beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Epididimit

Epididimit – xaya artımının iltihabıdır. Bəzən epididimit ümumi infeksion xəstəliyin – qripin, pnevmoniyanın, anginanın və ya digər xəstəliklərin ağırlaşması olur. Lakin çox vaxt epididimit sidik-cinsi üzvlərin xroniki iltihabi xəstəliklərində (uretrit, prostatit, vezikulit) yaranır.

Epididimitin yaranmasına kisəciyin, qasıq nahiyəsinin, çanağın zədələnmələri, həmçinin, kiçik çanaqda qan laxtalanmasına gətirən digər faktorlar səbəb olurlar (bax. " Prostatit "). Bir çox hallarda epididimit kəskin keçir, lakin xaya artımının xroniki iltihabı halına da rast gəlinir.

Epididimitin xüsusi növü toxum yollarının çıxarılması və ya sterilizasiya-bağlama əməliyyatından sonra baş verir. Bu halda xayalarda əmələ gələn spermatozoidlər vaxtında sorula bilmirlər və artımlarda yığışaraq iltihab törədirlər.

Simptomlar və müalicə

Xəstəlik kisəciyin böyüməsi və bir tərəfində kəskin ağrılarla başlanır. Ağrı qasığa, aralığa, qurşağa vurur, hərəkət zamanı qəfildən artır. Kisəciyin zədələnmiş hissəsi böyüyür, qızarır, şişmə nəticəsində qırışlar itir. Eyni zamanda xəstənin hərarəti 38-39 C – yə yüksəlir, iltihab xəstəliyinin ümumi simptomları baş verir – zəiflik, baş ağrısı, iştahsızlıq və s. Xaya artımı böyüyür, sıxlaşır, toxunduqda kəskin ağrılı olur.

Müalicə olunmadıqda bir neçə gündən sonra xaya artımındakı iltihab prosesi onun irinləməsinə gətirə bilər. Bu halda xəstənin halı pisləşir, bədən hərarəti artır, kisəciyin dərisi hamarlaşır, toxunduqda kəskin ağrılı olur. Epididimitin digər ağırlaşması – iltihabın xayaya keçməsi, kəskin orxitin inkişafı. İltihab prosesinin uzunmüddətli gedişatının finalında birləşdirici toxuma böyüyərək xaya artımını spermatozoidlər üçün keçilməz edə bilər. İkitərəfli epididimitdə bu sonsuzluğun obturasiya formasının səbəbi olar (bax. " Kişi sonsuzluğu ").

Kəskin epididimitin müalicəsi

Epididimitin yüngül formalarında xəstələr evdə müalicə alırlar, xəstəliyin ağırlaşmasının inkişafı ehtimalı olduqda hospitalizasiya həyata keçirilir. Epididimitli xəstə ciddi yataq rejiminə əməl etməlidir. Kisəciyin hərəkətsizliyini təmin etmək üçün ona burulmuş dəsmalla yüksəldilmiş vəziyyət verilir. Müalicə zamanı dietə əməl olunmalıdır – acı və qızardılmış qida qəbul etmək olmaz. Kəskin iltihab zamanı kisəciyə yerli olaraq soyuq kompress və ya buz qoymaq olar (seansın müddəti 1-2 saat, fasilə 30 dəqiqən az olmamaq şərtilə).

Epididimitin inkişafına gətirən xəstəlik mütləq müalicə olunmalıdır. Antibiotiklər, fermentlər, sorulan preparatlar, vitaminlər təyin olunurlar. Xaya artımında kəskin iltihab prosesi yavaşıdıqca kisəciyə isti prosedurlar, fizioterapiya tətbiq olunur. Xaya artımını irinləməsinin inkişafında əməliyyat aparılır – irinin yarılması və təmizlənməsi, ağır hallarda artımın götürülməsi.

Xroniki epididimitin simptomları və gedişatı

Xroniki epididimit çox vaxt spesifik iltihab xəstəliklərində inkişaf edir (sifilis, vərəm) və ya kişinin sterilizasiyasından sonra. O özünü, xüsusən də yeriyərkən, daimi və ya dövri xaya ağrıları ilə biruzə verir. Ağrı qasığa, qurşağa vurur. Bədən hərarəti daimi olaraq 37 C-yə yüksəlir. Xaya artımı bərk, ağrılı olur.

Xroniki epididimit kəskindən daha çox hallarda ikitərəfli olur və xaya artımlarının ikitərəfli obliterasiyasının daha yüksək ehtimalına malik olduğundan sonsuzluğun obturasiya formasını törədə bilər.

Xroniki epididimitin müalicəsi

Xroniki epididimitin müalicəsi prinsip etibarı ilə kəskin epididimitdən fərqlənmir, lakin daha uzun müddətlidir, yerli və fizioterapevtik müalicəyə daha çox fikir verilir. Konservativ müalicə kömək etmədikdə və ağırlaşmanın inkişafında operativ olaraq xaya artımı çıxarılır – epididimektomiya üsulu tətbiq olunur.

Profilaktika

Profilaktika sidik-cinsi üzvlərin xroniki iltihabi xəstəliklərinin - birinci növbədə xroniki uretritin və prostatitin müalicəsindən ibarətdir. Digər hallarda, xüsusən də ümumi infeksion xəstəlik (kəskin pnevmaniya, angina) keçirilibsə və ya kisəcik zədəsi alınıbsa, orqanizmin hissiyyatına diqqət yetirərək azacıq şübhə olsa da dərhal həkim - uroloqa müraciyət etmək lazımdır.


Tarix: 16.01.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Urologiya