Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sentrokaspi Diktaturası

Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) - 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalmışdır.
Hökümət
Diktatura 5 nəfər diktatordan ibarət idi. Kommunanı devirən əsas şəxslər Xəzər donanmasından H.Tuşov (diktatorlardan biri), Peçenkin, M.Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qr.Ayolla, M.Sadovski, daşnaklardan A.Arakelyan və S.Məlik-Elçiyan idi.
İngilis dəstəyi
Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokes başçılığında ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya çıxdı. Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəldi və "Türk qərargahı"nın yerini soruşdu. Lakin şəhər hələ türklərin əlində deyildi. Bundan şübhələnən diktatura missiyanı həbs etdi. Sonrakı hərbi hissə polkovnik R.Keyworth başçılığında gəlib Bakıya çatdı. Diktatura bu qədər az əsgərin gəlməsini xoş qarşılamamışdı. Bunu Daşnaksütun nümayəndəsi doktor Aratyan vasitəsilə Denstervilə çatdırmışdılar. Diktatura "Kursk" və "Abo" gəmilərini ingilislərin ixtiyarına vermişdi. Lionel Denstervil özü isə "Prezident Krüger" gəmisi ilə Serbiya bayrağı altında Bakıya yol almışdı. Diktatura isə şəhərdə hakimiyyəti ələ ala bilməmişdi. 15 avqust 1918-ci ildə polkovnik R.Keyworth şəhərdə özbaşınalıq olduğunu, əsgərlərin istədiyi vaxt hərbi hissəni tərk edib şəhərə getdiyini, sanitar vəziyyətin acınacaqlı halda olmasını, aclığın başladığını yazırdı. Denstervil özü artıq 17 avqustda Bakıda idi. Erməni polkovnik Avetisyanı Muğan Müvəqqəti Hərbi Diktaturasına köməyə göndərərək əsas gücü özü əlinə aldı. Diktatorlar özləri ancaq ofisdə otururdular və cəbhə xəttinə getmirdilər.

Bakının ələ keçirilməsi
14 sentyabrda Qafqaz İslam Ordusunun yekun hücumlarından sonra, ingilislər Bakıda qalmağın mümkün olmaması haqqında mərkəzə məlumat vermişdilər. Diktatorlar Lemley və Sadovski Denstervilə geri qayıtmaq əmri versə də ingilis ordusu çoxdan şəhəri tərk etmək qərarına gəlmişdi. 1918-ci il 15 sentyabr tarixində Bakı döyüşü nəticəsində Sentrokaspi Diktaturası məğlub olmuş və Bakı şəhəri Azərbaycan Demokratik Respublikasının nəzarəti altına keçmişdir.


Tarix: 12.02.2015 / 15:54 Müəllif: Feriska Baxılıb: 211 Bölmə: Ümumi
loading...