Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn xan (Şəki xanı)

Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən o, Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi.

Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində dura bildi. Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Yermolov 31 oktyabr tarixdə böyük bir ordu ilə Nuxaya yaxınlaşanda Hüseyn xan ruslarla qarşıdurmaya getməyərək İrana qaçdı. Beləliklə, Hüseyn xanın xanlıq dövrü heç 3 ay davam etmədi.


Tarix: 12.01.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycan xanlıqları
loading...