İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya.
Morfologiya orqanizmin formasından, daxili quruluşundan - strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur.
Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya - hüceyrələrdən, 2) histologiya - toxumalardan, 3) orqanologiya - üzvlərin mikroskopik quruluşundan bəhs edən elm.
Mikroskopik anatomiyaya bir də embriologiya üzvlərin ana bətnində inkişafından, diferensiasiyasından və formalaşmasından bəhs edən elm aiddir. Embriologiya ayrı-ayrı fərdin inkişafını - ontogenezini öyrənir.
Anatomiya əsrlər boyu inkişaf edib, zəngin nəzəri və faktik material toplamış və bir çox əhəmiyyətli bölmələrə ayrılmışdır:
Sistematik anatomiya - orqanizmin forma və quruluşunu ardıcıl olaraq sistemlər üzrə öyrənir. Bu elm orqanizmi sağlam halda tədqiq etdiyi üçün normal anatomiya adını daşıyır. Normal anatomiya başqa metodlarla bərabər təsviri metoddan da istifadə etdiyi üçün ona təsviri anatomiya da deyilir.
Nəzəri və ya ümumi anatomiya – orqanizmi təşkil edən üzvlərin vəzifəsi ilə əlaqədar olaraq onların quruluşunu, inkişaf proseslərini və formalaşmalarını izah edən qanunauyğunluqları öyrənir. Nəzəri anatomiyanın banilərindən biri P.F. Lesqaft olmuşdur. O, «Nəzəri anatomiyanın əsasları» adlı əsərində yazır ki, heyvan orqanizminin forma və quruluşunun əhəmiyyətini aydınlaşdıran nəzəriyyə və ümumi əsaslar çıxarılmayınca anatomiyanın bir elm kimi əhəmiyyəti olmayacaq və həyata tətbiq edilməyəcəkdir. Fəlsəfəsiz elm yoxdur. Müasir anatomiya insan orqanizminin nəinki «necə» qurulduğunu, eyni zamanda «nə səbəbə» belə təşkil olduğunu öyrənir. Bununla da o, əvvəlki anatomiyadan fərqlənir.
Topoqrafik anatomiya - sağlam üzvlərin və bədən hissələrinin vəziyyətcə nahiyələrə, skeletə və birbirinə olan nisbətlərindən bəhs edir. Əgər sistematik anatomiya üzvləri sistemlər üzrə tədqiq edirsə, topoqrafik anatomiya orqanizmi nahiyələrə bölüb orada olan üzvlərin və ya törəmələrin səthi qatlardan dərin qatlara doğru vəziyyətlərini və qarşılıqlı nisbətlərini öyrənir.
Cərrahi anatomiya - patoloji şəraitdə olan, yaxud patoloji proseslərə tutulmuş üzvlərin vəziyyətini və bir-birinə olan nisbətlərini öyrənir. Topoqrafik və cərrahi anatomiyanın inkişafı məşhur rus alimi N.İ. Piraqovun adı ilə bağlıdır.
Plastik anatomiya - orqanizmin müxtəlif vəziyyət və hallarında zahiri şəklindən və proporsiyalarından bəhs edən elmdir; rəssamlıqda və heykəltəraşlıqda tətbiq edilən sahədir.
Dinamik anatomiya - orqanizmin «anatomik qüvvələrini», yəni vəzifələrini, bu və ya başqa hərəkətlərdə bədən ağırlığının təsirini öyrənir. Dinamik anatomiyanın idman və bədən tərbiyəsi ilə məşğul olanlar üçün çox böyük əhəmiyyəti vardır.
Yaş anatomiyası - üzvlərin forma, quruluş və vəziyyətcə yaş xüsusiyyətlərindən bəhs edir. İnsan orqanizmi həmişə bir halda qalmır, o, döllənmə vaxtından başlayaraq ölənə qədər tədricən dəyişir, dinamik bir sistem təşkil edir. Yaş anatomiyasının əsasını N.P. Qundobin qoymuşdur.
Eksperimental anatomiya - bədənin quruluşunu diri orqanizm, başlıca olaraq diri heyvan üzərində öyrənir və eksperimental metoddan istifadə edir. Rentgen şüalarının köməyi ilə daxili üzvlərin vəziyyəti, ürəyin yerdəyişməsi, diafraqmanın və oynaqlarda sümük uclarının hərəkəti öyrənilir. Buna «canlı üzərində anatomiya» öyrənmə üsulu deyilir və anatomiyanın bu şöbəsi rentgen anatomiya adlanır. Təbiidir ki, bu metod vasitəsi ilə üzvlərin forması və vəziyyəti haqqında daha düzgün məlumat əldə etmək olur.
Müqayisəli anatomiya - heyvan orqanizmlərinin forma, quruluş və mənşəyindən bəhs edərək müqayisəetmə üsulundan istifadə edir. Bu elm heyvan növlərinin inkişaf tarixini - filogenezi öyrənərək embriologiya ilə birlikdə orqanizmin forma və quruluşunun təkamül prosesi nəticəsində necə meydana çıxdığını və inkişafını müəyyən etməyə imkan verir.
Patoloji anatomiya - normal anatomiyanın əksinə olaraq, bu və ya başqa xəstəliyə tutulmuş orqanizmin, yaxud onun üzvlərinin patoloji (xəstəlik nəticəsində meydana çıxan) dəyişikliklərindən bəhs edir.
Anatomiyada müayinə metodları
Anatomiya elmini öyrənmək üçün yuxarıda qeyd olunduğu kimi, bir neçə metoddan istifadə edilir: təsviri, embrioloji, müqayisəli anatomiya (genetik, təkamül) və fizioloji (eksperimental) metodlar.
Təsviri metod - ən qədim metodlardan olub üzvləri sadəcə təsvir etməkdən ibarətdir. Bu metod bir o qədər mükəmməl deyildir. P.Laplasın dediyi kimi, «Əgər insan təkcə faktları toplamaqla kifayətlənsəydi, elm faydasız nomenklaturadan (siyahıdan) ibarət olardı və insan heç zaman təbiətin ali qanunlarını dərk edə bilməzdi».
Embrioloji metod - rüşeymin (fərdin) şəxsi inkişaf prosesini (ontogenezi) və müqayisəli anatomiya metodu
- növün inkişaf tarixini (filogenezi) öyrənməklə üzvlərin formalaşmasını, mənşəyini izah etməyə imkan yaradır. Son iki metod genetik metodun əsasını təşkil edir.
Fizioloji metod (eksperimental metod) eksperiment vasitəsi ilə üzvlərin daşıdığı vəzifələri öyrənir, onları forma və quruluşları ilə əlaqələndirir. Vəzifə ilə forma arasında olan qarşılıqlı asılılıq o qədər böyükdür ki, bəzən üzvün forma və quruluşuna əsaslanaraq onun vəzifəsini müəyyən dərəcədə təyin etmək olur.
Müasir anatomiya bu metodlardan əlavə dünyanı dərk etməyə, təbiət və cəmiyyət hadisələrinə düzgün yanaşmağa, orqanizmdə gedən inkişaf və fizioloji proseslərin mahiyyətini izah etməyə yönəlmiş yeganə elmi metod olan dialektik metoda əsaslanır.
İnsan orqanizmini öyrənmək məqsədi ilə bir çox metodlar tətbiq edilir.
Təşrih (yarma) metodu. Təşrih əsas metodlardan biri olub, onun tətbiqində əsas məqsəd üzvləri: əzələ, sinir, damar və daxili üzvləri axtarıb tapmaqla bərabər eyni zamanda onların orqanizmin xarici səthinə (nahiyələrinə) olan proyeksiyanın (holotopiyasını),skeletə olan nisbətini (skeletotopiyasını) və qonşu üzvlərə olan nisbətini (sintopiyasını) öyrənməkdir.
Təşrih metodundan qədim zamanlarda bir sıra dini səbəblər üzündən istifadə edilmirdi. O zamanlar yalnız gözdən keçirmə və əlləmə (palpasiya) metodları tətbiq edilirdi. Hazırda təşrih metodu bir sıra alətlərin tətbiq edilməsi ilə texniki cəhətdən mükəmməlləşmiş və ondan geniş surətdə istifadə edilir. Təşrih zamanı bir sıra alətlər: skalpel (lanset), anatomik (dişsiz) pinset, cərrahi (dişli) pinset, qayçı, mişar, qarmaq, paz, qısqac və s. işlədilir.
Uzun müddət təşrih aparmaq üçün meyit əvvəlcə balzamlanır. Bu məqsədlə bir sıra sıxlaşdırıcı maddələr - formalin, alkohol, qliserin, sink-xlorid, mətbəx duzu, yaxud dondurma tətbiq edilir. Sıxlaşdırıcı maddə məhlul halında müəyyən konsentrasiyada şırınqa edilir, yaxud xüsusi aparatlar vasitəsi ilə qan-damar sisteminə vurulur.
İnyeksiya metodu. XVI əsrdə təşrih metoduna inyeksiya metodu əlavə edilmişdir. İnyeksiya metodu damarları, boşluqları, yarıqları, axacaqları boyanmış və sıxlaşdırmağa qabil məhlullar ilə şırınqa vasitəsi ilə doldurmaqdan ibarətdir. İlk dəfə bu metod XVI əsrdə böyrək damarları üzərində aparılmış və şırınqa etmək üçün sudan istifadə edilmişdir. Həmin əsrdə B. Yevstaxi qan damarlarını hava ilə və boyanmış maye ilə inyeksiya etmişdir. Sonrakı əsrlərdə bu metod xeyli təkmilləşmiş və inyeksiya etmək üçün bir sıra maddələr təklif edilmişdir. İnyeksiya metodu iki cürdür - təbii və süni. Təbii inyeksiya zamanı lazımi məhlul diri heyvanın venalarına şırınqa edilir və ürəyin fəaliyyəti nəticəsində bədənə yayılır. Süni inyeksiya meyit üzərində aparılır.
Korroziya metodu. Adi inyeksiya metodu ilə zərif damarları axtarıb tapmaq mümkün olmur. Odur ki, XVII əsrdə korroziya (yeyilmə) metodu təklif edilmişdir. Bu metod üzrə damarlar, boşluq, yaxud axacaqlar çürümə prosesinə, turşu və qələvilərin təsirinə məruz qalmayan sərtləşməyə qabil boyanmış məhlullarla inyeksiya olunur. Sonra həmin üzv müəyyən faizli turşu və ya qələvi içərisinə salınır. Bu zaman bütün toxumalar əriyir, damarlarda olan sərtləşmiş maddə isə qalır, damarların şəklini saxlayır. Bu metod ilə vaxtilə İ.Hirtl, rus alimlərindən İ.V. Buyalski və A.A. Krasusskaya gözəl preparatlar hazırlamışlar.
Şəffaflandırma metodu. XX əsrin əvvəllərində inyeksiya metoduna əlavə olaraq şəffaflandırma metodu təklif edilmişdir. Bu metod üzrə bir üzv inyeksiya olunduqdan sonra müəyyən məhlullardan keçirilir, sıxlaşdırılır və alkohol təsiri ilə suyu çıxarılır. Sonra şüasınma əmsalı həmin üzvün sınma əmsalına bərabər olan məhlula salınır. Bu zaman üzv şəffaflaşır və daxilindəki inyeksiya olunmuş damarlar görünür.
Boyama metodu. Bu metod vasitəsi ilə müəyyən üzv, yaxud toxuma müxtəlif boyalarla rənglənib, onları təşkil edən elementlərin müəyyən rəngə boyanması ilə öyrənilir. Bu metoddan mikroskopik anatomiyada geniş surətdə istifadə edilir.
İşıqlandırma metodu. Bu metod makro- yaxud nmikroskopik preparatları keçici ya əks olunan şüalar ilə işıqlandırmaqdan ibarətdir. İşıqlandırma metodu V.P.Vorobyov tərəfindən sinir sistemi preparatlarını öyrənmək məqsədi ilə təkmilləşdirilmişdir. Qabaqcadan preparatlar metilen abısı və yaxud ağır metal (qızıl, gümüş) duzları ilə boyanıb keçici şüa altında adi, ya binokulyar zərrəbin (lupa) vasitəsi ilə öyrənilir.
Dondurma metodu. XIX əsrdə məşhur rus alimlərindən N.İ. Piroqov dondurulmuş meyiti kəsmək (qat-qat mişarlamaq) metodu təklif etmişdir. Bu metod vasitəsi ilə üzvlərin, sinir və damarların topoqrafik nisbətləri olduğu öyrənilir. Təsvir olunan metod topoqrafik anatomiyada istifadə edilir.
Eksperimental metod. Bu metod diri heyvanlar büzərində eksperiment aparmaqdan ibarətdir. Məşhur rus alimlərindən P.F. Lesqaft hərəkət üzvlərini öyrənərkən bu metoddan geniş surətdə istifadə etmişdir. Son zamanlar damar kollaterallarını öyrənmək məqsədi ilə bu metod V.N. Tonkov məktəbi və başqaları tərəfindən tətbiq olunmaqdadır.
Dioptroqrafiya metodu. 1927-ci ildə dioptrioqrafiya adlanan yeni topoqrafik-anatomik metod təklif edilmişdir. Bu metod xüsusi alətlə meyiti qat-qat təşrih etmək vasitəsi ilə üzvləri təbii ölçüdə bir-biri üzərinə proyeksiya etməkdən ibarətdir. Proyeksiya nedərkən eyni zamanda üzvlərin konturunu kağız üzərinə köçürmək olur.
Rentgen metodu. Bu metod 1895-ci ildə fizik Konrad Rentgen tərəfindən kəşf olunmuş və onun adı ilə adlanmış x-şüaları vasitəsi ilə canlıda və meyitdə üzvlərin quruluşunu və nisbətlərini (topoqrafiyasını) öyrənməkdən ibarətdir. Rentgen şüaları öz atom çəkisinə malik bir çox üzvlərdən keçir, əksinə, digər qism yüksək atom çəkisinə malik üzvlərdən ya zəif keçir, ya heç keçə bilmir. Bunun nəticəsində həmin şüalar bədəndən keçdikdə xüsusi ekran, yaxud fotolent üzərində müxtəlif dərəcədə kölgə salır. Bu kölgənin intensivliyi, xarakteri, konturu və qarşılıqlı nisbəti üzvlər haqqında müəyyən məlumat almağa imkan verir. İlk dəfə rentgen şəklini (əlin şəklini) 1895-ci ildə Kölliger almışdır. Rentgen şüaları kəşf olunduqdan bir az sonra ilk dəfə anatomiyada V.N. Tonkov və P.F. Lesqaft tərəfindən (1896-cı ildə) tətbiq edilmişdir.
Rentgen metodunun iki üsulu vardır: a) rentgenoskopiya - üzvün kölgəsi ekran üzərində öyrənilir və b) rentgenoqrafiya - üzvün şəkli fotolent üzərinə salınır. Retgen metodu anatomiyada hərəkət üzvlərini, onların dinamikasını, daxili üzvlərin topoqrafiyasını öyrənərkən tətbiq edilir. Boşluğu olan üzvləri, damarları və boşluqları öyrənmək üçün qabaqcadan onların daxilinə rentgen şüalarını keçirməyən kontrast maddə, yaxud maye, ya da hava vurulmalıdır.
Mumiya, yaxud quru preparat hazırlama metodu. Bu metod hələ yeni eradan 2 min il əvvəl Misirdə tətbiq edilirdi. Bu üsül nəinki misirlilərə, hətta assurilərə, iranlılara və skiflərə bəlli idi. Keçmişdə hazırlanmış bir sıra mumiyalar indiyədək bəzi muzeylərdə saxlanılır. Bu metodun mahiyyəti bütöv meyitə, yaxud onun ayrı-ayrı hissələrinə xüsusi balzamlayıcı məhlul, yaxud maddələrlə təsir edərək onu qurutmaqdan ibarətdir. 1943-cü ildə N.S. Xarçenko yeni mumiya metodu təklif etmişdir. Bu metodda ayrı-ayrı üzv, yaxud bütün meyit fizioloji məhlulla yuyulur və sonra həmin sistemə xüsusi preparat vasitəsi ilə müəyyən təzyiq altında, 37-380C temperaturda hava vurulur, bu qayda ilə kiçik üzvlər 3-4 saat, böyük üzvlər isə 6-8 saat qurudulur. Nəticədə üzv büzüşmür, öz formasını və ümumi quruluşunu saxlayır.
Tarix: 08.12.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 276 Bölmə: Biologiya