Biologiya (yunanca «bios» — həyat, «loqos» — elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir-birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.
Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xassə həyatdır.
Həyat nədir? Bu çox mürəkkəb anlayışdır. Sadə formada həyata belə tərif vermək olar: həyat materiyanın bioloji hərəkət formasıdır. Canlılar cansız təbiət cisimlərindən: su, dağ suxurları, minerallar və göy cisimlərindən əsaslı dərəcədə fərqlənir. Belə ki, canlılar qidalanır, böyüyür, çoxalır, tənəffüs və inkişaf edir, ölür. biologiya,canlılar
Böyümə — orqanizmlərin fərdi inkişafında hüceyrələrin bölünməsi hesabına kütlə və ölçülərinin artmasıdır. Orqanizm böyüdükcə inkişaf edir. Inkişaf orqanizmlərin fərdi inkişafı dövründə geriyə dönməyən kəmiyyət və keyfiyyət dəyişkənliyidir. Böyümə və inkişaf canlıların bütün həyatı boyu davam edir.
Biologiya orqanizmlə mühitin qarşılıqlı əlaqəsi haqqında kompleks elmdir. Bu elm birdən-birə yaranmamışdır. Hələ çox qədim dövrlərdə (b.e.ə. 483 -
322-ci illər) yunan alimi Aristotel təbiəti cansız və canlı (bitkilər, heyvanlar, insanlar) olmaqla iki yerə bölmüşdür. İtaliya həkimi Qalen (b.e.ə. 200 — 131-ci illər) insan orqanizminin anatomik-fizioloji təsvirini verdi. U.Harvey (1578 — 1657) insanda böyük və kiçik qan dövranının olduğunu kəşf etdi. XVII əsrdə Q.Qaliley mikroskopu ixtira etdikdən sonra canlı orqanizmlərin quruluşu haqqında təsəvvürlər genişləndi. Sonra A.Levenhuk birhüceyrəli orqanizmləri (infuzor tərliyi) tədqiq etdi.
XVIII əsrdə biologiya elmində yeni nailiyyətlər qazanıldı. K.Linney bitki və heyvanların təsnifatını verdi. XIX əsrin əvvəllərində Jan Batist Lamark «Zoologiyanın fəlsəfəsi» əsərində üzvi aləmin təkamülü haqqında cəsarətli fikir söylədi. İngilis alimi Çarlz Darvin XIX əsrdə üzvi aləmin tarixi inkişaf qanunauyğunluğunu müəyyənləşdirdi. Bundan sonra təbiət hadisələri haqqında səhv təsəvvürlər inkar olunmağa başladı. Çünki üzvi aləm, həyat dəyişməz qalmır, o, həmişə hərəkətdə və inkişafdadır ideyası tədqiqatlarla sübuta yetirildi. Üzvi aləmin inkişaf qanunlarını və qanunauyğunluqlarını öyrənmək biologiya elminin əsas vəzifələrindən birinə çevrildi.
Təkamül təlimi biologiya elminin sonrakı inkişafı ilə əlaqədar özünə yeni baza yaratdı. 1838 — 1839-cu illərdə M.Şleyden və T.Şvann tərəfindən hüceyrə nəzəriyyəsi yaradıldı. Sonra bu nəzəriyyə R.Virxov tərəfindən bir qədər təkmilləşdirildi və sübut olundu ki, «hüceyrə yalnız hüceyrədən əmələ gəlir». Biologiya elminin inkişafı ilə əlaqədar olaraq Q.Mendel (1859) tərəfindən irsiyyətin qanunauyğunluqları kəşf olundu. Bütün bu kəşflərin hamısını Darvin ümumiləşdirdi.
Darvin təkamülün əsas hərəkətverici qüvvələrini müəyyənləşdirdi. Azərbaycan alimi H.Zərdabi Darvin təliminin inkişafına və Azərbaycanda yayılmasına böyük xidmət göstərmişdir.
Biologiya elminin bir sıra yeni sahələri yaranmağa başladı. Məsələn, sitologiya, anatomiya, fiziologiya (hüceyrənin quruluşu və funksiyaları), biokimya və biofizika (orqanizmdə gedən kimyəvi və fiziki prosesləri), genetika (irsiyyət və dəyişkənliyin qanunauyğunluqları), embriologiya (orqanizmin fərdi inkişafı), təkamül təlimi (orqanizmlərin tarixi inkişafı, mühitə uyğunlaşmanın qanunauyğunluqları) kimi sahələri inkişaf edirdi. Təbiətdə mövcud olan bitki, heyvan, insan, göbələk və mikroorqanizmlərin hüceyrəvi quruluşa malik olduğu əsaslandırıldı. Bunların hüceyrələri bir-birindən müəyyən qədər fərqli olmalarına baxmayaraq, quruluşlarında oxşarlıq var idi. Hüceyrə orqanizmin quruluş vahidi hesab edildi.
Orqanizmlərin həyat fəaliyyəti xarici mühitlə sıx əlaqədardır. Biologiya orqanizmlə mühit arasında gedən qarşılıqlı əlaqəni də öyrənir. Mühitlə orqanizm arasında daim maddələr və enerji mübadiləsi gedir. Lakin mühit nə qədər orqanizmə təsir etsə də, o yaşadığı mühitdə həmişə özünün kimyəvi tərkibini, quruluşunu, fiziki xassələrini saxlayır. Müxtəlif iqlim və mühit şəraitində: soyuqda, istidə, şirin və duzlu sularda yaşayan canlılar oraya uyğunlaşır. Sabit bədən temperaturu olan heyvanlar şaxtada yaşayır, qeyri-sabit bədən temperaturu olan heyvanlar isə (həşəratlar, suda-quruda yaşayanlar, sürünənlər) əlverişsiz mühitdə qısa müddətli sükunət halı keçirirlər. Şirin sularda yaşayan birhüceyrəli heyvanlar (amöb, infuzor-tərlik) sitoplazmada fiziki xassələrini, osmotik təzyiqini, kimyəvi tərkibini sabit saxlayır. Deməli, orqanizmlərin öz-özünü tənzimləmə və mühitə uyğunlaşma xüsusiyyətləri vardır. Biologiya elmi orqanizmlərin öz-özünü tənzimləmə reaksiyalarının mexanizmini də öyrənir. Orqanizmlərin fiziki, kimyəvi xassələri, həyat prosesləri (qıcıqlanma, maddələr mübadiləsi, irsiyyət) hazırda molekulyar səviyyədə öyrənilir. Genetika elminin son nailiyyətləri də molekulyar biologiyanın metodları əsasında həyata keçirilir. Bu elm həm nəzəri, həm də praktik əhəmiyyətə malikdir.
Seleksiya elmi də genetikanın nailiyyətlərinə əsaslanır. Seleksiya elminin yeni mədəni bitki sortları və heyvan cinslərinin alınmasında böyük perspektivləri vardır. Azərbaycanda seleksiyanın inkişafında akademiklərdən İ.D. Mustafayev, F.Məlikov və Ə.M. Quliyevin böyük xidmətləri olmuşdur. Hazırda isə akademik C.Ə. Əliyev yeni taxıl sortları yetişdirməkdə geniş fəaliyyət göstərir. Biologiya elmi kənd təsərrüfatı və tibb elmlərinin nəzəri əsası sayılır. Tibb elmləri xərçəng, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) kimi xəstəliklərin öyrənilməsində biologiyanın nailiyyətlərinə əsaslanır. Genetikanın elmi nailiyyətləri əsasında irsi xəstəliklərin səbəbləri öyrənilir.
Biologiya kimya, fizika, riyaziyyat və texnika elmləri ilə də əlaqəlidir. Hazırda riyaziyyatın biologiyaya tətbiqi ilə bağlı riyazi modelləşdirmədən geniş istifadə olunur. Biologiyanın elmi nəticələri elektron hesablayıcı maşınlarla (EHM) hesablanır. Texnikanın biologiya elmi ilə qarşılıqlı əlaqəsi nəticəsində bionika elmi yaranmışdır. O, orqanizmin quruluş prinsipi əsasında mühəndislik problemlərini təhlil edir.
ХХ əsrdə insanın kosmosu tədqiqi ilə əlaqədar kosmik biologiya elmi yaranmışdır. Kosmik biologiya kosmik şəraiti, uçuşlar zamanı canlılarda gedən prosesləri, onların Yer şəraitindən fərqini, insanın qida və oksigenlə təchiz olunmasını, tullantılardan təkrar istifadə etmək kimi problemləri öyrənir və sürətli inkişaf edir.
Biologiya elminin mühüm sahələrindən biri də ekologiya (yunanca «oikos» — ev, mənzil, sığınacaq, «loqos» — elm) sahəsidir.
Canlı orqanizmlərin Yer kürəsində yayıldığı sferaya — biosfer deyilir. Bu termin ilk dəfə J.B. Lamark və E.Zyuss tərəfindən işlənilmişdir. Biosferdə sərbəst
oksigen qazı yarandıqdan sonra bitki və heyvanların yaşaması mümkün olmuşdur. Ona görə də ümumi biologiya orqanizmləri hüceyrə səviyyəsindən
başlayaraq biosfer səviyyəsinə qədər öyrənir. Biosferdə canlı orqanizmlərin öyrənilməsi bioloji qanunauyğunluqlara əsaslanır. Orqanizmi əhatə edən mühit pisləşərsə, onun çoxalması, böyümə və inkişafı tədricən zəifləyər və canlı məhv olar. Mühit insanlara da eyni şəkildə təsir göstərir. Ona görə də bəşəriyyət canlı orqanizmlərin qorunması probleminə böyük əhəmiyyət vermək, təbiətə qayğı ilə yanaşmaq məcburiyyətində qalır. Respublikamızda təbiətin mühafizəsi ümumi dövlət əhəmiyyəti kəsb edir. Çünki əhalinin rifahı, məhz təbiətin mühafizəsindən asılıdır. Təbiətin mühafizəsi dedikdə: havanın, suyun, torpağın, bitkinin, heyvanın və insanın mühafizəsi nəzərdə tutulur.
Respublikamızda bitki və heyvanların qorunmasına 15-dən çox qoruq xidmət edir. Bunlardan Zaqatala, Göy göl, Şirvan, Qızılağac və s. qoruqlarını göstərmək olar. Canlıların qorunmasına xidmət edən «Qırmızı kitab»lar nəşr edilmişdir. Azərbaycanın «Qırmızı kitab»ına respublikamızda qorunan heyvanlar və bitkilər daxil edilmişdir.
Təbiətin mühafizəsi kimi aktual və qlobal problemin həllinin həyata keçirilməsi üçün Təbiəti Mühafizənin Beynəlxalq İttifaqı (TMBİ) yaradılmış və oraya dünyanın yüzdən çox dövləti daxil edilmişdir.
Göründüyü kimi təbiətin mühafizəsi problemi mühüm dövlət və bəşəri əhəmiyyətə malikdir. Onu qorumaq həyatımızın müdafiəsidir. Odur ki, təbiətin mühafizəsi bizim vətəndaşlıq borcumuz olmalıdır.
Tarix: 08.12.2014 / 16:23 Müəllif: Aziza Baxılıb: 227 Bölmə: Biologiya