VII-IX əsrlərdə ərəblərlə xəzərlər arasında baş vermiş müharibələr ümumi adla xəzər-ərəb müharibələri adlanır. Bu müharibələr VII əsrin II yarısında IX əsrin I yarısına qədər fasilələrlə davam etmişdir və mahiyətinə görə Sasanilər İmperiyası ilə xəzərlərin, hunların və başqa türklərin müharibələrinin davamı hesab oluna bilərlər. Döyüş əməliyatları əsasən Azərbaycan, Dağıstan və onlara bitişik ərazilərdə keçirilirdi, Azərbaycan ərazisində olan dövlətlər bu döyüş əməliyatlarında fəal iştirak edirdi. Döyüş əməliyatları əsasən Azərbaycan ərazisində baş verdiyi üçün ən çox Azərbaycan xalqı əziyyət çəkirdi. Bu müharibələr fərqli olsa da ərəblərin bizanslılarla müharibələri ilə xəzər -ərəb müharibələri arasında müəyyən əlaqə vardı. Müharibənin xüsusiyətlərindən biri həm də o idi ki ərəblər əsasən böyük şəhərlərə, qalalara və onların qarnizonlarına və Xilafətin mərkəzindən göndərilən nizami ordulara istinad edirdilər, xəzərlər isə daha çox şəhərlərdən uzaq ərazilərdə hakim idilər və daha çox təbii sədlərə istinad edirdilər, ancaq yürüş zamanı şəhərləri həmlə edirdilər. Hərçənd ki xəzərlərin də şəhərləri vardı.
Birinci müharibə
Xəzərlərin nəzarəti altında olan Dağıstan və Arran şimalı Azərbaycanı istila edən ərəblərin ilk məqsədi olub. Bu xüsusi ilə çox mühüm strateji istehkam olan Dərbəndə aiddir. Belə ki, bu barədə Bəlazuri yazır: "639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. Sonra o yazır:" Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi..... ,.." Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizi sahili ilə şimala doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba çatdı" Sonrakı 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər.Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər. Formal olaraq tərkibində olduğu Xilafətin qoşunlarının Dərbənddən şimala yürüşləri Azərbaycanın və Ərməniyyənin Xilafət valisi Əbdürrəhman ibn Rəbiə yə tapşırılır. Əbdürrəhman guman ki Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. 652-653-cü (başqa mənbələrdə 649-650-ci) illərdə o Şimali Qafqaz ərazisinə soxulur və xəzər qoşunları ilə Bələncər şəhəri yaxınlığında qarşılaşır. Döyüşün gedişində ərəblər darmadağın edilir, Əbdürrəhman öldürülür. Hər iki tərəf döyüşdə mancanaqlardan istifadə edir. Lakin Bələncər döyüşündə Salman ibn Rəbiənin öldürüldüyü barədə də məlumatlar var. Ziya Bünyadov bu barədə yazır "Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət etdi, lakin Bələncər çayının o tayında xəzər qoşunları ilə qarşılaşdı və qanlı vuruşmadan sonra, demək olar ki, bütün dörd minlik dəstə qırıldı Salmanın özü isə öldürüldü. Həmin vaxtdan başlayaraq Bələncər xəzər-ərəb qarşıdurmasının kilid məntəqəsi olur. Ərəb tarixçisi Əl Məsudi (X əsr) onu hətta Xəzər ölkəsinin paytaxtı adlandırır ki, əslində bu başqa mənbələrdə öz təstiqini tapmır.
Cavanşir
Əsas məqalə: Cavanşir
Şübhəsiz ki həmin dövrdə Albaniyanın hakimi olmuş Cavanşir xəzər-ərəb qarşıdurmasından kənarda qala bilməzdi. Belə ki Ağvan tarixində bu barədə yazılır: Bələncərdə ərəbləri məğlub edərək xəzərlər Arran ərazisinə soxulur və burada Cavanşirlə qarşılaşırlar. 664-665-ci illərdə xəzərlər yenidən Albaniyanı yağmalayır.
Əlbəttə bunu əsas səbəb hesab etmək olmaz, ama bu amili qeyd etmək lazımdır ki, ərəblərlə xəzərlərin bilvasitə toqquşması müəyyən dərəcədə Cavanşirə görə gecikirdi, Cavanşir böyük güclərin arasında müvazinat saxlayaraq Albaniyanın müstəqilliyini müəyyən anlamda qoruyur və xəzərlərlə ərəblərin arasında bufer mövqe tuturdu. Ərəblərin şimal istiqamətində pasiv hərəkətləri əsasən Xilafətin Bizansla genişmiqyaslı müharabələri, həm də daxili çəkişmələrlə bağlı idi.Eyni zamanda xəzərlərin də başqa qonşuları ilə daimi müharibələri olduğundan heç də həmişə ərəblərlə müharibələrə diqqət yetirə bilmirdilər. Xüsusi ilə Bolqar xaqanlığı dağılandan sonra xəzərlər fəallaşmağa başladılar.
Bizans güclü və varlı, yetərincə döyüşkən, lakin həmişə düşmənləri: ərəb və bolqarlarla məşğul ölkə idi. Buna görə Xəzər eli və Bizans təbii müttəfiq idilər. Buna görə də hətta onların arasında münasibətlər gərginləşəndə belə dostluq ənənələri davam edirdi. 670-679-cu illərdə xəzərlər, möhkəmləndirilmiş Xersonesdən başqa bütün Krımı ələ keçirdilər. Bizans ərəblərlə müharibə apardığına görə Xersonesə uzun müddət yardım edə bilmirdi, o isə aclıq keçirirdi.
Lakin Alp İlitverin komandanlığı altında hunların və xəzərlərin Arrana hücumu ərəfəsində, təxminən 681-ci ildə Cavanşir bizanspərəst Arran knyazları tərəfindən öldürülür. Çox guman ki bu Bizansın birbaşa təhriki ilə baş verir, çünki Bizansın Xilafətlə gərgin müharibə şəraitində Cavanşir kimi xəzərlərlə ərəbləri müəyyən anlamda barışdıran amilin mövcudluğu ilə bizanslılar barışa bilmirlər. Cavanşirin qardaşı oğlu I Varaz Trdat Albaniya hakimi seçilir. Xəlifə I Yezid I Varaz Trdadı "Şərq vilayətlərinin padşahı, Alban hökmdarı..." kimi tanıdı. Varaz Trdad taxta seçilən kimi Alp İlitverin komandası altında böyük Xəzər ordusu, xaqanın öldürülən qohumu knyaz Cavanşirin qisasını almaq bəhanəsi ilə Arrana basqın etdi.
İkinci müharibə
Xəlifə I Vəlidin dövründə ərəblər tədricən şimala hərəkət etməyə başladı. Lakin I Vəlid xəzərlərə qarşı hucumdan əvvəl Arran, Gürcüstan və Ərməniyyədə olan bizanspərəst xristianların gizli qəsdlərindən təmin olunmalıydı. İlk növbədə monofizit naxararlara qarşı cəza tədbirləri görülmüşdü.
Bu hadisədən sonra hicri 89(707\708)-cu ildə Məslamə ibn Əbd ül Malik Azərbaycanda təslim olmamış bütün qalaları tutub, türklərlə döyüşə döyüşə Bab ül Əbvaba çatdı.Göründüyü kimi türklər(yəni xəzərlər) artıq o dövrdə Azərbaycanda Dərbənddən cənubda yerləşmişdilər.
Hicri 91(709\710)-ci ildə Məslamə türklərə qarşı yeni hücuma keçdi "və Azərbaycan vilayətində əl-Baba çatdı, burada şəhər və qalaları aldı" Hicri 92-ci ildə (710\711) Dərbəndə çatdı, lakin şəhəri yalnız 714-cü ildə ala bildi. Ərəblər bilavasitə Xəzər xaqanlığının ərazisində müqavimətlə qarşılaşdılar və geri çəkildilər.
Xəlifə Ömərin hökmranlığının birinci ilində xəzərlər ərəblərə qarşı böyük hucumlara başladılar. Bu hadisəni Təbəri belə qeyd edir:" Bu il (99-cu hicri -717\718-ci il) türklər Azərbaycana hücüm edib bir qədər müsəlman qırdılar və onlara ziyan yetirdilər. Ömər ibn Əbd-ül-Əziz onlara qarşı Hatim ibn əl-Noman əl-Bəhilini göndərdi. O həmin türkləri qırdı və əsir düşən 50 nəfərdən başqa heç kim canını qurtara bilmədi; o, bu əsirləri Xunasirə Ömərə göndərdi" Həmin il ərəblər Bizansla müharibə aparırdılar və Konstantinopolu mühasirəyə almışdılar və xəzərlərin ərəbləri yayındırması bizanslıların işinə yarayırdı.
II Yezidin vaxtında 722\723 xəzərlər qıpçaq və başqa türk tayfalarının köməyilə təqribən 30 minlik qoşunla yenidən Arrana soxuldular və onu keçərək Ərməniyyəyə girdilər. Mərc əl Həcərdə onları ərəblər qarşıladılar.Ərəblər məğlub oldular və onların düşərgəsi xəzərlərin əlinə keçdi. Həmin ildə II Yezid əl-Cərrah ibn Əbd-ül-Lah əl Həkəmini Azərbaycan və Ərməniyyəyə hakim təyin etdi və ona 25 minlik qoşun verib, əmr etdi ki, xəzərlərə qarşı müharibəyə başlasın. Lakin xəzərlər böyük ərəb ordusunun hücuma keçdiyi xəbərini alıb Dərbəndə tərəf çəkildilər. Cərrah Bərdəyə yaxınlaşdı, orduya dinclik verdi, sonra Kürdən keçərək, Dərbəndə yaxınlaşdı. Xəzərlərin xaqanı Barçikin komandası altında 40 minlik ordunu Cərraha qarşı çıxartdılar. Vuruşma nəticəsində xəzərlər məğlub oldu, çoxlu əsir düşdülər. Ərəblər Hamzinvə Tarquşəhərlərini tutdular və Bələncərə çatdılar.Qala qarnizonu qısa vuruşmadan sonra təslim oldu və ərəblər çoxlu qənimət əldə etdilər. Cərrah bu şəhərlərin əhalisini Arran ərazisinə, xüsusi ilə Qəbələ mahalına köçürtdü, burada xəzərlərin məskən saldığı kəndlər var idi. Bu barədə Abbasqulu ağa Bakıxanov belə yazır:
103-cü(722) ildə Əbd-ül-Əziz öldü. O vaxtkı xəlifə Yezid ibn Əbd-ül-Malik Əbu Übəyda Cərrahı 6 minlik qoşunla Dərbənd qarnizonun köməyinə göndərdi. Cərrah Müskürə gəldi, bütün ətrafdan qoşunları yığdı və Rubas çayı qırağında düşərgə saldı. Orada o, hələ islamı qəbul etməmiş tabasaranlı və qaytaqlı əmirləri yanına çağıraraq, onlara dedi:
"Mən bura Ərəbistandan xəzərlərlə döyüşmək üçün gəlmişəmvə istəyirəm ki siz mənə kömək edəsiniz"
— А.А.Бакиханов Гюлистани -и Ирам, Издательство "Ельм", Баку -1991. səh.51
Göründüyü kimi buranın yerli əhalisi kitab əhli idi əks halda Cərrah müsəlman olmayan əhalidən zimmi kimi açıq-aşkar yardım istəməzdi. Çox guman ki burada yaşayan əhali əvvəllər Albaniya təsiri altında xristianlığı qəbul etmişdi və bir müddət Albaniyanın tərkibində idi.
Hər iki tərəfdən təbillər çalındı, bayraqlar dalğalandı və çoxlu itkisi olan dəhşətli vuruşma başladı. Xəzərlər darmadağın edildi, və onların düşərgəsi qalibə çatdı. Müsəlmanlar onları qovaraq, talan və qətl imkanını əldən vermirdilər. Həmin gün 7000 xəzər və 2000 ərəb döyüş meydanında qaldı. Xaqanın oğlu çətinliklə Ənci şəhərinə çatdı və əhaliyə dedi:
" Qarşısına çıxdığım rəqib çox güclüdür, və əgər siz kimsənin yardımına ümid etmirsinizsə, ondan qaçmaqla canınızı qurtarın..."
— А.А.Бакиханов Гюлистани -и Ирам
Cərrah, Qayakənd yanındakı yüksəklikdə yerləşən, və dəniz görsənən Hasin qalasını aldı, Səməndərə(Tərki) getdi. Bələncərdən sonra Cərrahın ordusu Vəbandər (ya da Vənandər) şəhərini aldı, burada 40 min türk evi vardı, bu ordu xaqanlıq ərazisinə dah bir neçə yürüş etdikdən sonra, qışlamaq üçün Şəki vilayətinə çəkildi. Tezliklə Cərrah, Tiflisi almaqla və Gürcüstanı və alanları Xilafətə tabe etməklə Qafqazda daha bir neçə uğurlu kampaniya keçirdi. O ilk ərəb sərkərdəsi idi ki Dəryalı keçərək ərəb qoşunları üçün Xəzər torpaqlarına yeni yol açdı.. Hicri 107(725\26)-ci ildə xəlifə Hişam (724-743) Cərrahı vəzifədən kənar edərək Azərbaycan hakimi vəzifəsinə öz qardaşı Məslamə ibn Əbd ül-Maliki təyin edir. Lakin Məslamə Cəzirədə qaldı və əsasən Bizansla müharibə ilə məşğul idi. Qafqazdakı qoşunların komandanlığı isə Həris ibn Əmra ət-Tai öz üzərinə götürdü. Bütün il ərzində o Qafqazda ərəb hakimiyətini möhkəmləndirirdi və yerli tayfalara qarşı bir neçə əməliyat keçirdi. İstənilən halda xəlifənin öz qardaşını Azərbaycana vali təyin etməsi bu istiqamətin Xilafət üçün nə qədər önəm kəsb etdiyini göstərir.
Barcilin yürüşləri
Hicri 108(726\727)-ci ildə xəzərlər "xaqanın oğlunun" komandası altında Arrana növbəti hücuma keçdilər. Ölkəni işğal etdikdən sonra Azərbaycana tərəf yeridilər və orada bəzi şəhərləri mühasirəyə aldılar. Həris ibn Əmra ət-Tainin komandası altında ərəb ordusu onlara qarşı hücuma keçdi. Xəzərlərin qarşısı alındı, onlar məğlub edilib Arazın o tayına qovuldular, oradan isə geri çəkilməyə məcbur oldular. " Həmin ildə xəzər şahzadəsi xaqanın oğlu Midiyaya (Azərbaycan nəzərdə tutulur) böyük hücum etdi. Xəzərlər Midiya əyalətlərini viran etdilər. Həris xəzərləri Araz çayında məğlub etsə də, ümumiyətlə ərəblərin vəziyəti çox dayanıqsız idi. Bu vəziyət Məslaməni Qafqazdakı komandanlığı öz üzərinə götürməyə məcbur edir. O 727-ci ildə, guman ki Suriyadan kömək götürərək cəbhəyə gəlir, və xəzərlərə qarşı hücuma başçılığı öz üzərinə götürür. Ərəb qoşunu Daryal keçidini dəf edir və qışın gəlişi ilə geri qayıdır. Bununla nəyə nail olduqları naməlumdur, ama gələn il Məslamə hücumunu təkrar edəndə bu ərəblər üçün fəlakətlə nəticələnir. Ərəb mənbələrinə görə, ərəb qoşunları 30 ya da ki 40 gün ərzində yağmur altında palçıqda döyüşdüklərinə görə, yürüş palçıqlı yürüş adlanır. Nəticədə ərəblər 728-ci il 17 sentyabrda xəzərləri məğlub edir. Lakin bu qələbənin nə qədər böyük olmasını demək çətindir, çünki ərəblər evə qayıdarkən, xəzərlərin pusqusuna düşürlər ki, bundan sonra sursatı ataraq sadəcə qaçırlar. 728 və 729-ci illərdə Məslamə Azərbaycandan iki dəfə xəzərlərin üzərinə hücum etdi. O xaqanlığın ərazisinə basqınlar edir müxtəlif yaşayış məntəqələrinə hücumlar edir, əsir və qənimətlərlə qayıdırdı. 729-cu ildə ərəblər şimal-şərqi Azərbaycan və Dağıstan üzərində nəzarəti itirirlər.
Bu "qələbələrdən" sonra 729\30-cu ildə xəlifə Hişam Məslaməni geri çağırdı və əl-Cərrahı yenidən Azərbaycan hakimi təyin etdi; o isə çox keçmədən yenidən şimala doğru hücuma başladı. Həmin dövrdə bizanslıların hücuma keçməsi ehtimal etməyə əsas verir ki bizanslılarla müharibələrdə ad çıxarmış Məslaməyə daha çox qərb istiqamətində ehtiyac varmış, xəzərlərlə müharibə isə Məslamə üçün o qədər də uğurlu olmur. Görünür nizami qoşunlarla döyüşməyə adət etmiş Məslamə xəzərlərin partizan taktikasını öyrənə bilmir.
Daha aqressiv xəlifə Hişam ibn Əbd ül-Malikin (723-743) Bizansa qarşı təşkil etdiyi ərəb ekspedisiyaları bir müddət intensivləşir və Məsləmə ibn Əbd ül Malik kimi əməvi sülaləsinin şahzadələri o cümlədən xilafətin ən bacarıqlı generalları ilə bir sırada bu yürüşlərə başçılıq edir.
730\731-ci ildə xəzər və türklərin 300 minlik ordusu Barcikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd, Dəryal və digər keçidlərlə Arran ərazisinə soxuldu. Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı. Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər. İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə məğlub edildilər, Əl-Cərrah öldürüldü. Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi əhalisini qırdılar, qadın və uşaqları isə əsir apardılar. Sonra xəzər ordusu Azərbaycanı viran etdi, ölkənin şəhərlərini bir birinin ardınca tutub Diyarbəkir və Mosula çatdı. Abbasqulu ağa Bakıxanov Gülüstani İrəm əsərində bu hadisəni belə təsvir edir:
Bu vaxt Cərrahın qoşunu yığılmamışdı, özü isə Təbrizin arxasındakı Ucana oradakı atəşpərəstləri qırmağa getmişdi. Oradan qayıdarkən o az quvvələrlə xəzərlərə qarşı çıxdı. Güclü döyüş baş verdi, müsəlmanlar darmadağın edildi. Cərrah və, Azərbaycan əmirlərindən biri olan Mərdan-şah öldürüldülər, Cərrahın ailəsi əsir düşdü.
— А.А.Бакиханов Гюлистани -и Ирам Издательство "Ельм", Баку -1991. səh.53
Burada adı keçən Mərdan-şah özü atəşpərəst olub , onun müsəlman ərəblərin tərəfində vuruşması, həm də atəşpərəstlərə qarşı müəmmalı məsələdir. Ola bilsin o artıq islamı qəbul edibmiş.
Gevond xəzərlərin basqını barədə belə məlumat verir:
Onlar "Hunlar torpağından, Çor keçidindən, Maskutlar torpağından keçərək Paytakaran ölkəsinə basqın etdilər; Araz çayından keçib Azərbaycana getdilər, Artaveti, Qandzak-Şahastani, Atşi-Baquan adlanan vilayəti, Sparat-Perozu və Ormizd-Perozu dağıtdıları"
— Gevond, səh.72
Gevondun dediklərindən belə aydın olur ki xəzərlər və ola bilsin ki onlara qoşulan başqa türk tayfaları iki istiqamətdən Azərbaycana daxil olurlar: Dərbənd və Dəryal keçidlərindən. Dərbənd keçidindən gələn qoşun Bakıdan (Atşi-Baquan), Daryal keçidindən gələn qoşun isə Gəncədən (Qandzak-Şahastani) keçərək Araz sahilində birləşir və birləşmiş qoşun şəklində Ərdəbilə (Artavet) tərəf hərəkət edir. Burada ərəb qoşunlarını darmadağın edərək yenə iki hissəyə bölünür, bir hissəsi Diyarbəkirə o biri hissəsi Mosula tərəf hərəkət edir. Beləliklə aydın olur ki xəzərlər çox dəqiq cızılmış marşrut üzrə hərəkət edirlər və onların başıpozuq talançı olması barədə bəzi ərəb tarixçilərinin iddialarının əsası yoxdur. Bu marşrutun Bizansda cızılmas ehtimalı daha çoxdur, buna dolayısı ilə 8-ci əsrin birinci rübündə bizanslıların fəallaşması da təstiqləyir. Xəzərlər bizanslılarla hərəkətlərini sinxronlaşdırmağa çalışırdılar.
Xəzərlərin belə surətli hücumu xəlifəni və onun saray əhlini çox çaşdırdı. Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid ibn Əmr əl-Həraşini təyin etdi və o dərhal 30 minlik orduyla xəzərlərə qarşı yola çıxdı.
Ərəblərin əks-hücumu
Ərəblər Van gölü yaxınlığındakı Əhlat şəhəri hasarları qabağında xəzərlərlə qarşılaşdılar. Onlar hücumla şəhərləri alıb xəzərləri təqib etməyə başladılar. Bərdə üzərinə hücuma keçərkən yolda olan bütün qalaları dağıdırdılar. Ərəblər "onları[xəzərləri] tamamilə məğlub edib onların bayrağını aldılar; bayrağın mis təsviri indiyədək Həraşi dəstəsində onların əcdadlarının igidliyi şərəfinə saxlanılır. Bərdədə Səid şəhər əhalisi qarşısında nitq söyləyib, onları xəzərlərdən gözlənilən böyük təhlükə qarşısında birləşməyə çağırdı. O xüsusi ilə Arran paytaxtının zəngin sakinlərinə müraciyət edərək, vəsait verməkdə xəsislik etməməyi onlardan xahiş etdi. Görünür Xilafətin maddi durumu heç də ürəkaçan deyildi.
Sonra Səid Beyləqana getdi, şəhəri alıb Varsana gəldi, buradan da xəzər qarnizonunu qovdu. Xəzərlər Barcikin komandası altında 100 minlik ordunu Səidin qarşısına çıxdılar. Beyləqan yaxınlığındakı çayın kənarında baş verən vuruşma nəticəsində xəzərlər darmadağın edildi. Barcikin özünü isə Səid atdan saldı və başını kəsərək Hişama göndərdi.Ama başqa məlumatlara görə Barcik qurtulur və qaça bilir. Hicri 112(730\31)-ci ildə xəlifə Hişam əl-Həraşini paytaxta çağırdı. Məslamə ibn Əbd-ül-Maliki Ərməniyyə və Azərbaycan hakimi təyin etdi: o dərhal xəzərlərə qarşı hücuma başladı və qışa yaxın Dərbəndə çatdı. Hicri 113(731\32)-ci ildə Məslamə daha irəliyə gedərək, Bələncərə çatdı; buradakı vuruşmada xaqanın ikinci oğlu öldürüldü. Həmin ildə xəzərlər Arrana soxuldular, lakin Dərbənddə məğlub edildilər. 1000 nəfər öz ailələri ilə əsir düşdü. Sonrakı ildəərəblər Hişamın Cəzirə, Azərbaycan və Ərməniyyə hakimi təyin etdiyi Mərvan ibn Məhəmmədin komandası altında xəzərlərə qarşı hücuma keçdilər. Mərvan qərargahı Kasalda(Qazaxda) idi buradan Bərdəyə 40 fərsəx və Tiflisə 20 fərsəx yol vardı. O buradan Daryal keçidi vasitəsi ilə xəzərlərin diyarına hücuma keçdi, qoşunun digər hissəsinə isə əmr etdi ki, Dərbənddən hücuma keçsinlər. Bəlazurinin dediyinə görə, , ərəblərin gücündən qorxuya düşən xaqan sülh istədi, Mərvan isə əsir aldığı xəzərləri "Samur ilə Şabiran arasında düzənlikdə Lakzlar vilayətində yerləşdirdi" Gevond bildirir ki Varaçan şəhərini alan Mərvan böyük qənimət əldə etdi və "Hunnlar ölkəsindən şanlı qələbə ilə qayıtdı. Partav(Bərdə) şəhristanına çatan Mərvan qənimətin beşdə birini və əsirləri öz hökmdarı Geşama(Hişama) göndərdi və ona məktub yazıb qələbə haqqına məlumat verdi." 737-ci ildə Mərvanın Xəzər ölkəsinə basqınında, zimmi hissələri də daxil olmaqla, bəzi mənbələrə görə 100 min nəfərdən çox ordu iştirak edirdi. Qoşunlar iki hissəyə bölünmüşdü: bir dəstə Dərbənd , o biri əsas dəstə isə Mərvanın öz komandası altında Daryal keçidi vasitəsi ilə Xəzər ölkəsinə basqın etdilər. Hər iki dəstə xəzərlərin paytaxtı Səməndərdə birləşdi. Bundan sonra birləşmiş qoşun Volqa çayına qədər irəlilədi və, bəzi ərəb mənbələrinə görə, onların Volqadakı ikinci paytaxtları Əl-Baydanı aldılar.
Xaqan islam dinini qəbul etdi, Mərvan isə "Şirvan hökmdarına(Şirvanşaha -Z.B.) bir vəzifə olaraq tapşırdı kı, müsəlman ordusu xəzər diyarına hücum edərkən qoşunun qabağında getsin, bu ordu oradan qayıdarkən arxada gəlsin"
Son toqquşmalar
Ərəblərin hərəkətləri xəzərlərdən fərqli olaraq sistemli idi və ideoloji əsası vardı. Onların istənilən hərəkəti cihad adı ilə pərdələnirdi. Məsələn Abbasqulu ağa Bakıxanov Gülüstani İrəm kitabında yazırdı:
115(734)-ci ildə Hişam Ərməniyyə, Azərbaycan və Şirvana öz qardaşını Məslaməni(kunyası Əbu Müslim) hakim təyin etdi və ona 24 min suriyalı və ərəb verdi ki, onların köməyilə Dağıstandakı işləri yoluna qoysun. Məslamə Dərbəndə gələrək buradakı işləri yoluna qoydu və...Qumuqa getdi. Oradakı diyarın əmirləri bir neçə döyüşdən sonra aman istədilər və islamı qəbul etdilər. Buradan o Qaytaqa getdi, buranın əhalisi güclü müqavimətdən və itkilərdən sonra islamı qəbul etdilər....Buradan o yəhudilərin və bütpərəstlərin məskən saldığı Tabasarana getdi. Əhali müdafiyə olundu ama başçıları və bir çox başqaları öldürüləndən və əsir düşəndən sonra, qalanları islamı qəbul etdi. Sonra o oradan Tav(Taq) və Avara getdi, oradakı əhalini zorla islama gətirdi, onlar üçün məsçid tikdirdi və qazı təyin etdi...
— А.А.Бакиханов Гюлистани -и Ирам, səh.55-56
Sonrakı iyirmi il ərzində Əməvilər sülaləsi devrilənədək xəzərlər ərəblərin nəzarəti aldında idi. Abbasilər hakimiyət başına gələndə xəzərlər Xilafətdə baş verən hadisələrdən yararlanaraq, öz paytaxtlarında xəlifə nümayəndəsini öldürüb, bir müddət müstəqil oldular. Bizans da Xilafətdəki daxili çəkişmələrdən yararlanıb, Qafqazda öz hərbi və diplomatik fəallığını gücləndirdi. Xəlifə Mənsur(754-775) hakimiyətə gələn kimi, ərəblər Bizansa qarşı dərhal əks tədbirlər gördülər. "Mənsur xəlifə olandan Yezid İbn Useyd əs-Sulamini Azərbaycan və Ərməniyyə hakimi təyin etdi. Yezid Bab əl-Lanı tutdu və orada muzdlu əskərlərdən ibarət qarnizon yerləşdirdi. Sonra o, Sanarları tabe etdi və onlar xərac verməyi boyun oldular. Bu zaman Mənsur ona məktub yazaraq əmr etdi ki, xəzər padşahı ilə qohum olsun. Yezid bu əmri yerinə yetirdi." Bu onu göstərir ki, xəzərlər yenidən güclənmişdilər və Bizansdan təhrik edilərək, Xilafətə təhlükə törətməyə başlamışdılar. Mənsur bununla hesablaşmalı idi, çünki Bərdədə olan Yezidə göndərdiyi məktubda belə yazmışdı: nə qədər ki, xəzərlər fəaldır Azərbaycan onun canişinliyi üçün rahat yer olmayacağdır -" Mən sənin üçün və bütün sənin vilayətin üçün xəzərlərdən gələn təhülkədən ehtiyat edirəm" Yezid ibn Useyd xəzər xaqanının qızı ilə evləndi. Bu qadın" onun üçün bir oğlan doğdu, lakin uşaq öldü; anası da doğum vaxtı öldü" Xəzərlərin arasında belə bir şaiyə yayıldı ki Xaqanın qızını və uşağını ərəblər əzləri öldürmüşlər. Bundan bir az sonra Xaqab ərəblərə qarşı müharibəyə başladı." Xaqan güclü qoşun toplayaraq, onu Xatirlitber nəslindən olan Ras Tarxana(ərəbcə Rə's Tarxan) tapşırdı və Yezidin idarə etdiyi bizim ölkəyə göndərdi. Xəzərlər böyük Kür çayının şimal tərəfinə səpələnərək, bir çox vilayətləri , hamısı Albaniya vilayətləri olan Xecar, Qala, Ostan-i Marpanyan, Xaband, Qelave, Şake, Biyes, Xeni, Kambexçan, Xozmas vilayətlərini tutdular; çox gözəl Balasakan çöllərini də tutdular və saysız hesabsız mal-qara və ilxı apardılar" Bundan əlavə xəzərlər Gürcüstan vilayətlərini Şuçk, Kuyeskapor, Çeltd, Suket Velissixe Tianet və Yerkini qarət edib, böyük qənimətlə vətənə qayıtdılar.
Bu hücumun hicri 145(763\4)-cü ildə olduğu qeyd edilir.
Təbərinin verdiyi məlumata görə, bundan iki il sonra(764-5-ci il) xəzərlər yenidən Cənubi Qafqaza soxuldular: "Bu ilin (hicri 147) hadisələri sırasına xaqanlığın elteberi Astarxan əl-Xarezminin türk qoşunları ilə Cənubi Qafqaz müsəlmanları[ərəblər] üzərinə hücumu daxildir. Onlar müsəlman və zimmilərdən çoxlu əsir aldılar, Tiflisi tutdular. Hərb ibn Əbd-ül-Lah ər-Rəvəndi onlarla vuruşdu. Hərb öldürüldü və ərəblər qaçdılar. Sonarkı ildə Mənsur, Hərbi öldürən və Tiflisi talayan xəzərlərə qarşı Hümeydə İbn Gəhtabı göndərdi, lakin o xəzərlərə rast gəlməyib, qayıtdı. Sonralar xəzərlər 8-ci əsrin axırınadək Cənubi Qafqaza basqın etmədilər. 796\7-ci ildə xəifə Harun ər-Rəşid(786-809) Səid in Səlm ibn Kuteybə əl-Bəhilini Ərməniyyə və Azərbaycan hakimi təyin etdi; o da vəzifəsinə yerli hökmdarları təhqir etməklə başladı, nəticədə Arranda iştişaşlar baş verdi. Bu zaman Dərbəndin komendantı(hakimi) ən-Nəcm ibn Haşim idi. Səid ən-Nəcmə əmr etdi ki, qaladakı komandirlərdən birini vəzifədən çıxarıb başqasını təyin etsin. Lakin Nəcm bundan boyun qaçırdı. Səid isə onu itaətsizlik üstündə öldürdü. O zaman ən-Nəcmin oğlu Həyyun ibn ən-Nəcm, Səidin Dərbənd nümayəndəsi əl-Münacim əs-Sulamini öldürtdü və xəlifə əleyhinə üsyan qaldırdı. "O xəzər padşahı xaqanla danışmağa girdi, xaqan da onun köməyinə gələrək böyük bir ordu ilə müsəlmanlara hücüm etdi, onları qırıb, həddən artıq əsir aldı" 100 min nəfərdən çox xəzər ordusu , kiçik ərəb dəstələrinin müqavimətini qıraraq, Arran ərazisində irəlilədi və az sonra Kür sahilinə çatdı Harun ər-Rəşid tədbir görüncəyədək, xəzərlər tutduqları əsirlərlə öz yerlərinə qayıtdılar. Bu dəfə onlar Albaniyada 70 gün qaldılar. Əs-Suyuti bildirir ki xəzərlər özlərilə 100 mindən artıq əsir apardılar. Bu elə bir dəhşətli fəlakət idi ki, indiyədək əhali[Arran əhalisi] bunun mislini görməmişdi" Bu xilafətlə mübarizədə xəzərlərin son mühüm uğuru idi. Xəlifə Harun ər-Rəşidin hökmranlığı dövründə xəzərlərin Arrana və ona qonşu ölkələrə hücümları kəsildi, xəzərlərlə sülh və ittifaq bağlandı.
Xəzər - ərəb münasibətləri sonrakı dövrlərdə
Xəzərləri, barsilləri, göytürkləri, teleləri, peçeneqləri ancaq məişət, dil, mədəniyət identikliyi birləşdirmirdi, daha çox tarixi zərurət: Əməvi xilafəti kimi ümumi düşmənin təcavüzü şəraitində məhv olmamaq kimi siyasi məqsədlərin eyniliyi birləşdirirdi. Və xəzərlər bu məsələni 9-cu əsrin əvvəllərinə kimi uğurla həll edirdilər. Buna görə də xaqanlığın etnik rəngarəngliyi dövlətin bütövlüyünə əngəl olmurdu, əksinə, onu müxtəlif və, nəticə etibarilə, dayanıqlı polietnik sistem edirdi. Belə ki Xəzər xaqanlığının dağlıq Dağıstanla sərhədində xəzərlərin albanlarla dinc qonşuluqda yaşaması sezilir. Çiri Yurd şəhərciyində, bizanslı və yunan yox, monofizit alban xaçları var.
Bu ondan xəbər verir ki Bələncərin şəhər əhalisi, bizanslılar tərəfindən xristianlaşdırılan başqa xristian təbəələri kimi, xəzərlərin mülayim hakimiyəti altında yaşayan albanlar olub. Ortodoksallığıa qarşı dözümlülük xaqanlığın Bizansa siyasi oriyentasiyası ilə təstiq edilir.
Beləliklə A.Y. Krımski deyəndə ki, xəzərlər Arranda yüz il hökmranlıq etmişlər, daha haqlıdır. Baxmayaraq ki, yüz il ərzində Arran daim xəzərlərin hakimiyəti altında olmamışdır. Ancaq onların ölkə üzərində nəzarəti və hücumlarının arası, demək olar ki, kəsilmirdi. Onlar ölkəni daim gərgin vəziyətdə saxlayır və ondan böyük bac alırdı. Krımski xəzərlərin Arrandakı hökmranlığı və dağıdıcı hücumları təqribən 737-ci ildə qurtardığını yazırsa da yuxarıda göstərilən materiallardan görünür ki, xəzərlər hətta 8-ci əsrin axırında: 796 və ya 799-cü illərdə Arran ərazisinə hücum etmişlər. Doğrudur, xəzərlərin çox sonradan da ərəblərlə vuruşduğu haqqında məlumat vardır. Məsələn 10-cu əsrə aid bir yəhudi sənədində deyilir:" Budur, bu xalqalar bizimlə [xəzərlərlə] müharibə edirlər: Bab ül-Əbvab, Zibus, Türklər, Luzaniya ...Lakin Kordova xəlifəsi III Əbd-ür-Rəhmanın (912-961) yəhudi əyyanı Xasay ibn Şapruta xəzər padşahı Yusifin(İosifin) yazdığı cavab məktubundan göründüyü kimi, bu zaman xəzərlər Ərəb xilafətinin şimal sərhədlərində bir növ mühafizə dəstəsi rolunu oynayaraq, ruslar və digər xalqaların Cənubi Qafqaz vasitəsilə müsəlman ölkələri ərazisinə girmələrinə əngəl olurdular. Yusif belə yazmışdı:" Mən çayın[İtil çayının] ağzını qoruyuram və gəmilərə minib gələn rusları dənizdən keçib İsmayıl övladının[ərəblərin] üstünə getməyə qoymuram və [eynilə] bütün düşmənlərinin quru yol ilə Bab-ül-Əbvaba yaxınlaşmalarına imkan vermirəm. Mən onlarla müharibə edirəm. Əgər mən onları bir saat [dinc] buraxsam onlar bütün İsmayıl övladının ölkəsini Bağdada qədər məhv edər"
Xəzər döyüşçülərinin dəstələri həm Xilafət həm də Bizans ordusunda vardı. Öz "De ceremoniis aulae byzantinae" sində Konstantin Baqryanorodnıy xəzərləri Konstantinopolda imperator qvardiyasının elitasında qeyd edir. 9-10-cu əsrlər xəlifə qvardiyasında "əl-Xəzəri" nisbəsi ilə tez tez keçir, əs-Sam'ani belə adlarla, şübhəsiz türk-qulamlarının nəslindən olan, ərəb-müsəlman dini və intellektual mühitinə daxil olmiş, bir neçə hədis bilicisinin adını çəkir. Ərəb xəlifələrinə yaxın ilk xəzərlər Əbu Cəfər əl-Mənsurun(754-775). hakimiyətə gəlişi vaxtından ortaya çıxırlar. Onların arasında bu mənbə Həmmat ət-Türkini qeyd edir. əl-Məsurun oğlu Mehdinin vaxtında(775-785) Mübarək ət-Türki, Tunqa ət-Türki, Şakir ət-Türki, Züheyr ət-Türki irəli çıxırlar. Onlardan birincisi Mübarək ət-Türki xəlifə Mehdi tərəfindən Qəzvin canişini təyin edilir; o burada Mübarək(Mədinat əl-Mübarək) şəhərinin əsasını qoyur. Onun oğlu Abdulla binu Mübarək bütün müsəlman aləmində məşhurlaşdı. Bu ilk xəzərlər, bütün ehtimallara görə, xəzər xaqanı Bahadırın qızı Xatunun Azərbaycanın xilafət canişini Yezid ibn Useydlə evlənməsindən sonra onunla birlikdə ərəblərin yanına keçmiş xəzərlərdir. Qeyd olunan vaxtdan da xəlifələr tərəfindən xəzərlərdən və başqa türklərdən şəxsi qvardiya yaratmaları tətbiq olunur. Xüsusi ilə bunlar xəlifələr əl-Məmun və əl-Mötəsimin(833-842) geniş yayılır. Sonuncusu onları, onun əmri ilə -xəzər şəhərləri stilində tikilən - Bağdadın yaxınlığında Diclə rayonunda yerləşdirir. Onların arasında geniş Əşnas, Afşin, İnək, Vasif, Əbu Musa Kiçik Buğa və Əbu Musa Böyük Buğa, İshaq ibn Kundac əl-Xəzəri tanındılar. Onların bir çoxu Babəkin üsyanına qarşı hərəkət edən qoşunlara başçılıq etmiş sərkərdələrdi. Bəzi ehtimallara görə Afşin ibn Kavus da xəzər olub. Babəkin üsyanının yatırılmasından başqa Afşin həm də Bizansla müharibədə Ankara yaxınlığında döyüşdə qalib çıxdı. Qafqazı tabe edən Əbu Musa Böyük Buğa, həm də 9-cu əsrin ikinci yarısında öz "kafir" soydaşları xəzərlərə qarşı da Dərbənd və Dəryal keçidləri vasitəsi ilə yürüşlər edib. Elə onun təşəbbüsü ilə xəzərlərin bir hissəsi Dağıstandan, ərazisində onlar üçün xüsusi şəhər tikdirilən, Xilafət ərazisinə, Azərbaycana köçürüldü. Xəlifələr əl-Vasiq(849 ölüb) və əl-Mütəvəkkil(861 ölüb) bütün ali hakimiyət xəzər sərkərdələrinə məxsus idi. Sonuncu Abbasilər dövründə xilafətdə ali hakimiyətə Kiçik Buğa, Vasif və Fateh binu Xaqan nail oldular. Fatehin atası Xaqan, Abbasi xilafətinin Azərbaycan və Ərməniyyə hakimi olub, və bəzi ehtimallara görə Sacilər dövlətinin də yaranmasında onun da iştirakı olub. İshaq ibn Kundac əl-Xəzəri də bir müddət Yusif İbn Əbu Sacın böyük qardaşı Məhəmməd ibn Əbu Sac Divdadla ittifaqda olur.
Tarix: 12.02.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 403 Bölmə: Ümumi