beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ət piroqu

Bolqar bibərli ət piroqu…

Ərzaqlar:

Kartof xəmiri üçün:

3-4 ədəd (200 qram) kartof

80 qram kərə yağı

0,5-0,75 stəkan un

bir çimdik duz

İç üçün:

500 qram mal əti (farş)

2 ədəd soğan

1 diş sarımsaq

2-3 ədəd bolqar bibəri

duz, istiot

cövüz

qırmızı istiot

kərə yağı ilə bitki yağın qarışığı

Xəmir şirəsi hazırlamaq üçün:

3 x.q. xama

150 ml süd və yaxud qaymaq (10%)

3 ədəd yumurta

2 x.q. tomat pastası

Hazırlanma qaydası:

Kartofu təmizləyib duzlanmış suda bişirib, püre hazırlayın.

Üzərinə kərə yağı əlavə edib yaxşıca qarışdırın. Sonra üzərinə un əlavə edib yumşaq xəmir yoğurun.

Bişirmək üçün xüsusi forma qabına yağ sürtüb xəmiri yerləşdirin. Əlinizə və barmaqlarınıza un vurmaqla, xəmir yapışmasın deyə, forma qabında xəmirin içini dərin saxlamaqla, xəmirin kənarlarını qabın ətrafına bərkidin.

Xəmiri forma qabı ilə birlikdə 30 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Bolqar bibərin içini təmizləyib nazik uzunsov formada doğrayın.

Soğanı təmizləyib, xırda-xırda doğrayıb 2-3 dəqiqə ərzində yağda qovurun. Sonra üzərinə bibəri əlavə edib 5-6 dəqiqə ərzində qarışdıraraq qızardın. Üzərinə duz, istiot səpin.

Qızardılmış bibəri boşqaba yerləşdirin.

Mal ətini ət maşınından keçirib (farş), tavaya yağ töküb 10 dəqiqə ərzində qarışdıraraq qovurun. Üzərinə duz, istiot səpin.

Sonra qızardılmış bibəri hazırladığınız farşla qarışdırıb, üzərinə bir az qırmızı istiot, cövüz əlavə edib qarışdırın. İstəsəniz üzərinə xırda doğranılmış göyərti də əlavə edə bilərsiz.

Sonra hazırladığınız həmin bu kütləni formadakı xəmirin içinə yerləşdirin.

Xəmir şirəsini hazırlamaq üçün:

Boşqabda yumurtaları sındırıb yaxşıca çalın. Üzərinə tomat pastası, xama, qaymaq və yaxud süd, duz, istiot əlavə edib yaxşıca qarışdırın.

Hazırladığınız şirəni xəmirin üzərinə gəzdirin.

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə ərzində piroqu bişirin.

Ətli piroq bişəndən sonra sobadan çıxarıb 10 dəqiqə ərzində soyumaq üçün kənara yerləşdirin. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:59 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Piroqlar