Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biznesmenlər üçün

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi mühüm bir iş var idi. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim yerinə yetirmirdi. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı Hər Birinin bu işi yerinə yetirəcəyini fikirləşirdi, amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı...
Yaxşı təşkilatçılıq olmayan yerdə qayda-qanun yox, insanlar hökm edir...

İki sahibkar bir kitabdan oxuduqları proqnoza əsaslanaraq, əllərində olan bütün sərmayələrini verərək hamısının müqabilində qəhvəyi rəngli parça alırlar. Amma gözlənildiyi kimi, həmin il qəhvəyi rəngli parça dəbdə olmur və sahibkarlar iflasla üz-üzə qalırlar. Bir-iki gün sonra onların dükanına girmiş bir zabit qəhvəyi rəngli parça lazım olduğunu deyir və həmin parçadan nümunə götürərək komandirinə göstərmək üçün aparır. O, komandir bəyənəcəyi təqdirdə əllərində olan bütün malı alacağını deyir. Və şərtləşirlər ki, əgər sabahı gün saat 12:00-a kimi komandirdən teleqraf gəlməsə, deməli parça alınmışdır və ölçüyə uyğun kəsə bilərlər. Gecə boyu yata bilməyən iş adamları səhər tezdən saniyələri saymağa başlayırlar. Saat 10 olur, 11 olur, hələ ki, heç bir xəbər yoxdur. 12-yə qədər poçtalyonun gəlməməsi üçün canlarını dişlərinə keçirib gözləyirlər. Saat 12-yə 5 dəqiqə qalmış küçənin o başında poçtalyon görünür. Çarəsiz şəkildə yerlərində donub qalırlar. Məyus olsa da, biri teleqrafı oxumağa qərar verir və ilk sətirə göz gəzdirib sevinclə qışqırır: “Muştuluğumu ver, atan ölüb”.
Atasının ölümünə sevinmək istəməyənlər biznesə girişmədən əvvəl marketinq tədqiqatı aparsınlar.



Bir marketinq şirkətində qablaşdırma üzrə işə düzələn birisi elə ilk iş gününün sonunda qovulur. Çünki qablaşdırılmaq üçün yanına gətirilən bananları əyri olduqları üçün zibil qabına atırmış.
Düzəldilməsi mümkün olmayan əyriləri vaxtından əvvəl düzəldə bilməzsiniz.

Bir şirkət işçisi psixoloqa müraciət edir: “Özümü axtarıram, xahiş edirəm mənə kömək edin”. Həkim ondan: “Özünüzü tapdıqda qarşınızda necə adamı görmək istəyərdiniz?” – deyə soruşur. O isə belə cavab verir: “Qarşımda görəcəyim adam istəyirəm ki, müdirim kimi uğurlu biznesmen, hamı tərəfindən sevilən, çoxlu pulu olan, dünyanın bir çox ölkəsini gəzmiş olsun...” Həkim onun sözlərini yarıda kəsir: “Bağışlayın, onda siz özünüzü deyil, müdirinizi axtarırsınız”.
Əsas olan nəyi axtarmağın yox, niyə axtarmağındır.


Tarix: 05.12.2014 / 15:30 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Ümumi Psixologiya
loading...