Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda zoologiya

Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Herodot, Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri, Rubruk, Taveriye, Oleari, X-XII əsrlər) əsərlərində, böyük Azərbaycan şairlərinin (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s-də rast gəlmək olar.
S.Q. Qamelinin 1770 və 1773-cü illərdə ölkəmizə gəlişi Azərbaycan faunasının tədqiqatının başlanğıcı sayılmalıdır. Görkəmli təbiətşünaslardan Menetrie, Hohenhaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda Azərbaycanda olmuş, maraqlı tədqiqatlar aparmışlar. Onlar bir çox yeni heyvan növləri təsvir etmişlər. 1867-ci ildə Tiflisdə (indiki Tbilisi) Qafqaz muzeyi təşkil olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri Azərbaycanın müxtəlif quberniyalarının faunasını tədqiq etmiş və bir sıra zərərli gəmirici növlərinin, çəyirtkəkimilərin və s-nin kənd təsərrüfatında rolunu müəyyənləşdirmişlər. Burada həm də zərərvericilərə qarşı mübarizə tədbirləri hazırlanmış və aparılmışdı.
XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini yalnız gəlmə alimlər öyrənirdi. Bu vaxta kimi toplanmış məlumatlar faunanın, xüsusilə onurğalı heyvanlar və həşəratların siyahıya alınmasını xeyli gücləndirmişdi. Bununla bərabər bu növlərin biologiyasına, ekologiyasına, sayının hesaba alınmasına və təbiətdəki roluna dair bir çox məsələlər demək olar ki, öyrənilməmişdi. Zooloji tədqiqatlar da digər elmlər kimi ölkənin artan tələblərinə cavab vermirdi.
Zoologiya bir elm kimi Rusiyada XVII əsrin axırı, XVIII əsrin əvvəllərində, I Pyotrun (1672 - 1725) reformaları ərəfəsində yaranmışdır. 1725-ci ildə Peterburqda I Pyotrun yaratdığı Elmlər Akademiyası elmlərin, o cümlədən zoologiya elminin inkişafında mərkəzi yer tutmuşdur. Akademiya ölkənin təbiətini öyrənmək üçün bir çox ekspedisiyalar təşkil etmişdir.
Ç. Darvinin üzvi aləmin təkamülü nəzəriyyəsi yarandıqdan sonra Rusiyada zoologiyanın inkişafı daha böyük vüsət aldı. Alim səyyah N.M. Prijevalski (1838 1888), botanik K.A. Timiryazev (1843 - 1920), zooloq İ.M. Meçnikov (1845 - 1916), A.O. Kovalevski (1840 1901), V.O. Kovalevski (1842 - 1883), N.A. Xolodkovski (5340 - 1921) və başqaları rus alimləri Darvin təlimini müdafiə edib yaymaqla yanaşı bioloji elmlərin inkişaf etdirilməsində mühüm rol oynadılar.
XX əsrin əvvəlindən etibarən zoologiya elmi həm kəmiyyət və həm də keyfiyyətcə kökündən dəyişməyə başlamışdır. Əgər əvvəllər tədqiqat işləri plansız aparılırdısa, sonrakı illərdə faunanın öyrənilməsi, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması müəyyən plan üzrə aparılmağa başlamışdır. Bu dövrlərdə çoxlu qoruqlar yaradılmış, heyvanat aləminin müvafiq rayonlar üzrə öyrənilməsinə başlanılmış, elmitədqiqat idarələrinin şəbəkəsi böyümüş, elmi problemlərin əhatəsi genişlənmiş, tədqiqat üsulları təkmilləşdirilmiş, nəzəri problemlərin işlənilməsi, səhiyyə, kənd təsərrüfatı, meşəçilik və digər təsərrüfatlar da təcrübə ilə əlaqələndirilmişdir.
Zoologiya elminin Rusiyadakı nailiyyətləri Azərbaycanda da onun inkişafına kömək etdi.
Azərbaycanda zooloji tədqiqatlar genişləndirildi. Onurğasız heyvanların tədqiq edilməsindən faydalı nəticələr alındı.
Burada yumşaqbədənlilərin öyrənilməsi ilə alimlərin böyük bir qrupu məşğul olmuşlar.
Onurğalı heyvanların tədqiqi böyük vüsət almışdır. Balıqçılıq ta qədim dövrdən insan həyatında mühüm yer tuturdu. Ona görə də balıqlar haqqında məlumatlar toplanılması qədim dövrlərdən başlanmışdır.
Respublikamızda quşların sistematikası, ekologiyası, parazitləri yaxşı öyrənilmişdir. Ərazinin ornifaunası ilə görkəmli alimlər məşğul olmuşlar.
Azərbaycanda onurğalılar zoologiyasının tarixini dörd dövrə bölmək olar:

dövr qədim vaxtlardan XVIII əsrin ortalarını əhatə edir. O zaman Azərbaycanda zooloji bilik yox idi. Heyvanlara dair məlumatlara müxtəlif sənədlərdə, bədii əsərlərdə rast gəlinirdi.
dövr XVIII əsrin ikinci yarısını və XIX əsrin birinci rübünü əhatə edir. Bu dövrdə zoologiya sərbəst elm kimi inkişafa başlayır. Lakin Azərbaycanın heyvanlarını digər ölkə (xüsusən avropalılar) tədqiq edir və öz ölkələrində yazırdılar.
III dövr XX əsrin 1920 - 1921-ci illərindən ikinci rübün sonuna qədər olan dövrü əhatə edir. 1921-ci ildə Azərbaycan Dövlət Universitetində zoologiya kafedrası açılır, tələbə qəbul edilərək zoologiya ixtisaslı kadrların hazırlanmasına başlanılır. Bu dövrdə zoologiyanın müxtəlif sahələri üzrə tədqiqatlar aparılmış və elmin inkişafı yaxşılaşdırılmışdır.
IV dövr 1960-cı illərdən başlanır. Bu dövrdə onurğalılar zoologiyası sahəsində ekoloji istiqamət genişlənir. Heyvanlar aləminin səmərəli istifadəsi və
qorunması tədqiqatların əsas məqsədi olur.
Azərbaycan özünün təbii sərvətləri, fauna və florası etibarı ilə çox zəngindir. Bu zənginlik xarici ölkə alimlərini cəlb etmişdi. Zoologiyanın inkişafında xarici ölkə alimləri ilə yanaşı, yerli alimlər də böyük zəhmət çəkmiş və yüksək nəticələr əldə edə bilmişlər.
Bunlardan biri də görkəmli mütəfəkkir, publisist və təbiətşünas alim Həsənbəy Zərdabi (Məlikov) olmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin tam qələbəsinə kimi (1920-ci il) zəif stasionar zooloji müəssisə - Bakı ixtioloji stansiyası vardı. 1912-ci ildə təşkil olunmuş bu stansiya ölkənin balıq təsərrüfatının öyrənilməsini lazımi səviyyədə təşkil edə bilməmişdi. 1909-cu ildə Bakı, 1916-cı ildə Yelizavetpol-Zaqatala müvəqqəti entomoloji kabinələri fəaliyyətə başladı. Bakı-Dağıstan bitki mühafizəsi bürosu (1916-cı il) çəyirtkə və gəmiricilərə qarşı mübarizənin təşkili üzrə iş aparırdı.
Azərbaycanın heyvanat aləminin planauyğun, sistemli tədqiqi yalnız Sovet hakimiyyəti illərində elmi idarələrin və ali məktəblərin geniş şəbəkəsi yarandıqdan sonra mümkün oldu.
1932-ci ildə Azərbaycanın inkişaf etməkdə olan zoologiya elmi üçün xüsusən əlamətdar oldu. Həmin ildə hökumətin qərarı ilə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin tərkibində zoologiya bölməsi yaradıldı. Onun tərkibində 2 seksiya fəaliyyət göstərirdi: quru və su faunası. Bölmənin və quru faunası seksiyasının rəhbəri prof. V.S. Yelpatyevski idi. Bölmənin katibi M.Ə. Əhmədov təyin edilmişdi. Su faunası seksiyasına prof. A.N. Derjavin rəhbərlik edirdi. Elmi işçilər Ə.N. Əlizadə, A.İ. Arqiropulo və A.V. Boqaçov idilər. Həmin ilin noyabrında üçüncü seksiya ev heyvanları seksiyası yaradıldı ki, ona rəhbərlik prof. İ. İ. Kaluginə tapşırıldı.
Quru faunası seksiyası üzrə «Azərb. SSR-in quru faunasının xalq təsərrüfatının tələblərinə uyğun öyrənilməsi» problemi məməlilər, quşlar, ilanlar, sudaquruda yaşayanlar, həşərat, onurğasızlar (həşəratdan başqa), quru faunasının zoocoğrafi xülasəsi, Qızılağac qoruğunun fvunası, Zaqatala qoruğunun faunası, qansoran həşərat, mal gənələrinin ekologiyası, parazit qurdlar, əkinlərin nematodları, tərəvəz və bostan zərərvericiləri kimi mövzular əhatə edirdi.
Su faunası seksiyası üzrə «Azərb. SSR-in su heyvanlarının xalq təsərrüfatının tələblərinə uyğun tədqiqi» problemi isə Azərb. SSR üzrə Xəzərin balıqları, ali xərçəngkimiləri, kollektor suları və irriqasiya sistemlərinin biologiyası, Azərb. SSR-in hidrobiologiyası mövzuları üzrə tədqiqat aparılırdı.
1936-cı ildə zoologiya bölməsi SSRİ EA-nın müstəqil Azərbaycan filialına çevrildi. SSRİ EA Azərbaycan filialı Rəyasət Heyətinin qətnaməsi ilə
(1936-cı il 27 fevral tarixli 2 №-li protokol) 1936-cı il martın 1-də zoologiya bölməsi bazasında Zoologiya İnstitutu təşkil edildi. O zaman həmçinin kimya, fizika, botanika və geologiya institutları da təşkil edildi.
Zoologiya institutu əvvəlcə quru və su heyvanları şöbələrindən ibarət idi. Birinci şöbə entomologiya, mammalogiya və ornitologiya üzrə tədqiqatlarla məşğul idi.
Professor V.S. Yelpatyevski institutun direktoru və quru heyvanları şöbəsinin rəhbəri, prof. S.M. Qubin direktor müavini, prof. A.N. Derjavin su heyvanları şöbəsinin rəhbəri, N.K. Vereşşagin elmi katib təyin edildi.
Professor V.S. Yelpatyevski az müddət institutun direktoru işləmiş, sonra A.Q. Dyunin zoologiya institutunun direktoru vəzifəsini müvəqqəti olaraq tutmuşdur.
1939-cu ildən biologiya elmləri namizədi, hidrobioloq Ə.N. Əlizadə instituta rəzbərlik etmişdir.
1950-ci il noyabrın 5-də biologiya elmləri namizədi (sonralar Azərb. SSR EA akademiki), helmintoloq S.M. Əsədov İnstitutun direktoru təyin edilmiş və 1960-cı il martın 15-ə kimi bu vəzifədə çalışmışdır.
1950-ci ildə institutda 6 şöbə var idi: parazitologiya, helmintologiya, su heyvanları, entomologiya, quru onurğalı heyvanları, kənd təsərrüfatı heyvanlarının genetika və seleksiyası.
Əllinci illərdə «Azərbaycanın heyvanlar aləmi» (1951-ci il, 51 ç.v.), «Azərbaycanda kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri» (1953-cü il, 35 ç.v.) adlı qiymətli monoqrafiyalar çap olunmuşdu. Bu əsərlərdə müharibədən sonrakı dövrdə Zoologiya institutunun tədqiqatlarının ilk nəticələri yekunlaşdırılmışdı.
Bu illərdə institut əməkdaşlarından bir neçəsi doktorluq dissertasiyaları müdafiə etdilər. Yeni tədqiqatların inkişafı da bununla bağlıdır. H.S. Qasımov (helmintoloq) 1953-cü ildə, M.Ə. Musayev (protozooloq) 1956-cı ildə, S.M. Əsədov (helmintoloq) və N.S. Əbusəlimov (parazitoloq) 1951-ci ildə doktorluq dissertasiyası müdafiə etdilər.
Sonrakı illərdə institutun strukturunda yeni şöbələr yarandı. Yaradılmış Mingəçevir və Varvara su anbarlarının hidrofaunasının tədqiqi üçün 1953-cü ildə Mingəçevir dayaq bazası təşkil olundu (bu baza sonralar su anbarının biologiyası laboratoriyasına çevrildi).
1960-cı ilin martında Azərbaycan SSR EA-nın müxbir üzvü, baytarlıq elmləri doktoru, prof. (sonralar Azərb. SSR EA-nın akademiki) M.Ə. Musayev Zoologiya İnstitutunun direktoru təyin edilir.
1967-ci ildə fitohelmintologiya üzrə yaradıcı qrup təşkil edilmişdi. 1968-ci ildə araxnologiya laboratoriyası protistologiya laboratoriyasından ayrıldı. 1971-ci ildə institutun strukturunda bir sıra dəyişikliklər baş verdi. Su heyvanlarının parazitləri, həşəratların ekologiyası və fiziologiyası laboratoriyaları təşkil edildi. Quru onurğalıları laboratoriyası əsasında teriologiya və herpetologiya, ornitologiya laboratoriyaları və zooloji muzey yaradıldı.
Hazırda institutda 4 şöbə, 13 laboratoriya, tərkibində 3 laboratoriya olan Xəzər bioloji stansiyası (şöbə hüququnda), iki yaradıcı qrup və zooloji muzey fəaliyyət göstərir.
Zoologiya İnstitutu istər ölkəmizdə, istərsə də xaricdə zoologiya elminin 4 əsas istiqaməti üzrə apardığı tədqiqatları ilə tanınır.
1. Parazitizmin qanunauyğunluqları, Azərbaycanda parazitar və təbiiocaqlı xəstəliklərin ləğv edilməsinin nəzəri və ekoloji əsasları.
2. Zərərli və faydalı həşəratların say dinamikası və yaradılması qanunauyğunluqları, bioloji və inteqrirləşdirilmiş bitki mühafizəsi üsullarının nəzəri əsasları.
3. Xəzər dənizinin Kür çayı hövzəsinin bioloji məhsuldarlığının tənzim edilməsinin nəzəri əsasları.
4. Faydalı, nadir və kökü kəsilməkdə olan növlərin qorunmasının və sayının artırılmasının və zərərli formalarla mübarizənin elmi əsaslarını işləyib hazırlamaq üçün onurğalı heyvanların biologiya və ekologiyasının tədqiqi.
Zoologiya institutu alimlərinin çoxillik tədqiqatlarının təhlili və ümumiləşdirilməsi nəticəsi olan 40-dan artıq monoqrafiya institutda əsaslı tədqiqatların
inkişafını əks etdirir. Bunlardan «Azərbaycan faunası» seriyasından çoxcildli nəşri (Azərb. dilində) xüsusilə qeyd etmək lazımdır. Onun «Balıqlar», «Quşlar»,
«Məməlilər», «Xərçənglər», «Rotatorilər», «Yarpaqyeyən böcəklər», «Həşəratlar» kimi cildləri çap edilmişdir.
Zoologiya institutu 1981-ci ildə laboratoriya korpusu, insektari, vivarii və zooloji muzeydən ibarət yeni binalar kompleksinə köçmüşdür. Hidrobioloji və ixtioloji tədqiqatları dərinləşdirmək məqsədilə 1982-ci ildə institut üçün «Elm» gəmisi inşa edilmişdir ki, bu da əslində üzən elmi tədqiqat laboratoriyasıdır.
İnstitutda doktorluq dissertasiyalarının müdafiəsi üçün iki ixtisas (entomologiya, parazitologiya və helmintologiya) üzrə xüsusi Şura vardır ki, o, yalnız regionda deyil, hətta dünya səviyyəsində böyük nüfuza malikdir.
İnstitutda bir çox şöbələr və laboratoriyalar fəaliyyət göstərir.
Protozoolgiya şöbəsi və onun protistologiya və parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyaları.
1957-ci ildə Azərb. SSR EA akademiki M.Ə.Musayevin təşəbbüsü ilə institutunun tərkibində protistologiya laboratoriyası yaradıldı. Belə bir laboratoriyanın yaradılması Azərbaycanın ibtidailər faunasının çox zəngin olması və müxtəlifliyi zərurətindən irəli gəlmişdir. Sərbəst yaşayan ibtidai təkhüceyrəlilərdən əlavə bu faunanın tərkibinə insanın, kənd təsərrüfatı və vəhşi heyvanların ciddi protozoy xəstəliklərinin törədiciləri olan çoxlu parazit növlər də daxildir. Məhz buna görə də, laboratoriya yaradıldığı ilk günlərdən onun elmi tədqiqat işləri sitokimyəvi, biokimyəvi və digər müasir metodları protozoologiya elminə tətbiq etməklə parazit-sahib münasibətlərinin aydınlaşdırılmasına və tüfeyli ibtidailərin törətdiyi xəstəliklərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanmasına doğru yönəldilmişdir.
Sonralar protistologiya laboratoriyasından araxnologiya laboratoriyası ayrıldı ki, o, buğumayaqlıların hərtərəfli tədqiqinə başladı. 1985-ci ildə isə protistologiya laboratoriyasının əsasında protozoologiya şöbəsi yaradılmış və onun tərkibində parazit-sahib münasibətlərinin biokimyəvi əsasları və protistoloji laboratoriyaları təşkil edilmişdir.
İnstitutun laboratoriyalarında müxtəlif ekoloji­faunistik tədqiqatlar aparılır. Protozoologiya şöbəsində «Koksidlərin həyat dövrü və sitokimyası», «Parazitsahib qarşılıqlı münasibətlərinin biokimyəvi aspektləri», «Müxtəlif heyvanların parazitosenozları» problemləri tədqiq edilir.

İnstitutda bir çox laboratoriyalar fəaliyyət göstərir:
1. Su heyvanlarının parazitləri laboratoriyası. Laboratoriya 1971-ci ildə təşkil olunmuşdu. Ona professor T.K. Mikayılov rəhbərlik edir.
2. Helmintlərin sistematikası və biologiyası laboratoriyası. Azərbaycanda helmintoloji tədqiqatların inkişafı akademik K.İ. Skryabinin adı ilə bağlıdır. O, digər qonşu ölkələrlə yanaşı Azərbaycanda da helmintoloji özək yaratmışdı.
1944-cü ildə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunun nəzdində parazitologiya şöbəsi yarandı. İlk zamanlar şöbəyə məşhur parazitoloq və epidemioloq E.İ. Marsinovskinin şagirdi professor P.P. Popov rəhbərlik edirdi.
1945-ci ildən şöbədə işləməyə başlayan H.S. Qasımov 1946-cı ildə şöbənin rəhbəri vəzifəsinə təyin olundu.
3. Helmintlərin ekologiyası laboratoriyası. 1974-cü ildə akademik S.M. Əsədovun vəfatından sonra laboratoriyaya onun şagirdi - sənaye məməlilərinin helmint faunası, sistematikası, ekologiyası, həmçinin insan və ev heyvanlarının helmintozlarının təbii ocaqlılığı sahəsində tanınmış mütəxəssis İ.Ə. Sadıqov rəhbərlik edir.
4. Araxnologiya laboratoriyası. 1957-ci ildə protistologiya laboratoriyası tərkibində gənələri öyrənən qrup yaradıldı. Daha sonra bu qrup 1968-ci ildə araxnologiya laboratoriyasına çevrildi. Laboratoriyanın son illərdə əsas tədqiqat istiqaməti araxnidlərin az öyrənilmiş dəstələrinin - əqrəblərin, bövlərin, hörümçəklərin və gənələrin bəzi parazit və sərbəst yaşayan fəsilələrinin hərtərəfli tədqiqi olmuşdur.
1944-cü ildə Azərbaycanda bitki və torpaq nematodlarının tədqiqinə (fitohelmintoloji tədqiqat işi) Q.Ə. Qasımova tərəfindən helmintologiya laboratoriyasında başlanılmışdır. 1967-ci ildə isə Zoologiya İnstitutunda fitohelmintləri öyrənən yaradıcı qrup təşkil olundu. Ona bir neçə laboratoriya aid edildi.
1. Entomologiya laboratoriyası institutun ilk laboratoriyalarındandır. Laboratoriya 1932-ci ildən fəaliyyət göstərir. Bu dövrdən etibarən Azərbaycanda entomologiya üzrə tədqiqatlar inkişaf etməyə başlayır. 1932-1941-ci illərdə şöbənin kollektivi əsas qüvvəsini Azərbaycanın həşərat aləmindən fundamental kolleksiya fondu yaratmağa yönəltmişdir. Bu işdə A.V. Boqaçov xüsusilə böyük və çox faydalı iş görmüşdür.
A.V. Boqaçov institutdan getdikdən sonra, 1952-ci ildən 1956-cı ilə qədər entomologiya şöbəsinə professor V.N. Rusanova başçılıq etmişdir. O, ümumi və xüsusi entomologiya, həmçinin mənənələrin sistematikası, biologiyası və zoocoğrafiyası sahəsində çalışmışdır.
Entomologiya laboratoriyasının fəaliyyətində eksperimental entomologiya və bioloji üsulun nəzəri əsasları sahəsində aparılan işlər xüsusi yer tutur.
1956-cı ildən entomologiya şöbəsi entomologiya laboratoriyasına çevrilir. 60-cı illərdə faunistik istiqamətlə yanaşı, laboratoriya üçün yeni olan bir istiqamət - ekoloji-fizioloji istiqamət inkişaf edir, bu da 1971-ci ildə həşəratların ekologiyası və fiziologiyası laboratoriyasının yaranmasına səbəb olur. Laboratoriyaya rəhbərlik A.Ə. Abdinbəyovaya tapşırılır. 1957-ci ildən isə laboratoriyaya N.H. Səmədov başçılıq edir.
2. Həşəratların ekologiyası və fiziologiyası laboratoriyasında əsasən faydalı və zərərli həşəratların ekologiyası və fiziologiyası sahəsində təcrübi tədqiqatlar aparılırdı. 1968-ci ildə entomologiya laboratoriyası nəzdində eksperimental entomologiya qrupu, 1971-ci ilin mayında isə institut daxilində
həşəratların ekologiyası və fiziologiyası adı altında sərbəst laboratoriya yaradıldı.
3. Entomofaqlar və bitkilərin bioloji mühafizə üsullarının nəzəri əsasları laboratoriyası 1961-ci ildə yaradılmışdır. Həmin laboratoriyanın qarşısında faydalı həşərat faunasının (yırtıcı və parazitlərin) növ tərkibinin aşkara çıxarılması, onların bioloji, ekoloji xüsusiyyətləri müxtəlif zərərvericiləri yoluxdurma dərəcəsinin öyrənilməsi, müxtəlif kənd təsərrüfatı zərərvericilərinin məhv edilməsində rolunun aşkar edilməsi və bunların kütləvi artırılması metodikasının işlənməsi və təsərrüfatda tətbiq olunması üsullarının işlənib
hazırlanması kimi məqsədlər qoyulmuşdu. Laboratoriyaya 1961-ci ildən 1967-ci ilədək biologiya elmləri doktoru Ş.M. Cəfərov, 1967-ci ildən 1969-cu ilədək biologiya elmləri namizədi N.C. Vəzirov, 1971-ci ildən isə biologiya elmləri namizədi A. Ə. Əliyev rəhbərlik edir.
4. Faydalı həşəratların introduksiyası və iqlimləşdirilməsi laboratoriyası. Azərbaycanda faydalı həşəratların introduksiya və iqlimləşdirilməsi tarixi 1926-cı ildən başlanır. Bunu nəzərə alaraq Azərbaycan ərazisinə gətirilən entomofaqların iqlimləşdirilməsinin elmi əsaslarını öyrənmək üçün 1974-cü ildə faydalı həşəratların introduksiyası və iqlimləşdirilməsi laboratoriyası təşkil edilmişdir.İnstitutun hidrobioloji və ixtioloji tədqiqatlar xəzər bioloji stansiyası nəzdində də bir neçə laboratoriya fəaliyyət göstərir.
1. Hidrobiologiya laboratoriyası 1952-ci ildə Zoologiya İnstitutunun su heyvanları şöbəsinin bazası əsasında təşkil edilmişdir. Laboratoriyanın əsas istiqaməti dəyişilmiş ekoloji şəraitdə Xəzər dənizinin və Azərbaycanın daxili su hövzələrinin bioloji məhsuldarlığının öyrənilməsi, onlarda balıq ehtiyatının bərpa edilməsi üçün effektli metodların işlənib hazırlanmasından, su hövzələrinin çirklənmədən mühafizə edilməsindən ibarətdir.
1952-ci ildən 1961-ci ilədək laboratoriyanın rəhbəri akademik A.N. Derjavin, 1961-ci ildən isə Ə.H. Qasımov təyin olunmuşdur.
1982-ci ildə «Elm» adlı elmi-tədqiqat gəmisinin alınması ilə əlaqədar olaraq, Sakit və Hind okeanlarında, həbelə Aralıq dənizində tədqiqatlar aparılmışdır. Ekspedisiya müddətində Yapon və Egey dənizlərinin də zooplanktonu və zoobentosu öyrənilmişdir.
2. İxtiologiya laboratoriyası institutunun ilk laboratoriyalarından biridir. O, 1948-ci ildə su nheyvanları şöbəsindən ayrılmışdır. Su heyvanları nşöbəsini akademik A.N. Derjavin yaratmış və orada tədqiqatlar aparmışdır.
3. İnstitutun Mingəçevir su anbarının biologiyası laboratoriyası Mingəçevir su anbarının yaranması ilə əlaqədar olaraq 1953-cü ildə təşkil edilmişdir. Onun əsasını A.N. Derjavin və Y.Ə. Əbdürrəhmanov qoymuşlar. Laboratoriyanın ilk rəhbəri Ə.İ. Nəbiyev (1953-1966-cı illərdə), H.S. Abbasov (1965-1969-cu illərdə), P.Q. Məlikov (1970-1978-ci illərdə) olmuş, 1978-ci ildən indiyə qədər isə laboratoriyaya Ə.R. Xəlilov rəhbərlik edir.
4. Balıq ehtiyatlarının artırılması laboratoriyası 1974-cü ildə institutunun Xəzər bioloji stansiyasının ixtiologiya laboratoriyasının bazası əsasında yaradılmışdır. Bu laboratoriyanın işinin əsas istiqaməti Xəzər dənizi və daxili su hövzələrinin balıq sərvətlərinin artırılması və düzgün istifadə edilməsinin, həmçinin, satış balıqlarının yetişdirilməsinin effektiv metodlarını işləyib hazırlamaqdan ibarət olmuşdur. Laboratoriyaya Z.M. Quliyev rəhbərlik etmişdir.
5. Bioloji təbəqə laboratoriyası 1974-cü ildə institutu Xəzər bioloji stansiyasının nəzdində bioloji təbəqə laboratoriyası təşkil olunmuşdur. Laboratoriyanın əsas vəzifələri Xəzər dənizində formalaşan bioloji təbəqənin xüsusiyyətlərini öyrənmək və ona qarşı effektiv mübarizə tədbirləri işləyib hazırlamaq olmuşdur. Laboratoriyanın müdiri vəzifəsinə R.M. Bağırov təyin olunmuşdur. Biotəbəqə laboratoriyasının elmi tədqiqatlarının istiqamətlərinin əsasını Xəzərin müxtəlif biosenozlarındakı biotəbəqələrin tərkibi və yayılmasının öyrənilməsi təşkil edir. Belə tədqiqatların aparılması Xəzər dənizində biotəbəqənin qorunmasına kömək edirdi.

İnstitutda quru onurğalı heyvanların tədqiqi ilə bağlı da laboratoriyalar yaradılmışdır. Respublikada quru onurğalı heyvanlar faunasının öynərilməsinin iki yüz ildən artıq bir tarixi vardır.
Teriologiya və herpetologiya laboratoriyası. Respublikamızda quru onurğalıları zoologiyası sahəsində tədqiqatlar 1932-ci ildə zoologiya bölməsinin yaradılması ilə başlanıldı. Teriologiya və herpetologiya laboratoriyası institutun ən qədim laboratoriyalarından biridir. Lakin bu laboratoriyaya 1971-ci ilə qədər quru onurğalıları zoologiyası laboratoriyası adlanırdı. Azərbaycanda teriologiya sahəsində tədqiqatlar 1935-ci ildən N.K. Vereşşaginin respublikamıza gəlməsindən sonra genişlənmişdir. Laboratoriyaya ilk əvvəl paleozoologiya üzrə mütəxəssis D.H. Hacıyev rəhbərlik (1955-ci ildən 1957-ci ilədək) etmişdir. 1961-ci ildən 1970-ci ilədək laboratoriyanın rəhbərliyi orintoloq A.İ. Xanməmmədova tapşırılmışdır.
1971-ci ildə quru onurğalıları zoologiyası laboratoriyası əsasında teriologiya və herpetologiya, ornitologiya laboratoriyaları və zooloji muzey təşkil olunmuşdur. Laboratoriyaya tanınmış terioloq B.S. Vinoqradovun şagirdi X.M. Ələkbərov rəhbərlik etmişdir.
Zoologiya İnstitutunda ornitologiya üzrə tədqiqatlar 1971-ci ilə qədər quru onurğalıları şöbəsində aparılırdı. Respublikada orintoloq mütəxəssislər olmadığından bu sahədə tədqiqat işləri aparmaq üçün 1930-cu ilin əvvəllərində Leninqraddan təcrübəli orintoloqlardan A.Y. Tuqarinov və E.V. KozlovaPuşkareva Azərbaycana dəvət edilmişdi.
Azərbaycanda ornitoloji tədqiqatlar 1945-ci ildən sonra inkişaf etməyə başlamışdır.
İnstitutda heyvanların embriologiyası, sitologiyası və morfologiyası laboratoriyaları da fəaliyyət göstərir.
Zoologiya İnstitutunun nəzdində 1943-cü ildə kənd təsərrüfatı heyvanlarının genetikası və seleksiyası şöbəsi açılmışdır. Bu şöbəyə rəhbərlik Cəfər Əliyevə tapşırılmışdır. Əllinci illərdə bu şöbəyə F.Ə. Məlikov rəhbərlik etmişdir.
İnstitutun ixtiraçılıq, patent, elmi informasiya və tətbiq şöbəsi 1967-ci ildə təşkil olunmuşdur. Tədqiqat sahəsində şöbənin əsas iş istiqamətləri bunlardır: inteqrirləşdirilmiş bitki mühafizəsi sistemində müxtəlif bioloji fəal maddə qruplarından istifadə yollarını işləyib hazırlamaq, elmi işçiləri informasiya ilə təmin etmək, ixtiraçılığı qüvvətləndirmək və elmi-tədqiqat işlərinin nəticələrini istehsalata tətbiq etmək.
Zoologiya institutunun nəzdində zooloji muzey 1971-ci ildən fəaliyyət göstərir və onun müdiri 1987-ci ilə qədər A.İ. Xanməmmədov olmuşdur. Muzey yeni təşkil olunduğuna baxmayaraq, burada Azərbaycan faunasının nümunələrinə dair zəngin materiallar toplanmışdır.
Respublikamızda zoologiya elminin inkişafında Bakı Dövlət Universitetinin onurğasızlar və onurğalılar zoologiyası kafedraları, Azərbaycan Dövlət Pedaqoji institutunun zoologiya kafedrası, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu, Gəncə Kənd Təsərrüfatı İnstitutunun və digər elmi-tədqiqat müəssisələrinin də rolu olmuşdur.
Zoologiya elminin inkişafında bilik və bacarığını əsirgəməyən görkəmli azərbaycanlı alimlərdən S.M. Əsədov, M.Ə. Musayev, M.M. Nəzirov, Z.M. Şaxtaxtinskaya, İ.A. Axundov, H.S. Qasımov, A.M. Ələkbərov, R.B. Cavadov, P.P. Popov, Ə. Qasımov, T.K. Mikayılov, N.K. Şirinov, S.V. Əliyev, F.Q. Ağamalıyev, Q. Mustafayev, İ. Sadıxov, N. Feyzullayev, A.Q. Məmmədov, Y.H. Hacıyev bir çox digər alimlərin adını iftixar hissi ilə çəkmək olar. Z. Şaxtaxtinskaya, A. Ələkbərov, Q. Mustafayev, F.Ağamalıyev, S. Əliyev bir sıra digər alimlərin böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bunlar zooloji tədqiqatlar aparmaqla yanaşı, həm də zoologiya elmini tədris və təbliğ etmiş, dərslik və dərs vəsaitləri ilə təmin etmişlər.


Tarix: 08.12.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Biologiya
loading...