Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yelizavetpol qəzası

Yelizavetpol qəzası - Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasında inzibati-ərazi vahidi. Rusiya imperiyası Gəncə xanlığını işğal etdikdən (1804 il, yanvar) sonra xanlıq ləğv edildi, Yelizavetpol dairəsi yaradıldı. Dairə Gürcüstan quberniyasının tərkibinə daxil edildi. 1840 il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşəddil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu. 1846 il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867 il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldıqda, Yelizavetpol qəzası Tiflis quberniyasından alınaraq onun tərkibinə verildi, yeni Qazax qəzası təşkil edildi. Qafqaz təqviminin (1917) məlumatına görə, qəzanın ərazisi 8726,0 kv.verst idi. Qəzada 214746 nəfər əhali yaşayırdı. Onların 191096 nəfəri yerli sakinlər, 23650 nəfəri müvəqqəti yaşayanlar idi. Əhalinin 111610 nəfəri kişi, 103136 nəfəri qadın idi. Azərbaycanlılar (140 mindən çox) əhalinin 65,2%-ni təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada 12,3 min rus yaşayırdı. Qəza əhalisi kənd təsərrüfatı, sənətkarlıq və ticarətlə məşğul olurdu. Fevral inqilabından (1917) sonra Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə icraiyyə komitəsi təşkil olundu. Oktyabr çevrilişindən (1917) sonra qəzada bolşeviklərin pozuculuq fəaliyyəti gücləndi. Cümhuriyyət Hökumətinin Yelizavetpola köçməsinin qəzanın da həyatında böyük rolu oldu. Hökumətin 1918 il 30 iyul tarixli qərarı ilə Yelizavetpol Gəncə adlandırıldıqdan sonra, qəza da, müvafiq olaraq, eyni adı aldı. Gəncə qəzasında sabitliyin yaradılması və iqtisadi inkişafın təmin edilməsi üçün tədbirlər görüldü. Bolşeviklər qəza əhalisinin əksər hissəsinin kəndlilərdən ibarət olduğunu nəzərə alaraq, kəndli hərəkatının geniş-ləndirilməsinə çalışırdılar. Dövlət qəzanın idarəçiliyini təkmilləşdirmək məqsədilə Gəncə qəzasını iki yerə bölməyi qərara aldı. Parlament 1920 il aprelin 22-də Gəncə qəzasına daxil olan 34 kənd icması əsasında Şamxor qəzasının yaradılması haqqında qanun qəbul etdi. Lakin qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Gəncə qəzası da sovetləşdirildi. 1929 ildə Azərbaycan SSR-də həyata keçirilən rayonlaşdırma zamanı Gəncə qəzası ləğv olundu.


Tarix: 11.02.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Ümumi
loading...