Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Titrədi ürəyim Yarpaqlar Kimi

Gözlərim dalınca süründükcə hey,

Xəyalın gözümdə dumana döndü.

Bir anlıq xəyala qərq olduqca gör

Fikirlər dəryada ümmana döndü.

***

Susdu arzular da, susdu ürək də,

Sükut yuxusuna getdi həyat da.

Bir insan taleyi güldü bəlkə də,

Bir insan taleyi söndü o anda.

***

İsti otağımda üşüdüm tir-tir,

Sükutdan ayılmış, əsən yel kimi.

Sənli xatirələr beləcə bir-bir,

Axdı yanağımdan qanlı sel kimi.

***

Titrədi ürəyim yarpaqlar kimi,

Elə bil qəlbimdən bir daş asıblar.

Suya həsrət qalmış dodaqlar kimi,

Bir içim suya da həsrət qoyublar.

***

Ömrümdə çox olub susmuş saatlar,

Saatın susmağı günahdır vallah.

Neçə insan yükün daşıyırsa da,

Sükut yuxusuna qərq olmuş o da.

***

Bu sükut bir qəflət yuxusu imiş,

Susdurdu qəlbimi dinməmək üçün.

Bəlkə də bir qəlbin qorxusu imiş,

Ayıltdı yuxudan ölməmək üçün.

***

Kim bilir, bəlkə də qəlbimdən uzaq,

Sənin də ürəyin sükuta daldı.

Bu sükut özüylə məni çox uzaq,

Soyuq bir ürəyə qonaq apardı.

***

Üşüdüm mən orda, əsdim, titrədim,

Demə, xəyalımda isinirmişəm.

Ayıldım sükutdan, gördüm ki, yenə,

Soyuq otağımda üşüyürmüşəm.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 107 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...