beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAM DAHA UCA OLSUN DEYƏ

RİYAZ əs-SALİHİN kitabından:

٩- وعَنْ أبي مُوسَى عبْدِ اللَّهِ بْنِ قَيْسٍ الأَشعرِيِّ رضِي الله عنه قالَ: سُئِلَ رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم عَنِ الرَّجُلِ يُقاتِلُ شَجَاعَةً ، ويُقاتِلُ حَمِيَّةً ويقاتِلُ رِياءً ، أَيُّ ذلِك في سَبِيلِ اللَّهِ؟ فَقَالَ رسول الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم : « مَنْ قاتَلَ لِتَكُون كلِمةُ اللَّهِ هِي الْعُلْيَا فهُوَ في سَبِيلِ اللَّهِ » مُتَّفَقٌ عليه

9. Əbu Musa Abdullah bin Qeys əl-Əşəri -radiyallahu anh- belə demişdir:

Rəsulullah –səllallahu əleyhi və səlləmə-:

-Biri cəsarətini göstərmək, digəri millətini qorumaq, o biri özünə igid adam deyilməsi üçün döyüşən kəslərdən hansı Allah yolundadır?, - deyə soruşuldu.

Rəsulullah –səllallahu əleyhi və səlləm- bu cavabı verdi:

-“Kim İslam daha uca olsun deyə döyüşürsə, o Allah yolundadır.”

Buxari, Elm 45, Cihad, 15, Farz əl-Xumus 10, Tövhid 28; Müslim, İmarə 150, 151. Ayrıca bax: Tirmizi, Fəzail əl-Cihad 16; Nəsae, Cihad 21; İbn Macə, Cihad 13


Əbu Musa əl-Əşəri

Yəmənin Zəbid bölgəsində yaşayan və gözəl davranışlarıyla Hz. Peyğəmbər (s.ə.s) –in təqdirini qazanan Əşərilərdəndir. Hz. Peyğəmbər (s.ə.s) –in İslama dəvət etdiyini eşidincə, onunla görüşmək üçün iki böyük qardaşı və 52 adamla birlikdə bir gəmiyə minib yola çıxdılar. Lakin fırtına onları Həbəşistana çəkib apardı. Quruya çıxınca, Hz. Peyğəmbər (s.ə.s) –in əmisi oğulu Cəfəri-Təyyar ilə bir çox müsəlmanın orada olduğunu öyrənib sevindilər. Hicrətin 7-ci ilində (628) Mədinəyə döndülər. Əvvəl Həbəşistana, sonra da Mədinəyə gedərək iki hicrət etdiklərini və bu səbəblə, Allahın razılığını qazandıqlarını Rəsuli- Əkrəmdən eşidincə çox sevindilər. Əbu Musa əl-Əşari o tarixdən sonra, Hz. Peyğəmbər (s.ə.s) –dən heç ayrılmadı. Onunla birgə bütün döyüşlərə getdi.

Hz. Ömər və Hz. Osmanın xəlifəlik dövrlərində illərcə Bəsrə və Kufə valisi oldu. Bir çox diyarın İslam toprağı olmasını təmin etdi.

Əshabi-kiramın ən böyük altı alimindən biri sayılardı. Qurani-Kərimi şəxsən Peyğəmbər (s.ə.s) –dən öyrəndi, Bəsrə və Kufə xalqına Quran öyrətdi. Çox gözəl səsi vardı. O, Quran oxumağa başlayınca, hər kəs dərin bir xuşu (xatircəmlik) ilə dinləyərdi. Bir gecə Rəsuli-Əkrəm Hz. Aişə ilə birlikdə onun Quran oxuyuşunu dinlədikdən sonra, ona Hz. Davudun (ə.s) səsinə bənzər bir səs verildiyini söylədi. Hz. Ömər onun Quran oxumasını istədiyi zaman:
-Əbu Musa! Bizə Rəbbimizi xatırlat!, -deyərdi.

Əbu Musa uzun illər idarəçilik etməsinə baxmayaraq, dünya malına heç rəğbət etmədi. Hər kəsə Hz. Peyğəmbər (s.ə.s) zamanında yaşadıqları təvazökar həyatdan nümunələr verərək sadə yaşamanın gözəlliyini izah etdi. Çox həyalı bir insan idi. Gecələri yatarkən bədəninin açıla biləcəyindən ehtiyat edərək, gözəlcə bürünüb yatardı. Allahdan utandığı üçün qaranlıqda ikiqat olub yuyunduğunu söyləyərdi. Tələbələrini yumşaq ürəkli olmağa təşviq edib, Allah qorxusundan ötəri ağlamağı tövsiyə edər və:

-Ağlaya bilmirsinizsə, ağlamağa cəhd edın! Çünki cəhənnəm əhli göz çeşmələri quruyana qədər ağlayacaq, sonra içində gəmilər üzəcək qədər qanlı yaşlar tökəcəklər, -deyərdi.
Əbu Musa əl-Əşari 360 hədis rəvayət etmişdir. 63 illik həyatının çoxu İslama və insanlara xidmət etməklə keçən bu möhtərəm səhabə, hicrətin 42-ci ilində (662) Kufədə, bir rəvayətə görə də Məkkədə vəfat etmişdir.
Allah ondan razı olsun!

Şərh

Hədisi-şərifin müxtəlif rəvayətlərində görüldüyü üzrə, cəsarətini göstərmək, millətini qorumaq və özünə igid adam dedirtmək kimi məqsədlərdən başqa, sırf qənimət əldə etmək və hirsini yatırmaq üçün döyüşənlərin halı da Hz. Peyğəmbər (s.ə.s) -ə soruşulmuşdur. Rəsuli-Əkrəm bu düşüncələrlə döyüşənlərdən heç birinin Allah yolunda cihad etmiş olmadığını qəti bəyan etmiıdir. 1346 nömrəli Hədisdə –də təkrar qeyd oluncağı kimi, ancaq İslamiyyəti yayıb yaşatmaq (İlayı-kəlimətullah) üçün döyüşənlərin Allah yolunda cihad etmiş olduğunu ifadə etmişdir.
Hədisin mətnində keçən kəlimətullah sözüylə, kəlmeyi-tövhid yəni La ilahə illəllah Muhəmmədun Rəsulullah nəzərdə tutulmuşdur. İslamı ən yaxşı və ən qısa bir şəkildə ifadə edən kəlmeyi-tövhid müsəlmanların paroludur. Müsəlmanın ən mühüm vəzifəsi, dilindən salmadığı bu əziz sözü üfüqlərin hər yerinə çatdırmaq, başqalarının da Allahı tanımaq surətiylə xoşbəxt olmasını təmin etməkdir. Cihad bu deməkdir. Elə isə belə uca bir məqsəd üçün döyüşmək varkən, eqoist duyğular və keçici mənfəətlər üçün vuruşmaq böyük səhvdir.
Allahın razılığını qazanmaq üçün döyüşmək ön planda olduğu təqdirdə, qeyd edilən digər hədəflərin güdülməsi əsl məqsədə zərər verməz. Məsələn, millətini qorumaq üçün vuruşan kimsənin əsl məqsədi Allahı razı etmək, İslam yurdunu düşmən tapdağından qorumaq isə, bu məqbuldur.
İnsan oğlunun etdiyi hər hərəkətdə niyyətinə baxıldığı bu Hədisdə bir daha ortaya qoyulmaqdadır. Bir can bazarı olan döyüşdə ölüncə şəhid, qalınca qazi sayıla bilmək üçün Allaha xidmət eşqinin ön plana alınması lazımdır. Bunu Əbu Ümamə əl-Bahilinin rəvayət etdiyi bu Hədisi-şərif də daha açıq bir şəkildə ortaya qoymaqdadır:

Bir adam Rəsuli-Əkrəmə gələrək:

-Pul və şöhrət üçün döyüşən bir adam savab qazanarmı?, -deyə soruşdu.

Peyğəmbər Əfəndimiz:

-“Heç bir şey qazana bilməz”, buyurdu.

Adam bu sualı Rəsuli-Əkrəmə üç dəfə soruşdu. Hər dəfə də eyni cavabı aldı. Sonra Hz. Peyğəmbər (s.ə.s) sözünü belə tamamladı:

“Allah Təala yalnız öz razılığı üçün edilən ibadətləri qəbul edər, başqasını deyil” (Nəsae, Cihad 24).

Hədisdən öyrəndiklərimiz:

1. İşlər qiymətləndirilərkən hansı məqsədlə edildiyinə baxılar. Yaxşı niyyətlə edilmişsə, Allah qatında məqbul olar.
2. Allahın razılığını qazanmaq naminə döyüşmək yerinə mənfəət və ya nəfsi xoşnud emək üçün vuruşmaq doğru deyil.
3. Dünyaya könül bağlamaq insanı uca hədəflərə çatmaqdan saxlayar, adi və əhəmiyyətsiz əməllərlə məşğul edər.
4. Cihad kimi ən əhəmiyyətli bir vəzifə belə, ancaq ixlas ilə edilərsə bir qiymət qazanar.

Fəsillərə qayıt...


Tarix: 06.01.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 546 Bölmə: Maraqlı melumatlar