beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli İnsanov

İnsanov Əli Binnət oğlu — həkim, Azərbaycanın keçmiş səhiyyə naziri.

Həyatı
Əli İnsanov 1946-cı il martın 22-də Ermənistan SSR-in (keçmiş Dağ Borçalısı bölgəsinin) Ləmbəli kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə isə həmin fakültədə təhsilini başa vurmuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda həkim-ordinator kimi başlayan Əli İnsanov kiçik və böyük elmi işçi, elmi işlər üzrə şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış və 1985-ci ildə həmin institutun direktoru vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Moskva şəhərində namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin ildən Azərbaycan Tibb Universitetinin vərəm kafedrasında müəllimliyə başlayan Əli İnsanov 1991-ci ildən həmin kafedraya rəhbərlik etmişdir. O, 1992-ci ildən professordur. 1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmişdir.

Əli İnsanov respublikamızda ftiziatriya və pulmonologiya üzrə elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında 25 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilmişdir. Əli İnsanov 4 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Bu əsərlərin 50-si xarici ölkələrdə çap edilmişdir. 1981-ci ildən başlayaraq bu günədək onun elmi mə’ruzələri 30-dan artıq ölkədə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Çin, Kanada, Almaniya, Türkiyə, İran, Hindistan, Yaponiya, İsrail, İsveçrə, Kuba, İndoneziya, Belçika və Pakistanda maraqla dinlənmişdir.

O, Ümumdünya Biotexnoloqlar Elmi Cəmiyyətinin vitse-prezidenti, Vərəm əleyhinə Beynəlxalq İttifaqın, Avropa Respirator Cəmiyyətinin, Nyu-York Elmlər Akademiyasının, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının, "Problemı tuberkuleza" jurnalının, "Azərbaycan Tibb Jurnalı"nın redaksiya heyətinin üzvüdür. 1998-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının vitse-prezidenti seçilmişdir.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Əməkdar elm xadimidir.

Əli İnsanov Azərbaycanın ilk dərman preparatı "İnsanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxolitini"in müəllifidir.

1998-ci ildə Sankt-Peterburqda səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransın qızıl medalına layiq görülmüşdür.

Əli İnsanov 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra sadalanan bir çox titulları, o cümlədən akademik fəxri adı ondan alınmışdır.


Tarix: 05.02.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Qərbi Azərbaycan