Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

Günümüzdə şəriət məsələləri barədə aparılan elmi mübahisələr zamanı tez-tez toxunulan mövzulardan biri də bundan ibarətdir: gündəlik namazlar mütləq 5 vaxtda, ayrı-ayrılıqdamı qılınmalıdır? Yoxsa günorta və axşam qılınan qoşa namazları birləşdirib ardıcıl surətdə yerinə yetirmək mümkündür?

Məlum olduğu kimi, cəfəri məzhəbinə görə, zöhrlə əsr, məğriblə işa namazlarını ardıcıl olaraq qılmaq mümkündür. Lakin bu gün əhli-sünnə məzhəblərində hakim olan rəyə görə, 5 gündəlik namazın hər biri müstəqil vaxtlarda yerinə yetirilməlidir və adı çəkilən qoşa namazları ardıcıl qılmaq olmaz. Bu məqalədə həm şiə, həm də əhdi-sünnə məzhəblərinin mötəbər mənbələrinə istinadən, məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Aşağıda sizə təqdim etdiyimiz hədislər əhli-sünnə aləminin ən məşhur və etibarlı hədis məcmuələrindən sayılan "Səhihi-Müslim"dəndir. Məlum olduğu kimi, əhli-sünnə məzhəbinin hədis elmində 6 hədis toplusu ən mötəbər sayılır; onları cəm halda "Sihahi-sittə" (altı səhih mənbə), yaxud "Kütübi-sittə" (altı kitab) adlandırırlar. Bunların içində ikisi xüsusilə etibarlı hesab edilir: "Səhihi-Buxari" və "Səhihi-Müslim". Əksəriyyət mötəbərlik baxımından "Səhihi-Buxari"ni birinci qəbul edir; amma bəziləri (xüsusilə məğrib - Şimali Afrika ölkələrinin əhalisi) "Səhihi-Müslim"i ondan da üstün bilirlər. Hətta əhli-sünnənin məşhur hədis alimlərindən biri Hafiz Əbu Əli Hakim Nişaburi demişdir: "Asimanın altında Müslimin "Səhih"i qədər mötəbər hədis kitabı görməmişəm".

Bütün klassik hədis məcmuələri kimi, "Səhihi-Müslim" də konkret mövzudakı hədisləri əhatə edən kitablara bölünmüşdür. Kitabların biri belə adlanır: "Kitabüs-səlatil-müsafirin və qəsriha" (Səfərdə olanların namazı və bu namazın qısa qılınması). Həmin kitabın 5-ci babı belə adlanır: "Əl-CəmпїЅu beynəs-səlateyni fis-səfər" (Səfər zamanı iki namazın birləşdirilməsi). 6-cı babın isə adı belədir: "Civazul-cəmпїЅi beynəs-səlateyni fil-həzər" (Vətəndə olarkən namazların birləşdirilпїЅməsinin caizliyi). 5-ci babda yeddi, 6-cı babda isə on hədis vardır. Beləliklə, iki babdakı hədislərin ümumi sayı 17-dir. Aşağıda həmin iki babdakı hədislər barədə qısa məlumat verilir.

5-ci bab:

"ƏL-CƏMпїЅU BEYNƏS-SƏLATEYNİ FİS-SƏFƏR"

(Səfər zamanı iki namazın birləşdirilməsi)

Bu babın ilk hədisini Abdullah ibn Ömər rəvayət edir: "Allahın Rəsulu səfərə tələsəndə məğrib və işa namazlarını birləşdirib ardıcıl qılırdı". Qeyd edirik ki, bu hədisin sənəd zəncirində Yəhya ibn Yəhya, Malik ibn Ənəs və Nafe kimi etibarlı ravilər vardır.

Müslim eyni məzmunlu hədisi cüzi fərqlə və başqa sənəd zənciri ilə daha üç dəfə də rəvayət etmişdir.

Növbəti hədis Ənəs bin Malikin dilindən verilir: "Peyğəmbər səfərə çıxarkən əgər Günəş hələ zavaldan meyl etməmişsə, zöhrün vaxtını əsrə kimi təxirə salar, sonra düşərgə salar, namazların ikisini ardıcıl qılardı. Əgər Günəş artıq zavaldan keçibsə, onda zöhr namazını qılıb sonra səfərə çıxardı".

Digər hədisdə (Ənəs vasitəsilə rəvayət edilir) buyurulur: "Peyğəmbər səfərə çıxarkən, iki namazı birləşdirmək istəsəydi, zöhr namazını əsr namazının ilk qılınma vaxtına kimi təxirə salar, sonra ikisini də birləşdirib ardıcıl qılardı".

Nəhayət, eyni ravidən söylənilən sonuncu hədisdə deyilir ki, Peyğəmbər səfərdə tələsəndə, zöhr namazını təxirə salıb əsr namazının ilk qılınma vaxtında ikisini də qılardı, məğribi də təxirə salıb, şəfəq gözdən itəndə işa namazı ilə birlikdə yerinə yetirərdi.

Beləliklə, göründüyü kimi, bu yeddi hədis Həzrət Məhəmməd Peyğəmbərin (s) səfərqabağı və səfər zamanı zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirib qoşa qıldığını təsdiq edir. Hədislərin sayı, həmin rəvayətin təvatür həddində olduğunu sübuta yetirir, bununla da heç bir elmi etiraza yer qalmır.

Burada sual altında duran bir məsələ qalır. Mümkündür ki, bəziləri etiraz edib deyə bilərlər: "Həzrət Peyğəmbərin səfərdə namazları birləşdirməsi həqiqətdir. Lakin o həzrət bunu, səfər zamanı yaranan çətinliklərdən xilas olmaq naminə edirdi. Səfərə çıxmayan vaxtlar isə Peyğəmbər hər namazı ayrı-ayrılıqda qılırdı. Ona görə də bu gün evdə, yaxud məsciddə zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirib ardıcıl qılmaq üçün icazəmiz yoxdur".

Bu sualı cavablandırmaq üçün 6-cı babın hədislərinə nəzər salmaq kifayətdir. Dediyimiz kimi, həmin babda 10 hədis vardır.

6-cı bab:

"CİVAZUL-CƏMпїЅİ BEYNƏS-SƏLATEYNİ FİL-HƏZƏR"

(Vətəndə olarkən namazların birləşdirilməsinin caizliyi)

Bu babdakı hədislərin birincisi Abdullah ibn Abbasın dilindən rəvayət olunur. Hədisdə deyilir: "Peyğəmbər qorxu və səfər olmadan zöhrlə əsr namazlarını, məğriblə işa namazlarını birləşdirib qılırdı". Hədisdən məlum olur ki, nə müharibə, nə də səfər gözlənilmədiyi vaxt Peyğəmbər namazları birləşdirirmiş. Bununla da PeyпїЅğəmпїЅbəпїЅrin yalnız müharibə meydanında, yaxud yalnız səfərdə iki namazı birləşпїЅdirməsi barədə yarana biləcək bəhanə aradan qalxır.

Növbəti hədis bununla oxşardır. Fərq bundadır ki, orada Peyğəmbərin namazları ardıcıl qılması hadisəsinin Mədinədə baş verdiyi bildirilir. Hədisə əlavə kimi göstərilir ki, Peyğəmbərin namazları birləşdirməsinin səbəbini İbn Abbasdan soruşdular. O belə cavab verdi: "Bununla Peyğəmbər öz ümmətindən heç kəsin çətinliyə düşməməsini istəyirdi".

Burada qarşı tərəfin növbəti bəhanə irəli sürmə ehtimalı yaranır. Onlar deyə bilərlər ki, Peyğəmbər Mədinədə yalnız yağış yağarkən, camaatın yağış altında qalıb islanmaması xatirinə namazları birləşdirmişdir. Aşağıda verilən növbəti hədis həmin bəhanəni də darmadağan edir. Hədisdə deyilir: Abdullah ibn Abbas rəvayət etmişdir ki, Həzrət Məhəmməd Peyğəmbər (s) Mədinədə müharibə təhlükəsi və yağış olmadan zöhrlə əsr, məğriblə işa namazlarını bir yerdə qılmışdı. Səbəbini soruşanda İbn Abbas söylədi: "Peyğəmbər istəyirdi ki, onun ümməti çətinliyə düşməsin".

Yenə həmin babın növbəti hədisində İbn Abbas rəvayət edir ki, mən Peyğəmbərin rəhbərliyi ilə birlikdə 8 rükət və birlikdə 7 rükət namaz qıldım. Hədis ravilərindən biri özündən əvvəlki ravidən soruşur: "Zənn edirsən ki, İbn Abbas zöhr namazını bir qədər gec, əsri isə tez, həmçinin, məğrib namazını gec, işanı tez qılıbmış?" Ravi cavab verir ki, mən də elə bunu zənn edirəm.

Hədisin izahı belədir: İbn Abbas demək istəyirdi ki, o, hər biri 4 rükət olan zöhr və əsr namazlarını, sonra isə 3 rükətlik məğrib və 4 rükətlik işa namazlarını ardıcıl qılmışdır. Beləliklə, o, günorta ardıcıl olaraq səkkiz rükət, axşam isə ardıcıl olaraq yeddi rükət namaz qılmış olub.

Sonrakı hədisdə məsələyə daha da aydınlıq gətirilir. İbn Abbas rəvayət edir: "Allahın Rəsulu Mədinədə yeddi və səkkiz rükət namaz qıldı: zöhr və əsr namazlarını, məğrib və işa namazlarını".

Bu babdakı hədislərin son ikisi Abdullah ibn Abbasın başına gələn bir hadisəni təsvir edir. Rəvayətə görə, bir gün İbn Abbas camaat üçün xütbə söyləyirmiş. Axşam hava qaralanda adamların arasından biri məğrib namazının qılınma vaxtının ötdüyünü bildirmək üçün "Namaz! Namaz!" - deyə qışqırır. İbn Abbas bundan qəzəblənib belə deyir: "Bizə sünnəni sənmi öyrədəcəksən? Anan vayına otursun! Biz Rəsulüllahın zamanında iki namazı (yəni məğrib və işa namazlarını) birləşdirib qoşa qılırdıq".

Bu hədisin sənəd zəncirində İbn Abbasdan qabaq adı çəkilən ravi (Abdullah ibn Şəqiq) xəbər verir: İbn Abbasın bu sözündən qəlbimdə şübhə yarandı. Əbu Hüreyrənin yanına gedib bu hədisin doğruluğunu ondan soruşdum, o da təsdiq etdi.

RƏY SAHİBLƏRİNİN FİTVASI

Əhli-sünnə alimlərinin məsələyə münasibətini ətraflı şəkildə öyrənmək üçün bu məzhəbin mötəbər kitablarına nəzər saldıq. "Kütübi-sittə"nin Türkiyədə çap olunmuş (türk dilinə tərcüməsi ilə birlikdə) nəşrində, yuxarıdakı hədislərdən sonra qeyd olunmuşdur ki, bütün əhli-sünnə aləmi təsdiq edir ki, Həzrət Peyğəmbər həcc zamanı Ərəfatda zöhrlə əsr namazlarını, Müzdəlifədə isə məğriblə işa namazlarını birləşdirib qılmışdır. Buna görə də bütün müsəlmanlar həmin yerlərdə namazları göstərilən qaydada qıla bilərlər. Bundan başqa məkan və zaman şəraitində isə namazların birləşdirilməsi barədə əhli-sünnə alimlərinin rəyi iki cürdür:

a) Bəzi məşhur rəy və fitva sahibləri adi şəraitdə günorta və axşama aid iki namazı birləşdirməyi qadağan etmişlər. Bunların sırasında hənəfi məzhəbinin banisi Əbu Hənifə və onun tərəfdarları, səhabə Abdullah ibn Məsud, tabeindən Həsən Bəsri, İbn Sirin və b. vardır.

b) Bunun əksinə olaraq, əhli-sünnə tərəfindən mötəbər sayılan bəziləri namazları bitişik qılmağın mümkünlüyünü söyləmişlər. Bu dəstəyə İmam Əli ibn Əbu Talib (ə), səhabələrdən Abdullah ibn Abbas, Səd ibn Əbu Vəqqas, Əbu Musa Əşəri, Üsamə bin Zeyd, fitva sahiblərindən Mücahid, Rəbiətür-Rəy, hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl, şafiilik məzhəbinin banisi Şafii, Süfyani-Sövri, İshaq ibn Rahiveyh və b. məşhur şəxsiyyətlər aiddir.

Qeyd etmək lazımdır ki, tarix boyunca əhli-sünnə alimlərinin bəzisi bu mövzuda olan hədislərin hökmünə və fitva sahiblərinin rəyinə əsaslanaraq, zöhrlə əsr və məğriblə işa namazlarını ardıcıl qılmağın mümkünlüyü barədə fikir yürütmüşlər. "Beş məzhəb əsasında fiqh" kitabının müəllifi Əllamə Mühəmməd Cavad Müğniyə yazır ki, hətta əhli-sünnə alimlərindən Şeyx Əhməd Siddiqül-Ğəmari bu mövzuda müstəqil kitab yazmışdır. Həmin kitabın adı belədir: "İzalətül-xətər əmmən cəməə beynəs-səlateyni fil-həzər" ("Vətəndə iki namazı birləşdirən şəxsdən təhlükənin uzaqlaşdırılması").

CƏFƏRİ MƏZHƏBİNDƏ MƏSƏLƏYƏ MÜNASİBƏT

Zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirib ardıcıl qılmaq məsələsinə şiə (cəfəri) məzhəbinin baxışına gəlincə, qeyd edirik ki, bütün cəfəri alimləri bunun caizliyinə fitva vermişlər. Bu zaman həmin alimlər şiə məzhəbində etibarlı sayılan bir neçə hədis və rəvayətə əsaslanmışlar. Aşağıda belə hədislərdən bir neçəsini qeyd edirik.

Cəfəri aləmində ən mötəbər hədis məcmuələrindən sayılan "Əl-Kafi"nin "Səlat" (namaz) kitabında bablardan biri "Əl-CəmпїЅu beynəs-səlateyn" (iki namazı birləşdirmək) adlanır. Həmin babda 6 hədis vardır ki, onlardan ikisini nümunə kimi xatırladırıq:

1. Zürarə adlı səhabə rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Günəş zaval edərkən, Peyğəmbər heç bir xüsusi səbəb olmadan camaatla zöhr və əsr namazlarını ardıcıl qıldı. Həmçinin, yenə heç bir səbəb olmadan, şəfəq (Günəşin qızartısı) itməzdən əvvəl camaatla məğrib və işa namazlarını da birdəfəyə qıldı. Bununla Peyğəmbər camaatın vaxtını genişləndirmək istəyirdi".

2. Abbasün-Nəqqad adlı şəxs on birinci İmam Həsən Əsgəriyə (ə) şikayət etdi ki, var-dövləti və ticarət şərikləri əlindən çıxıb. İmam ona məsləhət gördü: "Zöhr və əsr namazlarını birləşdirib qıl, öz istədiyini görərsən".

Şeyxüt-taifə Tusinin qələmə aldığı və cəfəriliyin mötəbər hədis məcmuələrindən sayılan "Təhzibül-ehkam" kitabında da bu məzmunlu hədislər vardır. İshaq ibn Əmmar adlı səhabə İmam Cəfər Sadiqdən (ə) soruşdu: "Öz vətənimdə (buna həzər deyirlər), heç bir üzrlü səbəb olmadan, şəfəq itməzdən əvvəl məğrib və işa namazlarını birləşdirib qıla bilərəmmi?" İmam ona cavab verdi: "Qorxusu (ziyanı) yoxdur" ("Təhzibül-ehkam", "Səlat" (namaz) kitabı, "Namazın vaxtları" babı, hədis 84).

Əllamə Məhəmmədbaqir Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə İmam Əlidən (ə) belə bir hədis rəvayət etmişdir: "Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam (məğrib) və xiftən (işa) namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir".

Bu hədislərdən göründüyü kimi, iki namazı ardıcıl qılmaq nəinki caizdir, hətta bunun böyük maddi faydası da vardır. İmamlarımız ruzi və sərvətini artırmaq arzusunda olan adamlara məhz bu yolu təklif edirdilər.

Təəssüfləndirici haldır ki, bu gün cəfəri məzhəbindən olan bəzi şəxslər arasında belə bir fikir formalaşmışdır ki, guya zöhr namazını qıldıqdan sonra dərhal əsr namazına başlamaq olmaz və arada mütləq heç olmazsa, dörd rükətlik namazın qılınma müddəti qədər vaxt buraxılmalıdır. Belə düşünmək kökündən yanlışdır. Cəfəri fiqhinə aid yazılmış heç bir kitabda bu cür məlumat yoxdur. Bu fikir ya əməliyyə risalələrinin dilimizə olan yarıtmaz tərcümələrindən, ya da bəzi şəxslərin həmin risalələrdəki müvafiq fitvaları düzgün anlamamasından irəli gəlir. Məsələ bundadır ki, cəfəri fiqhində belə bir qanun vardır: zöhr anının girdiyi vaxtdan etibarən, dörd rükətlik namazın qılınmasına bəs edəcək qədər keçən vaxt yalnız zöhr namazına məxsus vaxtdır (buna zöhr namazının məxsusi vaxtı deyilir). Bu vaxt ərzində başqa heç bir namaz qılmaq olmaz. Həmçinin, məğrib azanından əvvəl dörd rükətlik namazın qılınmasına bəs edəcək qədər qalan vaxt da əsr namazına məxsusdur və həmin vaxtda heç bir başqa namaz (gündəlik əda namazlar nəzərdə tutulur) qılmaq olmaz. Bu iki vaxt kəsiyi arasında qalan müddət zöhr və əsr namazlarının müştərək qılınma vaxtı adlanır və hər iki namazı bu vaxt qılmaq mümkündür. Əlbəttə, nəzərdən qaçırmamalıyıq ki, hər namazı öz vaxtının əvvəlində qılmaq xüsusilə müstəhəbdir. Buna görə də zöhr namazını məxsusi vaxtında qılmaq böyük savaba malikdir. İki namazın arasında mütləq dörd rükətə çatacaq qədər vaxtın buraxılmasını iddia edənlər yuxarıda göstərilən hökmü düzgün başa düşmürlər. İki namaz arasında hər hansı miqdarda vaxt gözləmək qətiyyən vacib deyildir. Lakin həmin müddətdə dua etmək, müstəhəb namazlar qılmaq savabdır.


NƏTİCƏ

Yuxarıda deyilənlərdən bu nəticələri alırıq:

1. Günorta və axşama məxsus qoşa namazları bir-birinin ardınca qılmaq məsələsi yalnız şiə məzhəbinin hədislərində deyil, əhli-sünnənin də mötəbər hədis məcmuələrində mövcuddur.

2. Göründüyü kimi, əhli-sünnə mənbələrində göstərilən mövzudakı hədislərin sayı çoxdur. Əgər yalnız bircə kitabda - "Səhihi-Müslim"də 17 hədis mövcuddursa, deməli, bu hədislərin sayının təvatür həddində olduğunu söyləmək mümkündür. Hətta hədislərin bəzisini zəif və etibarsız saysaq belə, yerdə qalanları mövzunun təvatür həddində olduğunu sübut etməyə kifayət edər.

3. Cəfəri məzhəbinə məxsus mənbələrdə də namazları birləşdirib qılmağın nəinki caizliyi, hətta bəzi çətinliklərin həllində əlverişli olduğu barədə çoxlu sayda hədislərə rast gəlmək mümkündür.


Tarix: 21.11.2012 / 23:51 Müəllif: [Ram] Baxılıb: 1146 Bölmə: Maraqlı melumatlar
loading...