beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şiddətli qəzəb halında islamı söyənə mürtəd və yaxud kafir hökmü verilirmi?

Sual: Bir nəfər şiddətli əsəbi halda islamı söymüşdür. Bu barədə hökm nədir? Bu əməldən tövbə etmək üçün qoyulan şərtlər nədir? Nəticə etibarilə onun nikahı fəsh (etibarsız) edilirmi?


Cavab: Həmd Allaha məxsusdur.

Kim islamı söyərsə barəsində hökm onun kafir olmasıdır. Çünki islamı söymək və yaxud buna istehza etmək islamda irtidat (mürtədlik), Allah Azzə və Cəlləyə və Onun dininə qarşı küfr etmək sayılır. Allah Azzə və Cəllə bizə islama istehza edən və sonra da: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” söyləyən bəzi kəslər barədə söz açır. Lakin Allah Təala bizə bildirir ki, onların etdiyi bu cür zarafat faktiki olaraq Allaha, Onun ayələrinə və Onun Rəsuluna lağ, istehza etməkdir və bunu etməklə də onlar küfr işləmişdirlər. Allah Təala buyurur:

“65. Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: 'Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!' De: 'Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?

66 Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz'. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.” [ət-Tövbə 9:65,66]

Allahın dininə istehza etmək və yaxud Allahın dinini söymək və yaxud Allahı və Onun Rəsulunu təhqir etmək və onlara lağ etmək fərdi islam dairəsindən çıxaran böyük küfrdür. Bununla belə, onlardan da tövbə etmək üçün fürsət var. Çünki Allah Təala buyurur:

“53. Qullarıma mənim bu sözümü de: 'Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” [əz-Zumər 39:53]

Əgər bir şəxs mürtədliyin istənilən bir növündən tövbə edirsə və onun tövbəsi səmimi isə, tövbəyə dair bütün şərtlər qarşılanırsa, bu halda Allah onun tövbəsini qəbul edir. Tövbənin beş şərti var və bunlar aşağıdakılardır:

1. Qulun tövbəsində Allaha qarşı səmimiyyət, ixlas nümayiş etdirməsi, yəni tövbənin səbəbi riya, göstəriş və yaxud başqa birindən qorxu və ya tövbə etməklə müəyyən dünyəvi qazanc əldə etməyə ümid etmək kimi bu cür səbəblər olmamalıdır. Fərdin tövbəsi yalnız Allah Azzə və Cəllənin rzası üçün edilərək səmimi olarsa və səbəb Allah qorxusu və Onun cəzasından qorxu və Onun verəcəyi savabı ummaq olarsa bu halda bu tövbə yalnız Allah üçün səmimiyyətlə edilən tövbə sayılır.

2. Həmin fərd keçmişdə baş verənlərə görə vicdan əzabı çəkərək, hüznlənərək etdiyi günaha görə mütləq peşman olmalı və bunu mütləq uzaq durulması vacib olan ciddi, ağır bir məsələ hesab etməlidir.

3. Günahdan mütləq əl çəkməli və günaha davam etməyə son qoymalıdır. Əgər onun günahı vacibatlardan birinin tərk edilməsi ilə bağlı olubsa, o dərhal buna əməl etməyə başlamalı və bacarırsa bunların qəzasını etməlidir. Əgər onun günahı haram bir əməlin işlənməsi olubsa ondan əl çəkərək uzaq durmalıdır. Onun günahı başqa insanlar ilə bağlı olubsa, bu halda onların haqqlarını ödəməli və yaxud onlardan əfv diləməlidir.

4. Qəlbində qətiyyət, əzm nümayiş etdirməklə tövbə etdiyi bu günaha bir daha gələcəkdə qayıtmamağa əzm etməlidir.

5. Onun tövbəsi tövbənin qəbul olunduğu vaxta təsadüf etməlidir. Əgər onun tövbəsi tövbə vaxtından sonraya təxirə salınarsa tövbə qəbul olunmur. Tövbənin qəbul vaxtı ümumi və xüsusidir.

Tövbənin ümumi vaxtı günəşin qərbdən doğduğu vaxta qədərdir. Günəş qərbdən doğduqdan sonra edilən tövbə məbqul deyil. Çünki Allah Təala buyurur: “158. Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: 'Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik'.” [əl-Ənam 6:158]

Tövbənin xüsusi vaxtı isə ölüm insanın başının üstünü aldığı andır. Ölüm insanın başının üstünü aldıqda tövbənin heç bir faydası olmur. Çünki Allah Təala buyurur:

“Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: 'Mən indi tövbə etdim!'– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir.”[ən-Nisa 4:18]

Mən deyirəm ki, əgər bir insan hər hansı bir günahdan tövbə edirsə-hətta bu günah islamı söymək, təhqir etmək olsa belə- yuxarıda qeyd olunan şərtləri qarşılayarsa onun tövbəsi inşallah qəbul ediləcəkdir.

Bununla belə qeyd etmək lazımdır ki, bir söz ola bilsin ki, küfr əməli və yaxud mürtədlik olsun, lakin bunu söyləyən şəxs bununla belə hələ kafir olmasın. Yəni, onun kafir olduğuna hökm etməmək üçün bir maneə varsa bu halda həmin şəxs kafir olmaya bilər. Bizim bu misalda bildilir ki, bir nəfər qəzəbli halda islamı söymüşdür. Biz ona deyirik: Əgər sənin qəzəbin nə söylədiyini bilməyəcək dərəcədə şiddətli olubsa və həmin anda özünüzdə olmamısınızsa (göydə və yaxud yerdə, harada olduğunuzu bilməmisinizsə) və həmin sözlərin nə olduğu barədə düşünmədən və bilmədən bunları söyləmisinizsə, bu halda bu sözlər hər hansı hökmə tabe tutulmur və sizə mürtəd hokmü verilə bilməz. Çünki bu sözlər bilərəkdən, onun öz iradəsi, qəsdi ilə söylənilməmişdir. Əgər bir söz bilməyərəkdən, bunu niyyət etmədən söylənilirsə Allah Təala buna görə fərdi cəzalandırmır. Allah Təala and barədə belə buyurur: “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır.” [əl-Maidə 5:89]

Əgər şiddətli qəzəb anında küfr sözlərini söyləyən sözügedən şəxs nə dediyini bilməyibsə, bu halda onun sözləri heç bir hökm ifadə etmir və bu halda onun mürtəd olduğuna hökm verilə bilməz. Ona mürtəd hokmü verilmədiyindən zövcəsi ilə nikahına da xətm verilmir. Daha doğrusu zövcəsi hələ də onun nikahı altında qalır.

Ancaq bildirmək istəyirəm ki, kimsə hirslənibsə bu qəzəbinin qarşısını Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) nəsihət etdiyi yollar ilə almağa çalışsın. Belə ki, bir kişi ondan: “Ey Allahın Rəsulu, mənə nəsihət et” deyə xahiş etdi. Peyğəmbər: “Hirslənmə”deyə cavab verdi. Peyğəmbər bunu bir neçə dəfə təkrarlayaraq “Hirslənmə”dedi. Odur ki, həmin şəxs də özünü ələ almalı və məlun şeytandan Allaha pənah aparmalıdır. Əgər ayaq üstə isə otursun, oturubsa uzansın. Əgər onun qəzəbi həddən artıq güclənirsə dəstəmaz alsın. Bütün bunlar onun qəzəbini sovuşduracaqdır. Nə qədər insan olub ki, qəzəbli halda ikən əməl etdiklərinə görə peşman olublar, lakin artıq iş işdən keçmişdir.

Şeyx ibn Üseymin, “Fətvalar Toplusu”, 2/152


Tarix: 02.04.2013 / 19:46 Müəllif: *Beyaz_Gul* Baxılıb: 463 Bölmə: Maraqlı melumatlar