Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şumer- Türk- Azərbaycan eyni kökdür

Elməddin Əlibəyzadə «Bilqamıs», «Avesta», «Orxon -Yenisey» kitabələri haqqında geniş araşdırmalar aparıb.

Gülxani Pənah,araşdırmaçı: «Mən Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm:
Millətim türk, dilim türk dili, Vətənim Azərbaycandır». Bu fikirlər Elməddin Əlibəyzadəyə məxsusdur. Onun elmi fəaliyyətinin əvəzsiz incisi «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» üzrə apardığı tədqiqat işləridir. Bütün elmi fəaliyyətini kənara qoyub, alimin bu yönümdə apardığı işləri tədqiq etsək, zəngin, ensiklopedik bir biliyə malik Azərbaycan alimi, mütəffəkiri gözlərimiz önündə canlanar. «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» əsərində islamaqədərki tariximiz, türk xalqlarının, eləcə də Azərbaycan xalqının soykökcə Şumerlərlə bağlılığı məsələlərini üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi aşkarlamaq, atəşpərəstliyin türk-Azərbaycan təfəkkürünün məhsulu olduğunu elm aləminə sübut etmək, dil, din, yazı, elm, astronomiya və başqa «sivilizasiyaların məhz türk -Azərbaycan xalqının dünyaya bəxş etdiyi problemləri» araşdırmaq mümkündür. Alim Azərbaycan mənəvi aləminin zəngin bünövrə, «kök» üzərində yaranıb, inkişaf edib, öz «milli-psixoloji» axarına düşüb kamilləşməkdə olduğunu bildirir.
Qədim ŞumerBütün türk xalqlarının, eləcə də onun varisi Azərbaycan xalqının da alimin fikrincə, «xəmiri» əzəldən şeirlə yoğrulub. Füzulinin farsca «Divanı»nın dibaçəsinə yazdığı «türkcə şeir mənim əslimin səliqəsinə uyğundur» sözlərində böyük həqiqət olduğunu bildirən E.Əlibəyzadə yazır:
«Ümumtürk kökündə «Göy tanrı dini» - «Avesta» müqəddəs dini kitabı və «Bilqamıs//Gilqamış» dastanı, türklərdə «Alp Ər Tonqa», azərbaycanlılarda «Dədə Qorqud», özbəklərdə «Alpamıs//Aapamış», qırğızlarda «Manas», başqırdlarda «Uralbatır» və s. məhz şeirlə nəsrin vəhdəti -növbələşməsiylə yaranmış dünyəvi sənət inciləridir. Türk xalqları hələ «bələkdə» ikən şeirlə nəfəs alıb, ona şeirlə ana laylası çalınıb, çox vaxt onun fəlsəfəsi şeirlə yazılıb, hətta bəzən lüğət kitabları şeirlə düzülüb qoşulub».

Dünya ədəbiyyatının ən nadir inciləri kimi tanınan Azərbaycan xalqının yaratdığı sənət abidələrini E.Əlibəyzadə əsl ədəbiyyatşünas kimi misra-misra, kəlmə-kəlmə açır, Şərq fəlsəfi təfəkkürünün zəngin mədəniyyətinin nadir inciləri kimi «saf-çürük» edir, bunlarda «Bilqamıs»dan tutmuş bugünümüzə qədər yaranan bədii sənət nümunələri arasındakı bağlılığı, ana telləri gördüyünü bildirir və «bizi «Dədə Qorqud» kitabının, «Bilqamıs» dastanının əsil varisi, doğma övladı olduğu qənaətinə gətirir.

Alim apardığı araşdırmalarda bunlardan fərqli olaraq türklərin əcdadları olan Şumerlərin mövcud bilikləri yaymaq, şifahi şəkildə yaratdıqları nəğmələri, dastanları «kitaba köçürmək üçün gil lövhələrdən» istifadə etdiyini bildirir. O, «Bilqamıs» dastanını bu cür gil lövhələr üzərində yazdığını və o gil lövhələr üzərində müasir dövrümüzə gəlib çıxdığını, bu ulu kitabın müəyyən gil lövhələri xarab olsa da, yazıları silinsə də, «yenə o sözünü deyib, zəngin məzmunu, süjet xətti, orijinal yazılış tərzi, üslubu və s. üstünlüklərilə dünyanın nəzərini özünə cəlb edib, dünya mədəniyyətinin şah əsərləri sırasına daxil olub»- deyir.

«Bilqamıs» dastanının 4-6 min il əvvəl, Dəclə-Fərat çayları hövzəsində yarandığını, bu qəhrəmanlıq dastanının bizə yaxın qədim türk kitabələri («Alp Ər Tonqa», «Naməlum qəhrəmanın ölümünə ağılar», «Dədə Qorqud», «Orxan-Yenisey kitabələri») arasında maraqlı paralellər, ideya-fikir yaxınlığı, hətta yazılış tərzi və üslub oxşarlığı» olduğunu, «bu kitabələrin eyni qaynaqlardan qidalandığı, mənəvi tellərlə bağlılığı»nın açıq-aşkar sezildiyini bildirir.

Şumer mədəniyyətinin böyüklüyü kimi, bu «itmiş Şumer telinin tapılması, problemin mümkün qədər ədalətlə, dürüst və ağla uyğun həlli dünya şumerşünaslığının ümdə vəzifəsi», «son dərəcə geniş və əhatəli və bəşəri problem» olduğu onu narahat edir, dünya elminin şumerlərin kimliyi barədə fikirlərini diqqətlə araşdırır. Şumerşünaslığın yeni bir elm sahəsi kimi yaranıb inkişaf etməsini, şumerşünasların fikir və rəylərinin «üst-üstə» düşdüyünü «bir-birindən xəbərsiz gəldikləri nəticələri»nin bir nöqtədə birləşdiyini, «Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır. Şumerlər müasir türk xalqlarının əcdadlarıdır» fikri üzərində dayanıb onun həqiqiliyinə şübhə etmədiyini bildirir.

E.Əlibəyzadə hər hansı bir məsələylə bağlı fikirlərini söyləyəndə, elmi məntiqi nəticəyə gələndə tələsmir, diqqətlə, səbirlə, geniş, elmi arxeoloji tədqiqatlara, mənbələrə əsaslanaraq onlara bir-bir gözümüzün qarşısında müraciət etməklə, nəzəri təhlilini verməklə, müqayisələr aparmaqla, elə bir inandırıcı, həqiqi məntiqi fikirləri ümumiləşdirməklə fikrini yekunlaşdırır ki, onun elminə, zəkasına, zəngin elmi-nəzəri təcrübələrinə heyran olmamaq olmur. O, hər hansı bir fikrin tam təhlilini verməmiş nəticə çıxarmağa tələsmir. Tələsməməyinin nəticəsidir ki, alim bu qədər zəngin elmi-ədəbi-bədii təcrübə toplayıb, yüzlərlə elmi əsərlərin, çoxlu sayda qiymətli elmi, tarixi, nəzəri kitablarını yazıb, mənsub olduğu xalqının kökünü, mənşəyini öyrənib, onu qiymətli məlumatlarla zənginləşdirib.

E.Əlibəyzadə «Bilqamıs» və «Dədə Qorqud» üzərində bəzi üslubi paralellərin müqayisəli təhlilini aparır və belə qənaətə gəlir ki, hər iki dastanda əsər boyu paralelizm «aparıcı», «əsas üslub»dur. Alim fikrinin sonunda tarixin Şumerlərdən başlanması haqqında tədqiqatçıların fikirlərinə fikri də əlavə edir ki, «Ədəbiyyat da «Bilqamıs» dastanından başlanır». Şumer-türk ədəbiyyatımızın bədii yaradıcılığı, estetik fikri, düşüncəsi, zəkası və müqəddəs ruhunun əbədi məhsulu kimi qəbul etdiyi bu dastanı «bizim ən qədim dövr ədəbiyyat tariximizin ilk parlaq nümunəsi» kimi də qiymətləndirir. Fikirlərini belə ümumiləşdirir: «Bilqamıs» dastanını əsasını təşkil edən hadisələr - dostluq, qardaşlıq ənənələri, mənəvi təmizlik, saflıq, yüksək, alicənab hisslərlə əhatə olunmaq, məhəbbətə sadiq qalmaq, ailə-məhəbbət məsələləri, ölməzliyə can atmaq və s. Şumer xalqının fəthindən sonra belə ölməmiş, ağızlarda, sinələrdə, ürəklərdə yaşayaraq dolana-dolana sızılıb gəlib, «Dədə Qorqud kitabı»nda həkk olunub, Azərbaycan klassiklərinin - Nizaminin, Füzulinin ölməz əsərləri üçün ilham mənbəyi olub. Şumer hökmdarlığına son qoyulandan, Şumer dövləti dağılandan sonra belə Şumerlər məhv olmayıb, qismən əsarət altında qalıb, qismənsə ayrı-ayrı ərazilərə paylanıb, parçalanmış şəkildə yaşayıb-yaradıblar.

Alim qətiyyətlə bildirir ki, «Şumer-Türk-Azərbaycan eyni kökdür, eyni xalqdır. Hər bir gələcək tədqiqatçı burada qoyulan məsələlər üzərində ciddi araşdırmalar aparsa, bu, E.Əlibəyzadə kimi millətini, xalqını, onun tarixini, ulusunu, uruğunu-turuğunu tanıyan alimin əməyinin itməməsi deməkdir. Bəlkə də Azərbaycan ədəbiyyatında yeganə tədqiqatçıdır ki, Alp Ər Tonqa ağılarının zəngin, mükəmməl elmi-bədii təhlilini aparıb, bu ağılar haqqında ədəbiyyatşünaslıq baxımından da qiymətli fikirlər söyləyib. E.Əlibəyzadə «Bilqamıs», «Avesta», «Orxon -Yenisey» kitabələri haqqında geniş, əhatəli qiymətli araşdırmalar aparıb, onların yaranması, inkişafı, mənsub olduğu xalq, onun kökü, mənşəyi haqqında qiymətli fikirlər söyləyib. Qədim Şumerlərdə dastan yaradıcılığının «güclü» olduğunu söyləyən E.Əlibəyzadə müxtəlif qaynaq və tədqiqatlarda doqquz dastan haqqında məlumat verir və onların adlarını çəkir: «Enmerkar və Arakka hökmdarı», «Bilqamıs və Ağa», «Uruk və Aratta», «Luqamonda və Enmerkar», «Luqalbanda və Hurrum», «Bilqamıs» və sair.

E.Əlibəyzadə yüksək peşəkarlıqla dastanların elmi-bədii təhlilini verir. O, öz araşdırmalarında Şumer mədəniyyətinin nadir incilərindən olan Şumer hekayələri haqqında da maraqlı elmi-ədəbi tədqiqatlar aparır. Şumer hekayələrinin çoxunun «tarixi faktlara söykən»məsi haqqında tədqiqatçıların fikirlərinə də nəzər salır. Bu hekayələrdəki yüzlərlə öyüd-nəsihətlərdən alim bir neçəsini nümunə göstərir. Bu öyüdlər, nəsihətlər qədim «Şumer dünyamızın» tərbiyə üsullarını öyrənməyə, «əxlaq-etika, ədəb-ərkan» haqqında fikir yürütməyə imkan verdiyini söyləyir.

Alim Azərbaycan-türk mədəniyyətinin tarixinin ən qədim dövrlərini araşdırarkən «Avesta»nı daha çox diqqət mərkəzində saxlayır. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi kitabında «Avesta», onun ulu qaynaqları, dini-mifoloji kökləri, milli-mənsubiyyəti, «Avesta»nın quruluşu və s. haqqında məlumat verir. «Avesta»nın inkişaf mərhələlərini araşdıran tədqiqatçı müəllifi Zərdüştün «pay və təmiz dini-ruhani ideyaları ilə» şöhrət qazandığını, insanları paklığa, təmizliyə, düzlüyə çağıran, bu əqidəyə xidmət edən müqəddəs bir varlıq kimi qiymətləndirir. O, «Avesta» Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir» əsərində elə ilk sətirlərində Şumer sivilizasiyasının ilkin böyük məhsulu, zirvəsi, klassikası sayılan «Avesta» kitabını «Göy tanrı dininin və ya zərdüştlüyün müqəddəs dini kitablar toplusunun taleyinə acıyır, dünyanın görkəmli alimlərinin onu İrana, farslara məxsus kimi təhlil, təqdim etmələrinə təəssüflənir. Əsl «Avesta»nın mətnlərinin ləğv edilməsi, itib-batması, olan-qalan mətnlərin də fars-pəhləvi dilində gəlib bu günə çatmasının nəticəsidir ki, bu gün bu abidə haqqında yanlış fikirlər söylənilir. Alimlərin yanılması, səhvi onunla bağlıdır ki, «bu alimlərin «Şumerin kəşfindən» məlumatları olmayıb. Bu səbəbdən də «Avesta»nın dərin köklərinə, Şumer-Babil miflərinə, elmi-dini fəlsəfi qaynaqlarına nüfuz edə bilməyiblər. Zərdüştlüyün ilk qaynaqları, inkişaf tarixi, bütövlükdə dini ruhu «Avesta»nın ancaq Şumer-türk zonasının məhsulu olduğunu təsdiq edir».

E.Əlibəyzadə ağlın qüdrətinə, fikrin məntiqinə əsaslanaraq bu qənaətə gəlir. Bəzəksiz, boyasız, sərt, duru, olduqca məntiqi düşüncənin, ağlın qüdrətinin gəldiyi nəticədir. O, «Avesta»nın, «Bilqamıs»"ın, «Dədə -Qorqud»un, türk mifologiyasının, Azərbaycan bədii fikrinin, Nizami dühasının, Füzuli poetikasının dərin qatlarını qaldırıb, bir-bir o məxəzlərə yiyələnib, bir-bir o pərdələri açıb, simlərinə toxunub, dilləndirib, dindirib, açıqlayıb, araşdırıb və bir ümumi məxrəcə gəlib bu fikirləri söyləyəndə. O, 60 ildən çoxunu «Avesta»nı, «Bilqamıs»ı, Şumer-türk mədəniyyətini, Azərbaycan dünya türk sivilizasiyasının qoyub getdiyi mənəvi dəryalara baş vurub, dərya dərinliklərində qəvvasa dönüb, onun nadir incilərini ələ keçirmək istəyən fatehlərin tarixi mənbələrdə keçdiyi yolu tapıb, araşdırıb və hər dəfə yeni bir kəşflə qarşılaşıb.


Tarix: 09.12.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 243 Bölmə: Ümumi Melumat
loading...