beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostat vəzinin xərçəngi

Hal-hazırda kişilərdə prostat vəzi xərçəngindən ölənlərin sayı ağ ciyər xərçəngindən sonra ikinci yerdədir. Prostat vəzi xərçəngi mütləq olaraq 45-50 yaşdan yuxarı kişilərin hamısında inkişaf edə bilər.

Yaranma səbəbləri axıra qədər öyrənilməmişdir. Prostatın xərçəngi inkişafını yaşlı kişilərdə hormonal dəyişikliklər, o cümlədən, kişi cinsi hormonunun – testosteronun yüksək səviyyəsi ilə bağlayırlar. Prostat vəzinin xərçəngi hormondan asılı şişdir, başqa sözlə, şişin inkişafı testosteronla stimullaşdırılır. Ona görə də qanda testosteronu yüksək olab kişilərdə prostat xərçəngi yaranması ehtimalı var və onun gedişatı daha bədxassəli olacaqdır.

Prostat vəzinin xərçəngi yavaş və bədxassəli gedişatı ilə fərqlənir. Bu o deməkdir ki, şiş yavaş-yavaş böyüyür (məsələn, qara ciyər xərçəngi ilə müqayisədə) və uzun illər boyu özünü biruzə vermir. Digər tərəfdən, prostat vəzinin xərçəngi tez metastaz verir və kiçik ölçülü şiş digər üzvlərə yayıla bilər. Çox vaxt yayılma sümüklərə (çanaq, bud, onurğa), ağciyərə, qaraciyərə, böyrəküstü vəzlərə keçir. Bu xərçəngin ən böyük təhlükəsidir. Metastazlar əmələ gələnədək şişi çıxartmaq və xəstəliyi dayandırmaq olar. Əgər metastazlar baş verərsə heç bir cərrah onları tamamilə aradan götürə bilməz və pasienti sağaltmaq qeyri-mümkünsüz olacaqdır.

Simptomlar və gedişat

Məhz bunlar xərçəngin ən böyük problemləridirlər – xəstəlik adamı o vaxt narahat edir ki, artıq o çox dərinə gedib və sağalma şansı xeyli aşağıdır. Prostat vəzinin xərçəngi sidik ifrazatının tezləşməsi, aralıqda ağrılar, sidikdə və spermada qan olması şəklində özünü biruzə verir. Lakin bu simptomların heç biri olmaya da bilər. Onda xəstəliyin ilk əlaməti xərçəng şişinin metastazı olur. Bu sümük (çanaq, bud, onurğa) ağrıları, sinə ağrıları ola bilərlər. Ağır hallarda sidiyin kəskin ləngiməsi, xərçəng intoksikasiyası simptomları – qəfil arıqlama, zəiflik, dərinin torpaq çalarlı ağarması və s. ola bilər.

Diaqnoz

Xəstənin ilk müraciətində uroloq düz bağırsaqdan prostat vəzini yoxlayır (rektal müayinə). Bu sadə və xeyirli üsul prostat vəzinin xərçəngindən şübhələnməyə imkan verir. Çox təəssüf ki, əgər şiş hiss olunursa, çox güman ki, bu xəstəliyin gecikdirilmiş mərhələlərindən biridir və bu zaman cərrahi əməliyyat artıq kömək edə bilməz. Xərçəngdən şübhələndikdə bir sıra analizlər verilir.

Hal-hazırda ən yaxşı və proqressiv üsul qanda xüsusi prostat antigeninin (XPA) tapılmasıdır. Prostat xərçəngi yarandıqda bu maddənin qanda olan miqdarı kəskin olaraq artır. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, bu gün bu praktiki olaraq yeganə üsuldur ki, prostat xərçənginin olmasını ilkin mərhələdə bilməyə imkan verir və bu halda prostatı cərrahi üsul ilə götürmək effektli olur. Bu üsul çox sadədir və xəstə üçün adi qan analizindən fərqlənmir. Bu üsulun yeganə nöqsanı ondan ibarətdir ki, nisbətən baha başa gəlir

. Digər araşdırmalar - USM, rentgen üsulları, yalnız şişin dəqiq ölçülərini və digər üzvlərin halını oyrənməyə imkan verirlər.

Prostat vəzi xərçənginin dəqiq diaqnozu prostatın biopsiyası aparıldıqdan sonra qoyulur – xüsusi iynə ilə aralıqdan və ya düz bağırsaqdan araşdırmalar üçün kiçik vəz hissəsi götürülür.

Müalicə

Prostat xərçənginin operativ, medikamentoz və şüa müalicələri vardır.

Operativ müalicə üsulları yalnız şiş hələ metastaz vermədiyi halda aparılır. Bu halda prostat vəzi “Prostat vəzinin adenoması“ məqaləsində yazıldığı kimi götürülür. Əgər əməliyyat müvəffəqiyyətlə aparılarsa, praktiki olaraq sağlamlığa xələl gətirilmədən prostat xərçəngindən tam xilas olmaq olar.

Medikamentoz müalicə üsulları hormonlarla müalicədirlər. Artıq deyilmişdir ki, şişin inkişafı xəstənin qanında olan testosteronun miqdarından asılıdır. Hormonal preparatlar testosteronu azaldırlar və ya blokadaya alırlar ki, bu da şişin və metastazların inkişaf sürətini azaltmağa imkan verir. Hormonlarla müalicə tam sağaltmır, lakin xəstəliyin simptomlarını azaldır və xəstənin ümumi halını yaxşılaşdırır. Çox təəssüf ki, hormonal preparatlar bir çox xoşagəlməz əlavə təsirlərə malikdirlər – arterial təzyiqin yüksəlməsi, potensiyanın azalması, ginekomastiya və s. Əgər sizə hormonal terapiya təyin olunubsa, belə hallarda nə etməyiniz barədə həkimlə məsləhətləşin.

Şüa terapiyası - prostat vəzi nahiyəsinin radioaktiv şüalanma ilə şüalandırılmasıdır. Bu şişin inkişaf sürətini azaltmağa, metastaz əmələ gəlməsi ehtimalını azltmağa imkan verir. Şüa terapiyası, həmçinin, xəstəni xərçəngdən sağaltmır, lakin ümumi halını yüngülləşdirir və ömrünü uzadır. Çox vaxt şüa və medikamentoz terapiyalar müalicənin effektini artırmaq üçün birlikdə tətbiq olunurlar.

Prostat vəzinin xərçəngindən necə qaçmaq olar?

Çox təəssüf ki, bu gün bu sualın cavabını heç kim verə bilmir. Heç bir halda prostat vəzinin profilaktikası üçün müalicədə istifadə olunan preparatlardan istifadə etmək olmaz. 45 yaşından yuxarı kişilərə ildə bir dəfə qan analizi vermək və analizin nəticələri ilə bağlı uroloq məsləhəti almaq lazımdır. Əgər xərçəng şübhəsi varsa hökmən prostatın biopsiyası, diaqnoz təsdiqləndikdə isə prostat vəzinin çıxarılması əməliyyatı aparılmalıdır.


Tarix: 16.01.2015 / 11:45 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Urologiya