Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sözdə yox, əməldə!

Səhvini anlayan kimi üzr istəmək insanlıqdır. Övladınızın ədalətli və təvazökar olmasını istəyirsinizsə, lazım gələrsə, onun özündən belə üzr istəməkdən çəkinməyin.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməlinizə göz qoyur, sizdən öyrənirlər. Sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad etmir, amma bunu üzə vurub onu məyus etmir, sadəcə olaraq, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.

Ola bilsin ki, bir söz vermisiniz və necə olubsa, o vədinizi unutmusunuz. Övladınız da o sözü sizə xatırlatmağa həya edir, istəmir ki, qəlbinizi qırsın və ya sizə inanmadığınızı üzünüzə desin. Üstündən xeyli keçəndən sonra birdən verdiyiniz o söz yadınıza düşür. Övladınızın nəzərində öz etimadınızı bərpa etmək üçün mütləq üzr istəmək lazımdır.
Təkcə üzr istəmək kifayət deyil, verdiyiniz sözü də yerinə yetirməyə çalışmalısınız. Yəni, əsas məsələ etimadı bərpa etmək, övladın nəzərində yalançı valideyn kimi tanınmamaqdır.
Təkcə övladdan deyil, həyat yoldaşından, bacıdan, qardaşdan, qonşudan, daha doğrusu, kimə qarşı səhviniz olmuşsa, ondan üzr istəmək sizi ağıllı övladın gözündə daha da ucaldar.
Təbii ki, həssas davranmalı və mümkün qədər xətalardan, günahlardan uzaq durmağa çalışmalıyıq. Ancaq bir xətamız olubsa, onu aradan qaldırmaq üçün də əlimizdən gələni etməliyik.

Sizin övladınız başa düşməlidir ki, insan başqalarının haqqını tapdalamamalı, əgər tapdaladısa, xətasını anlayan kimi haqqı, ədaləti bərpa etməyi özü üçün həyat prinsipinə çevirməlidir. Əgər siz ailədə, uşaqlarınızın qulağı eşidə-eşidə qonşunun qeybətini edirsinizsə, onun haqqında iftira danışırsınızsa, inanın ki, ən böyük ziyan özünüzə dəyəcək. Çünki bu qədər ağır bir hadisədən sonra övladınız nə qədər çalışsa da, öz nəzərində sizin dürüst insan obrazınızı formalaşdıra bilməyəcək. Üzr istəmək mənəvi yüksəklikdir, üzr istəyən ədalətli adamdır. Həm də güclü və üstün olduğu halda üzr istəmək, həmçinin, qarşı tərəfin kim olmasından asılı olmayaraq ondan halallıq istəmək böyüklükdür.
Üzr istəməyi əskiklik sayan, haqsız olduğunu bilə-bilə inad edən, təkəbbürlü davranan heç vaxt yaxşı adam ola bilməz.
Təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə kiçikliyinin ölçüsüdür. El arasında deyildiyi kimi, ağac nə qədər çox bar versə, başını o qədər aşağı əyər. Barlı ağac kimi dolu olub təvazökar davranmaq üstünlükdür.
ata məsləhəti

Bu məsələdə orta yolu tutmaq çox vacibdir. Təkəbbür göstərmək zərərli olduğu kimi, xəta işləməyi və üzr istəməyi adət halına gətirmək də insana bir şey qazandırmaz. Ancaq bütün hallarda üzr istəmək təkəbbürdən daha yaxşıdır. Biz uşaqlarımızdan üzr istəməyi bacarmalıyıq ki, onlar da bir xəta işlədiklərini anlayan kimi, üzr istəyə bilsinlər. Yəni, tərbiyənin təməli valideynlərin üzərinə düşür. Üzr istəməyən və ya üzr istəmək istəməyən övlad ya bunun əvəzini nə vaxtsa, ağır cəza ilə ödəməyə məhkum olur, ya da bu təkəbbürünə görə cəmiyyətdən təcrid edilir. Əslində, bu cür insanları heç kim sevmir, onlara heç kim etibar, etimad göstərmir. Üstəlik də, təkəbbür elə bir mənəvi xəstəlikdir ki, uzaq çevrədən başlayaraq, mərkəzə doğru yaxınlaşır və bir gün övlad eyni münasibəti ən yaxınlarına, valideynlərinə belə göstərir. Üzr istəyəni bağışlamaq da mənəvi ucalığın, böyüklüyün əlamətidir. Bəndələrinin günahlarını bağışlayan Allah bu yolu tutan qullarını sevir.

Evdə övladlar böyüyür. Siz bəzən onlarla söhbət edirsiniz və bu söhbət zamanı öyüd-nəsihət verirsiniz, ancaq əmin olun ki, onlar sizdən eşitdiklərini deyil, gördüklərini götürürlər. Ona görə də, nə dediyinizi və nə deyəcəyinizi əvvəlcədən yaxşı-yaxşı ölçüb-biçməlisiniz. Övladınızın ədalətli, təvazökar, səmimi, xeyirxah olmasını istəyirsiniz. Bunun üçün gərək onda görmək istədiyiniz keyfiyyətləri özünüz yaşayaraq nümayiş etdirəsiniz. Uşaq sizin söylədiklərinizi sözdən deyil, gördüklərindən götürərək, öz ruhuna, xarakterinə hopdurmalıdır.
Üzr istəməkdən çəkinməyin. Siz övladınızdan üzr istəyin ki, o da böyüyüb bir xəta işləyəndə başqalarından üzr istəyə bilsin.


Tarix: 27.11.2014 / 12:13 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Ümumi Psixologiya
loading...