beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır. Qəbiləni ən qədim cəmiyyətdə mənşə birliyinə, ümumi dilə,ümumi adətlərə, əqidələrə, məişət və mədəniyyət əlamətlərinə malik ilkin istehsal kollektivindən ibarət sosial və etnik kollektiv adlandırmaq olar. Qəbilənin ümumi məskənləri və ov yerləri olmuşdur.
Qəbilənin iqtisadi əsası ibtidai icma mülkiyəti idi. Qəbiləni təşkil edən insanlar kollektiv ictimai mülkiyyət və məhsulların bərabərçiliklə bölüşdürülməsi əsasında birgə təsərrüfatla məşğul olurdu. Təsərrüfat fəlaiyyətinin dəyişilməsi və inkişafı cəmiyyətin qəbilə təşkili formalarının dəyişilməsinə gətirib çıxarırdı.
Tayfa insanların qəbilədə böyük olan, adətən tərkibində bir neçə minə qədər (bəzən hətta on minlərlə) adam olan birliyidir. Hər bir tayfa azı iki qəbilədən ibarət olurdu. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial– istehsal vahidi olaraq qalırdı. Lakin eyni zamanda tayfa ictimai mülkiyyətin yeni formasını, ictimai təşkilin yeni növünü də doğurmuşdu. Qəbilə mülkiyyəti ilə yanaşı, tayfa mülkiyyəti də olur hər şeydən əvvəl, ərazi (qəbilələrin məskən saldığı yer, ov yeri, ümumi otlaqlar və digər istifadəli yerlər) olur. Bütün tayfanı idarə et­mək tələbatı meydana gəlir, bununla əlaqədar olaraq başçılar kahinlər, sərkərdələr, döyüşçülərin və yaşlı tayfa üzvlərinin ümumi yığıncağı ilə yanaşı tayfa şurası kimi idarəetmə orqanları meydana gəlir.

Marksizmə görə, insanların tarixi birliyi olmaq etibariylə xalq ən çox quldarlıq və feodalizm cəmiyyətləri üçün xarakterikdir. Müəyyən bir xalqa mənsub olan adamları bir– biri ilə birləşdirən əlaqə vasitəsi daha qohumluq əlaqəsi deyildi; bu adamlara xas olan ümumi cəhətlərin (dil, ərazi və mədəniyyət birliyinin) ictimai– tarixi mənşəyi vardır. Lakin xalq birliyi də hələ çox sabit birlik deyildir. Möhkəm ərazi birliyi və sabit mədəniyyət ümumiliyi üçün vacib şərt olan iqtisadi həyat birliyi quldarlıq və feodalizm quruluşu şəraitində ola bilməzdi. Yalnız feodalizm pərakəndəliyini aradan qaldıran və vahid milli bazar yaranmasına gətirib çıxaran kapitalizmin təşəkkül tapması dövründə xalqların millətə çevrilməsi üçün lazımi ilkin şərait əmələ gəlir.

Adamların milli birliyini (ümumiliyini) irq məfhumu ilə qarışdırmaq olmaz. İnsanların irqlərə bölünməsi onların bədən quruluşunun irsi əlamətlərinə görə olan bir bölgüdür. Bir sıra əlamətlərdən (dərinin rəngindən, qafa tasının formasından, saçından və s.) asılı olaraq alimlər insanları üç əsas irqə, zənci irqinə, yaxud qara irqə və monqol irqinə, yaxud da sarı irqə bölürlər. Milli birlikdən fərqli olaraq irqi əlamətlər bioloji xassəyə malik olub, insan orqanizminin müəyyən təbii şəraitə uzun müddət uyğunlaşması nəticəsində əmələ gəlmişdir. Eyni bir irqə müxtəlif millətlər mənsub ola bilərlər. Bəs millətin əsas əlamətləri hansılardır? Marksist ədəbiyyatda millət məfhumuna adətən verilən mənaya görə, millət– insanın tarixən əmələ gəlmiş sabit birliyidir ki, bu da dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzəhür edən mənəviyyat birliyi zəminində meydana çıxmışdır. Milli birlik millətin daxilində sinfi fərqləri ləğv edə bilməz. Əksinə, bu fərqlər millətin bütün həyatında aydın təzahür olunur, onları mənafecə fərqli hissələrə parçalayır.

Marksizmə görə iqtisadi həyat birliyi olmadan millət yoxdur. Bir sözlə, biz yuxarıda adamların etnik birliyi haqqında marksizm konsepsiyasını nəzərdən keçirdik. İndi isə ikinci Veber konsepsiyasına diqqət yetirək. Biz yuxarıda gördük ki, adamların etnik birlik formaları tarixən keçici xarakter daşıyır.Bu onu göstərir ki, yeni iqtisadi münasibətlər yeni birliklər yaratmağa qadirdir.
Maks Veber öz həmfikirləri ilə birlikdə kapitalizmi ən mükəmməl ictimai iqtisadi quruluş forması hesab etmişdir. Veber, marksizmdən fərqli olaraq, millətin yaranmasında iqtisadi şəraiti həlledici şərtlər sırasında saymamışdır. Ümumiyyətlə, Veber millətdən əvvəlki etnik birliklər haqqında susur. Onun fikrincə, millətə, onu səciyyələndirən empirik xassələrdən çıxış edərək tərif vermək olmaz. Veberə görə, müəyyən siyasi birliyə mənsub olub bir dövlətdə olan xalqla milləti eyniləşdirmək olmaz.O, etnik birliyin mövcud­luğundan çox cəmiyyətin sosial– iqtisadi birliklərinə daha böyük üstünlük verirdi. Ümumiyyətlə onun, nə mədəniyyət ümumiliyinə, nə dil birliyinə, xüsusi ilə millətə baxışları qərb sosiologiyasında millətin ictimai həyatdakı münasibətdən demək olar ki,fərqlənmir. Bəzən milləti sosial qrupla eyniləşdirən və onları bir– birinə qarşı qoyan Veber millət və onun tarixi haqqında konkret olaraq heç nə demir.


Tarix: 09.12.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Fəlsəfə