İnfuzorlar tipinə aid olan növlər həyat tsiklinin heç olmazsa bir mərhələsində kirpiklərə malik olurlar. Bu tipin nümayəndələrinin sitplazmasında bir-birindən forma və funksiyasına görə fərqlənən iki nüvə vardır. İnfuzorların əksəriyyəti şirin sularda, dənizlərdə və torpaqda sərbəst yaşayır, az bir qismi isə parazitdir.
İnfuzorlar tipi iki sinfə bölünür: kirpikli infuzorlar və sorucu infuzorlar. Kirpikli infuzorlar sinfinin tipik nümayəndəsi infuzor tərlikdir.
Amöb və evqlenin yaşadığı çirkli su hövzələrində uzunluğu 0,1-0,3 mm-ə çatan infuzor tərliyə də rast gəlinir (şəkil 13). Onun bədəninin xarici qatı bərk olduğundan bədəni nisbi sabit formaya malikdir. Bədən səthində uzununa cərgələrdə yerləşmiş kirpikciklər vardır. İnfuzor tərliyin quruluşu Kirpikciklərin dalğavari hərəkəti sahəsində tərlik küt ucu irəliyə olmaqla suda üzür. Bədənin ön ucu ilə arxa ucu arasındakı nahiyədə daha uzun kirpikciklərlə örtülmüş novça uzanır. Həmin növçada ağız və udlaq yerləşir. Novçadakı kirpikciklərin hərəkəti sayəsində baş verən su cərəyanı ilə qida hissəcikləri (bakteriyalar) infuzorun udlağından keçərək sitoplazmaya düşür. Onun ətrafında həzm qovuqcuğu formalaşır. Tərliyin sitoplazmasındakı həzm qovuqcuqlarının sayı mühitin qida ilə zənginliyindən asılıdır. Həzm olmamış qida qalıqları tullaniı dəliyindən xaricə atılır. Tənəffüs prosesi digər sərbəst yaşayan ibtidailərdə olduğu kimi baş verir.
Tərliyin bədənində iki ifrazat (yığılıb-açılan) vakuolu vardır. Bədəndə toplanmış artıq su və ifrazat məhsulları ifrazat kanalcıqları ilə qovuqcuqlara gətirilir. İfrazat qovuqcuğu yığıldıqda həmin məhsullar bədəndən kənarlaşdırılır.
İnfuzor tərliyin bölünməklə çoxalması:
Şəkil 14. İnfuzor tərliyin bölünməklə çoxalması: 1-2 ağız; 3-yığılıb-açılan qovuqcuq; 4-qız fərdlərində yığılıb-açılan qovuqcuğun əmələ gəlməsi; 5-bölünən kiçik nüvə; 6-bölünən böyük nüvə
Qeyri-cinsi çoxalma bir neçə dəfə təkrar olunur. Lakin infuzorların həyatında vaxtaşırı konyuqasiya xarakteri daşıyan cinsi proses də gedir. Konyuqasiya prosesində iki infuzor müvəqqəti birləşərək öz nüvə hissəciklərini mübadilə edirlər. Cinsi proses zamanı nüvə mübadiləsi nəticəsində hər bir infuzor digərindən yeni nüvə hissəciyi alır və yeni əlamət və xassələr qazanır. Nüvələrin yeniləşməsi infuzorların həyat qabiliyyətini artırır.
Tarix: 08.12.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Biologiya