beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limonlu Altlı-Üstlü Piroq

Limon sevərlərə həsr olunur. Olduqca ləzzətli piroqdur. Piroq bişdikdən sonra onu alt-üst çeviririk ki, limon halqaları yuxarıda olsun. Beləliklə görünüşü dadı qədər gözəl piroq əldə etmiş oluruq.

Limonlu Alt-Üst Piroq
*Luscious Lemon Desserts* (müəllif: Lori Longbotham) kitabından bir az dəyişdirilərək götürülmüşdür

3 ədəd limon
170 q kərə yağı – otaq hərarətində
1/4 stəkan (yəni dörddə bir) mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
bir stəkan yarıım un
2 çay qaşığı qabartma tozu
çay qaşığının dörddə biri qədər duz
1 stəkan şəkər tozu
3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı
2 ədəd iri yumurta – ağını sarısından ayırın
çay qaşığının dörddə biri qədər vanil ekstraktı
yarım stəkan süd

Sobanı 180Cqək qızdırın.

Limonların uclarını kəsin, sonra isə iti bıçaqla limonları 3 millimetr qalınlığı olan nazik halqalara döğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır) . Toxumlarını çıxardın.

25 sm ölçüsündə olan dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qram kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün.



Un, qabartma tozu və duzu bir kasada qarışdırın.

Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu və limon qabığını əlavə edərək kütlə *yüngülləşənədək* çalın. Yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqlar qarışanadək çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü arayla və az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın.

Yumurta ağlarını təmiz və quru qabda *bərkiyənə* qədər çalın. Çalınmış ağları tədricən digər kütləyə əlavə edin və kütlənin içinə yüngülvari hərəkətlə qarışdıraraq yedirdin. Mikserlə deyil! Spatula və ya qaşıqla! Diqqətli olun, çox qarışdırmayın.



Alınan kütləni limon dilimlərinin üstünə töküb spatula və ya qaşıqla üstünü hamarlayın.

Piroqu sobanın orta təbəqəsində 45-50 dəqiqə və yaxud üstü qızaranadək bişirin. Piroqun hazır olub olmadığını onun ordasına kibrit soxub çıxartmaqla yoxlamaq olar – əgər kibrit təmizdirsə və üstünə xəmir yapışmayıbsa, deməli piroq hazırdır. Tavanı kənarda 10 dəqiqə soyudun.

Spatula və ya bıçaqla piroqun kənarlarını tavadan ayırın və piroqu istiyə dayanıqlı qaba alt-üst çevirin. Piroqu 5 dəqiqə də soyutduqdan sonra süfrəyə bir az istiykən verin.


Tarix: 29.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Piroqlar