Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Könül Abbasova

Könül Abbasova — şairə, 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[Mənbə göstərin]

Həyatı

Könül Abbasova orta təhsilini Bakı şəhər Yasamal rayonu Mikayıl Müşfiq adına orta məktəbdə almışdır. 1998-2002-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmiş və 2003-2005-ci illərdə təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirmişdir.

Əmək fəaliyyətinə 1994-cü ildən "Azərbaycan qadını" jurnalında başlamış, daha sonralar fəaliyyətini "XXI-Əsr - Gənclik Dərgisi", "Balbala" uşaq jurnallarında davam etdirmişdir.

1999-cu ildən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində şöbə müdiri kimi çalışır. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının, 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Könül Abbasova hələ uşaq yaşlarından bədii ədəbiyyata xüsusi maraq göstərirdi. O, Azərbaycan xalqının görkəmli yazıçıları Cəlil Məmmədquluzadə, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq və s. yanaşı dünya klassik ədəbiyyatı ilə də yaxından tanış olur, oxuduqlarından ruhlanaraq öz uşaq təxəyyülü ilə ətrafında baş verənləri müşahidə edir, gəldiyi qənaətləri və keçirdiyi hissləri qələmə alaraq şerlərə çevirirdi. O, məktəbdə oxuduğu dövr ərzində boş vaxtlarında rəssamlıq dərnəklərində fəaliyyət göstərir, gözəl şəkillər çəkməklə daha bir yaradıcılıq sahəsində özünü sınayırdı. Analara həsr etdiyi ilk şeri "Azərbaycan qadını" jurnalında dərc edilmişdi. Daha sonralar Könül Abbasovanın şerləri "Yeni Azərbaycan", "Qadın dünyası" və s. kimi qəzetlərdə mütəmadi olaraq dərc edilərək oxucuların diqqətinə çatdırılırdı.

İlk - "Könül duyğuları" adlı şeir kitabı 2002-ci ildə işıq üzü görmüşdür. Oxucuların rəğbətini qazanan bu kitab tez bir zamanda ikinci - "Bu dunyanın qonağıyıq" adlı daha bir kitabın da nəşrini reallaşdırdı.

Könül Abbasovanın hər iki kitabı şeirlərdən ibarətdir. Müasir günümüzü özündə əks etdirən, ağrılı-acılı həyatın iç üzlərini bütün çılpaqlığıyla oxuculara çatdırmaq istəyən bu şeirlər sanki ədalət, sülh və saf məhəbbətə çağırış carçısıdır.

Şairin kitablarını bəzəyən illüstrasiyaların müəllifi də məhz özüdür.


Tarix: 16.01.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Şairlər və Yazıçılar
loading...