beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnformasiya cəmiyyəti

a) Elmi- texniki inqilab və onun sosial nəticələri

Elmi texniki inqilaba qədər bəşəriyyət artıq iki inqilab gör­müş­­dür. Bunlardan birincisi neolit dövründəki aqrar inqilabı, ikin­cisi isə 18-19-cu əsrlərin sənaye inqilabı idi. 20-ci əsrin 2 yarısında elmi-texniki inqilab cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında köklü texnoloji çevriliş idi. ETİ-nin 20-ci əsrin 2-ci yarısında baş verən əsas texnoloji məzmunu elmin cəmiyyətin bilavasitə məhsuldar qüvvələrinə çevrilməsi olmuşdur. Sistematik elmi biliklər tədricən cəmiyyətin digər ənənəvi mənbələri o cümlədən təbii resurslar və xammal, əmək və kapital ilə yanaşı maddi rifahın yüksəlişinin həlledici faktoruna çevrilmişdir. Maddi və əhəmiyyətli dərəcədə mənəvi istehsal tədricən müasir elmin praktiki tətbiqi sahəsinə çevrilib. Bu zaman elm məhsuldar qüvvə kimi bilavasitə fasiləsiz təkamülləşən texnikada və işçilərin yüksəlməkdə olan peşə biliklərində təcəssümünü tapır. Bununla yanaşı cəmiyyətin məhsuldar qüv­vələrinin transformasiya prosesi yüksək səviyyədə ixtisaslaşmış işçinin canlı biliyinin daha mükəmməl texnikada təcəssümünü tapan maddiləşmiş biliklə təsirli birləşməsini nəzərdə tutur. ETİ cəmiyyətin bütün sahələrindəki dərin və rəngarəng sosial nəticələrilə və dəyişikliklərlə müşaiət olunur. Eyni zamanda əməyin yeni peşə və sosial bölgüsü meydana çıxır, fəaliyyətin yeni növləri yaranır, müxtəlif sahələrin qarşılıqlı nisbəti dəyişir, onlardan aparıcı yeri elmi biliklərin istehsalı və ümumiyyətlə informasiya, həmçinin onların praktiki texnoloji və peşə tətbiqi tutur. Bununla bərabər ETİ yeni sosial inqilabla müşaiət olunur ki, bu da öz növbəsində postindustrial cəmiyyətin bərqərar olması aparıb çıxarır. ETİ üçün istehsalın ekstensiv artımından intensiv artıma keçid və iqtisadi inkşafın kəskin şəkildə surətlənməsi səciyyəvidir. Bunun da sayəsində fundamental elmlərin inkişafı tətbiqi biliklərin inkişafını qabaqlayır, öz növbəsində yeni texnikanın təkmilləşməsi istehsalın artımını qabaqlayır. Bunun da nəticəsində sürətli modernizasiya prosesi baş verir. Belə bir şəraitdə insan nəsillərinə nisbətən «maşın nəsilləri» bir-birini daha sürətlə əvəz edir, işçilərin ixtisaslaşmasına tələblər daha ciddi və daha yüksək olur, onların yeni peşələrə yiyələnmək qabiliyyətinə tələblər sürətlə artır. İstehsalın avtomatlaşması və əməyin intellektuallaşması gedişində ETİ-nin əsas aparıcı istiqamətləri elektron və aerokosmik sənaye, robot quruculuğu, atom energetikası, sputnik əlaqələri materialların işlənməsi, yeni metod və üsulların yaradılması (əvvəlcədən tələb olunan xassələrlə yaradılan süni materiallar da bura aiddir) və s. tutur. Sənaye tamamilə elmi biliklər sisteminə daxil oldu. Yəni istehsal prosesinə elmi biliklər cəlb edilir. Təbii elmlərlə (fizika, kimya, biologiya və s.) yanaşı sosial və humanitar elmlər də (iqtisadiyyat, sosiologiya, sosial psixologiya, texniki estetika və s.) istehsalata tətbiqini genişləndirir. Mühafizəkar fiziki və əqli əməyin istehsal prosesindən kənarlaşdırılmasına baxmayaraq bütövlükdə iqtisadi fəaliyyətdə insan faktoru artmaqda davam edir, çünki canlı bilik daşıyıcıları olan insanlar öz inkişaflarında maddiləşmiş biliyi qabaqlayırlar. 20-ci əsrin 70-ci illərin sonlarından başlayaraq ETİ–nin yeni mərhələsi özünü göstərir. Bu mərhələ mikro elektronika «süni intellekt» yaradılması ilə kosmosun tətbiqi, gen mühəndisliyi və s. istiqamətlərlə fərqlənir. İnsanın təbiət və ictimai proseslər üzərində artmaqda olan hakimiyyətinin planetar ekoloji şüurun inkişafı zərurətinin alimlərin öz fəaliyyəti üçün yüksək əxlaqi məsuliyətini və ciddi etikanı nəzərdə tutur. ETİ bəşəriyyətin ümumi inkişafında dərin və hərtərəfli dönüşdür. ETİ dünya qlobal prosesidir. Hazırda dünya görünməmiş və eşidilməmiş texnoloji çevriliş ərəfəsindədir. Yeni sivilizasiya yaranır ki, kommunikasiya əlaqələri insanların tam həyat fəliyyəti üçün lazım olan şərati yaradır.

b) Müasir və informasiya texnologiyaları
XXI əsr özünün qeyri-adiliyi ilə fərqlənməsə də, XX əsr­dəki­ləri davam etdirsə də, bir sıra hallarda öz spesifikası ilə özünü gös­tərməyə başladı. 11 sentyabr 2001-ci il ABŞ-da təyyarələrlə terror əməliyyatları, Əfqanıstanda antiterror müharibələri, İraqın hədə­lənməsi, İsrail-Fələstin münaqişələrinin daha da kəskinləşməsi III minilliyin əvvəllərində başlanan mühüm hadisələrin tam olmayan siyahısıdır. Lakin son 20-30-cu illərin ən mühüm xüsusiyyətlərindən biri «maşın-avtomatların» fantastik nağıllardan çıxıb real həyatda özlərini göstərməsidir. Fantastik hekayə və romanlarda həmin «ağıl­lı maşınlar» fəal «personajlar» kimi bəzən insanlara kömək edir, on­lara yardımçı rolunda çıxış edir, bəzən isə onların inkişafına mane olur. Bəzən şəxsiyyətin yüksəlməsinə şərait yaradır, bəzən isə şəxsiyyətin deqradasiyasına imkan verir.
Fantastik əsərləri vərəqlədikcə nələrə rast gəlmirik. Maşın­la­rın qiyamı, dünyanı ələ keçirən kibernetik şüur. Yeni kəşflər sayə­sin­də yaranan uni­versal silahlar, şəxsiyyətin mövqelərini itirməsi, onun gen təbiətinə müdaxilə və s.
Fantastik yazıçıların arxasında filosoflar, sosioloqlar, ekoloq­lar, iqtisad­çılar və s. də getməyə başladılar. Artıq hamıya aydın oldu ki, avtomatlaşmış texnika olmadan keçinmək olmaz. İnkişafı sosial cəhətdən şərtlənən müasir texnologiya istehsalı və bütün həyat tərzini dəyişdirir. Artıq robotlar onlarla incə peşələri mənimsəyir «əllərin» bir neçə dəfə hərəkəti elektron saatın yığılması üçün kifayət edir. Əvvəllər isə bu işi onlarla yığıcı yerinə yetirməli olurdu. Avtomat-zavodlar inşa edilir. Elektron-hesablama texnikasının in­kişafı informasiyadan təkcə istehsalda deyil, cəmiyyətin həyatının bütün sahələrində: idarəçilikdə, xidmət, təbiət, ətraf mühitin mü­hafizəsi və s. də istifadə olunur.
Ümumiyyətlə, XX əsrin ikinci yarısında kommunikasiya va­si­tə­lərinin rolu XXI əsrdə getdikcə daha da artmaqdadır. Yeni in­for­masiya texnologiyaları mülkiyyət anlayışı haqqında ənənəvi su­rətdə hakim olan baxışları dəyişdirməyə qadir olmuşdur. Torpağı sa­tar­kən adətən o onu alana məxsus olur. İnformasiyanı satdıqda isə alı­cı­ya keçdikdən sonra demək olar ki, ona məxsus olmur. Bu əm­tə­ənin bazarda özünü aparmasının yeni variantı deyildir. Əsrlər, min illər boyu xalqların başlıca resursları onların həyati məkanı və qızıl olmuşdur. Ən yeni dövrdə isə yeni resurs-informasiya resu­rs­la­rı yaranmışdır. XXI əsrdə yalnız bu resurs həlledici resurs olacaq­dır.
İndustrial cəmiyyətin maşınları mexaniki aqreqatlar olmuşdur. Onlar əvvəlcə buxarla sonra isə elektriklə hərəkətə gətirilmişlər. Hazırda əksər mexaniki sistemlər öz mahiyyətinə görə elektron-ma­şınlarla əvəz olunmuşdur. Lakin informasiya sivilizasiyası təkcə bö­yük uğurları nümayiş etdirmir. Bir çox filosoflar onun sosial tənqid­çiləri rolunda çıxış edirlər. Onlar hazırda diqqətdən kənarda qalan təhlükəli məsələləri nəzərdən keçirməyə cəhd edirlər. Hər şeydən əvvəl, qeyd olunur ki, bütün dünyada vahid informasiya axını sis­te­mi yaratmaq gözlənilməz çətinliklərlə müşaiyət olunur. Sosial və iq­tisadi faktorları həmişə nəzərdə saxlamaq olmur, səhvlər isə bütün sistemi sıradan çıxarmağa qadir olur. Digər tədqiqatçılar, xüsusilə Amerika alimi, E.Toffler xəbərdarlıq edirki ki, bu sürətli dəyişikliklər cəmiyyətdə şok vəziyyəti doğura bilər. Dünyada baş verən dəyişikliklərə adamlar psixoloji cəhətdən hazır olmaya bilər. Mütəfəkkirlər onu da qeyd edirlər ki, adamlar cəmiyyətdən özgələşmiş vəziyyətdə ola bilərlər. Sürətlə sosial tərəqqinin ziddiyyətləri üzə çıxa bilər. Hələ XX əsrin 70-ci illərində E.Fromm informasiya imperializmi yaradıla biləcəyini qeyd etmişdi. Bu zaman informasiya insanlar üzərində ağalıq etmək üçün təzyiq vasitəsinə çevriləcəkdir.
İndi çox adam belə hesab edir ki, yeni texnologiyaların insana necə təsir edəcəyini qabaqcadan bilmək olmaz. Filosoflar informasiya resurslarına surətlə yüksək dövlətlərin yiyələnəcəyi və bununla da onların siyasi diktata malik olacaqları haqqında xəbərdarlıq edir­lər. İnformasiya vasitələri ilə təmin olunan yeni siyasi texnolo­giyaların köməyi ilə hər bir ictimai rəyi formalaşdırmaq insan şüuru ilə manipulyasiya etmək mümkündür. İnformasiya texnologiyalarının ağalığının bütün ictimai həyatı dəyişdirməyə qadir olduğu artıq çoxlarına məlumdur.
İnsan informasiya məkanında yaşamağa qadirdirmi? Hələ insan psixologi­ya­sın­da yeni texnologiyaların təsiri haqqında ciddi tədqiqatlar yoxdur. Əksinə, bir çox tədqiqatçılar belə hesab edir ki, kompyuterləşmə insan təbiətinə təsir edir, onun şüurunu dəyişdirir. Tamamilə və yaxud qismən emosional dünyadan məhrum olan insanlar yaranır. Bu kompyuterləşmə epoxasının uşaqlarıdır. Yeni texnika ilə ünsiyyət insan ölçüləri ilə nəzərdən keçirilməlidir.
cəmiyyətin informasiyalaşmasının nəticəsi böyük texnoloji in­qilabların nəticələri kimi müxtəlif xalqlar, regionlar və ölkələr üçün müxtəlif olacaqdır.

c) Şüurun planetarlaşması
Müasir proseslər şüurun rolu haqqında fikirlərin köklü surə­tdə dəyişdirilməsini tələb edir. Şüur məlum olduğu kimi fəlsəfənin, psixologiyanın və sosiologiyanın fundamental anlayışıdır. O insan psixikasının mühüm komponentini xarakterizə edir.
Şüurun genişlənməsi həm ruh istiqamətində arxetiplərin təsiri altında, həm də instinktlər sahəsində, öz gölgəsini dərk etməsi yolu ilə onu işıqlandıraraq və addım- addım onu assimilizasiya edərək baş verir. Əks istiqamətlər həm yaxşı, həm də pis ola bilr. Onlar etikanın əsasında xeyir- şər cütü kimi, cəmiyyətin etik qiymət­lən­di­ril­məsinin predmeti kimi çıxış edir. Əgər bir sivilizasiya üçün (atst­ek­­lər) Günəş Allahına qurban verilməsi- həmin Allah üçün xeyir­xahlıq, şərəf əlaməti və göylərin simvolik iltifatı kimi başa düşü­lür­düsə digər sivilizasiya (Avropa) üçün bu barbarlıq, amansız və mənasız qətldir.
Şüur sinarxiyanın nə qədər çox səviyyəsini «görürsə» o daha çox səfərbər olur və bununla müxalif cəhəti daha asan müəy­yən­ləşdirə və onların arasında balansı tapa bilir. «Həyat mübarizə ol­mağı kənara atırsa, getdikcə daha çox maraqlı macəra və oyuna çevrilir».
O maksimum sivilizasiyanın ona təlqin etdiyi şərtinin «uğur» çərçivəsindən kənara çıxır və yaradıcılıq sferasına düşür. Burada isə «sən» və ya «mən» paradiqması yerinə (yalnız güclülər axıra qədər davam gətirirlər) «sən» və «mən» paradiqması qüvvəyə minir. (Ha­mı qalibdir, məğlub olan yoxdur). Şüur transendental sferaya daxil olmaq təcrübəsi əldə edən zaman dünyanın tam və bütövün gö­rünüşü əldə edilir. Burada xeyir və şər yoxdur, şüurun sonrakı ge­nişlənməsi üçün stimul verir.
Şüurun mürəkkəbliyi ondadır ki, burada Arximed nöqtəsi yox­dur. Biz şüuru şüurun təzahürü vasitəsilə öyrənməyə məcburuq. Ta­mamilə aydındır ki, təbiət çox səviyyəli və mürəkkəbdir. Şüuru sadələşdirmək cəhdi, onu xətti etmək qərb sivilizasiyasının inki­şa­fında müəyyən rol oynamışdır. Lakin bununla bərabər bu cür mo­del dünyanı əhəmiyyətli dərəcədə sadələşdirməyə doğru aparmışdır. Qloballaşma prosesi tam aydınlığı ilə göstərdi ki, bu model təkcə praktiki deyil, həm də zərərlidir. Münaqişəli situasiyaların art­masının başlıca səbəbi elə budur.
Şərq simvolikası bunu Dao yolundan çıxmaq ilə əlaqələndirir. Sinergetika bu prosesi bəşəriyyətin yeni inkişaf fazasına daxil ol­ması ilə- yeni səviyyəyə keçidlə izah edir. Keçid bifurkasiyanın art­ması ilə müşayiət olunur. Həm də bu təkcə sosial və dini münaqi­şələrdə, lokal müharibələrdə deyil, həmçinin kortəbii fəlakətlərin- sunlar, daşqınlar, zəlzələlər və s. gücünün və qüvvəsinin artması ilə özü­nü göstərir. Bütün bu faktorlar eyni mahiyyətə- dağıdıcı ma­hiy­yətə malikdir. Əslində bəşəriyyətin təkcə elitasının deyil, bütövlükdə kollektiv ağlından onun gələcəyi asılıdır. Onun yeni səviyyələrə ke­çidi, yaxud da III dünya müharibəsi nəticəsində arxaik dövrə qa­yıdışı yalnız kollektiv ağılın fəaliyyəti ilə bağlıdır. Burada şüurun müstəsna rolunu qeyd etməmək olmur. Şüurun inkişafında böyük mü­vəffəqiyyətlərə Şərq sivilizasiyası, xüsusilə məşhur Şao- Lin mo­nastrının monaxları (Çin) nail olmuşlar. Bu istiqamətdə fəal tədqi­qatlar ABŞ-da aparılır. Əslində bu tədqiqatlar öz başlanğıcını 20-ci əsrin 60-cı illərindən götürmüşdür. Həmin dövrdə narkotiklərin şüurun genişləndirilməsində rolu tədqiq olunurdu. Bu istiqamətdə mühüm işlər görən, alimlərdən biri «Beynin hüdudlarından kənar­da» əsərinin müəllif Stanislav Qrofdur. O həmin kitabında yazırdı ki, şüurun transpersonal təəssüratlarının böyük bir qrupunda elə bil ki, fenomenal dünya hüdudlarını və zaman- məkan kontinumunu aşıb keçir. Adətən gündəlik həyatda biz bunu olduğu kimi qəbul edirik. Müəyyən formada fərdi şüur- mövcudluğun bütün tam şəkli­ni qəbul edir və özünü universal ağılla və yaxud mütləqlə eyniləş­dirir. Bütün təəssüratların yüksək nöqtəsi görünür, fövqəlkosmik və yaxud metakosmik boşluq, sirli əbədi heç nə olacaqdır. Fərdi şüur özü- özünü dərk edir, bütün ekzistensiyanı rüşeym formasında özündə saxlayır.
Stanislav Qrof və Ken Uilber «Heç bir sərhəd olmayan» əsə­rində şüurun təkamülünün transpersonal sferalarına təsvir edirlər.
Göründüyü kimi V.Vernadski və Teyyar de Şardenin irəli sür­dükləri ideyalar praktiki tədqiqatlarda öz təsdiqini taparaq ikinci həyat əldə edir.
Sivilizasiya nəzəriyyəsi üzrə xarici ölkə tədqiqatçılarından biri V.Kvalis şüurun 5 strukturunu ayırır.
1) Köklü sözlərin dərin mahiyyətində və yarıdərkedilmiş assosiasiyalarda saxlanılan arxaik, ekstrasensor şüur strukturu;
2) Magik şüur strukturu varlığın məkan və zamandan kənar­da qavrayışı eyni dəyərə malik olan bütün şeylərlə daimi kontakt;
3) Zaman ölçüsü üzərində qurulan, zamanın içərisində hərəkət edən yolçu kimi ruh haqqında təsəvvürlərlə əlaqədar olan mifik şüur strukturu;
4) Xətti məkan və zaman ölçüsünə istiqamətlənən mental (rasional) struktur. Ona məqsədəuyğun fikir, fərdi iradə və dün­yanın səbəb- nəticə nizamı anlayışları müvafiqdir;
5) İnteqral şüur strukturu çərçivəsində hal- hazırda xarici dünyanın bütün mümkün olan nöqteyi- nəzərdən intuitiv rasional qavrayışının perspektiv müxtəlifliyi işlənib hazırlanır.
Lakin bu bölgü həm psixologiya baxımından, həm də sivili­zasiya nəzəriyyələri mövqeyindən olduqca mübahisəlidir. Ona görə də onlar digər yanaşmalarla çıxış edirlər. E.Noyman «Şüurun mən­şəyi və inkişafı adlı» monoqrafiyasında yazırdı: insan psixo­logi­ya­sının mədəni sərvətlərin və dünyaya baxışların insanın psixi struk­tu­runun enerjisi ilə yaradılan sonsuz müxtəlifliyin təzahürünün çox­saylı forma və hadisələri əvvəlcə ümumi yanaşmanın yaradılmasının hər hansı bir cəhdini riskli görünməyə məcbur edir. Lakin bu cür cəhdə əl atmaq zəruridir. Hətta dərk etsək də bilməliyik ki, bizim spesifik qərb oriyentasiyası mümkün olan çoxun yalnız biridir. Ya­radıcılıq təkamülünün forması kimi şüurun təkamülü qərb adamının özünəməxsus nailiyyətidir. Qərb mədəniyyətində, xüsusilə, Uzaq Şərqdə biz son min il ərzində şüurun irəliyə doğru inkişafını (hərdən fasilələrlə) izləyə bilərik. Əslində şüurun yaradıcı xarakteri qərbin mədəniyyət kriteriyasının mərkəzi xüsusiyyətlərindən biridir. İlkin bəşər sivilizasiyasının cizgiləri saxlanılar. Donmuş mədəniyyətlərdə və yaxud primitiv cəmiyyətlərdə insan psixologiyasının ibtidai mər­hələləri o qədər üstün olur ki, fərdi yaradıcılıq cizgiləri kollektiv psixologiya tərəfindən assimilasiya olunmur. Əslində daha çox inkişaf edən şüura malik olan yaradıcı şəxsiyyət kollektiv tərəfindən antisosial kimi mühakimə oluna bilər.
Müəllif şüurun təhlilində Avropa mövqeyindən elə bir nə­ti­cəyə gəlir ki, burada dünyanın differensial qavrayışı və rasionalizm mühüm yer tutur.

ç) Sivilizasiyaların münaqişəsi
Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, bütün siviliza­siya­lar təkrarolunmazdır. Bu gün onların birliyindən, bir dəfəlik bir-birinin içərisində əriməsindən söhbət belə gedə bilməz. Müasir dövrün bir-çox filosofları əmindirlər ki, XXI əsrdə bu siviliza­siya­ların olduqca kəskin qarşıdurması baş verəcəkdir. Hazırda bütün dünyada Harvard Universitetinin professoru Samuel Xantinqtonun (1928-ci ildə anadan olmuşdur) olduqca maraqlı hipotezi müzakirə olunur. Onun fikrincə dünya siyasəti yeni fazaya girmişdir. S. Xan­tinqton qeyd edirdi ki, dünyada yaranan münaqişələrin mənbəyi ideologiya və yaxud iqtisadiyyat deyil, mədəniyyət olacaqdır.
Professor öz konsepsiyasını necə əsaslandırır? Birincisi, si­vil­izasiyalar arasındakı fərq göz qabağındadır. Və onlar olduqca mü­hümdür. Sivilizasiyalar öz tarixi dil, mədəniyyət və ənənələri ilə ox­şar deyildir. Xantinqton hesab edirdi ki, ən başlıcası onlar dinlərlə fərqlənir. Müxtəlif sivilizasiyaların adamları Allahla insan, fərdlə qrup, vətəndaşla dövlət, valideynlərlə övladlar, kişi ilə qadın ara­sındakı münasibətləri müxtəlif cür qiymətləndirirlər. Onlar hüquq və vəzifələrin nisbəti, azadlıq və məcburiyyət, bərabərlik və iyerar­xiya haqqında müxtəlif təsəvvürlərə malikdir. Nəhayət, sivilizasiya fərqləri siyasi ideologiyalar və siyasi rejimlər arasındakı fərqlərə nisbətən daha fundamentaldır. İkincisi, dünya getdikcə daha çox darısqal olur. Müxtəlif sivilizasiyalı xalqlar arasında qarşılıqlı təsir prosesi getdikcə güclənir. Lakin bu təkcə qlobal şüurun forma­laşmasına gətirib çıxarmır. Eyni zamanda əks tendensiyanın-sivili­za­siyalar arasındakı fərqlərin dərk edilməsidir.
Üçüncüsü, iqtisadi modernizasiya və sosial dəyişikliklər pro­sesləri adamların yaşayış yeri ilə ənənəvi eyniləşdirilməsi məsələsini aradan qaldırır. Adamlar yaşadıqları konkret dövlətlə getdikcə da­ha az əlaqələrlə bağlanırlar. Deyək ki, çinlilər ABŞ-da yaşaya bilər, ölkələrinə qayıda, yaxud da başqa bir ölkəyə köçə bilərlər. Lakin onlar hər yerdə özlərini çinli kimi hiss edəcəklər. Dünya onlar üçün vahiddir.
Dördüncüsü, Qərb öz qüdrətinin zirvəsinə çatmışdır. ABŞ öz iradəsini dünyanın bir çox xalqlarına diqtə edir, həqiqətən bu ən güclü və ən zəngin dövlətdir. Lakin bu situasiya təbii olaraq əks reyaksiyanı doğurur. Bir çox qeyri-qərb sivilizasiyaları Qərbin arxasınca getmək əvəzinə öz köklərinə qayıtmalı olurlar. İndi tez-tez eşitdiyimiz fikirlərdən, «Yaponiyanın Asiyaya qayıtması Hin­dis­tanın hinduizmləşməsi prosesi», «Şərqin təzədən islamlaşması» və s. xüsusi qeyd etməmək olmaz. Bu gün Qərb iradə və resursları çox olan qeyri-Qərb ölkələri ilə intensiv sürətdə ünsiyyətə girir və bu­nunla da dünyaya qeyri-qərb siması verilir.
Beşincisi, mədəni xüsusiyyətlər iqtisadi və siyasi xüsusiyyətlərə nisbətdə daha gec və daha az dəyişikliyə məruz qalır. Elə buna görə də onların həlli mürəkkəbləşir və kompromis qeyri-mümkün olur.
Beləliklə, Xantinqtonun fikrincə sivilizasiyaların münaqişəsi iki səviyyədə özünü göstərir. Bunlar mikrosəviyyə və makrosəviy­yələr­dir. Sivilizasiyalar arasında ayrılma xətti boyu yaşayan qrup­ların mikrosəviyyəsi fakt olaraq qalır. Həmin qruplar digərləri ilə qanlı, ölüm-dirim müharibələri və mübarizələr aparırlar. Əsas məq­səd torpaq və bir-biri üzərində hakimiyyət məsələsidir. Müxtəlif si­vilizasiyalara mənsub olan ölkələr makrosəviyyədə hərbi və iqtisadi sferalarda təsir uğrunda rəqabət aparırlar. Bura beynəlxalq təşkilat­lar və üçüncü qrup ölkələr üzərində nəzarət, özünün iqtisadi, siyasi, ideoloji, dini və s. norma və dəyərlərin təsdiqi də daxildir.
Təbii olaraq Xantinqton təsdiq etmir ki, sivilizasiya identik­liyi (daha dəqiq desək, özünü müəyyən sivilizasiyaya aid etmək) identikliyin digər formalarını əvəz edir. Millət-dövlət yox olur, hər bir sivilizasiya siyasi cəhətdən vahid və bütöv, sivilizasiyalar daxilin­də isə müxtəlif sosial qruplar arasında münaqişə və mübarizə sona çatır. Onun hipotezinin əsas prinsipləri aşağıdakılardır: 1) Siviliza­siyalar arasında ziddiyyətlər vacibdir və realdır; 2) Sivilizasiyalar özünü dərki gücləndirir; 3) Sivilizasiyalar arasındakı münaqişənin əvəzinə qlobal münaqişənin aparıcı forması kimi ideoloji və digər münaqişə formaları gələcəkdir; 4) Tarixən qərb sivilizasiyası çər­çi­və­sində oyun olan beynəlxalq münasibətlər getdikcə daha çox Av­ropa modelindən uzaqlaşır.
Beləliklə, bir çox müasir filosoflar əmindirlər ki, XXI əsrdə sivilizasiyaların olduqca kəskin şəkildə qarşıdurması baş verəcəkdir. Əslində dünya unifikasiyaya uğramamalıdır. Əksər tədqiqatçıların fikrincə mədəniyyət dinamik xarakterə malikdir. Onun inkişafı daxili kolliziyalarla şərtlənir. Mədəniyyətdə eyni vaxtda müxtəlif ten­densiyalar, müxtəlif dəyər oriyentasiyaları qonşu olur. Onların qar­şıdurması mədəniyyətə daxili gərginlik, dinamika verir. Mədə­niy­yətin universal təcrübəsi onun müxtəlif fenomenlərinə aradan çıx­­mağa, başqalarının içərisində əriməyə imkan vermir. Əksinə, tə­zə­dən dirçəlməyə şərait yaradır. Dünya unifikasiyaya məruz qal­mamalıdır. Əgər son 100 ildə bütöv mədəniyyətlər ümumi axına da­xil olmayacaqsa bundan da böyük fəlakət ola bilməz. Bu bir daha onu göstərir ki, dünya getdikcə daha çox «mozaik» olacaqdır. La­kin bu «mozaiklik» heç də dünyanın vəhdətinin itirilməsi demək deyildir.


Tarix: 09.12.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 230 Bölmə: Fəlsəfə