beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dialektik ziddiyyətlər qanunu

Bu qanun indiyə qədər mövcud olan fəlsəfi ədəbiyyatda «əks­liklərin vəhdəti və mübarizəsi» qanunu kimi verilmişdir. Bu, ən ümu­mi qanundur. Əgər bu qanun və onun haqqında biliklərin for­ma­laşması məsələsini nəzərdən keçirsək, mütləq tarixə müraciət etməliyik.
Hələ qədim zamanlardan insanlar belə bir cəhətə fikir verir­dilər ki, bizi əhatə edən son dərəcə çoxcəhətli aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oyna­yırlar. Həm də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı surətdə bir– birilə bağlıdır. Eyni bir predmetdə, yaxud hadisədə meydana gəlir, bu və ya digər şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər.Qədim Çinin, Hindistanın, Yunanıstanın və başqa ölkələrin bir çox filosofu belə hesab edirdilər ki, yalnız şeylərin hansı əksliklərdən təşəkkül tapdığını anlamaqla onların mənşəyini və mövcudluğunu izah etmək olar. O zaman istilik və soyuqluq, quruluq və nəmlik, boşluq, və doluluq, varlıq və yoxluq və s. bu cür əksliklərdən sayılırdı.
Hələ qədim zamanlardan belə bir fikir irəli sürülmüşdü ki, əks qüvvələrin toqquşması şeylərin dəyişməsinin hərəkətverici qüvvəsi­dir. Məsələn, qədim yunan filosofu Heraklit deyirdi ki, «hər şey mübarizə vasitəsilə olur», mübarizə hər şeyin mənbəyidir («ata­sıdır»). Qədim dialektiklər belə bir cəhətə fikir vermişdilər ki, əksliklər donmuş və dəyişməz bir şey deyildir: onlar nisbidir, yalnız müəyyən mənada bir– birindən fərqlənirlər, müəyyən şəraitdə bir– birinə keçirlər. Bütün bu fikirlər, bəzən çox bəsit formada ifadə edilmiş olsalar da, mahiyyət etibari ilə dahiyanə ehtimallar idi.
Feodalizm cəmiyyətində din xadimləri təbiəti müstəqil surətdə öyrənməyə səy edənləri təqib etdiklərinə görə, əksliklərin vəhdəti və mübarizəsi fikri boğulmuş idi. Kapitalizm cəmiyyətinin təşəkkülü dövründə əksliklər məsələsi yenidən diqqəti özünə cəlb etdi. N.Ku­zanlı (XV əsr) və c.Bruno (XVI əsr) kimi görkəmli mütəfək­kirlər öyrədirdilər ki, adi zəkanın yalnız barışmaz əksliklər (intəhalı və intəhasız, qeyri– müstəqim və müstəqim və s.) gördüyü yerlərdə da­ha dərin zəka sahibləri əksliklərin vəhdətini və ya «uyğun­laş­masını» tapa bilir.
XVII– XVIII əsrlərdə hökmran olan mexanist təbiətşünaslıq dialektikanın və xüsusən əksiliklər haqqındakı təlimin inkişaf et­dirilməsi üçün əlverişli şərait yaratmırdı. Lakin o zamanlarda da dərin düşüncəli mütəfəkkirlər inqilabdan əvvəlki dövrün kəskin ixtilaflar və toqquşmalarla dolu olan hadisələrini və münasibətlərini müşahidə edərkən, ictimai həyatda, tarixdə əksliklərin əhəmiyyəti haqqında dərin mənalı fikirlər irəli sürmüşdülər (misal üçün, Didronun «Ramonun qardaşı oğlu» və ya Russonun «Bərabər­siz­liyin mənşəyi və əsasları haqqında» adlı əsərlərinə baxmaq olar).
XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inkişaf edən alman fəlsəfəsində əksliklərin əhəmiyyəti fikri bir sıra filosofların diqqətini çox cəlb etmiş, Hegelin fəlsəfəsinin isə əsas prinsiplərindən biri olmuşdu. Hegel göstərirdi ki, inkişaf prosesi əksliklərin aşkara çıxarılması yolu ilə hadisənin öz əksliyinə keçməsidir. Hegel hadi­sədə olan əks cəhətlərin uyğunluğunu «ziddiyyət» adlandırmışdır. Lakin Hegel idealist olduğuna görə, gerçəkliyin ziddiyyətlərinə mütləq ideyanın məntiqi inkişafındakı ziddiyyətlər kimi baxırdı.
Hər bir inkişaf edən sistemdə onun inkişaf prosesinin əvvəlin­dən axırına qədər ziddiyyət vardır. Yalnız sistemdə onların əhə­miy­yəti, ziddiyyətlərin xarakteri, kəmiyyət parametrləri və vəziyyəti dəyişir.
Ziddiyyətlər özləri də dəyişilir, hərəkətdə olurlar. Onların qar­şılıqlı təsiri həm özlərini, həm də ümumi sistemdə olan dəyişikliklərə təsir edən maddələr mübadiləsi, enerji və informasiya ilə əlaqə­dar­dır. Aparıcı ziddiyyətlərin kəmiyyətcə və keyfiyyətcə üstünlüyü sis­temin hərəkət və inkişafına istiqamət verir. Bu üstünlük əvvəl gizli, potensial, sonra isə aktual olur. Ziddiyyətlərin inten­sivliyi, kəskin­liyi, və yetkiniliyi də dəyişir. Bu ziddiyyətlərin özünün inkişafının mərhələliyi problemi də kifayət qədər olmamışdır. Əslinə qalanda ziddiyyətlərin inkişafında aşağıdakı mərhələləri, yaxud vəziyyətləri ayırmaq lazımdır: 1. Harmoniya; 2. Disharmoniya və 3. Münaqişə. Hələ Heraklit qeyd edirdi ki, harmoniya ziddiyyətlərdən (əkslik­lərdən) ibarətdir. Aristotelə görə, «harmoniya, ümumiyyətlə ziddiy­yət­lərdən (əksliklərdən) yaranır». Yaxud da, «harmoniya müxtəlif fikirlərin razılığıdır». Disharmoniya ümumi strukturun laxlaması ilə bir tərəfin digər tərəfin hesabına inkişaf etməsi ilə əlaqədardır. Ziddiyyətlər, hər şeydən əvvəl, prosesdir. Birincisi, ziddiyyətlərin vəziyyəti ziddiyyətləri təşkil edəndir. Əslində, artıq qeyd edildiyi kimi, ziddiyyətlər dəyişməz qalmır. İkincisi, ziddiyyətlər aradan qaldırılır. Bunun üçün isə, əlavə hərəkət üçün maddələr, enerji və informasiya sərf olunur.
Müxtəlif ziddiyyətlər və onların müxtəlif təsnifatı mövcuddur. Onlardan əsası gerçəkliyi əhatə etməyə görə bölgüdür. Aşağıdakı iki tip məlumdur: 1. Ümumdialektik, yəni maddi və mənəvi gerçəkliyi əhatə edən və 2. Spesifik– dialektik ziddiyyətlərdir ki, onlar da öz növbəsində iki tipə bölünür: a) maddi sistemlərin ziddiyyətləri (predmet ziddiyyətləri) və b) idrakın predmet ziddiyyətləri.
Ümumdialektik ziddiyyətlər də növlərə bölünür. Bünlar daxili və xarici ziddiyyətlər, antaqonist və qeyri– antoqonist ziddiyyətlər, konstruktiv və destruktiv ziddiyyətlər və s.
Daxili ziddiyyətlər müəyyən predmetin bir– birinə əks tərəf­lərinin qarşılıqlı təsiri, mübarizəsidir. Xarici ziddiyyətlər isə müəy­yən predmetin onu əhatə edən mühitlə, bu mühitdəki predmetlərlə ziddiyyətli münasibətləridir. İnkişaf həm daxili və həm də xarici ziddiyyətlərlə müəyyən olunur. Antoqonist ziddiyyətlər sosial qüv­vələr (sosial quruplar, siniflər) arasında olan ziddiyyətlərdir. Qeyri– antoqonist ziddiyyətlər fərdlərlə, sosial qruplar və ölkələr arasında olan ziddiyyətlərdir. Onların başlıca mənafeləri bir– birinə uyğun gəldiyindən aralarında olan ziddiyyətlər də qeyri– antoqonist olur. Əsas ziddiyyət inkişafda başlıca, aparıcı rol oynayır və bütün başqa ziddiyyətlərə təsir göstərir.
Dialektikanın nəzərdən keçirilən üç qanununun inkişafı üç müxtəlif tərəfdən xarakterizə edir. Dialektik ziddiyyətlər qanunu inkişafın mənbəyi, impulsudur. Kəmiyyətin keyfiyyətə keçməsi qanu­nu yeni keyfiyyətlərin yaranması mexanizmidir; dialektik sintez qanunu mütərəqqi istiqamətlənmiş dəyişikliklərin xarakter və for­ma­sını ifadə edir. Birinci qanun inkişaf niyə baş verir sualına, ikinci qanun isə inkişaf necə baş verir sualına cavab verir.
Üçüncü qanun– irəliyə doğru inkişafın xarakteri necədir sualına cavab verir. Dialektikanın bu üç qanununun qarşılıqlı təsiri nəticəsində dialektik keçid və əlaqələrin vahid sistemi yaranır. Həmin sistemin hər bir elementi öz xüsusi funksiyasını yerinə yetirir, bununla da məcmu hərəkəti ilə bütün gerçəkliyi əhatə edir.
Ümumiyyələ, inkişaf qanunları kompleksində mərkəzi yeri dialektik ziddiyyətlər qanunu tutur.


Tarix: 09.12.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Fəlsəfə