Yenə axşam çökür yamanca-yala,
Sükuta qərq olur bağça da , bağ da.
Tək olsan gözlərin dolar az qala
Elə bu məqamda, elə bu çağda.
Asiman qaralır, üfüq qaralır,
ƏL-ayaq çəkilir yoldan cığırdan,
Adam ixtiyarsız xəyala dalır,
Nəyisə, kimisə anır bu zaman.
Gözün bir nöqtəyə zillənir müdam,
Bir yerə cəm olur fikrin düşüncən.
Hey köks ötürürsən düşdükcə axşam
Səbəbi naməlu bir qüssəylə sən.
Örüşdən çəkilib gedir mal-qara,
Kəsilir quşların qəlb açan səsi.
Sakitlik endikcə çıxır aşkara
Çayın dərədəki həzin nəğməsi.
Bulağı tərk edir axırıncı qız,
O, evə tələsir çiynində sənək.
Bulaq doluxsunur qalınca yalqız,
Sən də kövrəlirsən həmin çeşmətək.
Ən acı, ən şirin xatirələrlə
Qovuşub gedirsən, axıb gedirsən.
Səbəbi naməlum qəmlə-kədərlə
Qaralan dağlara baxıb gedirsən.
Gedirsən, gedirsən başı aşağı,
Nəyi seyr edəsən, nəyə baxasan?
Elə bil udmuşdur dərəni-dağı
Bir rəngə boyanmış yerlə asiman.
Gedirsən, deyirsən öz-özünə sən:
Bu səbəbsiz olan qüssəni unut!
Lakin heç qoyarmı qəlbin ola şən
Axşam qəribliyi, bir də ki, sükut?!
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Azerbaycan Edebiyyatindan