beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana bətnindəki körpələrin qənimi

Araz Bayramov: “Hər il minlərlə hamilə qadın böyrək xəstəliklərinin qurbanına çevrilir”
Ümumdünya Səhiyyə Təşklilatının (WHO) hesabatına görə, hər il dünyada yüzminlərlə hamilə qadın böyrək xəstəlikləri səbəbindən ya bətndəki körpəni itirir, ya da öz həyatını riskə atırlar.
Xüsusən böyrək ləyəninin genişlənməsi, sidik yollarının infeksiyası, böyrək daşı xəstəlikləri hamiləliyin ağır keçməsinə, nəticə etibarilə ciddi fəsadlara səbəb ola bilər.
Aktual.az məsələyə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq-androloq Araz Bayramovun münasibətini öyrənib.
Portalımıza açıqlamasında uzman-uroloq bildirib ki, bəzən qadınlar hamiləliyə qədər öz sağlamlığına biganə yanaşırlar ki, bu da sonda acı fəsadlara gətirib çıxarıb: “Avropada belə bir ənənə var ki, nigaha daxil olan cütlüklər ailə qurmamışdan öncə “check-up”dan (ümumi müayinə) keçirlər. Məlum olanda ki, onlar arasında nigah uyğun deyil, ilk növbədə qarşıya çıxan fiziki əngəlləri dəf etməyə çalışırlar. Yox əgər, bu da mümkün olmasa, o zaman ailə qurmurlar. Hər halda bu təsadüfi deyil. Bizdə isə nigah bağlayan insanlar bu məsələni bəlkələrin və Allahın ümidinə buraxırlar. Heç olmasa, hamiləliyə daxil olmamışdan öncə müəyyən müayinələr həyata keçirilməlidir. Hamiləlik planı olan qadınlar ilk növbədə sidikdən ümumi analiz verməlidirlər”.
“Bəs hamiləlik vaxtı problem aşkar olunubsa, o halda nə edilməlidir” sualına cavabında Araz Bayramov söylədi ki, bu gün bu problemdən əziyyət çəkənlərin sayı xeylidir: “Bəzən elə olur ki, hamilə qadın özündə sidik yollarında olan infeksiyanın hər hansı əlamətini hiss etmir. Amma bu o demək deyil ki, onun ciddi fəsadları olmayacaq. Asimptomatik sidik yolları infeksiyası, yəni heç bir ağrı və əlamətlə müşahidə olunmayan sidik yolları infeksiyası böyrəyin iltihablaşmasına (Pielonefrit), infeksiyanın qana keçərək, sepsis yaratmasına, son nəticədə həm ananın, həm də dölün həyatına təhlükə yaradır. Bu səbəbdən də Avropa Uroloqlar Cəmiyyətinin Guidelines-də (protokolunda) qeyd olunur ki, heç bir əlamətlə büruzə verməyən asimptomatik sidik yolları infeksiyası mütləq müalicə olunmalıdır. Xüsusən hamiləlikdə döl üçün fəsad törədə biləcək dərmanlardan qəti istifadə etmək olmaz. Gün ərzində çoxlu maye qəbul etmək lazımdır”.
“Vaxtaşırı olaraq telekanallarda əcnəbi həkimlərin hamiləliklə bağlı reklamlarına rast gəlirik. Doğrudanmı Azərbaycanda hamiləliyi izləmək bu qədər çətindir” sualına cavabında A.Bayramov qeyd etdi ki, bu iddialar kökündən yanlışdır: “Mən bir dəfə bu məsələ ilə bağlı mətbuatda yazı ilə çıxış etmişəm. Orda da qeyd etmişəm və bir daha sözümün üstündə dayanıram ki, bu iddialar ölkə səhiyyəsini nüfuzdan salmağa hesablanıb. Təəssüf ki, maddi maraqlar səbəbindən telekanallar da heç bir araşdırma aparmadan nəinki onları reklam edir, cəmiyyətə əcnəbi həkimlərin daha peşəkar olmasına dair rəy aşılıyırlar. Bu gün Azərbaycanda öz işini yüksək səviyyədə bilən və icra edən, uzun müddət Avropada çalışmış peşəkar mama-ginekoloqlar fəaliyyət göstərir ki, hamiləliyi Avropa protokollarına uyğun şəkildə izləyə bilirlər. Respublika Diaqnostika Mərkəzi, Baku Medikal Plaza, Mərkəzi Kliniki Xəstəxana və digər tibb mərkəzlərində hamiləlik ən yüksək səviyyədə izlənilir. Eyni zamanda Bakı Klinikasında böyrək problemindən əziyyət çəkən hamilə qadınların ən yüksək səviyyədə müayinə və müalicəsi aparılır. Hətta dəfələrlə hamiləlik dövründə sidik axarı daşını heç bir kəsik olmadan, yerli keyitmə ilə holmium-lazerlə parçalayıb, müalicə etmişik. Bu məsələnin üzərində çox dayanmaq istəməsəm də, bircə kəlmə cavab olaraq demək istəyirəm ki, uğurlu və peşəkar həkim öz ölkəsində fəaliyyət göstərərdi”.
Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb, bir müddət Fransada ən məşhur xəstəxana olan – Eduard Herriot adına Mərkəzi Xəstəxanada uzman-cərrah kimi fəaliyyət göstərib. Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü olan Dr. Araz Bayramov eyni zamanda ölkənin aparıcı klinikalarında, Mərkəzi Gömrük Hospitalı, Oksigen klinikası və MTN-nin hərbi hospitalında çalışıb. Hazırda Bakı Klinikasında Cərrahiyə şöbəsinin müdiridir və dəfələrlə Avropada beynəlxalq ali tibb mükafatları ilə təltif olunub.


Tarix: 26.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Urologiya