Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqrar Əliyev

Əliyev İqrar Həbib oğlu – tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Azərbaycanın əməkdar elm xadimi.
Həyatı
İqrar Əliyev 1924-cü ildə Bakıda doğulmuşdur.

1945-ci ildə ADU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən İqrar Əliyev Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başlamış, 1949-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Hələ doktorluq dissertasiyasını müdafiə etməzdən əvvəl o Qədim tarix şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və qırx ildən artıq həmin şöbəyə fasiləsiz olaraq rəhbərlik etmişdir.

1945-1974-cü illərdə İ. Əliyev ADU-da dərs demiş, 1978-ci ildən ömrünün axırınadək Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru olmuşdur. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Qədim yunan və latın dillərini mükəmməl bilən İqrar Əliyev 1962-ci ildə, elmlər doktoru olduqdan sonra Leninqradda akademik V.V.Struve və sair görkəmli rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sahəsində öz biliyini təkmilləşdirmiş, eləcə də Yaxın Şərqin bir sıra ölü dillərini — akkad, qədim yəhudi, şummer dillərini öyrənmişdir.

Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biridir və ilk dəfə Qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövriyəyə cəlb etmişdir.

Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan tarixi ilə six çulğalaşan Midiya tarixini tədqiq etməyə başlamışdır. Onun çoxsaylı əsərlərində Midiya mədəniyyəti geniş işıqlandırılıb, Cənubi Azərbaycan və onunla həmhüdud olan əyalətlərin sakinlərinin etnik tarixi problemi dərindən tədqiq edilib. Alimin çoxillik zəhməti uğurla nəticələnmiş və Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq 1960-cı ildə nəşr edilmiş və, istər bizim, istərsə də xarici elm aləmində geniş nüfuz qazanmış fundamental "Midiya tarixi" monoqrafiyasının (təxminən 42 ç.v. həcmində) yaradılması ilə başa çatmışdır. Bu əsəri o 1961-ci ildə Moskvada SSRl Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası kimi müdafiə etmişdir.

Ümumittifaq səviyyəli bir alim kimi formalaşan İqrar Əliyevin fəaliyyəti üç əsas istiqamətdə özünü göstərir: Qədim Şərq filologiyası, arxeologiya və bilavasitə Azərbaycanın qədim tarixi.

I.H.Əliyev Azərbaycan Ensiklopediyasının elmi şurasının üzvü olmuşdur. Onun Ensiklopediyada dərc etdirdiyi çoxsaylı məqalələrin çox böyük əhəmiyyəti vardır. Bu məqalələr Azərbaycanın qədim tarixinin, Qədim Şərq fılologiyasının, xüsusilə də Qafqaz Albaniyası tarixi problemlərinin çox böyük dairəsini əhatə edir. Bundan əlavə o, 1979-cu ildə nəşr edilmiş "Azərbaycan tarixi"nin müəlliflərindən biridir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1993-cü ildə geniş bir dövrü əhatə edən daha ətraflı geniş və irihəcmli bircildlik "Azərbaycan tarixi" işıq üzü görmüş,

Azərbaycan Elmlər Akademiyasında qədim tarix üzrə ilk elmlər doktoru olan İ.Əliyevin 150-dən çox nəşr olunmuş əsərin, о cümlədən, 10 monoqrafıyanın müəllifıdir.
Tarix İnstitutunda İxtisaslaşdınlmış Şuranın Sədri, "Azərbaycan EA Xəbərləri" nin redaksiya heyətinin, Rusiya Elmlər Akademiyasının "Вестник древней истории" jumalının redaksiya şurasının üzvü olmuş İ.Əliyev universitetin tarix fakültəsi qiyabi şöbəsinin dekanı, Qiyabi Pedaqoji institutunda ümumi tarix kafedrasının müdiri olmuşdur. Respublikanın orta və gənc nəsil tarixçilərinin, demək olar ki, hamısı bu və ya digər dərəcədə İqrar Əliyevin yetirmələri sayılırlar.

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyəti yanında Toponimika komissiyasının sədri olmuş, elm və texnika sahəsində Dövlət mükafatı komissiyasının və Nizami komissiyasının üzvü idi.

Geniş profılli görkəmli azərbaycanşünas və şərqşünas alim bir çox arxeoloji ekspedisiyaların işində, о cümlədən Qəbələ, Şamaxı, Naxçıvan, Ağsu, İsmayıllı, Lənkəran, Astara və s. rayonlarda arxeoloji abidələrin qazılmasında və tədqiq olunmasında bilavasitə iştirak edib, öz əsərlərində həmin materiallara əsaslanaraq tədqiqatlar etmişdir.

Həyatının 50 ildən artıq bir dövrünü elmə həsr etmiş İ.Əliyev "antikşünaslığın inkişafında böyük xidmətinə görə" Rusiya Elmlər Akademiyasının "Fəxri fərmanı" ilə təltif olunmuşdur.

1979-cu ildə tarix elminə verdiyi töhfələr və bu sahədə kadr hazırlanmasındakı xidmətlərinə görə İ. Əliyevə Azərbaycanın əməkdar elm xadimi fəxri rütbəsi verilmiş, 1999-cu ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur.

İqrar Həbib oğlu Əliyev 2004-cü il iyunun 11-də vəfat edib.

Əsas elmi əsərlərin adları
Midiya tarixi. Bakı, 1960. (rus dilində)(fars dilində 2010 ildə İranda nəşr olunub)
Очерк истории Атропатены. Bakı, 1989.
Нагорный Карабах: История. Факты. События. Bakı, "Elm", №22-34, 1989.
История Азербайджана. Bakı, 1993. (azərbaycan dilində)
История Азербайджана. Bakı, 1995. (rus dilində)
Tarix Aturpatakan. (fars dilində İranda nəşr olunub)
7 cildlik "Azərbaycan tarixi"-nin 1-ci cildi.
Təltif və mükafatlar
Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Əməkdə Fədakarlığa görə" medalı – 1970;
Azərbaycan SSR "Əməkdar Elm Xadimi" – 1979;
"Xalqlar dostluğu" ordeni – 1981;
Rusiya EA-nın "Fəxri fərmanı";
Azərbaycan EA-nın "Fəxri fərmanı";
"Şöhrət ordeni" – 1999.


Tarix: 11.02.2015 / 15:45 Müəllif: Feriska Baxılıb: 174 Bölmə: Azərbaycan tarixçiləri
loading...