beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək daşları cərrahiyəsində yenilik etmiş azərbaycanlı həkim

Onun uğurundan hər kəs danışır: Deputat da, alim də, idmançı da…
Azərbaycanın tanınmış uroloq-cərrahı Araz Bayramovun böyrək daşlarının heç bir kəsik, ağrı, stress, fəsad olmadan holmium-lazerlə müalicəsi sahəsində əldə etdiyi nəticə Avropa Uroloqlar Cəmiyyətinin “unikal cərrahiyə əməliyyatları” siyahısına salınıb.
Almaniyanın paytaxtı Berlində keçirilən müzakirələr zamanı azərbaycanlı cərrahla yanaşı, biri Fransadan, digəri isə Avstriyadan olmaqla üç cərrahın əldə etdiyi unikal nəticələr bu siyahıya aid edilib.
Dünya şöhrətli cərrah, Parisin Tenon Hospitalının Urologiya şöbəsinin müdiri, professor Olivie Trakser bununla bağlı öz bloqunda qeyd edib ki, Araz Bayramov Şərqin yeni tapıntısıdır: “Böyrək daşlarının heç bir kəsik, ağrı, stress, fəsad olmadan holmium-lazerlə müalicəsi Avropanın özü üçün də bir yenilikdir. Çox sevindirici haldır ki, bu gün uzaq Azərbaycanda belə unikal əməliyyata imza atan, peşəkar cərrahlarımız var. Böyrək daşlarının heç bir kəsik, ağrı, stress, fəsad olmadan holmium-lazerlə müalicəsi təkcə Araz Bayramovun yox, bütövlükdə uroloji cərrahiyənin əldə etdiyi nailiyyətdir”.
Aərbaycanlı cərrahın uğurları ilə bağlı ölkəmizin tanınmış şəxsləri, millət vəkilləri, ictimai xadimlər öz təəssüratlarını TƏBİB.AZ-a bölüşüblər.
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib ki, Araz Bayramov Azərbaycan səhiyyəsini ləyaqətlə təmsil edən azsaylı cərrahlardandır: “Mən onun fəaliyyətilə çoxdan tanışam. Şəxsi münasibətimiz olmasa da, eşitdiyimə görə, tez-tez xeyriyyə aksiyaları keçirir. Hazırda deputat kimi təmsil olunduğum Zaqatala seçicilərindən də ona müraciətlər daxil olur. Onun böyrək daşlarının müasir üsullarla müalicəsi sahəsində əldə etdiyi nəticə, Avropanı fəth etməsi, dünya səviyyəsinə çıxması bütövlükdə Azərbaycan səhiyyəsinin uğurudur. Cənab Prezident İlham Əliyevin xaricdə təhsil alan gənclərə qayğısı artıq öz bəhrəsini verir və Araz Bayramovun əldə etdiyi uğurlar buna əyani misaldır”.
Kikboksinq üzrə 9 qat dünya çempionu Araz Musayev hesab edir ki, Araz Bayramov ölkənin ən istedadlı cərrahlarından biridir: “Bu gün Azərbaycan idmanı, elmi, mədəniyyəti ilə yanaşı, ölkə səhiyyəsi də inkişaf edir. Araz Bayramovun qazandığı uğurlar buna misaldır. Əgər bu gün bir azərbaycanlı cərrahın fəaliyyətinə Avropanın mötəbər tribunalarından reaksiya varsa, demək Azərbaycan səhiyyəsi Avropa səhiyyə sisteminə uğurla inteqrasiya edir”.
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnsitutunun direktoru, akademik Fikrət Əliyevin sözlərinə görə, Araz Bayramov ölkənin ən peşəkar uroloqlarından sayılır: “Bildiyimə görə, Araz Bayramov ilk təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb. O, həm də vətənpərvər gənclərdəndir. Onun Avropanın aparıcı klinikalarının çalışmaqdan imtina edərək, Azərbaycana qayıtması dövlətimizə sədaqətindən xəbər verir. O, düzgün yoldadır və əldə etdiyi uğurlarla həm özünü, həm də Azərbaycan səhiyyəsini dünyaya tanıtdırır”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Araz Bayramovu mətbuatdan izlədiyini söylədi: “O, istedadlı və peşəkar həkim olmaqla yanaşı, həm də ictimai rəylə hesablaşan, cəmiyyətin tanıdığı bir simadır. Mən onu şəxsən tanımasam da, fəaliyyətilə mətbuatdan tanışam. Hesab edirəm ki, hər bir uğurlu fəaliyyətin arxasında uğurlu təqdimat dayanır və Araz Bayramov bunu çox yaxşı bacarır. Türkiyədə keçirdiyimiz görüşlər zamanı da onun haqqında müsbət fikirlər eşidir, tibb sahəsində əldə etdiyi nəticələrin qardaş ölkədə də maraqla izlənildiyinin şahidi oluruq”.
İqtisadçı eskpert Zahid Səfərov Araz Bayramovu qiyabi tanısa da, onu mətbuatdan izlədiyini diqqətə çatdırdı: “Davamlı olaraq Araz Bayramovun fəaliyyəti haqqında mətbuatdan məlumat alırıq. O, öz üzərində işləyən və çox peşəkar bir həkimdir. Bir dəfə yazılardan birindən sonra qohumlardan birini onun yanına göndərdim. Mərcənvari böyrək daşlarından əziyyət çəkirdi. Başqa xəstəxanada demişdilər ki, böyrəyi öz funskiyasını itirəcək. Sağolsun, Araz doktor, onu bir günün içində müalicə etdi”.
Xatırladaq ki, Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında uzman-uroloq kimi çalışıb. 2010-cu ildən ölkəyə qayıdan Araz Bayramov Mərkəzi Gömrük Hospitalı və Oksigen Klinikasında işləyib, ölkənin aparıcı tibb mərkəzləri ilə əməkdaşlıq edib.
Hazırda MTN-nin Hərbi Hospitalında uzman-cərrah kimi fəaliyyət göstərir.
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü olan uzman, uroloq-androloq Araz Bayramov böyrək daşlarının heç bir kəsik, ağrı, stress, fəsad olmadan holmium-lazerlə müalicəsi, böyrək şişləri zamanı böyrəyi zədələmədən böyrək şişlərinin Laparoskopik üsulla çıxarılması, Radikal Prostatektomiyası-prostat xərçənginin tam müalicəsi kimi unikal əməliyyatların müəllifidir.


Tarix: 26.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Urologiya