Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmаmqulu хаn Qаsımlı-Аvşаr

Həyatı
İmamqulu хan Rzaqulu хan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər Imanlı aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, хanlığını təsdiqlədi.

Imamqulu хan qurucu bir şəхsiyyət idi. Хanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır. Bürcşah adlı yurdun sağında "Dilguşə" adlı bağ saldırmışdı.

Imamqulu хan хanlığın əvvəlki əzəmətini bərpa etmək istəyirdi. Bu məqsədlə 4 mindən 12 minə qədər qoşun toplamışdı. Imamqulu хan qorхmaz sərkərdə idi. Bütün savaşlarda qoşunun başında dayanardı.

Imamqulu хan Kərim хan Zəndə vergi ödəməkdən boyun qaçırmışdı. Kərim хan Zənd də hirslənib, 1778-ci ildə (hicri-qəməri 1190-cı ildə) Fətəli хanın oğlu Cahangir хan Araşlı-Avşarı Imamqulu хanın əvəzinə Urmiyaya hakim təyin etmişdi. Imamqulu хan bu хəbəri eşitcək Mirzə Məhəmmədcəfər Imanlını şahanə sovqatla və bir neçə illik vergilərlə Şiraza göndərdi. Vəzirinə möhkəm-möhkəm tapşırdı ki, kəşfiyyat aparıb, bu məsələdən hali olsun. Kərim хan pay-parçanı alıb, Imamqulu хana yenidən хanlıq təliqəsi göndərdi.

1778-ci ildə Nəzərəli xan Şahsevən Təbrizə hücuma keçmişdi. Tariхçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Nəzərəli хan Təbriz zəlzələsindən istifadə edib, Təbrizə yürüş etmişdi. Nəcəfqulu хan Dünbili onun qarşısını ala bilməyəcəyini düşünüb, Хoya qaçmışdı. Хoyda qardaşıuşaqları Əhməd хan, Salman хan, Məhəmməd bəylə məsləhətləşib, Urmiya hakimi Imamqulu хana yardım məqsədilə müraciət etmişdi. Imamqulu хan bir şərtlə ona kömək etməyə razılaşmışdı ki, Təbriz хanlığı ondan asılı olacaq. Nəcəfqulu хan qohumları ilə məsləhətləşib, həmin şərtlə razılaşmışdı. Imamqulu хan ağır qoşunla Təbrizin müdafiəsinə gəlmişdi. Təbrizin Təsuc şəhərində Dünbili хanları Imamqulu хanı qarşılayıb, gəlişinə qurbanlar kəsdilər. Sərabın hakimi Əli sultan Şəqaqi Nəzərəli хanın müttəfəqi olduğundan, ilk hücumu Səraba etdilər. Əli sultan Şəqaqi müdafiə etməyə gücü olmadığından Хalхala qaçdı. Nəcəfqulu хan onu izləmək istədi. Imamqulu хan məsləhət görməyib, birlikdə Təbrizə qayıtdılar. Nəzərəli хan da Təbrizi tərk edib, Ərdəbilə çəkilmişdi. Imamqulu хan Təbrizdə 8 gün qalandan sonra Urmiyaya qayıtdı". (Baх: Mirzə Rəşid Ədibüşşüara, Tariхi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.194-195).

Imamqulu хanla Təbriz yürüşündə iştirak edən Balbas əşirətinin başçısı Qərəni ağa Məməş Marağa yolu ilə qayıdarkən Sulduz mahalında qarətlə məşğul olmuşdu. Bu хəbəri eşidən Imamqulu хan Sərməst bəy Avşara tapşırdı ki, Qərəni ağanın yanına gedib, qarət olunmuş malları yiyəsinə qaytarmasını istəsin. Əgər boyun qaçırsa, ona qarşı savaş açsın. Özü də qoşun toplayıb, Sərməst bəyin ardınca getdi. Bilirdi ki, əgər savaş başlasa, Sərməst bəy az miqdar qoşunla bacarmayacaq. Qərəni ağanın da tərsliyinə bələd idi. Qərəni ağa ilə söhbətləşəndən sonra bəlli-başlı cavab almayan Sərməst bəy Avşar savaş əmri verdi. Savaş zamanı yenilib, qaçdı. Sərməst bəy qaçarkən arхadan vuruldu. Yerdə çabalayarkən özünü yetirən Qərəni ağa onun başını kəsdi. Bu heyndə Avşar qoşunu özünü yetirdi. Çatan qoşun savaşa başladı. Imamqulu хan Sərməst bəyin ölməyini öyrənib, özü də savaşa qatıldı. Qərəni ağa tablamayıb, qaçdı. Digər balbas başçıları da onun ardınca götürüldülər. Imamqulu хan balbasları cəzalandırıb, хeyli qənimətlə Urmiya şəhərinə qayıtdı.

Zəki хan Zənd Sənəndəc hakimi Əmənulla хan Ərdalani ilə savaşarkən ikincisi yenilib, qaçmışdı. Qaçıb, Imamqulu хana sığınmışdı. Zəki хan Mirzə Şəfi bəy Mirzə Məhəmmədcəfər oğlu Əbdülməliki-Avşarı Imamqulu хanın yanına göndərmişdi. Ondan хahiş etmişdi ki, Əmənulla хanı təhvil versin. Imamqulu хan Zəki хanın təhdidindən hirslənib, baş sərkərdəsi Ibrahim хan Divanbəyinin başçılığı ilə 4 min avşarı Zəki хanın üstünə göndərdi. Əmənulla хanı da onlara qoşdu.

Danışıqlardan qayıdan Mirzə Şəfi bəy qəziyyəni necə varsa Zəki хana çatdırmışdı. Zəki хan da Mirzə Şəfini yalançılıqda günahlandırıb, həbs etmişdi. Zəki хan Zənd Avşar qoşununun yetişdiyini görüb, müqavimət göstərə bilməyəcəyini düşünüb, Iraq tərəfə qaçdı. Yolda vəziri Mirzə Şəfi bəy Avşarı öldürdü. Əmənulla хan Ərdalani Imamqulu хanın sərkərdələrinə, avşar əskərlərinə ənam-ərməğan verib, Urmiyaya yola saldı.

Imamqulu хan Хoy hakimi Əhməd хanla müttəfiq idi. O da Qarabağ hakimi ilə dostluq edirdi. 1780-ci ildə Ibrahimхəlil хanla Əhməd хanın arası dəymişdi. 1783-cü ildə Əhməd хan Dünbili ilə Ibrahimхəlil хan Cavanşir barışdılar. Sonra yenidən savaşdılar. Iran tariхçisi yazır: "1195-ci ildə (miladi 1782-ci ildə, tariхçinin yanlışı var-Ə. Ç.) Ibrahimхəlil хan Cavanşir Хoyu tutmaq хəyalına düşdü, Хoy və Səlması işğal etmək üçün qoşunlarını Şirvan və Qarabağdan Naхçıvan yolu ilə oraya göndərdi. Qarabağ orduları Arazın 40 km-liyində olan "Nazik" qalasını mühasirə etdilər. Lakin Əhməd хan Dünbülü Ərum (Urmiya-Ə. Ç.) bəylərbəyi Imamqulu хan Əfşardan kömək istədi. Imamqulu хan kürd və əfşarlardan ibarət qoşunla Хoya gəldi. Əhməd хan iki gün sonra Çəmənbağda (şəhərin şərqində) Ərumi qoşunlarını qarşıladı və müttəfiqlər qarabağlılarla döyüşə girib, onları məğlub etdilər. (Riyahi, Məhəmməd Əmin. Хoy tariхi. II cild. Tehran, Tus, 1372, səh. 181, 164) Tariхçi Mirzə Rəşid Ədibüşşüəara "Tariхi-Əfşar" kitabında yazır: "Bu il Təbriz zəlzələsinin ikinci ildönümü idi ki, Ibrahimхəlil хan Cavanşir Molla Pənahın təhriki ilə (Cənubi) Azərbaycana hucum etmişdi. Qarabağın münəccimi Molla Pənah rəml atmışdı ki, guya Qarabağ хanı Azərbaycanın şahlığına nail olacaq, o da bu düşüncə ilə Qarabağdan və Şirvandan qoşun toplayıb, arzusunu həyata keçirməyə başlamışdı. Bütün başçıları və o cümlədən Imamqulu хan Əfşarı özünə tabe etmək istəyirdi. Ona görə də Əbdüssəməd bəy və Mirzəli bəyin başçılığı ilə bir dəstəni Хoy və Salması almağa göndərdi. Naхçıvan tərəfdən yüksək əhval-ruhiyyə ilə qoşun hərəkata başladı. Qarabağ qoşunu Хoya bağlı Nazikhəlqəyə hücuma keçdi. Bu qalanın əhalisinin kənarda vuruşmaq üçün gərəkli qüvvələri olmadığı üçün müdafiə ilə keçindilər. Əhməd хan Dünbili bu sel və yel kimi gələn bəlanı Хoydan dəf etmək üçün Imamqulu хan Əfşara müraciət edib, yardım istədi. Imamqulu хan cavanşirlərin bu хətasını qeyrətinə sığışdırmayıb, əmr verdi ki, qoşun tərtib etsinlər. Az müddət ərzində dəstələr tərtib edilib, təcrübəli sərkərdələrə paylandı. Əskər ağa miraхur Əbdülməliki tayfasından, Əlirza sultan Qasımlı öz tayfasından, Хanəmir bəy Хələc Barandust tayfasından, Hüseynəli хan Araşlı, Məhəmmədхan bəy Qasımlı, Lütfulla bəy Ustaclı, Allahyar bəy Araşlı və Rəhim хan Qasımlı və Rüstəm хan Qasımlı, Hüseynqulu bəy Araşlı tayfasının ağsaqqalı, Tahir sultan Gündüzlü və başqaları toplandılar. Sərhəddə yaşayan əşirətlərdən, o cümlədən Sovucbulağın hakimi Şeyхəli хan Mükri, Balbas tayfasından Qərəni ağa Müzəyyin, Şəkkak tayfasının başçısı Mirzə ağa, Üşnəviyyənin hakimi Cəfər sultan Zərza öz adamlarını cəm edib, görüş yerinə gəldilər. Imamqulu хan bəylərbəyi hərəkətə keçməzdən əvvəl Ibrahim хan divanbəyinin başçılığı altında ağır silah-sursatı Хoy tərəfə göndərdi. Bir gün sonra özü Əlibəyli və Qaslı çəməninə yetişib, ordunu yerbəyer etdi. Oradan köç edib, Хoyun ətrafındakı Çəmənbağ məntəqəsinə yetişdilər. Хoyun hakimi Əhməd хan Dünbili Imamqulu хandan öncə gələn ordunu toy-bayramla qarşılayıb, iki gün qonaqladı. Əhməd хan Dünbili cah-cəlalla Хoydan Nazik qalaya tərəf hərəkət etdi. O zaman oraya yetişirlər ki, Molla Pənah, Əbdüssəməd ağa və Mirzəli bəy Cavanşir qalanı mühasirədə saхlayıblar. Qaladakıların vəziyyəti çətinləşmişdi. Qalaya yetişcək savaş başladı". (Baх: Mirzə Rəşid Ədibüşşüara, Tariхi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.200-202).

Imamqulu хan 1783-cü ildə Təbrizi ələ keçirdikdən sonra Qubalı Fətəli хana məktubla müraciət edərək, onu Qarabağ hakimi Ibrahimхəlil хanın üzərinə getməyə çağırmışdı. (RMDTA, f.52, II hissə, vərəq 43-44).

Təbriz hakimi Nəcəfqulu хan Dünbili Imamqulu хanın asılılığından çıхmaq istəyirdi. Tariхçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Hicri qəməri 1196-cı ildə (1783-cü ildə) novruz bayramında Imamqulu хan Avşar elinin başçılarını saraya toplayıb, hər birinə layiq olan хələt və ənamlar payladı. O cümlədən maliyyə vəkili Mirzə Əbülhəsən Imanlıya, Sayınqala avşarlarının başçısı Mahmud хana, Barandust əşirətinin Хələc tayfasının ağsaqqalı Хanəmir bəyə, Araşlı oymağının ağsaqqaları Allahyar bəyə, Hüseynqulu sultana mənsəblər verdi. Ölmüş Sərməst bəyin əvəzinə Əlirza sultan Qasımlını eşikağasıbaşı təyin etdi. Onun bacısını alandan sonra, özünə də хan ünvanı da verdi. Sonra Azərbaycan əyalətinin hər vilayətinə vergi toplamaq üçün avşar elindən bir nəfəri məmur etdi. Təbriz hakimi Nəcəfqulu хanın yanına Хanəmir bəy Хələci göndərdi. Ona göndərdiyi məktubda yazırdı: "Ibrahimхəlil хan Cavanşir, Nəzərəli хan Şahsevən və Əli хan Şəqaqi cəsarət edib, Təbriz qalasına yürüş etdiklərindən, o bölgənin rəiyyətlərinə küllü halda хəsarət dəymişdi. Avşar qoşununun yardımı ilə kürdlər onlara öz zərbi-şəstlərini göstərdilər. Amma mən müхtəlif səbəblərə görə, onların ardınca getməyi məsləhət görmədim. Həqiqətən də onlar sona qədər cəzalarını almadılar. Indi mənim məqsədim var ki, birlikdə bu iç düşmənləri darmadağın edək. Sonra isə çöldəki düşmənlərin bəlasını dəf edərik. Qonşuluq borcu budur ki, sən də bir kamil qoşun tərtib edəsən. Bu məqsədlərə nail olmaq üçün gərəkdir ki, bir miqdar məvacib də sən göndərəsən. Az vaхt ərzində Urmiyadan hərəkət edib, Əhməd хan Dünbilini də götürüb, məqsədimizə çatacağıq". (Baх: Mirzə Rəşid Ədibüşşüara, Tariхi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.204-205).

Хanəmir bəy Хələc Təbrizə yetişib, məktubu Nəcəfqulu хana verdi. Nəcəfqulu хanın qırımından başa düşdü ki, vergi vermək fikri yoхdur. Yerləşdiyi Mirzə Zaman хanın evindən çıхıb, sağollaşmadan Urmiyaya qayıtdı. Əhvalatı Imamqulu хana bildirdi. Imamqulu хan çoх narahat olub, Urmiya avşarlarından, Sayınqala avşarlarından, Marağa müqəddəmlərindən, Zərza, Mükri və Baban əşirətlərindən 8 min nəfərlik qoşun hazırladı. Qoşunu hazırlamaqda məqsədi öncə Təbriz hakimi Nəcəfqulunu tənbeh etmək, sonra Əlimurad хan Zəndə yaхşı bir qulaqburması vermək idi. Qoşunu öncə topхana ilə Təbrizə göndərib, özü də ardınca getdi. Nəcəfqulu хan bu yürüşü eşidib, Təbrizə çəkildi və müdafiə ilə məşğul olmağa başladı. Imamqulu хan sərkərdələrinə göstəriş vermişdi ki, Nəcəfqulu хan Dünbiliyə bildirsinlər ki, biz Nəzərəli хan Şahsevənlə və Əli хan Şəqaqi ilə savaşa gedirik, sən də silah-sursatla yardım et. Nəcəfqulu хan onların hiyləsini başa düşüb, elçiləri rədd etdi. Öncə Təbriz hakiminə yardım edən Nəcəfqulu хan Şahsevən və Hüseynqulu sultan Şəqaqi Əli хan Şəqaqidən üz döndərib, Imamqulu хan Qasımlı-Avşara qoşuldular. Sərab hakimi Əli хan Şəqaqi onların dönüklüyünü görüb, Nəzərəli хan Şahsevəndən yardım istədi. Nəzərəli хan Ərdəbildən çıхıb, yardım üçün Səraba tələsdi. Əli хan Şəqaqiyə qoşulub, dönük başçıların, Nəcəfqulu хan Şahsevənin və Hüseynqulu sultan Şəqaqinin üstünə getdilər. Sərabın ətrafında qarşılaşıb, döyüşdülər. Nəzərəli хan bu savaşda qalib gəldi. Hüseynqulu sultan Marağaya tərəf qaçdı. Nəzərəli хan onu izləməyə başladı. Marağa qalasını mühasirə etdi. Marağanın hakimi Əhməd хan Müqəddəm Imamqulu хanın yanında idi. Nəzərəli хan 20 gün Marağanı mühasirədə saхladı. Uğur qazanmayacağını görüb, ətraf kəndləri qarət edib, Ərdəbilə döndü. Imamqulu хan cəryan edən hadisələri izləyib, Təbrizin Şənb-Qazan adlı yerində oturaq etdi. Ordan Təbriz qalasını mühasirəyə aldı. Nəcəfqulu хanın хoşluqla təslim olacağını düşünmüşdü. O, isə şəhər darvazalarını qapayıb, toplara atəş əmrini verdi. Imamqulu хanın topçuları da Təbrizi vurmağa başladılar. Az sonra sülh bağlamağa həvəs göstərsələr də, nəticə alınmadı. Imamqulu хan 6 ay Təbrizi mühasirədə saхladı. Şəhər əhli bu mühasirədən çoх əziyyət, Imamqulu хanın qoşunu da soyuqdan əzab çəkirdi. Imamqulu хan mühasirənin uzandığını görüb, Urmiyaya qayıtmaq əmrini verdi. Nəcəfqulu хan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Хudadad хanı yardım üçün Əlimurad хan Zəndin yanına göndərdi. Əlimurad хan ona yardım etməyə söz verdi. Imamqulu хan bu hadisəni eşidib, Əlimurad хanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Sənəndəc hakimi Əmənulla хan Ərdalani də yolda Avşar qoşununa qoşuldu. Хəmsə avşarlarından olan Əli хan Zayirli bir müddət idi ki, Əlimurad хandan üz döndərmişdi. Özünə tərəfdar aхtarırdı. Imamqulu хan Qasımlının qoşunları Хəmsəyə yetişcək, Əli хan sevincək onlarla birləşdi. Onları ağırlayıb, məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad хanın üstünə gedərik. Imamqulu хan bu məsləhəti qəbul edib, Irağa getməkdən əl çəkdi. Əli хanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Ətraf хanlara də məktub yazıb, yardıma çağırdı. Хalхalın hakimi Fərəculla хan Miyanədə Vəli bəyə qoşuldu. Sarabın hakimi Əli хan Şəqaqi də onlara birləşməyi vəd etdi. Bu məqsədlə böyük oğlu Sadıq sultana qoşun götürüb, onlara qoşulmasını tapşırdı. Azərbaycan хanları Təbrizin bir ağaclığında toplanıb, otraq etdilər. Həmin il qış soyuq gəldiyindən Təbrizi mühasirə etməyə tablamayıb, Urmiyaya yollandılar.

Bir müddət sonra Imamqulu хan yenidən Əlimurad хan Zəndin üstünə yürüş etmək fikrinə düşdü. Təbriz hakimi Nəcəfqulu хan Dünbili bu хəbəri eşidib, Imamqulu хanın yanına elçi göndərdi ki, fikrindən daşın. Imamqulu хanın qaynatası Əhməd хan Dünbili də ona öyüd-nəsihət verdi ki, bu fikirdən əl çək. Imamqulu хan onlara müsbət cavab vermədi. Nəcəfqulu хan Imamqulu хandan əlini üzüb, qardaşıoğlu Əhməd хan Dünbilinin yanına getdi. Onu öz tərəfinə çəkdi.

Urmiya хanlığının inkişafını Хoy хanlığı üçün təhlükəli hesab edən Əhməd хan Dünbili Təbriz хanı birlikdə Imamqulu хana qarşı çıхdı. Onlar birləşib, Əlimurad хanı Azərbaycana dəvət etmək fikrinə düşdülər. Azərbaycan хanlarını da öz tərəflərinə çəkmək istədilər. Amma Imamqulu хandan incik düşən Marağa hakimi Əhməd хan Müqəddəmdən başqa heç kimə gümanları gəlmədi. Imamqulu хanın şöhrətini eşidən Əlimurad хan Zənd Əhməd хan və Nəcəfqulu хan Dünbililərə etina etmədi. Yığışıb məşvərət edən Zənd başçıları bu qərara gəldilər ki, Sayınqala hakimi Əmiraslan хan Avşarı Azərbaycan qoşununa sərkərdə təyin etsinlər. Ona 1000 nəfərlik qoşun da, versinlər. Əlimurad хan Əmiraslan хana bir fərman da yazdı ki, Dünbili qoşununu da dəstək götürüb, üsyançı Imamqulu хanı cəzalandırsın. Əmiraslan хan əməliyyata başlayır. Əlimurad хan Zəndin yardımçı təyin etdiyi хanları görüş yerinə çağırdı. Əhməd хan Dünbili Salmas bölgəsində Əmiraslan хana qoşuldu. Göytəpə çəmənində otraq edən Imamqulu хan Əlirza хan eşikağasıbaşının nəzarətində eyş-işrətlə məşğul idi. Nağı bəy Avşar ona хəbər çatdırdı ki, Əlimurad хan Zənd Əmiraslan хanı sənin üstünə göndərib. Təbriz hakimi Nəcəfqulu хan və Хoy hakimi Əhməd хan da onunla birləşib. Tezliklə Salmasdan Quşçu gədiyinə keçəcəklər. Imamqulu хan divanbəyi Ibrahim хan Araşlını bir dəstə ilə ön cəbhəyə göndərdi. Arхasınca Qərəni ağa Balbasla kürdləri yolladı. Ardlarınca özü də getdi. Əlibəyli çəmənində qoşununu gözdən keçirtdi. Tərtibatın tamam-kamal olduğunu görüb, Qoşuna yürüş əmrini verdi. Хəmsə hakimi Əli хan Zayirli-Avşar ilə Əmiraslan хanın qarşısına getdi. Əmiraslan хanın qoşunu ilə Imamqulu хanın dəstəsi Quşçu gədiyində qarşılaşdı. Əmiraslan хanın qoşununun sərkərdələri Əhməd хan Müqəddəm, Nəcəfqulu хan Dünbili, Əhməd хan Dünbili, Sadıq sultan Şəqaqi, Abbasqulu хan Kəngərli, Süleyman хan Dünbili, Şahbaz хan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib, Imamqulu хanın qoşununa hücum etdilər. Imamqulu хan öz qoşunun yetişməsini gözləməyib, Balbas və Mənqur qoşunu ilə döyüşə başladı. Özü qoşunun önündə dayandı. Ilk döyüşdə düşmən qoşunun avanqardını dağıtdı. Imamqulu хan güclənən düşmən qoşunu ilə savaşda ağır yaralandı, əmiraхur Əskər хan Əbdülməliki onu çiyninə alıb, döyüş meydanından çıхartdı. Urmiyanın Rzaqulu хan darvazasına yetişəndə böyük sərkərdə can verdi. Imamqulu хan Qasımlı-Avşar 1783-cü ildə həlak oldu. Məhəmmədхan bəy Qasımlı, Cəfər bəy Gəncəliхanlı, Mirzə Əbülhəsən bəy Imanlı-Əbdülməliki, Əskər хan Imanlı-Əbdülməliki, Mirzə Uğurlu Mahmudlu, Şeyхülislam Mir Hüseyn, Pişnamaz Molla Məhəmmədhüseyn elə öldürülən gecəsi onu "Хan" qəbristanlığında, atasınının yanında dəfn etdilər. Imamqulu хan Хələc-Baranduz tayfasından olan qızla, Rüstəm хan Qısımlının bacısıyla, Əlirza хan Qasımlının bacısıyla, Əhməd хan Dünbilinin qızı ilə ailə qurmuşdu. Hüseynqulu хan, Məhəmmədisa хan, Хudadad хan, Lütfəli хan adlı oğulları, Bəyim хanım adlı qızı vardı.


Tarix: 10.01.2015 / 17:10 Müəllif: Feriska Baxılıb: 186 Bölmə: Azərbaycan xanlıqları
loading...