Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara xan

Qara xan Lənkəranın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək məqsədilə bir sıra tədbirlər heyata keçirdi, daimi qoşun təşkil etdi. O zaman Talış xanlığının ərazisindəki torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. İran təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı.

Bu dövrdə Lənkəran Xəzər dənizi sahilində artıq əhəmiyyətli bir liman şəhərinə çevrilməkdə idi və Dərbənd, Niyazabad və Bakı şəhərləri ilə birlikdə Azərbaycanın həm daxili, həm də xarici ticarətində mühüm rol oynayırdı. Məhz bu səbəbdən Qara xan paytaxtı Astaradan Lənkərana köçürdü. Bu zaman Talış xanlığına 6 nahiyyə: Lənkəran, Astara, Zuvand, Sebican, Vəryadüz və Biləsuvar daxil idi. Talış xanlığında Astara, Lənkəran, Muranqul, Ərkivan, Dəştvənd (Masallıdan Nefçalaya kimi), Ucarud, Dırıq, Sırıq, Zuvand, Pirand, Orand mahalları mövcud idi.

Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və ustalar gətirtmişdi. O, şəhərin qala divarlarını, xan sarayını, məscid, hamam, bazar, karvansara inşa etdirdi. Bu dövrdə şəhərdə iki bazar var idi: Yuxarı (mərkəzi) və Aşağı bazar. Bu dövr tikililəri arasında gözəllik və memarlıq baxımından xan sarayı diqqəti daha çox cəlb edirdi. İki mərtəbədən ibarət olan saray başdan başa şəbəkəli olub, rəngarəng şüşələrlə bəzədilmişdi.

Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit ticarətdə iştirak etməsi, onun iqtisadi bir mərkəz kimi təşəkkül tapmasında əhəmiyyətli rol oynamışdı.


Tarix: 13.01.2015 / 01:57 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Azərbaycan xanlıqları
loading...