beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TƏFSİRLƏ MƏNA YAXINLIĞI OLAN MƏFHUMLAR

Bu başlıq altında üç məfhumu araşdıracağıq. Bunlardan biri tə'vil, digərləri də tərcümə və məaldır. Burada bu üç məfhumu araşdırmağımızın səbəbi, sözü gedən məfhumlar arasında məna baxımından əlaqələrinin olmasından qaynaqlanır.

1. Tə'vil
a. Tə'vilin kəlmə və termin mənası

“Tə'vil”, kəlmə etibarı ilə əslinə dönmək mənasına gələn “əvl” kökündən, “təfil” formasında məsdər olub, “döndərmək” və “hər hansısa bir şeyi çatacağı yerə çatdırmaq” deməkdir. [1] Bundan başqa bu, bir də kəlmənin mənasını təyin edib “təqdir və təfsir etmək” mənalarını da ifadə etməkdədir. [2] Bu halda tə'vil, fel olsun, söz olsun, fərq etməz bir şeyin məna və məqsədini açığa çıxarmaq üçün, o şeyi əslinə döndərməkdən ibarətdir. Məsələn, Kəhf surəsində ifadə edildiyi kimi saleh qul, “gəmini deşmə”, “uşağı öldürmə” və “divarı təmir etmə” hərəkətlərinin arxa planlarını Həzrəti Musaya izah edərək onu razı etməyə çalışmışdı. Saleh qul belə demişdi: “Bax beləcə səninlə yolayrıcına gəlmiş olduq. İndi sənə səbr edə bilmədiyin [bütün hadisələrin] iç üzünü [tə'vilini] xəbər verəcəyəm. O gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula aiddir, onu xarab etmək istədim. Çünki onların arxasında hər [saf] gəmini zorla ələ keçirən bir hökmdar var idi. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin kimsələr idi. Ona görə də [uşağın] azması və eləcə də nankorluq edərək onlara zülm edəcəyindən narahat olduq. [Ona görə] Rəblərinin onlara onun yerinə daha təmiz və daha mərhəmətli bir uşaq verməsini istədik. Divara gəldikdə isə, divar o qəsəbədə yaşayan iki yetim oğlan uşağının idi və altında onlara aid bir xəzinə var idi. Onların atası doğru və əməlisaleh biri idi; ona görə də Rəbbin onların həddi-buluğa çatdıqlarında o xəzinəni Rəbbindən bir hədiyyə olaraq qazıb çıxartmalarını istədi. [Başqa sözlə] mən [bütün bunları] öz-özümdən etmədim. Sənin səbr etmədiyin [hadisələrin] tə'vili [batini mənası] budur”. [Əl-Kəhf 78-82]
Eyni şəkildə Misir kralının, “...Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru başaq gördüm...” şəklindəki röyasını Həzrəti Yusufun, “...Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az miqdar istisna olmaqla, biçdiklərinizin başağından [anbarda] saxlayın. Sonra bunun ardınca saxlayacaqlarınızdan az miqdar [toxumluq] istisna, o illər üçün saxladığınızı yeyib bitirəcəyiniz yeddi qıtlıq ili gələcək. Bundan sonra bir il keçəcək ki, o ildə insanlara [Allah tərəfindən] yardım olunacaq və o ildə [onlar üzüm suyu və yağ] sıxacaqlar” [Yusif 43-49] tərzində yozduğunu Quran bizə xəbər verir. Bu iki hadisədə olduğu kimi həm Saleh qul, həm də Həzrəti Yusufun etdiyi tə'vil, onlara Allah tərəfindən bəxş edilən “ledünni [3]bir elm” ilə mümkün ola bilmişdir. Çünki hər iki izahat arxa plan etibarı ilə qeybi bir bilgiyə istinadlıdır. Qeybi də (Allahın bildirdiklərindən başqa) Ondan başqasının bilməsi mümkün deyil.

Ancaq bu da bir həqiqətdir ki, tə'vil hər zaman ilhamla, hikmətlə və ya ledünni bir elm vasitəsi ilə gerçəkləşməyib, bəzən də insanın sahib olduğu zehni və elmi qabiliyyətlərlə edilə bilər. Müfəssirlərin Qurana aid tə'villəri bu barədə önə çıxan nümunələrdir. Çünki onlar öz elmi məlumatları və xüsusi qabiliyyətləri ilə ayələr arasındakı münasibətləri, ədəbi sənətləri və Uca Allahın məqsədinin hansı tərəfdə təcəlli edə biləcəyi və s. ehtimallardan çıxış edərək şərh etməkdədirlər. Bu da yəqin ki, tamamilə ayələrin məntiq [kəlmə] və məfhumları [məna] arasındakı həssas tarazlığı qurmağın, nasların mənalarını və məqsədlərini mənimsəmənin təbii bir nəticəsidir. Əks halda məqsədəuyğun şərhdən söz etmək mümkün deyil.
Bütün bunlardan çıxış edərək Qurani bir baxışla baxıldığı zaman tə'vilin dəyişik məna ölçülərinin olduğu görünür. Bunları aşağıdakı kimi sıralamaq mümkündür:

1) Təfsir, وَ مَا يَعْلَمُ تَأْ وِيلَهُ إِلَّا اللَّهُ “...Onun tə'vilini/təfsirini ancaq Allah bilir...” [Ali İmran,7]
2) Səbəb, بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا سَأُنَبِّئُكَ ”Haqqında səbr etmədiyin şeylərin tə'vilini/səbəbini sənə bildirəcəyəm”[Əl-Kəhf, 78]
3) Nəticə, ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا “... Bu daha yaxşı və tə'vil/nəticə baxımından daha gözəldir” [Nisa, 59]
4) Röya yozumu, هَذَا تَأْوِيلُ رُؤْيَايَ مِن قَبْلُ وَقَالَ يَاأَبَتِ “Və Yusuf dedi ki: Atacan! Məhz bu, gördüyüm yuxunun tə'vili/yozumudur” [Yusif, 100]

Bu mənalarını da nəzərdə tutaraq tə'vili termin olaraq, "məşru bir səbəb və ya dəlilə görə ayəni zahiri mənasından ayırıb, özündən əvvəlki və sonrakı ayəyə, kitab və sünnətə uyğun mənalardan birinə istinad etmək"[4] şəklində təyin edə bilərik.

b. Tə’vilin Şərtləri
İslam elm adamlarının bir çoxuna görə ayələrdən hökm çıxartmaqda əsas olan, tə’vilə girməməkdir. Başqa bir ifadə ilə desək ayələrin zahiri mənaları ilə əməl etmək vacibdir və qüvvətli dəlil olmadığı müddətcə zahiri mənalarını buraxıb tə’vil etmək caiz deyil. [5] Məsələn ümumi mənalı bir nas, onu təhsis edən xüsusi bir nas olmadığı müddətdə ümumi, mütləq mənalı bir nas da təkyid [6] edici bir nas olmadığı müddətdə mütləq məna daşıyır. Əmrlər də eyni ilə əks dəlil olmadıqca vacib olurlar. Ancaq məna cəhətdən bir-birinə zidd kimi görünən müşkül [7] ayələrin uzlaşdırılması və mənaları gizli bir məna üçün simvol təşkil edən ayələrin, [8] yəni mütaşabih nasların açıqlığa qovuşdurulması halında tə’vil labüddür. Məhz belə vəziyyətlərdə isə aşağıdakı şərtlər nəzərdə tutulmalıdır:

(1) Tə’vilə əsas alınan məna, kəlmənin ehtimal etdiyi, məcazən də olsa ona dəlalət etdiyi mənalardan olmalıdır. [9] Əgər kəlmə ehtimalı olmayan bir məna ilə tə’vilə zorlanırsa, o təqdirdə olunan tə’vil səhih və məqbul sayılmaz. [10]
(2) Tə’vil, kəlmənin ilk ağıla gələn zahiri mənasından uzaqlaşdırılaraq başqa bir məna verilməsinə əlverişli olmalı, şəriətə bağlı bir dəlilə istinad etməlidir. [11] Bu dəlil nas, fikir birliyi, bənzətmə ola biləcəyi kimi, İslam hüququnun ümumi prinsiplərindən biri də ola bilər. Əgər belə bir dəlilə istinad olunmadan tə’vil olunarsa o səhih qəbul olunmaz. Belə ki, Şarinin qoyduğu hökmlərdə əsas olan ayələrin zahiri mənalarıdır. [12]
(3) Tə’vilin şərtlərindən biri də edilən tə’vilin mənasının açıq bir nasa müxalif olmamağıdır. Əgər olunan tə’vil, səhih və açıq-aşkar bir nasa əks olarsa belə bir tə’vil fasiddir. [13] Çünki bu vəziyyətdə şərtlər tamamlanmır. [14]

Onu da qeyd edək ki, sözü gedən şərtlər olmadan edilən tə’villər qeyri səhih olaraq dəyərləndirilmişdir. Deməli, məqbul və səhih bir tə’vildən söz edə bilmək üçün sözü gedən şərtlərin olması vacibdir.
Bu da bir həqiqətdir ki, burada saydığımız şərtlərlə yanaşı müfəssirlər tə’vil fəaliyyətlərində bir də Quran elmlərinin və dilçiliyin hüdudları çərçivəsində hərəkət etməyə məcburdurlar. Çünki Quran elmləri, Quran mətnlərinin fərqli tərəflərini ehtiva etməklə yanaşı mətnlə əlaqəni qorumaqda, dilçilik isə, fərqli şöbələri ilə dillə bağlı bütün mətnlərin incələnməsi baxımından əhəmiyyət kəsb etməkdədir. Buna görə tə’vilə getmək məcburiyyətində olan bir müfəssirin mətni bağlantını saxlamaqla yanaşı Quran elmlərinin dəyişik şöbələrindən yetərli bir formada yararlanması və eləcə də dilçiliyin yardımı ilə hadisəyə yaxınlaşması labüddür. Bunun üçün isə morfologiya nümunələri və onların ifadə etdiyi mənalardan başlanılmalı; sonra müfrəd [15] kəlmələr və onların etimologiyası üzərində dayanmaq şərti ilə cümlə və iraba [16] keçilməlidir. Bundan sonrakı mərhələdə meani, bəyan bədii şəklindəki qədim üçlü ayrılma ilə bəlağət elmindən yararlanmalı, ardınca da mətni məzmunda zehin və ağıl fəaliyyətlərinə yer verilməlidir. Başqa sözlə yuxarıda ifadə etdiyimiz şərtlər ancaq bütün bu xüsusiyyətlərin yerinə yetirilməsi ilə bir bütünlük yarada biləcəyi üçün edilən tə’vil səhih qəbul oluna bilər. Çünki müfəssir, əvvəlcə sahib olduğu bütün Quranı və dilçilik vasitələrini istifadə edərək zikr olunan elmlər vasitəsi ilə mümkün açıqlamaların bitdiyi qənaətinə gəldikdən sonra tə’vilə keçə bilər. [17]

c. Tə’vil İlə Təfsir Arasındakı Fərqlər
Eyni elm sahəsinin iki məfhumu olmasına rəğmən tə’vil ilə təfsir arasında bəzi fərqlərin olduğu bir həqiqətdir. Bunları aşağıdakı kimi sıralamaq mümkündür:
(1) Tə’vil, bir əlamətdən ötrü kəlmənin mümkün mənalarından birini seçmək mənası daşıdığı üçün qətilik ifadə etməz. Fəqət təfsir, kəlmədəki mənanın açıqlığa çıxarılmasında qətilik ifadə edər. [18] Çünki tə’vil, qəsd edilən mənanı dirayətlə, təfsir isə rəvayətlə - yəni Həzrəti Peyğəmbər və vəhyə şahid olan səhabələrdən gələn nəqllə aşkara çıxarır. [19] Buna görə də təfsir Quranın nə dediyini, tə’vil isə nə demək istədiyini söyləyər.
(2) Tə’vil əksər halda nasların mənalarında, təfsir isə kəlmələrdə görülür. [20] Başqa sözlə tə’vil kəlmələrdə qəsd edilən mənanı, təfsir isə kəlmənin lüğət mənasını bəyan edər. [21]
(3) Tə’vil, təfsirə görə daha çox subyektivdir. [22] Çünki tə’vil dinlə bağlı əsərlərdə, təfsir isə həm dini, həm də dini olmayan mövzularda qələmə alınan əsərlərdə istifadə olunur. [23]
(4) Tə’vil anlayışı batini mənaları üzə çıxarmaq, təfsir isə həqiqət və ya məcaz yolu ilə kəlmələrin zahiri mənalarını açıqlamaq üçün istifadə olunur. [24]
(5) Təfsir rəvayət və dirayətə istinad olunurkən tə’vil istinbada [bir söz və ya davranışdan hökm çıxartmaq] istinad etməkdədir. Ancaq bu, şərhçinin mətnlə heç bir əlaqə olmadan hərəkət edəcəyi mənasına gəlməməlidir. Çünki tə’vilin də, mətnlə bağlı olan və təfsir anlayışına da daxil olan bəzi məcburi elmlərin məlumatlarına istinad etməsi vacibdir. Əks halda tə’villə məşğul olan şəxs mətni şəxsi istəkləri və ideologiyası istiqamətində şərh etmiş olar ki, bu da klassik alimlərin dediyi kimi "məzmum/təhlükəli" bir "ə’vil sayılır. [25]

Ardı var...

Lüğət və iazhlar

[1] İbn Mənzur, Lisanu’l-arab, XI, 32; ər-Rağib əl-İsfahani, əl-Müfrədat, s.32; Asim Əfəndi, Qamus Tərcüməsi, İstanbul 1304-1305, III, 1160
[2] İbn Manzur, Lisanu’l-arab, XI, 32; Asim Əfəndi, Qamus Tərcüməsi, İstanbul 1304-1305, III, 1160; ət-Təhanəvi, Kəşşafu istilahati’l-funun, İstanbul 1404/1984, I, 89; Əz-Zəkani, Mənahil, II, 4.
[3] İlahi sirlərə aid
[4] Əl-Zərkaşi, əl-Burhan, II, 150; əs-Suyuti, əl-İtkan, II, 222; əl-Akk, Halid Abdurrahman, Usulu’l təfsir və qavaiduhu, Beyrut1406/1986, s.51
[5] Abdulhəmid, İrfan, İslamda etiqadi məzhəblər [tərcümə Saim Yeprəm], İstanbul 1982, s.230
[6] Qeyd və şərtə bağlı
[7] Quranın bəzi ayələri arasında ixtilaf və ya təzad kimi görünən xüsusiyyətlər müşkül Quran elmi çərçivəsində araşdırılır. Əslində Quranda bir-birini tutmayan və ya bir-birinə zidd olan ayələr mövcud deyil. Belə ki, Allah Təala: "Əgər o, Allahdan başqası tərəfindən nazil olsaydı əlbəttə ki, içində bir-birini təkzib edən bir çox şey olardı." ən-Nisa 4/82 bu həqiqəti açıqlamışdır. Demək ki, Quranda belə bir şey mövcud deyil. [Baxın: Çətin Abdurrahman, Quran Elmləri və Qurani Kərim Tarixi, İstanbul 1982, s. 259-260]
[8] Abdulhəmid, İrfan, İslamda etiqadi məzhəblər s.231
[9] Salih, Muhəmməd Ədib, Təfsiru’n-nusus fi fıkh’l –İslami, Beyrut 1984, I, 381; əl-Akk Usulu’l təfsir s.58
[10] Zeydan, Abdulkərim, əl-Vəciz, Bağdad 1974, s.287
[11] Zeydan, Abdulkərim, əl-Vəciz, s.288; Şaban, Zəkiyyuddin, İslam Hüquq Elminin Əsasları [tərcümə İbrahim Kafi Dönməz], Ankra 1990, s.320-321; Salih Muhəmməd Ədib, Təfsiru’n-nusus fi fıkh’l –İslami, s. 382
[12] Salih, Muhəmməd Ədib, Təfsiru’n-nusus fi fıkh’l –İslami. S.382; Zəkiyyuddin, İslam Hüquq Elminin Əsasları, s.321
[13] pozulmuş, doğru olmayan, fəsad çıxaran, pozğunçuluq edən
[14] Zeydan, Abdulkərim, əl-Vəciz, s.288
[15][ər] Qarışıq olmayan, tək
[16][ər] Kəlmələrin oxunuş tərzi
[17] Əbu Zeyd, Nasr Həmd, İlahi Xitabın Təbiəti, [tərcümə Mehmet Emin Maşalı], Ankara 2001, s. 287.
[18] Abdulaziz, Əmir, Dirasat fi ulumi’l Kuran, Beyrut 1983/1403, s. 141
[19] Elmalı, Muhamməd Hamdi Yazar, Haqq Dini, [Müqəddimə], İstanbul 1971, I, 27
[20] Cerrahoğlu, İsmail, Tefsir Üsulu, Ankara, 1993, s.215
[21] əl-Akk Usulu’ltefsir s.52
[22] İbnu’l Esir, əl-Məsəlləsu’s –sair fi edebi’l-katib və’s-şair, [trk.Ahmed əl-Hufi-Bedevi Tabbaane], Riyad 1983/1403, I, 90
[23] Cerrahoğlu, İsmail, Tefsir Üsulu, Ankara, 1993, s.215
[24] İbnu’l – Esir, əl-Məsəlləsu’s –sair. I, 90; Abdulaziz, Əmir, Dirasat fi ulumi’l Kuran, Beyrut 1983/1403, s.143
[25] Ebu Zeyd, İlahi Xitabın Təbiəti, s. 283-284

Azerislam.com


[ Mündəricata qayıt... ]
Share on facebook
Share on gmail
Share on yahoomail
Share on twitter
Share on live
Share on blogger
Share on favorites
|





ayə(lər)
nə axtarırsınız?









Şənbə
21 Səfər 1434
[object HTMLDocument] Yanvar 2013


FƏCR [ 2 rükət ]06:27
GÜNƏŞ08:03
ZÖHR [ 4 rükət ]12:46
ƏSR [ 4 rükət ]15:10
MƏĞRİB [ 3 rükət ]17:29
İŞA [ 4 rükət ]19:01
GECƏYARI23:58
Aylıq təqvim


«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»


Tarix: 05.01.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1159 Bölmə: Maraqlı melumatlar