Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah İsmayılın Şəkiyə təşrif buyurması (1524)

1524-cü ildə Novruz bayramından az sonra Şah İsmayıl böyük bir qoşunla Qarabağdan keçərək ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Salnamələrdə deyilir:

"Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağ adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağa pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağda) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasına əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağda ovlayıb Ərdəbilə tərəf geri qayıtdı".

Şah yolda ağır xəstələnir və tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər pisləşir ki, düşərgə salmalı olurlar. Müalicənin bir faydası olmur, o, 23 may 1524-cü ildə 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar çağında dünyadan köçür və Ərdəbildə, Şeyx Səfi məqbərəsində dəfn olunur.


Tarix: 12.01.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycan xanlıqları
loading...