Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşquz

Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir.
Skif,sak və massagetlərin Azərbaycana gəlişi
Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir. Relyefdə təsvir olunan ox və yayla silahlanmış iki atlını o, geyim və əlbisəsinə görə skif hesab edir.

E.ə.VIII əsrin sonlarına aid Assur mənbələrindən assurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur. Onların ardınca isə tezliklə mənbələr (e.ə. VII əsrin əvvəlləri) "asğuzai/isguzai" şəklində skiflərin adını çəkir. Herodotun məlumatına görə kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə Qafqaz dağlarını sağda qoyub Xəzər dənizinin Qərb sahili boyunca hərəkət etmişlər.

Kimmer və skiflərin Qafqazdan keçərək Cənubi rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y.İ.Krupnov öz tədqiqat işində bu türk tayfalarının hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi osetin yolu və Dərbənd keçidindən istifadə etmişlər.


Tarix: 05.02.2015 / 13:00 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Ümumi
loading...