Nadir Şahın öldürülməsilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmişdi. Dövlətin paytaxtı altı dəfə dəyişmiş, İsfahandan Qəzvinə, sonra isə Məşhədə, Şiraza, yenidən İsfahana, nəhayət Tehrana köçürülmüşdü.
Xanlıqların yaranması təsadüfi olmayıb Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanunauyğun mərhələ idi.
XVII yüzilin gedişində tədricən dövlət müstəqilliyini itirmiş olan Azərbaycanda istiqlal hərəkatı başlandı. Mərkəzi hökumət çıxışları hər dəfə amansızlıqla yatırır, sərt hərbi və inzibati-siyasi tədbirlər həyata keçirirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin bərpası ideyasını məhv etmək mümkün olmadı. Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Azərbaycan İrandan vahid şəkildə ayrılmayıb xanlıqlara parçalandı. Bu, bir sıra səbəblərlə bağlı idi.
Birinci, mərkəzi hakimiyyətin məqsədyönlü siyasəti müstəqil Azərbaycan dövləti yaratmağı öz üzərinə götürə bilən vahid mərkəzin təşəkkülünə imkan vermədi. Səfəvi dövlətinin inzibati quruluşu buna örnək ola bilər. Bu dövlətin quruluşunda hakimlər tərəfindən idarə olunan "ölkələr" mühüm yer tuturdu. Ən mühüm inzibati idarə sistemi də mərkəzdənqaçma meyllərinin daşıyıcısı idi. Belə bir durum vahid dövlətin mövcud olduğu şəraitdə də xanlıqların təşəkkülü prosesinə rəvac verirdi.
İkinci, XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr six deyildi.
Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.
Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı bəzi özümlü tərəfləri də var idi.
Tarix: 13.01.2015 / 14:05 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycan xanlıqları