Bilgəh qəsəbəsi şimal və şərqdən Xəzər dənizi ilə əhatələnib, cənubdan Buzovna, qərbdən Nardaran və Maştağa qəsəbələri ilə qonşudur. Kəndin əhalisinin sayı 11 min nəfərdir. Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf edib. Kəndin indiki sakinləri isə əsasən əkinçilik və gülçülüklə məşğul olurlar. Kəndin adı bəzi mənbələrdə bataqlıq yer mənasını verən “bilgəh” kəlməsi ilə əlaqələndirilir, bir başqa mənbələrdə isə barama yeri, ipək istehsal edilən yer anlamında olan “piləgah” sözü ilə izah edilir. Üçüncü versiya kimi kəndin adının Bilgə xaqanının adından götürüldüyü bildirilir. Ehtimal olunur ki, böyük türk xaqanı Bilgə xanın nəslindən olan şəxslər bu kəndin əsasını qoyublar. Böyük tarixçi A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Bilgəhin adını çəkir. Müəllif Şirvanın qədim tarixindən (ərəblərin Qafqaza gəlməsinədək) danışarkən qeyd edir ki, Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və digər kəndlərdə qayalar üzərində təkər izləri var ki, dənizin içərisinə doğru keçir. Bilgəh, Zirə, Bibiheybət kəndlərindən bəhs edir. Hacı Qalib Salahzadənin “Bilgəh” adlı kitabında Şirvanşahların XIII-XIV əsrlərdə Bilgəhdə hərbi postunun olduğu qeyd edilib.
Eradan əvvəl üçüncü minilliyə aid qaya təsvirləri, XII-XIV əsrlərə aid qala, Əbdül məscidi (XIV əsr), “Leyla xanım türbəsi” (XIII-XIV əsr), Sadıq məscidi (XVIII əsr), Qum hamamı (XVII-XVIII əsr), Baği hamamı (XIII-XIV əsr), Əlbəndə hamamı (XIX əsr), XVII əsrdən qalan karvansara və s. abidələr Bilgəhin tarixi haqda çox şeylər deyir.
“Bilgəh” kitabında qeyd olunur ki, VIII əsrdə İmam Museyi-Kazımın qızı Leyla, İmam Rzanın qızı Mübahidə düşmən təqiblərindən qaçaraq Bilgəhdə yaşamışlar. Əslində bu qədim Abşeron kəndi onların pənah yeri olub. Xəzərin şərqində salınmış bu kiçik kənd böyük şəxsiyyətləri ilə tanınır. Şeyx Bağır ağa, Şeyx Rüstəməli, Molla Xalıq kimi görkəmli din xadimləri, Abşeron sakinlərinin hörmətlə xatırladıqları Hacı Əlbəndə, Molla Baba kimi xeyirxah insanlar Bilgəhdə yaşayıblar. Bütün bunlarla yanaşı Bilgəh həm də Azərbaycan elminə və mədəniyyətinə nəhəng simalar verib. Görkəmli bəstəkar Tofiq Quliyev, musiqişünas Elmira Nəzirova, şair Zeynal Cabbarzadə, incəsənət xadimləri Mirmahmud Kazımovski və Rauf Kazımovski Bilgəhdə dünyaya gəliblər.
Bilgəh zəfəranı
Hər bir kəndin özünəməxsus simvolu olduğu kimi, Bilgəh deyəndə də ilk yada düşən zəfəran olur. Zəfəranın vətəni İspaniya olsa da, Bilgəh zəfəranı keyfiyyətcə heç də ondan geri qalmır. Hələ XIX əsrdə Bilgəh zəfəranı şöhrət qazanıb. Bakı kəndləri içərisində ən çox zəfəran istehsalı Bilgəhdə idi. O illərdə zəfərançılıq vacib gəlir mənbələrindən biri sayılırdı. Bu dəyərli məhsulun əsas hissəsi İrana ixrac olunurdu. Sovet dövründə yeganə olan Bilgəh “Zəfəran” sovxozunun istehsal etdiyi məhsul bütün SSRİ-də tanınırdı.
Tarixi vərəqləyərkən...
Günorta vaxtı olduğundan hava çox isti idi. Kəndin icra nümayəndəsi Mirxalıq Ağayev havanın çox isti olmasına görə “Siz də sərinlərdə gəlin də...bu istidə də həvəs var e sizdə...” deyib məni kəndin bütün abidələri ilə deyil, yalnız bir neçə abidəsi ilə tanış etdi.
Məlum olduğu kimi, qədim insanların yaşayış məskəni və qaya təsvirləri Abşeron yarımadasında çox müşahidə edilir. Bu abidələr Abşeron ərazisində daş dövründən tunc dövrünə keçid mərhələsinə təsadüf edir. Bilavasitə yarımadanın şimal-şərq hissəsində bu günədək aşkar edilmiş qədim dövrə aid abidələrdən hələlik ən qiymətlisi Ümidqaya abidəsidir. Bu abidə Bilgəh və Nardaran qəsəbələri arasında yerləşir. Burada Ümidqayanın zirvəsində göy cisimləri təsvir edilib. Bu təsvirlər tunc dövrünə (e.ə. III minillik) aid edilir. Qaya və daş üzərində müxtəlif oyma və cızma üsulları ilə işlənmiş bu təsvirlərdə ov səhnələrinin, təsərrüfat sahələrinin, adət və ənənələrin əks etdirilməsi nəinki haqqında bəhs olunan bölgənin, bütövlükdə Azərbaycanın Tunc dövrü tarixini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Abşeron tarixi və mədəni irsinin tədqiq edilməsi üçün arxeoloq Q.M.Aslanovun kəşf etdiyi Bilgəhin Qoşa Kurqan qəbirlərinin öyrənilməsi Azərbaycan arxeologiyası üçün əhəmiyyətə malikdir. E. ə. II minilliyə aid olan bu qəbrin tədqiqatı zamanı içindəki sərdabədən gil qablar, balıqqulaqlarından düzəldilmiş muncuqlar və digər əşyalar tapılmışdır. Bu qəbirlərə dairəvi deşik olan daşlar da qoyulmuşdur. Belə daş qəbrin qapısını təmsil edirmiş. O dövrün dini əqidəsinə görə, guya ölünün ruhu bu deşikdən çıxaraq qəbiləni, ailəsini ziyarət edir, sonra təkrar bu yolla öz axirət evinə qayıdırmış.
Bilgəh XIV-XV əsrlərdə Xəzər dənizinin böyük ticarət əhəmiyyətli limanlarından biri olub. İngilis səyyahı Xristofor Berrou 1579-1581-ci illərdə ingilis tacirlərinin Qafqazın Xəzərsahili vilayətlərinə ekspedisiyasında iştirak edib. Bakı, Şamaxı, Dərbənddə olmuş X.Berrou İngiltərəyə göndərdiyi məktublarında yerli əhalinin təsərrüfatı, həyat və məişəti, həmçinin mətbəx mədəniyyəti, Bilgəh kəndi və burada qonaqsevərliklə qarşılanmaları haqqında geniş məlumat verib. Yeri gəlmişkən, X.Berrou Bilgəh adını Bildi kəndi kimi öz məlumatlarında qeyd edib.
Bilgəhdə arxeoloji qazıntılar zamanı şərti olaraq “Dini bina” adlandırılan tikililər aşkar edilib. Qazıntı sahəsində şərq üslubunda olan 6 otaq və bir neçə yardımçı otaqlar tədqiq olunub. Onların arasında iki böyük zal xüsusilə böyük əhəmiyyət kəsb edir. Həmin zalların hər birində iki sütun və iki ocaq yeri aşkar edilib. Ocaqlardan birində yanmış çıraqlar və çoxlu miqdarda məişətdə işlənən saxsı qab nümunələri tapılıb. Yardımçı otaqlardan birində yaşayış yeri sakinlərini su ilə təchiz edən daşdan yonulmuş su xətti, digər otaqdan isə çarhovuz aşkar edilib.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində burada üç mədəni təbəqənin olduğu müəyyən olunub. Birinci üst mədəni təbəqə XVII əsrin əvvəllərinə aid edilir. İkinci mədəni təbəqə XIII-XV əsrin əvvəllərinə, üçüncü mədəni təbəqə isə XVI-XVIII əsrlərə aid edilir.
Hamam kompleksi tikintisində aparılan tədqiqatlar zamanı 8 otaq müəyyən edilib. Burada təmizləmə işləri aparılarkən külli miqdarda məişətdə işlənən saxsı qab nümunələri tapılıb. Ümumiyyətlə, hamam tikili kompleksi tədqiqatçılar tərəfindən XVI-XVII əsrlərə aid edilir.
Hamam kompleksindən bir qədər aralıda isə qədim müsəlman qəbirləri aşkar edilib. Qəbirlər XVII-XIX əsrlərə aid edilir. Maddi mədəniyyət nümunələri içərisində əsasən metal, şüşə, dulus və daş işləmə sənət nümunələri üstünlük təşkil edir.
* * *
Doğrusu, Bilgəhdə kəndin ağsaqqalları ilə görüşə bilmədiyim, onların dilindən Bilgəhin qədim adət-ənənələri barədə məlumat ala bilmədiyim üçün bir qədər məyus olsam da, kəndin tarixi və əsrarəngiz havası çox xoşuma gəldi. Kənd bələdiyyəsindən “sədrin icazəsi olmadığı halda tarixi abidələrlə tanışlığa icazə yoxdur” qadağası isə az qala bütün ümidlərimi puça çıxarmışdı. Lakin kəndin hörmətli ziyalısı Hacı Qalib Salahzadənin köməyi sayəsində Bilgəhi gəzərək kəndin tarixi, qədim abidələri ilə qismən tanış oldum.
Tarix: 09.12.2014 / 16:09 Müəllif: Aziza Baxılıb: 261 Bölmə: Ümumi Melumat