beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmmədtağı Behcət

Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, müctəhidMündəricat
1 Həyatı
1.1 Təhsili
1.2 Hicrət
1.3 Fiqh və üsulda tanınmış ustadları
1.4 İrfan və mənəvi məqamlar
1.5 Tədris
1.6 Moizə və dərs
1.7 Elmi məqamı
1.8 Mərcəiyyət
1.9 Əsərləri
1.10 Məsləhətləri
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü.

Təhsili

İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür. Təxminən dörd il müqəddəs Kərbəla şəhərində qalır və bu dörd ildə Hacı Əbdülqasim Xoyi (məşhur Ayətullah Xoyi ilə səhv salınmamalıdır) kimi tanınmış müəllimlərdən dərs almışdır. Beləliklə Ayətullah Behcət təxminən dörd il Kərbəlada qalaraq İmam Hüseynin (ə) feyzlərindən istifadə edərək nəfsinin paklanması ilə məşğul olur, fiqh və üsul kitablarının böyük hissəsini ustadların yanında öyrənir. 1933-cü ildə təhsilini davam etdirmək üçün Nəcəfül-Əşrəf şəhərinə yola düşür və dini təhsilin ali dərəcəsini Şeyx Mürtəza Taleqaninin yanında bitirir. Ayətullah Ziyayi İraqi, Mirzə Nayinin dərslərini bitirdikdən sonra Ayətullah Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfəhaninin dərslərində iştirak etməyə başlayır. O, həmçinin Ayətullah Hacı Seyid Əbülhəsən İsfəhani və Hacı Şeyx Məhəmməd Kazım Şirazinin yanında dərs almış və Seyyid Hüseyn Badkubeyinin yanında “İşarat və Tənbihat” və “Əsfar” kitablarını mənimsəmişdir. Dərs oxuduğu müddətdə ali səviyyədə dərs deməyə başlamış və "Səfinətul Bəhar" kitabının yazılmasında böyük təfsir alimi Şeyx Abbas Qummiyə kömək etmişdir. Bununla belə təkcə dini elmlərlə kifayətlənmədi, yüksək insani kamilliklərə olan eşqi onu ilahi insanlar və övliyalara tərəf çəkirdi. O, nəfsin islah olunmasında anadan olduğu (Fumən) yerdə uşaqlıqdan böyük alim Səididən, Kərbəlada digər müəllimlərdən dərs alır və Nəcəfi-Əşrəfdə təxminən 18 yaşında Ayətullah Seyid Əli Qazi (r.ə) ilə tanış olur və öz itirdiyini onun yanında tapır. Həmin zamandan sonra onun əxlaq – irfan tələbələrindən birinə çevrilir.

Hicrət

1945-ci ildə mənəviyyatla cilalanmış qəlbi, Haqqa eşq dolu sinəsi və elm yükü ilə öz vətəninə dönür. Doğulduğu yerdə ailə qurur. Nəcəfi-Əşrəfə qayıtmaq istədikdə Qum şəhərindən keçdiyi zaman, Ayətullah Brucerdinin Quma mühacirət etməsindən bir neçə ay ötürdü, müvəqqəti orda dayanır, bir – birinin ardınca Nəcəfi-Əşrəfdə olan ustadlarının ölüm xəbərini eşidir. Buna görə də Qum şəhərində qalır. Həzrəti Ayətullah Behcət Quma gəldikdən sonra Ayətullah Kuhkəmərinin dərslərinə qatılır və sonra Ayətullah İmam Xomeyni (r.ə) və Ayətullah Gülpayqani (r.ə) kimi tanınmış şagirdlər ilə birlikdə Həzrəti Ayətullah Brucerdinin (r.ə) dərslərində iştirak edir.

Fiqh və üsulda tanınmış ustadları

Ayətullah Behcət Ayətullah Seyid Əbülhəsən İsfahani, Ağa Ziyayi İraqi, Mirzə Nayininin dərslərində iştirakdan əlavə Haqq Ayəti olan və Kompani adı ilə tanınan Hacı Şeyx Məhəmməd Hüseyn Qərəvinin dərslərində öz üsul və fiqh nəzəriyyələrini təkmilləşdirmişdir. Görkəmli ustadların köməyi və ilahi təsdiqlə Ayətullah Kompaninin dəqiq, zərif, uzaq görən və dərin təfəkküründən istifadə etmişdir.

İrfan və mənəvi məqamlar

Ayətullah Behcət təhsillə yanaşı həddi-buluğa çatmamışdan öncə mənəvi kamala çatmağa məşğul olmuş, Kərbəlada əxlaq ustadı soraqlaşır və Ağa Qazinin Nəcəfdə yaşadığını bilir. Nəcəfi Əşrəfə getdikdən sonra öz tanınmış ustadı Ayətullah Şeyx Məhəmməd Hüseyn İsfahani Kompanidən əxlaq dərsləri öyrənir. Nəcəfdə Ayətullah Seyid Əli Qazinin şagirdi olmazdan öncə Seyid Əbdülqəffarın əxlaq dərslərində iştirak etmişdir. On səkkiz yaşında Ayətullah Seyid Əli Qazinin tələbəsi olaraq o, böyük ustadın xüsusi lütfünə layiq görülmüşdür. O, cavanlıqda irfan mərhələlərini elə arxada qoyur ki, başqaları ona qibtə edirlər. Həzrəti Ayətullah Behcət İbn Sinanın “İşarat” və Molla Sədranın “Əsfar” kitabını mərhum Ayətullah Seyid Hüseyn Badkubeyinin yanında öyrənir.

Tədris

Ayətullah Behcət Ayətullah İsfahani, Kompani və Şirazinin dərslərində iştirak etdiyi zaman nəfsini ram etməklə yanaşı tədrislə də məşğul olmuş və Nəcəfi-Əşrəfdə yüksək səviyyədə dərs demişdir. Quma hicrət etdikdən sonra da tədrisə davam etdi. Onun xaric fiqh dərsi barəsində demək lazımdır ki, qırx ildən çox fiqh və üsul dərsləri demişdir. Şöhrətdən qaçdığına görə öz mənzilində tədris etmişdir. Bir çox fazil insanlar uzun illər onun dərslərindən istifadə etmişlər.

Moizə və dərs

Uzun illər onun dərslərində iştirak etmiş Kalaçayın imam cüməsi hüccətül islam vəl-müslimin Qüds belə deyir: "Ayətullah Behcətin metodu belə idi ki, dərsdən öncə 10 dəqiqə moizə edərdi. Adi moizə yox, bəlkə keçmiş böyük insanların hallarını bildirməklə və həmçinin uzun illər (15 il) bu dərslərdə iştirak etmiş Ayətullah Misbah Yəzdinin elmindən başqa bu şəxsiyyətin ilahi ruhiyyəsindən də istifadə etmişdir."

Elmi məqamı

Müəllim, tələbə yoldaşı və şagirdlərinin söylədikləri onun qeyri-adi elmi bacarığının göstəricisidir. Onların dediklərindən: Mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi deyir: O, dəqiq nəzər və düzgün iradlarla müəllimlərin nəzərini özünə elə cəlb etmişdi ki, bir neçə gün məclis dərs formasından çıxmışdı və bu iradlar bizim üçün də faydalı idi. Ancaq Cənab Behcət şöhrətdən qaçmaq üçün daha irad tutmadı və davam etsəydi məlum olacaqdı ki, başqalarından artıq olmasa da əskik də deyil."

Mərhum Əllamə Məhəmməd Təqi Cəfəri deyir: Mən Şeyx Kazım Şirazinin yanında Məkasib oxuduqda Ayətullah Behcət də Qumda qalırdı və onun dərsində iştirak edirdi. Yaxşı yadımdadır, o, suallarını verdikdə Şeyx Kazım tamam gücü ilə yəni dəqiq və dərindən Behcəti başa düşürdü və bu zaman Nəcəfdə arif və fəzilətli insan kimi tanınmışdı." Ayətullah Meşkini deyir: O, elm baxımından (istər fiqh olsun istər üsul) şiə fəqihləri içində hamıdan bir mərtəbə yüksəkdə durur."

Tanınmış alimlərin onun dərsində iştiraka təşviqi Ustad Şəhid Mütəhhəri onun dərslərinə xüsusi önəm verirdi. Ayətullah Məhəmməd Hüseyn Əhmədi Yəzdi bu barədə deyir: “Ayətullah Şəhid Mütəhhəri Ayətullah Behcətin dərslərində iştirak etməyi bizə çox tapşırar və deyərdi: Mütləq onun dərsində iştirak edin, xüsusilə də üsul dərslərində. Çünki Ayətullah Behcət Şeyx Məhəmməd Hüseyn İsfahanini görmüşdür, mütləq onun dərslərində iştirak edin ."

Ustad Xosrov Şahi: “Mən Ayətullah Mürtəza Hairinin xaric fiqh dərslərində iştirak edirdim. O, ömrünün sonlarında xəstələndi və dərsləri tətil oldu. Bir gün Ayətullah Hairi hərəmdən çıxanda yaxınlaşıb salam verdikdən sonra soruşdum: İnşallah dərsləri başlayacaqsınız? Dedi: yox. Sonra dedi: Cavan olduğunuz üçün sizə bir yol göstərim, sonra dedi: Siz elə adamların dərslərində iştirak edin ki, təkcə nəzərləri demir, bəlkə nəzərləri təhqiq də edirlər. Bu sizin üçün faydalıdır ki, ictihad qaydasını əmələ keçirə biləsiniz və təkcə nəzərləri söyləməyəsiniz ." Mən elə orada ondan soruşdum: Alicənab, olarmı adla kimisə mənə tanıtdırasınız? Buyurdu: Mən ad çəkə bilməyəcəyəm. Dedim: Mən Ayətullah Behcətin dərsində iştirak edirəm. Razılıq edərək gülümsədi və dedi: Onun dərsində mən deyən qaydalar vardır. Yaxşıdır ki, onun dərsində iştirak edirsiniz. Onun dərsi hər cəhətdən kömək edər, həm elmi və həm əxlaqi cəhətdən dərslərə davam edin."

Mərcəiyyət

Otuz ilə yaxın müddətdə xaric fiqh dərsi tədris etməsinə və fəqih kimi tanınmasına baxmayaraq mərcəiyyəti qəbul etməkdən boyun qaçırırdı. Ayətullah Misbah onun mərcəiyyəti qəbul etməsinin səbəbini və mərcəiyyətdən sonra Ayətullah Behcətin vəziyyətinin dəyişməməsi haqqında deyir :"Ayətullah Behcətin mənzilində dəyişiklik olmadı, mənzildə yanına gələnlərlə görüşmək və qəbul etmək imkanı yoxdur. Buna görə də görüşə gələnlər bayram və matəm günlərində Fatimiyyə məscidində qəbul olunurlar. Mənim nəzərimə görə, mərcəiyyəti qəbul etməsi onun kəramətlərindən biridir. Yəni onun səksən yaşındakı həyatı imkan vermirdi ki, belə bir yükün altına girsin və onunla tanış olan şəxslər heç vaxt inanmazdılar ki, mərcəiyyət bayrağını çiyninə alsın və məsuliyyəti qəbul etsin. Burda yalnız vəzifəyə əməl etmək hissi onun məsuliyyəti qəbul etməsinə bais oldu. Demək lazımdır ki, onun rəftarı, təvazökarlıq və imanı başqalarına dəlildir ki, mərcə olduğu halda belə sadəliklə yaşadı və yeməyində, mənzilində, paltarında və yaşayış şəraitində heç bir dəyişiklik baş vermədi."

Mərhum Seyid Əhməd Xansarınin ölümündən sonra onun iki cildlik "Zəxirətül-ibad" kitabını çapa hazırladı. Ayətullah Əraki rəhmətə gedənə qədər öz risaləsinin çapına icazə vermədi. Nəticədə ali dini mədrəsənin müəllimləri tərəfindən yeddi nəfərin, o cümlədən də Ayətullah Behcətin mərcə olması elan olunanda bir çox alimlər, o cümlədən Ayətullah Mişgini, Ayətullah Cavadi Amuli də onun mərcə olmasını elan etdilər. Çoxlu təkidlərdən sonra öz risaləsinin çap olunmasına razılıq verdi. Onun risaləsi böyük tirajla çap olundu. Bununla belə kitabın üstündə adını yazmaqdan da çəkinirdi.

Əsərləri

Ayətullah Behcətin fiqh və üsulda çoxlu əsərləri vardır ki, çoxunu çap etdirməyib və başqaları onları çap etdirmək istədikdə “icazə verməyərək” demişdir: “Hələ bir çox böyük alimlərin kitabları illərlədir çap olunmayıb, onları çap edin, bunların növbəsi gecikməyib”. Onun əsərlərindən kamil üsul kitabı, Şeyx Ənsarinin “Məkasib” kitabına haşiyə və onun axıra qədər təkmili, mərhum Şeyx Məhəmməd Hüseyn Qərəvinin “Zəxirətül-ibad” əsərinə haşiyə, fars dilində kamil fiqh kitabları, Şeyx Ənsarinin “Mənasek” kitabına haşiyə və s. misal göstərmək olar.

Məsləhətləri

Cavanlar və yeniyetmələr gərək diqqət etsinlər ki, yaşları günbəgün artdıqca imanları da belə çoxalsın. Həmçinin məlumatları da dini elmlərin ibtidai sinfindən yuxarıya getsin və imanları da elmləri ilə yanaşı olsun. Bilməlisiniz ki, biz müsəlmanların başqalarından Quran və Əhli-Beytdən başqa üstünlüyümüz yoxdur. Yoxsa, biz də qeyri-müsəlmanlar kimi yaşayardıq. Əgər bizim Əhli-Beytimiz olmasaydı, biz də digər imansız müsəlmanlar kimi olardıq. Gərək diqqət edəsiniz ki, günbəgün bu iki şey tərəqqi etsin, necə ki bizim yaşımız artır, bu iki şey barədə də məlumatımız artmalıdır. O tərəfə bu tərəfə getməsin yoxsa itər, onları itirməsələr, azmasalar bu iki əsası kimsə onlardan ala bilməz.


Tarix: 24.02.2013 / 17:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 651 Bölmə: Maraqlı melumatlar