Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏZRƏT FATİMƏNİN (ə) ÖZƏLLİKLƏRİ (vəfatının ildönümü münasibətilə)

25 aprel “Fatimə günləri” adlandırılan və o xanımın vəfat ildönümünü əhatə edən tarixin sonuncu günü və digər məlumata görə, vəfatı günüdür.


Keçən məqalədə Hz. Fatimənin həyatı haqda qısa məlumat vermişdik. Həzrət Fatimeyi-Zəhranın (ə) üstünlüklərini sadalmaqla və təsvir etməklə bitməz. Bütün müsbət cəhətlər ən uca dərəcədə Onun şəxsiyyətində zahir olmuşdu. Amma Fatimə (ə) bəzi elə keyfiyyətlərə də sahib idi ki, bunlar dünyanın başlanğıcından sonuna kimi yaşamış və yaşayacaq heç bir bəşər övladında mövcud olmamış və olmayacaqdır. Məhz bu keyfiyyətlər Onu öz bacıları da daxil olmaqla müasiri olduğu bütün müsəlman qadınlardan, özündən əvvəl yaşamış mömin xanımlardan, hətta kişilərdən belə, fərqləndirir və üstün edir. Aşağıda həmin xüsusiyyətlərdən bir neçəsini diqqətinizə çatdırırıq.

Fatimə (ə) bəşər tarixində yeganə məsum qadındır. Məsum kateqoriyasına aid olan bütün şəxslər ya peyğəmbər, ya da imam olmuşlar (kişi cinsindən olmuşlar). Yalnız Fatimə (ə) öz atası Həzrət Mühəmməd Peyğəmbərlə (s) və on iki imamla birlikdə 14 məsumun cərgəsinə daxildir.

Fatimə (ə) əsil-nəsəb və ailə tərkibi baxımından nadir üstünlüyə malik qadındır. Tarixdə Ondan başqa elə bir qadın tapmaq olmaz ki, bu qədər şərəfli atası, həyat yoldaşı və övladları olsun. Fatimə (ə) peyğəmbərin qızıdır, imamın həyat yoldaşıdır və daha iki imamın anasıdır.

Həzrət Fatimə (ə) yeganə qadındır ki, Əli ibn Əbu Talibdən (ə) başqa heç kim Onun əri olmağa layiq deyildi. Vaxtilə Məkkə böyüklərindən bir çoxu Fatimə (ə) ilə evlənmək istəmiş, amma Peyğəmbər onların elçiliyini rədd etmişdi. Yalnız Peyğəmbərin əmisi oğlu Əli (ə) bu şərəfə nail ola bildi. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdu: “Əgər Əli olmasaydı, Fatiməyə tay (yəni ər) tapılmazdı”.

Peyğəmbərin övladları içində yalnız Fatimə (ə) Onun vəfatından sonra dünyasını dəyişmişdir. Məlum olduğu kimi, Peyğəmbərin bütün oğulları (Qasim, Abdullah və İbrahim) körpə ikən vəfat etmişdilər. Qalan üç qız da atalarının sağlığında vəfat etdi. Rüqəyyə hicri 2-ci (miladi 624-cü), Zeynəb hicri 8-ci (miladi 630-cı), Ümmi-Külsum isə hicri 9-cu (miladi 630-cı) ildə dünyadan köçdü.

Həzrət Mühəmməd Peyğəmbərin (s) yaxın qohumları və Əhli-beyti arasında hamıdan əvvəl dünyasını dəyişən də Fatimeyi-Zəhradır (ə). Bir rəvayətə görə, atasından 75 gün, başqa rəvayətə görə isə 95 gün sonra vəfat etmişdir. İslam Peyğəmbəri həyatının son saatlarında Fatimənin (ə) tezliklə dünyadan köçəcəyini və cənnətdə Onunla hamıdan tez görüşəcəyini xəbər vermişdi.

Peyğəmbərin nəslini davam etdirmək şərəfi övladlarından yalnız Fatiməyə (ə) qismət oldu. Peyğəmbərin qalan qızlarının da uşaqları var idi. Amma bu uşaqların hamısı ya kiçik yaşlarında vəfat etmiş, ya da sonsuz olmuşlar. Rüqəyyənin Osman ibn Affandan olan oğlu Abdullah anasının vəfatından az sonra kiçik yaşlarında vəfat etdi. Ümmi-Külsumun Osmanla izdivacından övladı olmadı. Zeynəbin Əbül-As ibn Rəbi ilə evliliyindən Əli adlı oğlu və Ümamə adlı qızı vardı. Əli hicri 12-ci (miladi 633-cü) ildə dünyasını dəyişdi. Ümamə isə Həzrət Fatimənin (ə) vəfatından sonra Onun öz vəsiyyətinə əsasən Həzrət Əliyə (ə) ərə getdi. Bu izdivacdan Mühəmmədül-övsət adlı bir oğulun doğulduğu bəzi tarix kitablarında qeyd edilir ki, onun da övladı qalmamışdır.
Yalnız Həzrət Fatimənin (ə) övladları İmam Həsən (ə), İmam Hüseyn (ə) və Zeynəbi-kübra Peyğəmbər nəslini davam etdirmişlər. Seyyidlərin böyük əksəriyyətinin nəsil şəcərəsi məhz Həzrət Fatimə (ə) vasitəsilə Peyğəmbərə gedib-çıxır (qalan seyyidlər Bəni-Haşimin başqa qollarına mənsubdurlar; birbaşa Peyğəmbərin nəslindən deyillər). Bəzi təfsirlərə görə, Quranda Kövsər surəsinin əvvəlindəki “Həqiqətən, biz sənə kövsər bəxş etdik” ayəsi də Həzrət Fatiməyə (ə) işarədir. Kövsər cənnətdəki bulağın adıdır, həm də ərəb dilndən tərcümədə çoxluq, bolluq deməkdir. Təfsirlərdə yazılır ki, Peyğəmbərin oğulları kiçik yaşlarında vəfat etdikləri üçün müşriklər o həzrətə tənə vurub, sonsuz adlandırırdılar. Allah-təala isə Peyğəmbərin nəslinin məhz qızı vasitəsilə artıb-çoxalacağını bildirmiş və Ona tənə vuranlara cavab olaraq buyurmuşdu: “Sənə rişxənd edənin özü sonsuzdur” (Kövsər, 3).

Fatimə (ə) ”dünya və axirət qadınlarının xanımı” ləqəbini qazanmış yeganə qadındır. Əksər hədislərdə Fatimənin (ə) adı digər üç müqəddəs qadınla – İsa Peyğəmbərin (ə) anası Məryəm, Fironun mömin xanımı Asiyə və Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşı Xədicə ilə yanaşı çəkilsə də, bəzi mənbələrdə Onun bu üç qadından daha yüksək məqama sahib olduğu bildirilir. Məsələn, hədislərin birində deyilir ki, Peyğəmbər Fatiməni (ə) “dünya qadınlarının xanımı” adlandıranda səhabələr soruşdular: “Məgər O, öz zəmanəsindəki qadınların xanımı deyilmi?”. Peyğəmbər cavab verdi: “Öz zəmanəsinin qadınlarının xanımı İmran qızı Məryəm idi. Fatimə isə dünyanın əvvəlindən sonuna qədər bütün qadınların xanımıdır” (Əmaliyi-Səduq, 73-cü məclis, hədis 18; Biharül-ənvar, 43-cü cild, səh. 24 və 26). Başqa bir hədisdə isə İmam Cəfər Sadiq (ə) Peyğəmbərin Fatiməni (ə) “”əvvəldən axıra kimi bütün cənnət qadınlarının xanımı” adlandırdığını bildirir (Biharül-ənvar, 43-cü cild, hədis 21).

Bəzi mənbələrdə bildirilir ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) yeganə doğma qızı Fatimə (ə) olub. Digər üç qız – Zeynəb, Rüqəyyə və Ümmi-Külsum isə Xədicənin əvvəlki ərlərindən idilər və əslində Həzrət Mühəmmədin (s) ögey qızları sayılırdılar.


Tarix: 21.11.2012 / 16:25 Müəllif: [Ram] Baxılıb: 819 Bölmə: Maraqlı melumatlar
loading...