Göz aldadan bir su kimi,
Gah lal axar asta-asta.
Gah da mələr quzu kimi,
Ürək yaxar asta-asta...
Nə bir toya, nə bir yasa,
İstəməz ki, ayaq basa.
Adam ölüb, ev də yansa,
Durub baxır asta-asta...
“Yüz yol ölçər, bir yol biçər”,
Təmiz suyu üflər içər...
Dediyinin üstdən keçər,
Altdan çıxar asta-asta...
Özü qorxaq, cüssəsi dar,
Andını da tez unudar.
Sözlərini çeynər udar,
Hey udqunar asta-asta...
O “mərd” olar yaxşı vaxtda,
Çox danışar hünər haqda.
Çətin işdə, bərk ayaqda
Tez sıpıxar asta-asta...
Ürəyi buz, nəfəsi qar,
Üzdən gülər, üzdən yanar.
Az işləyib çox qazanar,
Ancaq tıxar asta-asta...
O aşkarda girər qına,
Qıfıl vurar öz ağzına.
Xəlvətdəsə ona, buna,
Ləkə yaxar asta-asta...
Nə yaradır, nə də qurar,
Yaradana ağız burar.
Quyu qazıb, tələ qurar,
Ev də yıxar asta-asta...
“Tilsimlidir o qəhrəman”,
Qan da axmaz yarasından.
Odun-suyun arasından,
Üzə çıxar asta-asta...
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Azerbaycan Edebiyyatindan