Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Imam Əlidən (ə) dünyada yaşamaq və axirətə hazırlaşmağa dair tövsiyyələr

Həzrət Əli ibn Əbu Talibdən (ə) elm haqqında soruşdular. Cavab verdi: «Elm dörd kəlmədən ibarətdir: Allaha nə qədər ehtiyacın varsa, o qədər ibadət et. Cəhənnəm atəşinə dözümün nə qədərdirsə, o qədər günah et. Ömrün nə qədərdirsə, dünyadan ötrü o qədər çalış. Axirət aləmində nə qədər qalacaqsansa, axirətdən ötrü də o qədər çalış».

1. Allaha nə qədər ehtiyacın varsa, o qədər ibadət et.

Insan bütün ehtiyaclarının kimdən hasil olduğunu düşünməlidir. Anlamalıdır ki, dünyada baş verən hər bir hadisə yalnız Allahın istəyi və qüdrəti ilə olur, Ondan icazəsiz heç nə baş verə bilməz. Əgər Allah bəzi hadisələri bəzi vasitələrlə həyata keçirirsə də, bunların əsl səbəbkarı Allahın özüdür, vasitələr nisbi məna daşıyır. Məsələn, Allah öz bəndələrinin canını ölüm mələyi Əzrayilin vasitəsilə alır. Bəndələrindən birinə ruzini o birisinin əli ilə yetirir. Yağışın yağması üçün əvvəlcə yer səthindəki su buxarlanır, səmada soyuyub buluda çevrilir, külək əsir, buludlar toqquşur və nəhayətdə yağış yağır. Bütün bu səbəblərin hər biri nisbidir, bütün səbəblərin kökü isə son nəticədə Allaha gedib-çıxır. Allahın yardımı və izni olmadan nə Əzrayil bir kəsin canını alar, nə bir kəsin əlinə ruzi gələr, nə də səmadan yerə bir qətrə yağış düşər.

Dünyada baş verən heç bir hadisəyə və onun nəticəsinə Allahın ehtiyacı yoxdur. Çünki «Allah ehtiyacsızdır» (Ixlas, 2). Hətta bizim ibadətlərimizin faydası da bizim özümüzə aiddir; ibadətin həm maddi, həm də mənəvi faydasını bu dünyada görürük, mənəvi faydasının qalan qismi isə axirət aləmində bizə veriləcək. Əgər Allahın yardımı olmasa, aldığımız nəfəsi geri qaytara bilmərik, gözümüzü qırpıb-açmağa fürsətimiz olmaz. Əgər Allaha bu qədər ehtiyaclıyıqsa, deməli, bu ehtiyacımıza uyğun səviyyədə Ona ibadət etməliyik.

2. Cəhənnəm atəşinə dözümün nə qədərdirsə, o qədər günah et.

Hədislərdə buyurulur ki, cəhənnəm atəşinin hərarəti dünya alovunun hərarətindən yetmiş dəfə çoxdur. Müqəddəslərin kəlamlarında dəfələrlə təkrar edilib ki, bəzi dəhşətli cinayətləri törətmiş şəxslər qiyamət günündə məhşərə gətiriləndə onlardan gələn üfunət qoxusu bütün məhşəri bürüyəcək və hər kəsi narahat edəcək. Islam Peyğəmbərindən rəvayət edilən bir hədisdə buyurulur ki, cəhənnəmdə günahkarlara içizdiriləcək zəqqum adlı içkinin bir qətrəsi bu dünyada dağların üzərinə düşsə, bütün yer səthində olanlar əriyib yerin təkinə gedərlər. Bu da məlumdur ki, qiyamətdə hər kəsin cəzası öz günahına müvafiq olacaq. Çox günah edənin cəzası daha dözülməz şəkildə veriləcək. Imam Əli (ə) də bizə məsləhət görür ki, hər dəfə günah edəndə bunun cəzasını fikirləşək, necə deyərlər, ayağımızı yorğanımıza görə uzadaq.

3-4. Ömrün nə qədərdirsə, dünyadan ötrü o qədər çalış. Axirət aləmində nə qədər qalacaqsansa, axirətdən ötrü də o qədər çalış.

Dünya həyatı axirətlə müqayisə edilməyəcək dərəcədə qısadır. Bu üzdən dini kitablarda dünyanı körpüyə, keçid yerinə, səraba bənzədiblər. Imam Əli (ə) buyurub: «Ey insanlar! Dünya keçid yeri, axirət qaları yerdir. Ona görə də keçid yerindən əbədiyyət məkanına azuqə aparın... Siz dünyada sınağa çəkilirsiniz, əslində başqa bir aləm üçün yaradılmısınız...».

Məşhur hədislərin birində deyilir: «Dünya işlərinə o qədər aludə ol ki, sanki əbədi olaraq dünyada qalacaq və ölməyəcəksən. Axirətdən ötrü o qədər çalış ki, sanki həyatda son gününü yaşayırsan».

Əlbəttə, burada yalnız Allaha ibadətin kəmiyyətindən deyil, həm də keyfiyyətindən söhbət gedir. Çünki mənasını anlamadan, kortəbii ibadət etməyin heç bir faydası yoxdur. Ibadətə dəyər gətirən cəhətlər onun səmimiliyi, dəqiqliyi və Allaha layiq olmasıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq Əbuzərə buyurmuşdu: “Allaha elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görməsən də, O səni görür... Bu dünyada qərib adam və ya yol keçən müsafir kimi ol, özünü qəbirdə yatanlardan biri kimi hiss et. Öz ömrünə münasibətdə dirhəm və dinarlarından daha artıq dərəcədə simic ol”.


Tarix: 21.11.2012 / 23:50 Müəllif: [Ram] Baxılıb: 589 Bölmə: Maraqlı melumatlar
loading...