beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əziz Ələkbərli

Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. Həyatı
1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri kimi ictimai vəzifə daşımışdır.

1987-ci ildə təyinat müddətini bitirib, Vedibasar mahalının Qaralar kəndiə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışlar.

Ə.Ələkbərli 1988-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarında professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləmişdir.

2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmiş və hazırda həmin institutun "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışır. Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.

Ə.Ələkbərli 1991-1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993-1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997-1998-ci illərdə "Ağrıdağ" qəzetinin baş redaktoru olmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatıdır. Həmçinin bir sıra media mükafatlarına layiq görülmüşdür.

Ə.Ələkbərli nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 38 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin və Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.

Ə.Ələkbərli həm də Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən müstəqil "Ağrıdağ" nəşriyyatının yaradıcısı və direktorudur. Hazırda həm də Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədridir.


Tarix: 06.02.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Qərbi Azərbaycan