Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhv metod | Qışqırmaq

Uşağın üstünə qışqırmaq əslində güclülüyün yox, zəifliyin ifadəsidir. Çünki bu şəkildə deyilən bir söz heç vaxt arzuolunan nəticəni vermir. Bütün bunlar sınanmış, təcrübədən keçmiş həqiqətlərdir.
Əgər övladınızı istədiyiniz kimi tərbiyə etmək istəyirsinizsə, bunun yeganə yolu sevgidir, səmimiyyətdir. El arasında bir söz var: “Hoha var dağa mindirər, “hoha var dağdan endirər”. Bəlkə də ilk dəfə uşaq sizin qışqırmağınızdan çəkinərək dediyinizi edəcək, ancaq bir və ya bir neçə dəfədən sonra bu “üsul” mütləq iflasa uğrayacaq.

Övlad tərbiyəsi çox böyük təcrübə və məsuliyyət tələb edən işdir. Əgər işin içinə stress, gərginlik girsə, heç vaxt arzuolunan nəticə alınmır. Qışqırmaq zəiflik ifadəsi olmaqla yanaşı, eyni zamanda sizin son silahınızdır. Çünki bundan sonra artıq sizin uşağa qarşı heç bir təsir gücünüz qalmır. Burada ən doğru yol uşağın sevgisini, səmimiyyətini qazanmaqdır.

Ailə hər kəsin alınmaz qalası, sevgi yuvasıdır. Buna görə də uşaqları ehtiram hissində, hörmət ruhunda tərbiyə etmək lazımdır. Bunun üçün güc “tətbiq etməyə” ehtiyac yoxdur. İstər mənəvi dəyərlərimizdə, istərsə də ənənələrimizdə uşaq həmişə evin xoşbəxtliyi, həm də səadəti kimi qəbul olunur. Ona görə də bu zərif və məsum varlıqların qəlbini qırmayın. Onlara sevgi, səmimiyyət telləri ilə bağlanın. Onların qəlbinə hakim olun, onların könlündə taxt qurun ki, sizi bir işarənizdən, bir hərəkətinizdən anlasınlar.


Tarix: 27.11.2014 / 12:25 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Ümumi Psixologiya
loading...