Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgər xan Əbdülməliki-Avşar

Həyatı
Əsgər xan Mirzə Məhəmmədcəfər bəy oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Imamqulu xanın cilovdarı, sonra əmiraxuru olmuşdu. Döyüşdə yaralanan xanı çiynində qanlı meydandan çıxarıb, Urmiyaya çatdırmışdı. Əsgər xan sonra Məhəmmədqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Məhəmmədqulu xan onu əmiraxurluqdan eşikağasıbaşı vəzifəsinə yüksəltmişdi. Xan saray çəkişmələrini sevirdi. Bəzən günahı olmayan adamları ağır ittihamla suçlayıb, ölüm ayağına göndərirdi. Əsgər xan Əbdülməliki Məhəmmədqulu xanın bu siyasi gedişatından şübhəyə düşdü. Qardaşı Mirzə Əbülhəsənə xəlvətcə dedi ki, mən xanın işlərindən baş çıxara bilmirəm. Bu tezliklə biz də onun qəzəb oxuna tuş gələcəyik. Mirzə Əbülhəsən onu danladı ki, yerində sakit otur, xanın bizimlə işi yoxdur. Əsgər xan qayıtdı ki, qardaş, xanın sarayında baş verən hadisələr göstərir ki, ölümümüz yaxınlaşıb. Fikirləşib, bir qərara gəlirlər ki, heç vaxt ikisi bir yerdə xanın yanına getməsinlər. Elə bu arada Mirzə Əbülhəsəni xanın yanına çağırırlar. Vəkil saraya çatcaq xan əmr etdi ki, onu həbs etsinlər. Əsgər xan yaxınlarından iki nəfəri saraya göndərdi ki, təhqiq edib, vəziyyəti öyrənsinlər. Onlar xəbər gətirdilər ki, qardaşını həbs ediblər. Əsgər xan xəbəri eşitcək qaçıb, Salmasa sığındı. Orda möhkəm bir yerdə gizləndi. Məhəmmədqulu xan bu hadisəni eşidib, peşiman oldu. Bildi ki, Əsgər xan mütləq bir fitnə törədəcək. Sərkərdələrindən Lütfulla bəy və Hadi bəy Ustaclıları onun ardınca göndərdi. Mirzə Əbülhəsən bəydən də Əsgər xana bir məktub aldılar ki, sakitlikdi, saraya qayıt. Lütfulla bəylə Hadi bəy ora-buranı gəzib, əliboş qayıtdılar. Məhəmmədqulu xan hiyləyə əl atdı. Qardaşı Mirzə Əbülhəsən bəyi zindandan çıxarıb, Sovməi-Bəradost bölgəsinə ezam etdi. Fikirləşdi ki, o da qaçıb, qardaşına qoşular, yerləri bəlli olar. Mirzə Əbülhəsən bəy məmuriyyətinə əncam çəkəndən sonra saraya qayıtdı. Məhəmmədqulu xanın umudu suya düşdü. Əsgər xanın tapılmadığını görüb, Mirzə Əbülhəsən bəyi yenidən həbs etdirdi. Ürəyi bununla soyumayıb, əmr verdi ki, Əbdülməliki tayfasının bütün ağsaqqallarını və nüfuzlu adamlarını zindana atsınlar. O cümlədən, tayfanın başbilənləri Piran bəy, Kəhran bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub öldürüldü. Onların meyitləri bazar meydanına atıldı ki, xalqa ibrət olsun. Sonra Əsgər xanın evləri uçuruldu. Mal-mülkü müsadirə olundu. Bu xəbəri eşidən Əsgər xanın tüstüsü təpəsindən çıxdı. Fikr-zikr içində gəzərkən yıxılıb, qıçını çıxartdı. Sabahı müdrik dostu Əhməd bəyi yanına çağırtdırdı. Qohumu (bəzi bilgilərə görə qardaşıoğlu) Əhməd bəy onun yanına gəlib, əhvalından mütəssir oldu. Çıxıqçı çağırtdırıb, Əsgər xanı müalicə etdirdi. Əsgər xan Əhməd bəyi Xoya göndərdi ki, eşikağası Ibrahim xanı tapıb, desin ki, dost dostu yaman gündə tanıyar. Yaman günüm indidir. Əhməd bəy Murtazaqulu bəy və Mehrab bəyi götürüb, Xoya yollandı. Ibrahim xanı tapıb, onun vasitəsilə qəziyyəni Hüseynqulu xana danışdı. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirindən çıxmaq üçün girəvə gəzirdi. Ona görə qoşun tərtibi üçün sərkərdələrinə göstəriş verdi. Bir neçə gün ərzində qoşun hazır oldu. Qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Göstəriş verdi ki, Urmiyaya gedib, əvvəlcə xoşluqla Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Əgər verməsə, zor işlədib, Urmiyanı dağıdıb, gəlin. Cəfərqulu xan qoşunla Salmasa daxil olur. Əsgər xan onları qarşıladı. Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmas tərəfə yola saldı. Qoşunda sərkərdələrdən Tahir sultan Şəhriyar xan oğlu Gündüzlü, Allahyar bəy Araşlı, Lütfullah bəy Ustaclı iştirak edirdilər. Salmasın Ağziyarət məntəqəsində qoşunlar üzləşdilər. Savaş başlandı. Avşarlar Əsgər xana görə, cani-dildən vuruşmurdular. Ona görə də məğlub olub, geriyə qaçdılar. Cəfərqulu xanın qoşunu avşarları Urmiyanın ətrafındakı Qızqalasınadək izlədi. Bu vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlatdırıb, içəridə gizləndi. Xoy qoşunu Urmiyanı mühasirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azğınlığını görüb, qaladan çıxdılar. Savaş əsnasında sərkərdə Hacı Ibrahim Xoylunun atı ürküb, avşarlara tərəf qaçdı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbili idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri onların başını Məhəmmədqulu xana apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu və digər avşar bəylərinə xeyli ənam-ərmağan verdi. Əsgər xan bu savaşdan mütəssir oldu. Qardaş qırğınını dayandırmaq üçün el böyüklərinə məktub yazdı. Bildirdi ki, Urmiyaya qardaşı üçün gəlib. Mirzə Əbülhəsən bəyi alıb, qayıtmaq fikrindədi. Əfrasiyab sultan Zərza barışıq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi. Xana bildirdi ki, onlar Əsgər xana görə sənə xəyanət edəcəklər. Mühasirənin üçüncü günü Cəfərqulu xan Dünbili qala divarlarına yaxınlaşıb, bildirdi ki, Mirzə Əbülhəsən bəyi verin, qayıdıb, vilayətimizə gedək. Əfrasiyab sultan ətraf mahallardan yardım çağırdığından, Cəfərqulu xandan üç gün möhlət istədi. Üç gündən sonra ətrafdakı avşarlar və zərzalar gəlib yetişdilər. Məhəmmədqulu xanın qoşunu güclənib, savaşa hazır oldu. Şahməhəmməd bəy Kuhgiluyəli-Avşar qoşuna sərkərdə təyin olundu. Məhəmmədsəfi bəy Yorğanlı, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənli avşar qoşunun başında savaş meydanına yollandılar. Bu zaman Əsgər xan Xoy qoşunundan aralanıb, avşar qoşununun önünə tək çıxdı. Onu görən avşarlar utanıb, başlarını aşağı tikdilər. Bayraqdar Məhəmmədsəfi bəy Yorğanlı bayrağını əlindən yerə saldı. Xoyun Heydəranlı tayfası bayrağın yerdə olmasını görüb, hücuma keçdi. Zərza cinahına girişib, oranı dağıtdı. Urmiya qoşunu məğlub olub, qalaya çəkildi. Mühasirənin 12-ci günü Cəfərqulu xanla Əsgər xan yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Əvvəlki şərtlərini təkrar etdilər. Məhəmmədqulu xan onlara bildirdi ki, siz qayıdıb, Xoya gedin, mən Mirzə Əbülhəsəni buraxacağam. Onlar çəkilib, Xoya getdilər. Onların getməyindən bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi. Xudadad xan Dünbilinin öyrətməsi ilə Mirzə Əbülhəsən bəyi öldürdü. Əsgər xan yenidən sarsıldı. Məhəmmədqulu xana qarşı mübarizəsini fəallaşdırdı.

O dönəmdə Iranda güclənən Ağaməhəmməd xan Qovanlı-Qacar (1795-1797) birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O, 1792-ci ildə (1206 hicri qəməri) Azərbaycana hücum etdi. Sərab xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, Ibrahimxəlil xanın yanına qaçdı. Ibrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən çəkinsə də, ona itaət etmədi. Əsgər xan Ağaməhəmməd xana məktub göndərib, Urmiyada baş verən hadisələri bildirdi. Ağaməhəmməd xan baş vəziri Mirzə Məhəmmədşəfiyə göstəriş verdi ki, Əsgər xanı Salmasdan yanına dəvət etsin. Ətraflı söhbət etsin. Mirzə Məhəmmədşəfi Qoşaçayda Əsgər xanla görüşdü. Bu görüşün sədası bütün Azərbaycana yayıldı. Bəzi Azərbaycan xanları Ağaməhəmməd xanla yaxından əlaqə qurmağa çalışdılar. O cümlədən, Urmiyadan Hüseynqulu xan Imamqulu xan oğlu Qasımlı-Avşar, Marağadan Əhməd xan Müqəddəm, Irəvandan Məhəmməd xan Ziyadlı-Avşar, Xoydan Hüseynqulu xan Dünbili və Naxçıvandan Kəlbəli xan Kəngərli Mirzə Məhəmmədşəfinin görüşünə gəldilər. Bu xanlar hamısı bir ağızdan Əsgər xana qahmar çıxıb, tərəfini tutdular. Mirzə Məhəmmədşəfi Ağaməhəmməd xanın tapşırığı ilə Məhəmməd xan Izzəddinli-Qacara göstəriş verdi ki, Məhəmmədqulu xanı Urmiya hakimliyindən azad edib, Hüseynqulu xanı vəzifəyə təyin etsinlər. Məhəmməd xan Izzəddinli-Qacar Hüseynqulu xan Qasımlı-Avşarı götürüb, Urmiyaya getdi. Sadıq xan Şəqaqi bu xəbəri Məhəmmədqulu xana çatdırdı. Məhəmmədqulu xan təşvişə düşüb, məşvərət topladı. Avşar elinin başçıları məsləhət verdilər ki, Ağaməhəmməd xana hədiyyə göndərib, itaətini bildirsin. Məhəmmədqulu xan qardaşı Qasım xanı Ağaməhəmməd xanın yanına göndərdi. Qasım xan Yam məntəqəsinə yetişəndə Əsgər xan bir nəfəri onun yanına göndərib, bildirdi ki, Məhəmmədqulu xan Ağaməhəmməd xan Qacarın yanında xain, günahkar bir hakim kimi tanınır. Hər nə göndərsə də, qəbul olmayacaq. Sən gətirdiyin hədiyyələri öz adına təqdim et. Biz də ondan xahiş edək ki, Urmiyanan hakimliyini sənə versin. Avşar ağsaqqalları da bu fikri bəyəndilər. Əsgər xana da razılıq məktubu göndərdilər. Əsgər xan sevinib, Qasım xanı və Avşar başçılarını çadırına dəvət etdi. Qasım xan Əsgər xanın rəhbərliyi ilə sovqatı baş vəzirə təqdim etdi. Baş vəzir pay-parçanı alıb, Qasım xanı Ağaməhəmməd xan Qacarın fərmanı ilə Urmiyanın hakimi təyin etdi.

Qasım xan Urmiyanın vəkilliyini Mirzə Əbülhəsən bəyin oğlu Mirzə Məhəmmədnəbiyə verdi. Əsgər xan isə 1000 nəfərlik qoşun sərkərdəsi təyin edildi. Ağaməhəmməd şahın ordusu Qaradağdan Təbrizə gəldi. Xoyun hakimi Hüseynqulu xan Dünbilini Azərbaycanın valisi təyin etdi. Qasım xan şaha məktub yazıb, bildirdi ki, Üşnəviyyə hakimi Əfrasiyab sultan Zərza başqa kürd əşirətlərindən də qoşun toplayıb, Urmiya camaatına korluq verir. Ağaməhəmməd şah Əsgər xan Avşara göstəriş verdi ki, Urmiyaya gedib, Üşnəviyyə kürdlərinin qətl-qarətinin qarşısını alsın. Sovucbulağın hakimi Budaq xana da fərman göndərdi ki, Əsgər xana yardım etsin. Qasım xan Əsgər xanla birləşib, az miqdar qoşunla Üşnəviyyəyə hücuma keçdi. Zərzalar da balbaslarla ittifaq bağlayıb, müdafiəyəyə hazırlaşdılar. Mükrilər də xəlvətcə zərzalara xəbər göndərirlər ki, biz ilk həmlədə geri çəkiləcəyik. Mahmud xan Mükri öz tayfasının xəyanətini Qasım xana məlumat verdi. Qasım xan ona inanmadı. Elə bu vaxt balbasların hücumu başlandı. Mükrilər qaçmağa üz qoydular. Avşarların nizamı pozuldu. Qasım xan və Əsgər xan geri çəkildi. Bu savaşda Avşar və Dünbili ellərindən 1000 nəfər döyüşçü həlak oldu. Əsgər xan hərbi hiyləsini işə salıb, döyüşçüləri ölüm meydanından çıxardı. 1793-cü ildə Ağaməhəmməd şah Qacar qoşun yığıb, Lütfəli xan Zəndin üstünə hücum etdi. Qoşuna sərkərdə Əsgər xan Əbdülməlikini, Rəhim xan Qasımlı və Məhəmmədhəsən bəy Mahmudlunu təyin etdi. Şiraz ətrafında qoşun Lütfəli xanın gecə basqınına uğradı. Qoşun əhli sarsıldı. Ağaməhəmməd şah sərkərdələrinə tapşırdı ki, necə olursa olsun, basqının qarşısını almaq lazımdır. Lütfəli xan növbəti gecə yenə də basqın etdi. Avşar qoşunu sübhədək müqavimət göstərdi. Lütfəli xan Zənd basılıb, qaçdı. Əsgər xan qoşundan 200 nəfər seçib, Lütfəli xanı izlədi. Onlar Şirazı alıb, Lütfəli xanın əhli-əyalını Astarabada köçürdülər. Məhəmmədqulu xan da 1793-cü ildə Ağaməhəmməd şahın ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollandı. Lütfəli xan Zəndin məğlubiyyətindən sonra Urmiyaya qayıtdı. Əsgər xan onun Urmiyaya dönüşünə etiraz etdi. Bilirdi ki, o, qalmaqalı sevir. Baş vəzir Rəhim xan Qasımlını Məhəmmədqulu xana naib təyin edib, Urmiyaya göndərdi. Rəhim xan öz ailəsini və Əsgər xanın əhli-əyalını Urmiyadan köçürüb, Quşçu qəsəbəsində yerləşdirdi.

Məhəmmədqulu xan Urmiyaya yetişcək zülm bayrağını dalğalandırmağa başladı. Qaynı Əlirza xandan 4 min tümən pul alıb, özünü də zindana saldı. Onun fəaliyyətini izləyən Əsgər xan bu hadisəni baş vəzirə çatdırdı. Əlirza xanın azad olmasına çalışdı. Şahdan fərman alıb, Urmiyaya gəldi. Ənzəl mahalına çatanda qardaşıoğlu Əhməd bəyə əmr verdi ki, özü ilə 17 atlı götürüb, Urmiyaya getsin. Zindanın qapısını qırıb, Əlirza xanı azad etsin. Onlar da günün günorta çağı zindanın qapısını qırıb, Əlirza xanı Ənzələ gətirdilər. Əsgər xanın tərəfdarları Quşçuya köçdülər. Əsgər xan Quşçuda böyük bir qala tikdirmişdi. Hələ də o qalanın qalıqları durur. 1795-ci ildə Ağaməhəmməd xan Qarabağa, ordan da Gürcüstana yürüş etdi. Məhəmmədqulu xan və Əsgər xan da bu yürüşdə iştirak etdilər. Gəncə ətrafına çatanda Urmiya şikayətçiləri gəlib, yetişdilər. Onlarla pişnamaz Molla Məhəmmədhüseyn də vardı. O, Tiflis şəhərinin alınmasında iştirak etmişdi. Ağaməhəmməd xan fəthdən sonra avşar şikayətçiləri yanına çağırdı. Üzünü Molla Məhəmmədhüseyn Urməviyə tutub dedi: -Ağalar, bu fəth sizin dualarınızın sayəsində baş tutubdur. Istəyininz nəmənədir? Onlar Məhəmmədqulu xanın zülmkarlığından söhbət açdılar. Ağaməhəmməd xan hirslənib, fərman verdi: -Məhəmmədqulu xanın iki gözünə də mil çəkin! Pişnamaz və ağsaqqallar cəzanın ağırlığını görüb, şahdan onun bağışlanmasını istədilər. Daha yüngül cəza ilə əvəz etməsini xahiş etdilər. Onun hakimlikdən azad olunmasına çalışdılar. Şah kimi hakim istəyirsiniz, sualına, Əsgər xan kimi məsləhət bilsə onu,-deyə cavab verdilər. Məhəmmədqulu xan Tiflisdə baş verən hadisəni öyrənib, Əsgər xana yaxınlaşmağa başladı. Sonra Saraydakı tanışlarına peşkəş göndərib, şahın könlünü almağa girişdi. Əsgər xan bir şərtlə ona yaxınlaşdı ki, daha millətə zülm etməsin. Məhəmmədqulu xan and içib, söz verdi. Yenidən vali seçildi. Urmiyaya dönərkən 3 gün Quşçu qəsəbəsində Əsgər xanla Rəhim xan Qasımlıya qonaq oldu. Urmiyaya dönəndən sonra ədl-ədalətlə idarəçiliyə başladı. Əsgər xanın evlərinin yenidən qurulmasına əmr verdi. Qabil memarlar vasitəsilə evlər bərpa olundu. Bu evlər hələdə «Əsgər xan darvazası» məhəlləsində bərqərardır. (Bax: Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», 1346 hicri şəmsi, səh.276-280). Məhəmmədqulu xan kiçik bacısını Əsgər xanın oğluna verdi.

1797-ci ildə Ağaməhəmməd şah Qacar Qarabağa ikinci yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu xana əmr etdi ki, Avşar qoşununu Mahmud xan Mömün xan oğlu Qasımlının başçılığı ilə Qarabağa göndərsin. Əsgər xan Əbdülməlikiyə tapşırdı ki, Xoy dünbüli qoşununu kəm-kəsirsiz hazırlayıb, görüş yerinə gətirsin.Dünbililər Əsgər xanla dost olduğundan bir yerə yığışıb, savaşa getmədilər. Əsgər xan çarəsiz qalıb, Salmasa getdi. Şahın əmrini yerinə yetirmədiyindən qorxuya düşdü. Bir dərvişin məsləhətini dinləyib, kiçik bir dəstə ilə Qarabağa yollandı. Qarabağa çatanda Ağaməhəmməd şah artıq Şuşanı alıb, əyləşmişdi. O, Mahmud xan Qasımlının çadırına gəldi. Sadıq xan Şəqaqi onun gəldiyini eşidib, həmin çadıra təşrif gətirdi. Sadıq xan onu şahın yanına dəvət etdi. Əsgər xan görüşü sabaha saxladı. O gecəsi Ağaməhəmməd şah Şuşada öldürüldü.

Əsgər xan şahın ölümündən sonra dəstəsi ilə Naxçıvan yolu ilə Urmiyaya qayıtdı. Yolda bir məruzə hazırlayıb, Məhəmmədəli bəy Bəgişli ilə Məhəmmədqulu xana göndərdi. Əsgər xan Ağaməhəmməd şahın ölümündən sonra üsyançı xanlara, Məhəmmədqulu xan Avşara, Cəfərqulu xan Dünbiliyə, Sadıq xan Şəqaqiyə meyl etdi. Sadıq xan Şəqaqi ilə birləşib, Təbrizdən Marağaya gəldi. Əhməd xan Müqəddəmin və Mahmud xan Qasımlı-Avşarın onlara qoşulacağını zənn edirdi. Gözlədiklərinin əksinə onlar üsyançılara qoşulmadılar. Əsgər xan və Sadıq xan Marağanı mühasirəyə aldılar. Marağa 12 gün mühasirədə qaldı.Fətəli şah ordusu Nikpey adlı yerə çatanda Cəfərqulu xan Dünbili Əsgər xanla Sadıq xanı öldürmək fikrinə düşdü. Əsgər xan bu qəsddən duyuq düşdü. Sadıq xanı da xəbərdar etdi. Hər ikisi qaçıb, şahın ordusuna qoşuldular. Sadıq xan Süleyman xan Etizaddövlə Qacarı araçı saldı ki, şah onları bağışlasın. Hər ikisi bağışlandı.

Əsgər xan Fətəli şah Qovanlı-Qacar tərəfindən ordunun bir bölməsinə sərkərdə təyin edildi. Üsyançı Cəfərqulu xan Dünbiliyə qarşı vuruşdu. Məhəmmədqulu xanla danışıqlar apardı. Hüseynqulu xan Qasımlı yenidən fəallaşmışdı. Marağa yolu ilə Tehrana getmək fikrinə düşdü. Marağa şəhərində Əhməd xan Müqəddəm də onu isti-ilıq qarşıladı. Fətəli şah Qovanlı-Qacar (1797-1834) xanların üsyan xəbərini eşidib, Azərbaycana yola düşdü. Hüseynqulu xan yolda şah ordusuna qoşuldu. Fətəli şah onu hörmətlə qarşıladı. Qızıl əsbablı, yəhər-yüyənli at, qızıl qınlı xəncər bağışladı. Marağa hakimi Əhməd xan Müqəddəmə fərman verib, Sami soylu qulamların yüzbaşısı Məhəmmədəli xan Ərəb-Bəstamini də ona qoşub, Urmiyaya göndərdi ki, Məhəmmədqulu xanı oradan dəf etsin. Tapşırıq alan Əhməd xan Müqəddəm, Məhəmmədəli xan Ərəb və Hüseynqulu xan Qasımlı-Avşar Urmiyaya yollandılar. Fətəli şah da ordu ilə onların ardınca tərpəndi. Hüseynqulu xan Marağaya çatıb, qoşun toplamağa başladı. Ordan da Sovucbulağa getdi. Budaq xandan məsləhətlər aldı. Ismayıl bəy Xələci Balbas əşirətinin yanına göndərib, yardım üçün Sulduz çayının yaxasına dəvət etdi. Kürd əşirətinin rəisləri Mömənd ağa, Ibrahim sultan Məməş, Balık, Piran və Mənqur tayfalarından topladıqları qoşunla Sulduz çayının kənarında Hüseynqulu xana qoşuldular. Ordan Urmiyaya tərəf yollandılar. Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla qarşısına çıxdı. Onlar Qaşqagədikdə qarşılaşdılar. Əsgər xan onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşçu gədiyinə çatıb, onlara xəbər yolladı. Məktub şahın möhürü ilə möhrlənmişdi. Məhəmmədqulu xan məktubu alıb tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdan azaddır. Məhəmmədqulu xan savaşa girməyib, geri çəkildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, şəhərə gəldi. Əmilik hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasımlının Bazarbaşı məhəlləsindəki evində oturaq etdi. 1798-ci ildə Fətəli şah fərmanla Hüseynqulu xanı Məhəmmədqulu xanın əvəzinə Urmiyaya hakim təyin etdi. Tərgəvərin hakimi Ibrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstana köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə, yerinə yetirsinlər. Divanxana boşaldı. Hüseynqulu xan ora köçdü. Əsgər xan Urmiyada Avşar tayfasından 8 min tümən pul toplayıb, Fətəli şaha yolladı. Şahın ona rəğbəti artdı.

Əsgər xan Rus-Iran savaşlarından əvvəl Qacar ordusunda, Avşar hissəsinin komandanı idi. Fətəli şah Əsgər xanı vəzifəsindən alıb, əvəzinə Mahmud xan Mömün xan oğlu Qasımlı-Avşarı təyin etdi. O, dəfələrlə işdən alınsa da hər dəfə də ləyaqətinə görə yenidən vəzifəsinə qayıtmışdı. Hüseynqulu xan onun işdən çıxarılmasına çox rahatsız olmuşdu. Əsgər xan onun dayağı idi. Urmiya əhli adından şaha müraciət edib, onu doğma şəhərinə dəvət etdi. Fətəli şah Əsgər xana ənam-ərmağan, böyük oğlu Fərəculla sultana xan ünvanı verib, Urmiyaya yol saldı. Onun əhli-əyalı Qəzvində girov saxlanılırdı. Onları azad edib, Əsgər xana qoşdu. Əsgər xan Təbrizə yetişib, Abbas mirzənin ziyarətinə getdi. Abbas mirzə Iran-rus savaşları başlandığından, Əsgər xanı Avşar qoşununun komandanı təyin etdi. Əsgər xan icazə alıb, bir neçə günlüyəUrmiyaya yola düşdü. Hüseynqulu xan Urmiya əhalisini Səidli kəndinə qədər Əsgər xanın önünə yolladı. Onun pişvazına çıxıb, dəbdəbə ilə Urmiyaya gətirdilər. Əsgər xan Irəvan, Pənbək savaşlarında iştirak etmişdi. Savaşlardan sonra Urmiyaya qayıtmışdı. Sisyanov Bakıya hücum edəndə oranın hakimi Fətəli şaha yardım üçün mürəciət etdi. Fətəli şah Urmiya hakimi Hüseynqulu xana əmr verdi ki, Avşar qoşunu ilə Bakı camaatına yardım etsin. Hüseynqulu xan qoşun toplayıb, Əsgər xanı sərkərdə təyin etdi. Əsgər xan qardaşı Əbdüssəməd xanı da yardımçı götürüb, Bakıya yollandı. Sisyanov Iran ordusunun işə qarışdığını görüb, sülh bağladı. Çox keçmədən Sisyanov Bakıda öldürüldü. Əsgər xan onun başını Məhəmmədhəsən bəy Mahmudlu vasitəsilə Ərdəbilə, Abbas mirzəyə göndərdi. Əsgər xan Hüseynqulu xanla birlikdə Tiflis səfərinə qatılmışdı. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən olurdu.Onlar qoşunu yoxlayıb, sahman yaratdılar. Avşar qoşunu irəli hücum edib, rus qoşunlarını darmadağın etdilər. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən Irəvana, ordan da Irana apardılar. Əsgər xan ruslara satılan Irəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara öyüd-nəsihət verib, dövlət tərəfdən qarantiya alıb, geri qaytarmaq istədi. Məhəmməd xan ona inanıb, sovqat-sovrumla Abbasabada, Abbas mirzənin yanına getdi. Hüseynqulu xan qardaşı Həsən xan Sarı Aslanla bərabər Məhəmməd xanı tutub, əhli-ayalı ilə birlikdə Tehrana apardılar. Əsgər xan bu hadisəni görüb, məyus oldu. Çalışdı ki, həmişə saray işlərindən kənarda qalsın. Yam çəmənliyində Abbas mirzədən icazə alıb, Urmiyaya getdi. Əsgər xan qoşununu Imamqulu xan Hüseynqulu xan oğluna təhvil verib, guşənişin oldu. Üç nəfər onu tez-tez yoxlayırdı. Bunlar Baba bəy Ərəbli, Məhəmmədəli bəy Bəgişli və Məhəmmədhəsən bəy Mahmudlu idilər.

Əsgər xan Fransaya elçi getmişdi. Dörd ay Parisdə yaşamışdı. Finkenşteyn müqaviləsini imzalandıqdan sonra Napoleonun yanına yollanmışdı.

Əsgər xan Azərbaycanın ilk framasonçusudur. Doktor Nəvai bu məlumatın ardınca Əsgər xanın framosonçu təşkilata necə qovuşduğunu böyük alim və tarixçi Torinin (Thoru) gündəlik yaddaşları əsasında belə şərh edir: «O, masonçuluq təriqətinin nuruna qərq olub, qaranlıq bir aləmdən işıqlığa qədəm qoyduğu zaman dərhal tiyəsi abdar Dəməşq poladından olan cəvahirə tutulmuş qılıncını kəmərindən çıxarıb, Loj ustadının stolunun üzərinə qoyaraq bu sözləri söylədi:- Qardaşlar, sərvərlər və dostlar! Dostluq və yoldaşlıq, vəzifə borcunu başa düşmək və əmanət, əxlaq fəziləti və yenilikçilik xüsusiyyəti, səltənət məqamına vəfadarlıq – bunları hamısı mənim beynimdə özünə yer tutmuş və and içdiyim vəzifələrdir. Lakin icazə istəyirəm ki, iyirmi yeddi il müharibədə mənim vətənimin yolunda xidmət edən bu qılıncı girov kimi dostlar və qardaşlarıma təqdim edim və əgər bir gün lazım gəlsə, bu müqəddəs yolda fəxr ilə xidmətə qayıdıb, vətən və əlahəzrət şahın xatirinə vuruşduğum bu qılıncla döyüşə hazır olum.

Hədsiz dərəcədə bu cəmiyyətin təsiri altına düşmüş bu səfir Fransada olduğu bütün müddət ərzində framasonçuluğa böyük maraq göstərdi və yaxınları olan ustad və böyüklərlə məşvərət etdikdən sonra Isfahanda onun bir lojasını təşkil etmək qərarına gəldi. Bu, bir nəfər görkəmli iranlı vasitəsi ilə framasonçuluq ayininin qəbul edilməsi haqqında birinci əsərdir ki, tarixdə səbt olunmuşdur.

Əsgər xan Irana qayıtdıqdan sonra onun masonçuluq fəaliyyəti ingilis casuslarının faydalanıb-faydalanmadıqları haqqında əlimizdə dəqiq məlumat yoxdur. O, Fətəli şahın qəzəb və etinasızlığına düçar oldu (Əlbəttə, framasonçu olduğuna görə yox), Irana çağrıldı və öz doğulduğu Ərumiyə getdi». Əsgər xan Urmiya şəhərində vəfat etmişdi.



Ailəsi
Əsgər xanın Fərəculla xan adlı oğlu vardı.


Tarix: 13.01.2015 / 12:57 Müəllif: Feriska Baxılıb: 181 Bölmə: Azərbaycan xanlıqları
loading...