaycanın orta əsrlər memarlığında çox mühüm əhəmiyyətə malik türbə.

Memarlıq xüsusiyyətləri

Tədqiqatçılar türbənin əsas günbəzinin ətrafında yerləşən, bir növ kontrfors vəzifəsini daşıyan minarə şəkilli qurğuları və mərkəzi günbəzin ikiqat quruluşunu diqqətlə öyrəniblər. Günbəzin ikiqat quruluşundakı diqqəti cəlb edən cəhət bu ikiqatın arakəsmə şəklindəki qurğularla bir-birinə bağlanmasdır.


Türbənin kəsiyi və planı

Çox sonra İtaliyada intibah dövründə təsadüf etdiyimiz bu quruluş, bəzi tədqiqatçıların, xüsusən O.Şirazinin dediyinə görə məhz Olcaytu Xudabəndə məqbərəsi ilə əlaqədardır. Olcaytu Xudabəndə məqbərəsi ilə Mərvdəki Sultan Səncər türbəsinin kompozisiya quruluşu və ümumi dekorativ həlli tamamilə fərqli olsa da, mənşə etibarilə onlar arasında müəyyən əlaqə vardır. Bu əlaqə xüsusən Sultan Səncər türbəsinin günbəzini əhatə edən tağlı eyvan quruluşu ilə Olcaytu Xudabəndə məqbərəsindəki mərkəzi günbəzin ətrafındakı minarəni xatırladan dayaqların ideya etibarilə eyni olmasında görünür. Olcaytu Xudabəndə türbəsinin daxili bəzəklərində gəcdən oyma və kaşı ilə örtülmüş son dərəcə zəngin təsvirləri olan ornament quruluşu diqqəti cəlb edir.

Türbənin səkkizvəchli korpusu səmərəli işıq-kölgə oyunu yaradan çoxmərtəbəli stalaktit karnizlə tamamlanmışdır. Günbəzin təməli açıq oxvari sıratağlarla əhatə olunmuşdur. Onun küncləri günbəzin həcmini çalarlandıran, öncə firuzəyi kaşı ilə zəngin şəkildə bəzədilmiş bitkin minarələrlə qabardılmışdır. Memar, nəhəng mərkəzi - günbəz qurğusunun ifadəli surətini yaratmaqla, eyni zamanda günbəzin tağparasız ucaldılması işini asanlaşdırmış və onun çəkisini azaltmışdır. Olcaytu türbəsi Ön Şərq ölkələrinin günbəzli türbələri arasında önəmli yer tutur.

Tağbənd qurmanın ən mühüm nailiyyətlərindən biri Olcaytu Xudabəndə günbəzidir. Tikilinin nəhəng ellipsşəkilli günbəzi (hündürlüyü 20 m, diametri 25,5 m) Florensiyadakı Santa Mariya del Fiore baş kilsəsinin günbəzini ötüb keçmişdir. Onun konstruksiya həllində qotika üslubunu xatırladan Günbəd-i-Surx və Mömünə xatun türbələri konstruksiyalarında qeydə alınmış xüsusiyyətlər nəzərə çarpır.


Tarix: 03.03.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Dunya ve tarixi
loading...