Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanunvericilik hakimiyyeti

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir. Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir. İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.


Azərbaycan Respublikasının Milli Məclisi ümumi və birbaşa seçkilər əsasında 5 il müddətinə seçilmiş, 125 millət vəkilinin daxil olduğu təkpalatalı parlamentdir. Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir.



Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Azərbaycan Respublikasının Milli Məclisi Baş nazirin təyin edilməsinə razılıq verir və Nazirlər Kabinetinə etimad gostərilməsi məsələsinə baxır. Azərbaycan Milli Məclisi Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri hakimlərini təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması Milli Məclisin səlahiyyətlərinə aiddir. Milli Məclis bütün bunlarla yanaşı dövlətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi, referendum təyin edilməsi, Hesablama Palatasının yaradılması məsələlərini həll edir. Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan (yay və payız) sesiyaları vasitəsi ilə həyata keçirir.


Tarix: 27.08.2012 / 21:55 Müəllif: [Ram] Baxılıb: 2938 Bölmə: Ümumi Melumat
loading...