Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kantın fəlsəfəsi və estetikası

Kant şüurun iki işi haqqında

Könisberqli filosofun estetikadan geniş danışdığı əsər «Hökm yürütmək bacarığının tənqidi» adlanır (yunanca bizim «tənqid» kimi çevirdiyimiz «kritika» ilk öncə incələmək, təhlil etmək anlamını verir).

Ancaq qabaqca bir az Kantın fəlsəfəsindən danışmaq gərəkdir, çünki onun estetikası onun fəlsəfəsindən məntiqi bir «ritmlə», «addımlarla» çıxıb açılır.
Kant bilincin, düşünmək işinin iki yönünü açıb-göstərir. Birincisi, duyduqlarımızı (eşitdiklərimizi, gördüklərimizi, toxunduqlarımızı) anlamağa çalışırıq və ya duyuyabilinər nəsnələri anlamaq istəyirik. Kant, beləcə, duyuyabilinər nəsnələr dünyasına «bizim təcrübəmiz» deyir. Onun üçün belə də söyləmək olar: bilmək-anlamaq işinin bir yönümü odur ki, şüurumuz təcrübəmizi düşünməklə məşğul olur.
Sonra Kant «Təmiz zəkanın tənqidi» əsərində göstərir ki, bilincimizin ikinci bir «xasiyyəti» də var. O, duyuyabilinməz, yəni duyulması nə birbaşa, nə də dolayı yolla mümkün olan hadisələri də düşünməyə can atır (aydın məsələdir ki, belə hadisələr duyuyabilinməzdirlərsə, bilmək olmaz, doğrudanmı onlar var, yoxsa onlar bilincimizin «hadisə» adı altında yaratdığı aldanışlar, illüziyalardır).

Şüurumuz elmi yolla, yəni məntiq-sübutla, tutalım, Tanrının varlığını-yoxluğunu anlamağa çalışır. Və ya istəyir belə suallara elmi doğruluğu olan cavablar tapsın: dünyanın başlanğıcı var, ya yox? Yoxsa nə başlanğıcı, nə də sonu var?

Kant yazır ki, Tanrının nə olmasını, nə də olmamasını, dünyanın başlanğıcını, ya sonsuzluğunu elmi yolla düşünə bilmərik. Çünki onları görüb-eşidə bilmərik, yəni onlar təcrübəmizin içinə girə bilmir, təcrübəmizin hədəfi olmur. Halbuki əsl elm duyulası, görüləsi şeylər dünyasında iş görə bilir. Yanılan kimi təcrübəyə baxıb, özünü düzəldir. Ona görə də yalnız təcrübəni elmi yolla düşünmək olar. Yalnız təcrübə ilə bağlı hamıya sübut olunan, deməli, hamının doğru kimi qəbul edəcəyi biliyi qazanmaq olar.

Kant, bax, belə biliyi, yəni hamının doğru saydığı, saya biləcəyi biliyi obyektiv adlandırır. Göstərir ki, təcrübəmizi düşünən bilincimiz bu işi anlayışlar vasitəsilə, məsələn, «səbəb-nəticə», «münasibət», «zərurət» kimi anlayışlar vasitəsi ilə görür. Belə şüuru o, təfəkkür də (ruscaya «rassudok» kimi çevirirlər) adlandırır.

Deməli, təfəkkürümüz anlayışlara əsaslanaraq təcrübəmizi düşündüyü üçün elmlə məşğul olur, anlaya bilir. Duyulması heç cürə mümkün olmayan hadisələri düşünməyə çalışan şüur isə bu işini ideyalar, məsələn, «Tanrı», «sonsuzluq», «azadlıq» kimi ideyalar vasitəsilə görür. Bu şüur forması ağıl, zəka və ya təmiz düşünüşdür (ruscaya «razum» kimi çevrilir).

Kant yazır ki, bütün öncəki filosoflar arasında ona görə düşüncə barışmazlığı olub və ona görə onlar obyektiv (hamının doğru saya biləcəyi) fikrə gəlməyiblər ki, anlayışlarla deyil, təcrübəni deyil, ideyalarla transendent olanı (yəni həmişə təcrübədən «o tayda» qalanı) düşünməyə can atıblar. Fəlsəfə bu «dumandan» çıxıb, «ayılsa» elmə çevrilər.

Bəs bu dumandan ayılmaq üçün fəlsəfə nəyi bilməlidir?

Kant fəlsəfəsində «özündə qalan nəsnə» və«bizə bilinənlər»

Bu dumandan ayılmaq üçün fəlsəfə bilməlidir: birincisi, onu ki biz anlayanda bilincimizdən dişarıda olan nəsnələri yox, qavrayışımızda, şüurumuzda bizə bilinənləri anlayırıq.

Hamımız ona öyrəşmişik ki, nəsnənin görünüşü onun özünə «yapışıqdır», onun özününküdür. Kant isə deyir, biz nəsnənin özünü deyil, görünüşünü bilirik. Yəni şüurumuzda peyda olan şeyin özü deyil, görünüşüdür. Şeyin özü isə həmişə özündə qalır və əgər özündə qalan bizə keçmirsə, onun özünü necə bilmək olar?

Kant şüurumuzda bilinən görünüşü nəsnənin öz şəkli, görkü saymır. Ona görə də bu görünüşü şeyin özündən ayırdığı üçün, onlar arasında keçilməz uçurum qoyduğu üçün bu görünüşü görüntü adlandıracağıq.

Bəs özündə qalan və heç vaxt özünü bizə göstərməyən şeyi Kant necə adlandırır? Buna o, noumen deyir (bu söz Platonda qavrayışa «bilinənlərə» qarşı duraraq dünyanın özündəki nəsnələri, qavrayışla yox, ağılla tutulanları bildirirdi). Azərbaycan dilində Kantın «noumen» termini ilə bağlı «özündəşey» qəbul olunub. Ancaq klassik dilimizdə gözəl bir söz – «nəsnə» sözü işlənib. Bu kitabda biz «nəsnə»ni indiyənəcən «şey»in, «cisim»in qarşılığı kimi işlətmişik. Ancaq Kantın fəlsəfəsi ilə bağlı «nəsnə»ni «noumenin», «özündə qalan nəsnə»nin qarşılığı kimi söyləyəcəyik, çünki «nəsnə» nə olduğu bilinməyən nəsədir, Kant üçün də «noumen» nə olduğunu heç vaxt bilmədiyimiz özlərində qalmış şeylərdir.

Könisberqli filosof haqlı olaraq göstərirdi ki, təcrübə və ya duyularla bilmək hələ tam anlamaq, elmi şəkildə bilmək deyil. Bəs onda necə olur ki, biz elmi şəkildə obyektiv biliklər qazanırıq? Kant soruya belənçi cavab verir: anlayışların transendantlığı sayəsində. İndisə transendantlıq probleminə baxaq.

Kant anlayışların transendantlığı haqqında
Filosof «Təmiz zəkanın tənqidi» kitabında yazır ki, təcrübəmizdə dürlü-dürlü məkan, zaman biçimində görüntülər iç-içə, yan-yana, üst-üstə düzülüb. Sonra o, «təbiət» sözünü alışmadığımız şəkildə işlədərək yazır: təbiət bizdən dişarıda olan nəsnələr dünyası deyil, təcrübəmizin içidir, yəni qavrayışımıza düzülmüş görüntülər (Kant buna yunanca oluşub bilinənlər anlamını verən fenomenlər deyir) dünyasıdır. Təfəkkürümüz, anlayışlarla işini görən düşünüşümüz təcrübəmizin içində axtarışlar aparır və bu zaman obyektiv düşüncələr tapır. Sonra Kant yenidən soruşur: bəs bu obyektivliyin, yəni hamı üçün doğru olmağın kökü nədədir? Və cavabı belə verir: məsələn, hamı inanır ki, səbəbsiz heç nə baş vermir, hər şey nəyinsə nəticəsidir. Əgər biz bu inamı dünyadan, təcrübəmizdən (və ya təbiətdən) alsaydıq, gərək bütün sonsuz şeyləri yoxlayaydıq. Yəni nə olubsa, nə olursa, nə olacaqsa, hamısının səbəb nəticəsində baş verdiyini yoxlayaydıq. Bu isə mümkün deyil, hər şeyi yoxlamağa bir ömür, bir cüt göz, qulaq bəs etməz. Deməli, təfəkkürümüzdə təcrübədən qabaq, təcrübədən asılı olmayan belə bir qanun var ki, «səbəbsiz heç nə olmur».

Kant təfəkkürdəki anlayışları və anlayışlar əsasında düzəldilmiş qanunları təcrübədən alma saymırdı. Belə hesab edirdi ki, onlar təfəkkürümüzdə irəlicədən var və ona görə də obyektivdir, yəni hamı üçün ortaqdır. Anlayışların, beləcə, təcrübədən qabaq olmasına Kant onların transendantlığı deyirdi (beləcə, o, duyularımzdan o taydakılar anlamını verən «transendent»i Tanrı, Sonsuzluq və s., ilə bağlı işlədirdi, həmin anlamda «transendent»in başqa deyilişi olan «transendant»ı isə anlayışlara aid edirdi). Deməli, anlayışların transendantlığı onların obyektivliyinin əsasıdır. Bunu bir az da anladaq.

Bir çox filosoflar hesab edir ki, bilinc anlayışları, qanunları özündən dişarıdakı təbiətdən öyrənib yığır. Yəni insan ABC1 hadisəsinə baxır, görür ki, onda «A» var. Sonra bu «A»nı ABC2, ABC3, ABC4, ABC5 olaylarında da görür və beləcə, ümumiləşdirir ki, «A» bütün «BC»lərda (BCn-də ) var. Bax, qanunlar da, anlayışlar da, bütün ümumiləşdirmələr də (bütüncələşdirmələr də) belə qurulur.

Könisberqli filosof isə deyirdi: sən ABC1, ABC2, ABC3, ABC4, ABC5-də «A»nı görə bilərsən, ancaq ixtiyarın yoxdur deyəsən ki, bu «A» bütün sonsuz sayda olacaq «BC»lərın (BCn-in) hamısında mütləq təkrar olunacaq. Dünyanın özü bunun üçün sənə heç bir güvənc (qarant) vermir. Deməli, «bütün «BC»lərda mütləq «A var» qanununun obyektivliyini, yəni hamı tərəfindən doğru sayılmasını, həmişə doğru olmasını sən təcrübədən ala bilməzsən.

Bəs onda bu obyektivliyin əsası haradadır? Kant cavab verir: təfəkkürümüzün özündə. Çünki təfəkkür şüurumuzun içində olan təcrübəmizin qanunvericisidir. İnsan anlamaq üçün təfəkkürün verdiyi anlayışlar şəbəkəsindən doğan əlaqələrdə, ilişgilərdə təbiəti açır. Təfəkkür deyir: «səbəb filan cür olmalıdır». Və insan təcrübəsində nədə «filan cür olmağı» görürsə, onu səbəb kimi anlayır.

Başqa cür də demək olar. insanların hamısında təfəkkürün quruluşu eyni cürdür. Və bu təfəkkür deyəndə ki, bütün «A»larda «A» var, bu, hamı üçün, həmişə doğru olur, çünki heç kimdə, axı, təfəkkür sonra başqa quruluşa düşmür.

Deməli, anlamaq, yəni yalnız duymaqla yetərlənməmək, həm də duyduğunu düşünmək o deməkdir ki, sən təfəkküründən bir olan anlayışı götürüb, bir çox ayrı-ayrı görüntüləri (fenomenləri) ona aid edirsən, onun içinə və ya altına salırsan. Məsələn, hər birisi təkcə olan proseslərin hamısını bir olan «səbəb» anlayışına bağlayıb, düşüncə söyləyirsən: «onların hamısı səbəbdir». Ona görə də Kant əlavə edir: hökm sürmək, hökm yürütmək bacarığı təkcəni bütüncəyə (ümumiyə, anlayışa) tabe etdirmək bacarığıdır. Məsələn «Sokrat (təkcə) insandır (ümumi)».

Doğrudan da, diqqət edək bizim «anlamaq» sözünə. Artıq kitabımızın birinci bölümündə demişdik ki, azərbaycanca «anlamaq» sözü «anmaq» sayəsində anlamağı nəzərdə tutur. Bəs nəyi anırıq? Ümumini. Təkcəni görəndə onun aid olduğu ümumini təkcənin nəliyini tanıyırıq. Deməli, bu türk sözü də Kantın dediyini deyir. Deyir ki, ümumi yazılmış anlayışlarımız təcrübənin bizə verdiyi təkcələrdən öncə transendental olaraq bilincimizdə var. Təcrübəni anlayanda biz təcrübədən öncə (aprior) olan anlayışları anırıq.

Kantın estetika haqqında söhbətlərini, bax, buradan başlayıb, açmaq olar.

Kant reflektləşdirici hökm yürütmək bacarığı ilə estetik qavrayış haqqında
Könisberqli filosof anlamaq, hökm yürütməklə bağlı yuxarıda göstərdiyimiz formadan fərqlənən tamam başqa düşünüş gedişini də seçib-göstərir: bir də görürsən, təkcə (konkret olan) qarşımızda durub, ancaq onun hansı ümumiyə aid olduğunu, hansı anlayışa girdiyini hələ bilmirik, onun üçün də həmin ümumini axtarmaq istəyirik. Məsələn, təfəkkür deyir: hər dəyişginin öz səbəbi var. Bu, ən ümumi qanundur. Ancaq səbəb və nəticə əlaqəsinin dürlü variantları var. Bədəndə bir xəstəliyə gətirib çıxaran səbəb-nəticə zənciri Göy cisimləri arasında özünü göstərən səbəb-nəticə ilişgisindən xeyli ayrılır. Bu ayrıntılara görədir ki, ümumi səbəb-nəticə ilişgisi içində ayrı-ayrı özəlliyi əhatə edən,- bu özəllik az şeyə aid olduğu üçün nisbətən az əhatəlidir, - aşağı qata aid ümumi kimi olan çoxlu qanunlar var ki, hamısı səbəb-nəticənin variantlarıdır. Biz konkret olayı həmənki səbəb-nəticə variantlarından birinə aid etməklə bu təkcənin necəliyini anlayırıq. Məsələn, götürək, «soyuqdəymə (səbəb), - sətəlcəm (nəticə) zəncirini». Kiminsə xəstələnməsini bu səbəb-nəticə variantına aid edəndə onun xəstəliyinin özəlliyini tapırıq. Bilirik ki, sətəlcəmin hansı cəhətləri varsa, hamısı bu xəstədə var.

Kant «hökm yürütmək bacarığının tənqidi» adlı əsərində göstərir ki, biz konkret hadisəyə (təkcəyə) rast gələndə onun özəlliyini açan nisbətən dar tutumlu ümuminin (yəni ayrıcanın) olmasına inanırıq. Və Kant buna inanıb, özünü həmin ümumini axtarmağa boş buraxmış düşüncəyə «reflektləşdirici hökm yürütmək bacarığı» deyir. («Reflektləşdirmək» terminini bu mənada ilk dəfə ingilis filosofu Lokk işlədib. Reflektləşdirən şüur özündə axtarışlar aparan şüurdur).

Estetik hadisələrin başlıca cəhətlərini, estetik dadbilimini (zövqünü) bir bacarıq kimi anlamaq üçün Kant başlayır reflektləşdirici hökm yürütmək bacarığını öyrənməyə. Adi adam səbəbini anlamadığı hadisələrin arasına düşəndə başını itirir, vahiməyə düşür. Ancaq bu bilinməzliklərə başqa cür baxmaq da olar. Belə baxmanı ən çox dünyanı ləzzətlə, vurğunluqla tamaşa edən adamın bilincində və ya elmi axtarışlarında görmək olar. Bu zaman insan hansısa hadisəni idarə edən qanunu bilmir, ancaq ona tamaşa edəndə bundan üzülmür, çünki belə bir inamı var: onları idarə edən, yönəldən nəsə qanunlar var.

Bəs bu inam onda haradandır? Başqa bir inamdan. Bu inama görə, dünyada şeylər, olaylar elə düzülüb, elə gedişdədir ki, sanki onlar ümumi bir məqsədlə yerbəyer ediliblər və hərəsi həmin məqsədin gerçəkləşməsində ona ayrılmış rolu yerinə yetirərək səhnədən çıxır. Buna məqsədəuğunluq (teleologiya) deyirlər.

Ancaq yox!

Kant istəmir desin ki, dünyanın özü kiminsə tərəfindən məqsədəuyğunluqla ölçülüb biçilib. Filosoflar olub ki, - bunu, artıq, indi oxuduğunuz kitabda söyləmişik, - dünyada müəyyən uyğunluğu, bir hadisənin başqasına gərəkliyini görüb, nəticə çıxarıblar: dünya səhnəsində məqsədəuyğunluq (amacauyğunluq) var, yəni olaylar irəlicədən qoyulmuş məqsədə uyğun şəkildə öz gələcəklərinə keçirlər. Həmin məqsəd isə onları idarə edən, ağıl ilə ölçüb biçən Tanrının bilincində durur. Artıq, demişik ki, dünyanı məqsədəuyğun qurulmuş sistem kimi görməyə teleologizm deyirlər.

Kant varlığın teleoloji biçimdə olmasını tamam danır. Məqsədəuyğunluğu yalnız bir məsələdə qəbul edir: bizim reflektləşdirici hökm yürütmək bacarığımıza irəlicədən belə bir prinsip qoyulub: «neyləyirsən elə, ancaq dünyaya elə bax, sanki o, nəsə ağıl tərəfindən ağılla ölçüb-biçilib».

Sonra Könisberqli filosof davam edir: reflektləşdirici hökm yürütmək bacarığındakı bu inama görədir ki, təcrübəmizdə bütün təsadüfi görüntülərə (fenomenlərə) baxmayaraq təcrübəmizdə bir bütövlük, sintetiklik var. Biz öz təcrübəmizi şeylərin, olayların dağınıq yığnağı kimi görmürük, hətta ən bilinməz hadisələr də təcrübəmizi dağıtmır, bizdə inam qalır ki, onun aid olduğu ümumini tapacağıq və biliyimizin şəbəkəsində o öz xanasını tutacaq.

Bütün bu düşüncələr əsasında Kant bir nəticə çıxarır: hadisələri, təbiəti məqsədəuyğunluq əsasında duymaq, düşünmək onların özündə amacauyğunluğu görmək deyil, onların bizi anlamaq bacarığına yad olmadığını, düşüncə tərzimizə nəsə doğma, uyğun olduğunu duymaq, sezməkdir.

Kant insan bilincinin təbiətə bu münasibəti ilə bağlı həzz, bəyənti duyğusunu gözdən keçirir. Söyləyir: istədiyimizin həyata keçməsi, ödənişi bizdə həzz doğurur, bunu biz bəyənirik.

Həzzimizin bir qaynağı da var: məsələn, dürlü qanunları bir araya sığışdıran daha ümumi, tutumlu prinsipi tapanda təbiəti məqsədəuyğunluqda görmək istəyimiz ödənilir və ona görə də biz başlayırıq həzz almağa. Reflektləşdirici hökm yürütmək bacarığı ilə biz dünyaya baxanda və onun mənimsənilə bilindiyini duyanda bundan böyük həzz alırıq.

Sonra Kant həzzlə bağlı bir düzəliş verir. Bilincimizdə olan anlayışla biz şeyi anlayırıq, ancaq şeyin oyatdığı həzz duyğusu ilə biz onu anlaya bilmirik.

Sonralar, - XX yüzildə «Neopozitivistlər» adını almış filosoflar bundan nəticə çıxardılar: poetik söyləm (misra, beyt və s.) emotiv, yəni duyğudan doğan, duyğulu hökmlərdir. Təbiətcə «ah-of» nidalarına bənzəyir. «Ah-of»la isə olayların nəliyini anlamaq olmaz. Deməli, poeziya əsl bilimlə (idrakla) məşğul ola bilməz.

Kantın çıxardığı sonuc isə bir az başqa cür idi. Onun fikrini öz sözlərimizlə açıqlayaq. Tutalım ki, qarşımızda çinar durub. O, təkcədir (konkretdir). Və biz onu düşünüb, deyirik: «bu (təkcə), ağacdır (ümumi)». Bax, belə düşünəndə biz bilim ilə, anlamaq ilə məşğul oluruq. Tapırıq ki, gördüyümüz nəsnə filan cəhətləri olduğu üçün ağacdırsa, çinardısa, deməli, onun mahiyyətində ağacı ağac (=bütüncəyə), çinarı çinar edən (= ayrıcaya) cəhətlər durub.

Ancaq həmin çinara başqa cür də baxmaq olar. Sən ona tamaşa edirsən, di gəl ki, düşünüşün nə onun ağac olması, nə də çinar olması üzərində dayanır. Sən «bu» ağacın siluetini, budaqlarının sıralanmasını, əyrisini-düzünü qavrayışla yığırsan, özü də bircə-bircə deyil, hamısını birdən əhatə edirsən və bunu bacardığından həzz alırsan. Kant bax, bu həzzə estetik həzz, bəyənti deyir, bu cür tamaşa etməyi isə estetik qavrayış adlandırır.

Beləliklə, estetik qavrayış üçün xarakterikdir: birincisi, hadisənin görünüşünü, daha dəqiq, formasını, bilintisini qavramaq, ikincisi, qavranılanları heç bir anlayışla məhdudlaşdırmamaq (yəni sən baxıb, deyəndə ki, «bu ağacdır» və bununla yetərlənəndə estetik qavrayış baş vermir). Ona görə də estetik qavrayışda hadisə bizə nəliyi, «nədirliyi» ilə yox, daha çox «nəsə»liyi ilə açılır.

Üçüncüsü isə, estetik qavrayışımız hadisənin formasındakı məqsədəuyğun düzümü görəndə, onun bizim anlamaq, bilmək bacarığımıza uyğunluğunu duyur ki, bundan da insan həzz alır.

Beləliklə, biz hər hansı bir şeyin formasına məqsədəuyğunluq kimi tamaşa edəndə estetik yaşantı keçiririk, yəni olayı estetik cəhətdən yaşayırıq. Bax, burada insan bilincinin reflektləşdirici hökm yürütmək bacarığının estetik həssaslığın yaranmasında rolu görünür. Reflektləşdirici hökm yürütmək bacarığı elə edir ki, insan hələ anlamadığı cisim və hadisələrdən ruhun rahatsız halına düşmür, onlara elə yanaşır ki, sanki onların necə və nə üçün olduğunu həmişə tapmaq olar. Və o zaman ki konkret bir şeyə belə baxır, estetik qavrayış baş verir.

Kant yaxşı olanlarla gözəl olanların fərqi haqqında
Kant yaxşı nəsnələrin məqsədəuyğunluğunu gözəl şeylərin amacauyğunluğundan ayırır. Məsələn, yaxşı stulun məqsədəuyğunluğu onun «rahat oturmaq» amacına uyğunluğudur və bu məqsədə nə qədər çox cavab verirsə, o qədər yaxşıdır. Bizim ayrı-ayrı gərəklərimiz var. Gərəyimizi ödəyən şeyləri bəyənib, onlardan həzz alırıq. Ancaq bir məsələ də var. Bizdə olan bir tələbat başqasında olmaya da bilər. Ona görə də ummuruq ki, yaxşı saydığımız, bəyəndiyimiz «bu» şeyi hamı bəyənsin. Yaxşı saydığımız şey bizim və gərəyi bizimkindən olanların çərçivəsi ilə məhdudlaşır. Halbuki bir şeyin gözəl olması haqqında hökm yürüdəndə elə mühakimə sürürük ki, sanki onun hamı üçün gözəl olmasına inanırıq və ya umu-küsü edirik.

Yadımıza salaq Könisberqli filosofun obyektivliyi necə almasını. Bundan çıxış edib, söyləyə bilərik ki, Kantın fikrincə gözəllik haqqında düşüncələr və bəyənti obyektivliyə can atır. Yəni biz gözəllik haqqında elə danışırıq, elə bil o, hamı üçün gözəl olmalıdır, hamı ondan həzz almalıdır.

Sonra Kant soruşur: bu istəyimizdə nəyə görə özümüzü haqlı sayırıq?

Onun cavabı. Çünki gözəl saydığımızı dar məqsədimizlə, umacağımızla bağlayıb, gözəl saymırıq. Bizim gözəlliyə münasibətimiz təmənnasızdır (umacaqsızdır).

Bəzən belə deyirlər ki, gözəlliyə münasibətin umacaqsız olduğunu Kant üzə çıxarıb. Düz deyil. Əski Yunanıstanda, bizim Şərqdə bunu yaxşı bilirdilər. Kantın yeniliyi başqa şeydədir. O düşüncədədir ki, biz nəsnəni umacaqsız olaraq gözəl saydığımız üçün hesab edirik ki, o təkcə bizim üçün yox, hamı üçün gözəl olmalıdır. Yəni əgər bizim konkret gərəyimizi ödədiyi üçün nəsnəni gözəl saysaydıq, başqaları deyə bilərdilər ki, bundan bizə nə. Ancaq nəyisə özü-özündə gözəl saydığımız üçün istəyirik ki, başqalarının da bu gözəlliyə gözləri açılsın.

Kant nəhayət maraqlı bir sonuca gəlir: əgər gözəl bir şeyə bizim münasibətimiz umacaqsızdırsa, deməli, onun məqsədəuyğun formasını, görünüşünü biz heç bir məqsədə bağlamırıq. Deməli, gözəllik məqsədsiz məqsədəuyğunluqdur.

Bəs məqsədsiz məqsədəuyğunluq mənəviyyatımızda nəyi ödəyir ki, bizdə həzz, sevinc, bəyənti oyadır?

Kant cavab verir: gözəlliyin məqsədsiz məqsədəuyğunluğu bizim mənəvi qüvvələrimizi (düşüncələrimizi, duyğularımızı, təfəkkürümüzü, təxəyyülümüzü) elə canlandırır ki, onlar başlayırlar ayrıca məqsədə yönəlmədən uyarlı şəkildə azad qüvvələr kimi oynaşmağa, səs-səsə verməyə, anışmağa.

«Oyun» sözünü Kant təsadüfən işlətmir. Oyun, oynaşma hər hansı bir düzümdə, qaydada baş verir. Ancaq oyunun heç bir praktiki məqsədi yoxdur (söhbət ondan gedir ki, anlayışına görə oyun praktiki məqsəd üstündə qurulmur, hərçənd qıraqdakı kimlərsə ondan qazanmaq üçün də istifadə bilərlər. Örnək kimi totalizatoru göstərmək olar).

Oyun kimi gözəllik sayəsində də mənəvi qüvvələr azad şəkildə oynayanda konkret idrak, öyrənti məqsədi güdmürlər.

Kant estetik ideyanın, incəsənətin çoxmənalılığı haqqında
Könisberqli filosof gözəlliyin yuxarıda söylədiyimiz özəlliyindən nəticə çıxarır: ona görə də gözəlliyin bir dürü olan incəsənət əsərinin oyatdığı estetik ideya (yəni bədii obraz, məzmun) elə ideyadır ki, heç bir konkret düşüncə demir, ancaq zəncirvari törətmə prinsipi ilə «min» düşüncəyə təpgi verir, özü də bu vaxt heç bir anlayışa sığmır. Gözəlliyin mənəvi qüvvələrdə oyatdığı oynaşma bir məqsədə yönəlmir ki, bir məqsədin çərçivəsində qısılıb qalsın.

Kant bu düşüncəsindən incəsənət üçün ayrıca sonuclar çıxarır. Artıraq ki, həmin sonuclar bizim Ortaçağ sənətimizin bəzi tərəflərini anlamaq üçün də faydalıdır. Ancaq bu haqda bir az sonra. Hələlik isə Kantın incəsənət haqqında öyrətisinə baxaq. Birincisi, o, incəsənəti adi sənətdən fərqləndirir. Dəmirçilikdə, dulusçuluqda düzəldilən şeylər məqsədəuyğunluq ölçüsü ilə biçilir və konkret amaca qulluq edir. İncəsənətdə isə bədii əsər konkret amacı olmayan məqsədəuyğunluqla biçilir.

Könisberqli filosof incəsənəti xoşnutluq doğuran sənətlərdən də (məsələn, süfrə bəzəməkdən, əyləncədən, zarafatdan da) fərqləndirir. Axırıncılar yalnız ləzzət vermək üçündür, incəsənət isə çoxlu düşüncələr oyadır, çoxanlamlı estetik ideyalar vermək sayəsində həzz, bəyənti törədir.

Anlayışlarla, bu dəqiq, dar mənalı bilmək alətləri, aracları ilə alim işləyir, çoxanlamlı estetik ideyalarla isə sənətkar. Dünyanı məqsədsiz məqsədəuyğunluqda görmək sayəsində sənətkarın mənəvi qüvvələri azad qüvvələrin sərbəstliyi ilə oynamağa başlayır. Onun təxəyyülü, (fantaziyası) dürlü-dürlü görklər quramalar sayrışması verir və onlar təfəkkürün, düşünüşün hər hansı anlayışına sığışmasalar da, bütünlükdə təfəkkürün təbiətinə uzlaşmış qalırlar. Tərsinə olsaydı, yəni təxəyyül öz oyununda ümumi şəkildə təfəkkürlə uzlaşmasaydı, bu, tam ağılsızlığa gətirib çıxarırdı: təxəyyül dağınıq obrazlar səpintisinə çevrilib, çaşqınlıqda qalardı. Sənətkar isə təxəyyülündə peyda olan ən əcaib bir obrazda belə öz ağılı üçün böyük tapıntılar, çoxlu düşüncələr imkanı duyur və bu düşüncələr eyni anda çox olduğu üçün, sayrışdığı üçün heç cürə anlayışa sığmır. Bədii əsərlər yalnız estetik ideyaların dili ilə özlərini bildirirlər.

Kanta görə dahilik yalnız sənətdə ola bilər
Könisberqli filosofun fikrincə yalnız dahi yüksək, güclü estetik ideyaların yaradıcısı ola bilər. Kant hətta məsələni belə qoyur: dahilik yalnız incəsənətdə mümkündür, elmdə isə yox.

Burada Könisberqli filosofun arqumenti: alimliyi öyrənmək və öyrətmək olar, dahiliyi isə nə öyrənmək, nə də öyrətmək olar. Ona görə əsl sənətkarlığı da öyrənmək mümkün deyil.

Bəs dahilik üçün hansı tanıdıcılar özəldir, xarakterikdir?

Kant bu suala belə cavab verir: dahi əsl estetik ideyaların yaradıcısıdır. Deməli, öncə açmaq gərəkdir ki, bədii əsər necə olsa, estetik ideyalar verər, estetik ideyalar necə olsa, zəngin düşüncələr törədər və dahi necə olsa, bütün bunları yarada bilər.

Göstərilən sorularla bağlı Kantın tapıntıları: bədii əsərin formasında düzüm-biçim hər hansı şərti qayda-qanunun buxovundan, bütünlükdə, hər hansı məcburilikdən azad görünür. Bədii əsərdə amacauyğun düzüm bilərəkdən verilsə də əsərin formasında təbiətdəki kimi özü-özünə alınmış düzüm donunda görünməlidir. Deməli, dahi də təbiətə bənzəyir, onun kimi yaradır: yüksək yetkinlikləri hər hansı bir anlayışa (bilimə, idraka) əsaslanan qaydalar yolu ilə gedib yaratmır. Bədii əsərdə ağılsız dağınıqlıq olmasın deyə o, sözsüz, qaydalara əsaslanmalıdır. Ancaq dahinin sayəsində bu qaydalar qıraqdan, başqasından götürmək, öyrənmək yolu ilə alınmır. Dahi hər əsəri üçün daxili, özgün (orijinal) qaydalar tapır. Bu qaydalar düşüncə ilə, anlayışlarla tapılmır. Dahinin bilincində spontan şəkildə (özü-özünə) törəyir, təbiətin spontanlığının davamı kimi, təbiətin dahiyə verdiyi vergi kimi törəyir.

Kant və «sənət sənət üçündür» estetik prinsipi
Beləliklə, Kanta görə, bədii əsərdən doğan estetik ideya qıraqdan, başqasından götürülmüş hazır, bəlli qaydalara tabe olmadığı üçün həmin qaydaların dili, aydınlığı və açarı ilə açılmır. Ancaq əvəzində, estetik ideyanın «nəfəsi» hər hansı bir anlayışa toxunanda onun çərçivəsini əridir və o, aydınlığını itirib, başlayır özündən min çalarlı mənaları göstərməyə. Doğrudan da, yadınıza salın, tarixin hər çağında mədəniyyət «suç», «peşmanlıq», «yaxşılıq», «yanımcıllıq», «ləyaqət» və s. haqqında aydın mənalı anlayışlar hazırlayır, incəsənət isə ortaya atdığı estetik ideyalarla (bədii obrazlarla) həmin anlayışları olmazın sınaqlarına salır və bu zaman gözlənilməz sonuclar alınır. Məsələn, sənətin sayəsində insanlar günah anlayışına öncələr aid etmədikləri hadisələrdə birdən-birə qorxunc günahlar tapırlar, birdən-birə görürlər ki, indiyənəcən alışdıqları filan işləri, əslinə baxsan, dərin peşmanlıq hissi ilə yaşamalıdırlar və s.

Kantın anlayış və estetik ideyanın ilişgisi haqqında sözləri elm və incəsənət ilişgisini də maraqlı yöndən açır: incəsənət anlayışlarla deyilməmiş, adi gözə görünməyən çoxlu anlamlar verir və anlayışların dönüb, bu zənginliyə çevrilmək imkanını həzzlə duymamız bizim dünyanı öyrənmək bacarığımıza can verir.

Kantın incəsənət haqqında öyrətisinə, ən çox, dekorativ sənət uyğun gəlir. Doğrudan da naxışlar düzgünlük (məqsədəuyğunluq) prinsipi ilə qurulur, ancaq bu məqsədəuyğunluq üçün konkret praktiki məqsəd göstərmək olmur. Hərçənd kim istəsə, təxəyyülü ilə təfəkkürünü naxışların oynaşmasında dürlü əlaqələrə sala bilər. Və nəhayət, naxışlar, dekorativ sənət ictimai gerçəkliyin əxlaqi-siyasi dərinliklərini anlamaqla məşğul olmur, yəni məqsədsizdir.

İndi götürək bizim Ortaçağ miniatür, xəttatlıq, xalçaçılıq sənətlərini. Kantın dedikləri bu sənət növlərində yaradan sənətkarların və onların yaradıcılığını qavramış Ortaçağ adamlarının mənəvi halını, durumunu yaxşı açır. Naxışlarla, miniatürlərlə orta əsr adamı toplumun dərdi üzərində baş sındırmırdı. Çox nadir hallarda siyasi məqsədlər güdürdü. Ona görə də kimlər üçünsə belə sual ortaya çıxır: incəsənət durmadan gerçəkliyi öyrənməlidir və əgər miniatür sənəti, Ortaçağ dekorativ-tətbiqi sənəti bu işi görməyibsə, deməli, onlar sənətdə formalizm axımına aid olublar. Deməli, onlar «sənət sənət üçündür» prinsipinə söykəniblər.

Ancaq bu sualın əvəzində başqasını verək: bəyəm çağdaş memarlıq dünyanı öyrənməklə məşğuldur?

Biz bir şeyi qarışdırmamalıyıq. İncəsənətin mərkəzində, əsasında dünyanı siyasi, əxlaqi, hətta iqtisadi tərəflərdən bilmək istəyən janrlar, cərəyanlar durur. Onların sayəsində bədii mədəniyyətin huşuna, yaddaşına varlıq haqqında zəngin bilgilər toplanır və incəsənət bu bilgilərlə toplumun qulluğunda durur. Belə sənət hətta toplumsal sifarişlə işləyir və onu anqaje olunmuş sənət də adlandırırlar.

Ancaq incəsənətdə elə növlər, janrlar da var ki, onun özünə qulluq edir.

(Məsələn, parodiya – imkanını itirmiş janrları gözdən salıb, sənəti onlardan arındırır. Yanılmırıqsa, bu Y. Tınyanovun fikridir).

İncəsənətin özünə xidmət edən əsərlər dünyanı anlamaq, siyasi-əxlaqi problemlərdən baş çıxarmaq üçün onun istifadə etdiyi vasitələrin korşalmışlarını dağıdaraq, təzələrini sənətin dilinə gətirir. Dünya, insan incəliklərinin sənətdə göstərilməsi üçün sənətin görükdürmə həssaslığını artırır. Nəticədə belə bir durum yaranır: toplumsal sifarişlə və hətta buyuruqlarla işləyən incəsənət birbaşa topluma qulluq edir və bunun sayəsində dolayısı sənətin özünə xeyir verir. İncəsənətin özünə birbaşa qulluq göstərən sənət isə dolayısı topluma xidmət edir. Modilyani, Pikasso, Kandinski, Leje kimi sənətkarların bir çox əsərlərinin dəyərləri sənətə xidmətləri ilə, sənət dilini zənginləşdirmələri ilə ölçülür. Ortaçağ təsviri sənətimizi, dekorativ-tətbiqi sənətimizi də belənçinə dəyərləndirmək gərəkdir. Bir də yadda saxlamalıyıq ki, əgər incəsənətin dünyanı özəl yolla öyrənməsinə miniatürlərdə oxşartı tapmaq istəyiriksə, bunu demək yetər: Ortaçağ təsviri sənətimiz gerçəkliyin gözəlliyini öyrənib tapırdı. Əslində, 80-ci illərdə rəssamlarımızın İçərişəhərdəki Miniatür sənətləri mərkəzində göstərdikləri işlərdən görünür ki, onları miniatürün bədii dili gözəlliyi öyrənmək, bədii görükdürmə çərçivələrini genişləndirmək baxımından onları özlərinə çəkirdi.

İndi yenidən qayıdaq Kanta. Yuxarıda dediyimiz kimi, dünyanın estetik qavrayışı, gözəllik və sənət əsərinin bədiiliyinin necəliyi haqqında onun söylədikləri ən güclü şəkildə özlərini naxışlarda (arabesklərdə), dekorativlikdə doğruldur. Bu sənət növlərində məzmunun nə və necə olmasını sözlə, anlayışla göstərmək çox çətindir, formaları isə göz qamaşdırır. Ona görə də bir çox araşdırıcılar haqlı olaraq hesab edirlər ki, sənət haqqında formalizmi doğruldan bilgilər, arqumentlər Kantdan öz fəlsəfi özülünü, söykəncini almışdır.

Ancaq bir şeyi unutmayaq. Bütün bunlarda Könisberqli filosofun özünün suçu hamıdan azdır. Əslində o, bədiiliyin özəlliyini anlayışların, sübutların dili ilə açıb-anlatmaq istəmişdi: incəsənət toplumda min iş görə bilər. Bunun üçün əski Çin filosofu Lao-szının bir deyimini yenə söyləyək: su çox yumşaqdır, ona görə də qüdrətlidir, axıb, hər şeyi basa bilər. Eləcə də incəsənət su kimi yumşaqdır, axandır. Ona görə də toplumun mənəviyyatında, bilmək, duymaq, dəyərləndirmək, əylənmək işində harada bir çatışmazlıq, əskiklik olursa, «çökək» əmələ gəlirsə, incəsənət axıb oranı tutur. Şellinq deyərdi ki, təbiət boşluğu sevmir, onun üçün də hara boşalsa, həməncə oranı tutur. Oxşar olaraq incəsənət də mədəniyyətdə boşluğu sevmir, boşalan yerləri tutur: əgər fəlsəfə zəifdirsə, onun işini özü çiyninə götürür. Əgər vicdan ölməyə başlayırsa, onu dirildir, duyğular korşalıbsa, onlara həssaslıq, duyğunluq verir, hadisələri sənədləşdirib, qeyd etmək və saxlamaq yetərincə deyilsə, sənədləşdirmək işini öz üzərinə götürür (Soljenitsinin romanları kimi). Bir sözlə, incəsənət hər işi, - qara işi də, ağ işi də görə bilir və ölən mənəvi güclərə can verir.

Bəs bu çevikliyi incəsənətə verən nədir?

Kant bizə, bax, burada kömək edir. İncəsənətin, gözəlliyin törətdiyi estetik ideya heç bir anlayışa tam sığmadığı üçün hər şeydən danışa bilir. Deməli, incəsənət estetik ideya (yəni bədii obraz) dili ilə hər yerə, hər kəsə, hər şeyə üz tuta bilir.

İndi götürək bədii əsərin məqsədsiz məqsədəuyğunluğunu. Əsər ən müxtəlif, qısa və uzun ömürlü amaclara xidmət edə bilər. Hətta ola bilər ki, onu pis məqsədlərə çəksinlər (faşist elitası Vaqneri özlərinə doğma sayırdı). Ancaq əgər əsər özünü o günün darısqallığından çıxmayan məqsədlərə bağlayıbsa, təsiri də davam edəcək elə bu gün ərzində. Sabahdan başlayaraq unudulacaq.

Halbuki əsl incəsənət əsəri köhnəlmir, nədən danışır-danışsın, günün hansı məqsədlərinə qulluq edir-etsin, yenə də heç bir amac, heç bir istiqamət onu öz çərçivəsinə qısdıra bilmir. Və indi Kantdan çıxış edərək deyə bilərik: bədii əsəri günün hansı konkret məqsədinə cavab kimi anlayırıq-anlayaq, həzzimiz bir də ondan artır ki, əsərin bu amaclardan çox geniş, zəngin olduğunu duyuruq.


Tarix: 09.12.2014 / 13:47 Müəllif: Aziza Baxılıb: 203 Bölmə: Fəlsəfə
loading...