Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şihabəddin Ömər Sührəvərdi

Həyatı
Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir.

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı xatırladır ki, Əbuhəfs Sührəvərdi "bəzi abdallarla (dərvişlərlə) birlkdə Əbbadan adasında Xızır əleyhissəlamı dinləmişdir".

Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük hörmət və ehtiramla qarşılanmışdır. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, elçinin Aqsaraya yetişməsini eşidincə sultanla bərabər qazilər, imamlar, şeyxlər, sufilər, əxilər və fütüvvə sahibləri pişvaza çıxdılar. Sultan Əlaəddin Şeyx Şihabəddin Sührəvərdi ilə görüşərkən onun əlini öpdü. Elçi gətirdiyi xalatı və əmmaməni Konyada sultana verdi. O, xilafət qaydası ilə xalq qarşısında sultanın kürəyinə dörd dəfə üsulluca çubuqla vurdu. Sultan Əlaəddin islamiyyət imamının hədiyyəsi olan bəzədilmiş qızıl nallı qatırın dırnağından öpdü. Şeyxlə birlikdə atlara minib gəzintiyə çıxdılar. Bütün xalq sultanı həmin vəziyyətdə seyr etdi. Geri döndükdə qonaqlıq oldu.

Şəmsəddin Əhməd Əflakinin (... – 1360) verdiyi məlumatda Şeyx Şihabəddin Sührəvərdinin Konyada qəbul edilməsi epizodu təsvir edilmişdir. Burada böyük Azərbaycan filosofu ilə Mövlanə Cəlaləddin Ruminin atası, o dövrün tanınmış ictimai–siyasi xadimi Bəhaəddin Vələd (...–1231) arasındakı münasibətə xüsusi diqqət yetirilir. Tarixçi yazır: "Xəlifə tapşırığını çatdırdıqdan sonra Bəhaəddin Vələd şeyxə böyük ehtiram göstərdi; o, Bağdadda həddən ziyadə ibadətlər etmişdi. Ona dedi ki, sührəvərdlilər həm ətiq şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar."

AMEA-nın müxbir üzvü Zakir Məmmədov qeyd edir ki, Bəhaəddin Vələd səltənət adından sührəvərdilər "bizə yaxın qohmdurlar" deyərkən, şübhəsiz, onların türkdilli, daha doğrusu, azərbaycanlı olmalarını nəzərdə tutmuşdur. Şihabəddin Əbuhəfs Sührəvərdi ömrünün son çağlarında kor olmuş, 1234–cü il sentyabrın sonlarında Bağdadda vəfat etmiş və orada Vərdiyyə qəbirsanlığında dəfn edilmişdir.

Şəcərəsi
Şeyx Əbu Həfsə Ömər ibn Şeyx Şəmsəddin Məhəmməd bin Şeyx Abdulla bin Şeyx Səd bin Şeyx Həsən bin Şeyx Qasim bin Şeyx Nəzrə bin Şeyx Qasim bin Şeyx Məhəmməd bin Şeyx Abdulla bin Şeyx Əbdürrəhman bin Şeyx Qasim bin Əbu Bəkr Siddiq

Əbunnəcib Sührəvərdi əmisidir.


Tarix: 09.02.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Ümumi
loading...