Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZANIMIZ HƏDƏR GETMƏSİN

Birimiz həkimə getsək, müəyyən xəstəlikdən və ya ağrıdan şikayət etsək, çox güman ki, həkim əvvəl bizi muayinə edib, sonra diaqnoz qoyacaq. Tam olaraq xəstəliyimizin səbəbini aydınlaşdırmaq istəyəcək. Ondan sonra isə münasib bildiyi dərmanı və müalicə üsulunu yazacaq. Təbii ki, yazdığı dərmanların da qəbuledilmə üslubunu başa salmağı unutmayacaq. Məsələn, bu dərmanı yeməkdən sonra, bu dərmanı yeməkdən yarım saat əvvəl, bu dərmanı gündə 3 dəfə, bu dərmanı gündə bir dəfə, filan dərmanı yatmamışdan öncə və s. Dərmanları mütləq tövsiyə etdiyi formada və vaxtda dəqiqliklə qəbul etməyi bərk-bərk tapşırdıqdan neçə gün sonra ona təkrar müraciət etməyimizi gözləyəcək.
Vəsf olunmuş müalicə müddəti bitər-bitməz xəstə həkimin yanına gələrkən sizcə, həkimin ilk sualı nə ola bilər?! Yəqin ki, “İndi necəsən, yaxşılaşmısanmı? Yaxşı olubmu səhhətin? Dəyişilibmi?” – olacaqdır. Ardınca da dərmanları tam dəqiq yazdığı formada və vaxtlarda qəbul edib-etmədiyini bir daha dəqiqləşdirəcəkdir. Əlbəttə ilk sual xəstənin yaxşılaşması və sağalması haqqında olmalıdır. Çünki elə əsas hədəf də budur, dərmanlar isə hədəfə və məqsədə çatmaq üçün sadəcə bir vasitədir.
Bu cür adi və sadə bir prosedurda heç kim mübahisə və ixtilaf etməsə də çox təəssüf ki, ibadətlərə gəldikdə iş tamamilə başqa məcraya yönəlir və bu məsələdə heç bir ittifaqa gələ bilmirik. O ibadətlər ki, bizim daxilimizi, əxlaqımızı və mənəviyyatımızı yaxşılaşdırmaq və dürüstləşdirmək üçündür.

Qayəmiz, yaradılışımızın səbəbi, məqsədi...
Allah-Təala bizi yaradıb Yer üzündə yerləşdirib ki, böyük bir məsuliyyəti həyata keçirək, məbudumuz olana itaət edək, tam olaraq Ona təslim olaq, onun əmrlərinə tabe olaq, yalnız Ondan istəyək, yalnız Ona güvənək, təvəkkül edək, yalnız və sırf Onun rizası üçün iş görək, Onu sevək, Onu üstün tutaq, Onu razı salaq, bir sözlə ibadətlə məşğul olaq. Bunların olması da qəlbimizin diri qalması, qəlbimizin həyatı və onun dünya sevgisindən, nəfsin təzyiqindən qurtulması üçündür.
Qəlbimizin həyatı və diri qalması, Məbuduna tam tabe ola bilməsi üçün də Allah-Təala bizləri doğru vasitələrə yönləndirmişdir. Allah-Təala Qurani-Kərimdə bizə əmr edərək buyurur ki; “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)” (əl-Bəqərə, 21). Pis əməllərdən çəkinərək, təmamilə Rəbbimizin əmrlərinə tabe olmaq üçün ibadət etməliyik. Müxtəlif cür ibadətlər nəyə gərəkdir, nə dəyərləri var?!

Namaz - “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.” (əl-Ənkəbut, 45)

Zəkat, sədəqə - “Onların mallarından sədəqə (zəkat) al. Bununla onları təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan.” (ət-Tövbə, 103)

Zikr – “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (ər-Rad, 28)

Oruc – “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə, 183)

Hər nə cür ibadət olur-olsun, ona bizi Allah yönləndiribsə, O bizə buyurubsa, o ibadət növü bir vasitədir, hansı ki, bizi önə aparacaq, Allaha tərəf çəkəcək və Ona yaxınlaşdıracaq. Bununla da biz yaradılışımızın hədəfində duran qayəni həyata keçirmiş olarıq. Etdiyimiz ibadətlərin hər bir hərəkəti belə Allaha yaxınlaşmaq üçün bir vasitədir. “Səcdə et və (Allaha) yaxınlaş!” (əl-Ələq, 19).



Allaha sanki Onu görürsənmiş kimi ibadət et!
Bəs bu cür edə bilmədikdə nə olur ki?! İbadətin özəyi itir. İbadətə bu cür yaxınlaşmadıqda ibadətin yalnız şəkli qalır, hədəf o olur ki, nə cür olur-olsun bu ibadət yerinə yetirilsin, əda olunsun. İbadətin əsas meyvəsi və məqsədi isə qeybə çəkilir, təsiri görsənmir. Onda bəndə heç Allaha yaxınlaşa da bilmir, Ona doğru gedən yolda yarışanların sırasında belə yer tutmur. Nə imanından həzz ala, nə ibadətinin şirinliyini hiss edə bilir, nə də öz xasiyyət və əxlaqında dəyişiklik müşahidə olunur. Bu cür hallar bəzən elə təhlükəli olur ki, qarşındakı insanın ikili şəxsiyyətini anlamaqda çətinlik çəkirsən. Bir də görürsən ki, çox namaz qılan, həmişə məscidə gedib-gələn, oruc tutan, həccə gedən insan əmanətə xəyanət edir. Dünya malına və ləzzətinə elə bağlı olur ki, insanlarla pis rəftar edir, yalan danışır və hamıya həsəd aparır. Şəxsiyyətinin bu cür mənfi əlamətləri nəyə dəlalətdir?! Etdiyi ibadətlərin ona bir faydası olubmu, heç imanı sağlamdırmı, doğru və dürüst bir nəticə, ya təsir edibmi onun qəlbinə?! Belə yerdə Peyğəmbərin (s.a.s) sözünü xatırlamamaq mümkün deyil; “Oruc tutan var ki, tutduğu orucdan ona çatan ac-susuz qalmağıdır, elə namaz qılan var ki, ona ədasından çatan yalnız yorğunluq və əziyyətidir.”
İbadətimizin nə özü, nə əda forması, nə şəkli nə də etdiyimiz xeyir əməllərin materialları Allah üçün maraqlıdır?! “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar.” (əl-Həcc, 37)
İbn Abbas demişdir ki; “Təfəkkürlə qılınan 2 rükət qənaətcil namaz, bütün gecəni təfəkkürsüz qiyamda keçirməkdən xeyirlidir.”


Allaha yaxınlaşmaq qəlblərlə mümkündür!
Baxaq biz müsəlmanların indiki halına, hal-hazırki vəziyyətinə!
İbadətlərin bir təsiri hiss olunurmu?!
İbadət edənlərin sayına baxaq, gündən-günə çoxalır, din-imana gəlirlər. Lakin oruc tutan, sədəqə verən, həccə gedənlərin sayı artsa da, nəticəsini görə bilmirik. Namaz qılan bir bəndə üçün, öz mənfəətini əldən verməməsi naminə yalan danışmaq necə də ucuzlaşıb. Hər gün Quran oxuyan, Quran əzbərləyən, Quran elmini alan adama baxırsan, əxlaqında zərrə qədər də Quranın diqtə etdiyi əxlaq və rəftardan bir şey görsənmir.
Quran oxumaq, onu tilavət etmək əzəmətli bir ibadətdir. Bu ibadət qəlblərə həyat bəxş edir, nurlandırır, şəfa verir, sağaldır. İndiki günümüzdə isə Quran araşdırılmadan, dərk edilmədən, mənasına girişmədən sadəcə dillə tələffüz olunan sözlərə çevrilmişdir. Qayəmiz o olub ki, Fatihədən xətmə qədər ən qısa zamanda tilavəti necə bitirək. Çoxları da bunu etmənin səbəbi olaraq Peyğəmbərimizdən (s.a.s) bu hədisi sitat gətirirlər; “Kim Allahın kitabından bir hərf oxuyarsa, ona 10 həsənət (savab) yazılar...”
Bəs Allah-Təalanın bizə buyurduğu?! “(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (Sad, 29)
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhamməd, 24)
İbn Habban rəvayət edir ki, bir gün Rəsulullah (s.a.s) görür ki, bir dəstə səhabə Quran oxuyur, onlara müraciət edib belə deyir; “Allaha həmd olsun ki, Onun bir tək kitabı var. Sizlərin arasında xeyrxahlarınız var, sizlərdən qaradərili və qırmızı dərilər də var, Quranı oxuyun! Oxuyun, çünki qövmlər gələcək ki, onu (Quranı) oxuyacaqlar, hərflərini oxda yay tutan kimi dəqiq tutacaqlar amma boğazlarından aşağı keçməyəcək, (Quranın tilavət) savabına tələsəcəklər amma onu (Quranı) təmkinlə oxumayacaqlar.”
Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədislərin birində də belə buyurulmuşdur; “Sizdən biriniz gecənin bir hissəsində oyanıb, başa düşmədiyi dildə Quranı oxuyar və nə dediyini anlamazsa, yaxşısı budur ki, getsin yatsın.” (Sahih əl-Cami əs-Sağir 717)
İbn Hibbandan başqa bir hədis də rəvayət olunur ki; "Ali İmran surəsinin bu ayəsi nazil olanda “Göylərin və yerin yaradılışında, gecə və gündüzün ixtilafında ağıl sahibləri üçün ayələr (işarələr və möcüzələr) vardır.” Rəsulullah (s.a.s) belə dedi ki, Vay olsun bu ayələri oxuyub təfəkkür etməyənin halına!"
Abdullah ibn Məsud demişdir ki; Quranı şeir kimi oxumayın...
Əli bin əbu Talib buyurub ki; Bir oxunuşda ki düşünmə yoxdur, onda xeyir də yoxdur!
Bu, o demək deyil ki, Qurani-Kərimin tilavətini azaltmaq lazımdır, əsas məsələ ibadətin gözəl və tam şəkildə yerinə yetirilməsidir. Ürəkdən və qəlbdən gəlməyən, ürəkdə yer tutmayan, ürəyə təsir etməyən, xeyrə doğru dəyişdirməyən ibadətin nə mənası var ki?!


Qəlb hiss etməlidir...
İbadətlər qəlbin diri qalması üçün müxtəlif vasitələrdir. Təmiz, doğru, düzgün, dürüst, gözəl və sağlam ibadət ürəyə həyat və həyat dolusu rahatlıq bəxş edə bilər. Bunun xaricində olan ibadət isə şəkil, forma, ritual və ya adət kimi qalır. Çox güman ki, belə ibadət edənin də daxili deyil, xarici görünüşü fərqlənir.
Namaz qılarkən ən önəmli olan qəlbin hiss etməsi, qarşısında durulanın əzəmətini dərk edərək titrəməsi, oxunulan ayələri təfəkkür etməsi, rükü və səcdələrdə təmkinli olması və tam özünü namaza həsr etməsidir.
Həmçinin zikr etmək də, Allahı anmaq, günah və təqsirləri xatırlayaraq xəcalət və peşmançılıq çəkmək, bağışlanma diləmək, məğfirətə ehtiyac duymaq, mərhəmət istəmək, Onun əzəmətini və şənini tərif etmək və qəlbi bu zikrlərdə əritməkdir.
Buna uyğunlaşdıraraq oruc, sədəqə, yardım etmək, iftar vermək və sairə kimi bütün xeyir əməlləri bu cür etmək gərəkdir.

Ramazan ayı..!
Bu fürsətdən layiqincə istifadə edək!
Allah bizi şəkil və formadan başqa heç bir şey dəyişməyən ibadətlərdən qorusun!
İbadətlər əxlaqımızı, nəfslərimizi, fikir və düşüncələrimizi, halımızı və vəziyyətimiz, əməl və rəftarlarımızı müsbətə doğru dəyişdirsin!
Allah bizə elə bir ibadət nəsib etsin ki, onun həqiqi hikmət və məqsədlərinə nail ola bilək!
Amin!


Tarix: 05.01.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1112 Bölmə: Maraqlı melumatlar
loading...